Zərdab Rayon Təhsil Şöbəsinin – aparıcı məsləhətçisindən məqalə

1

 

Zərdab Rayon Təhsil Şöbəsinin  - aparıcı  məsləhətçisi , R.Rza adına Əlibəyli  kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi: Seymur  Tağıyev
Zərdab Rayon Təhsil Şöbəsinin – aparıcı məsləhətçisi , R.Rza adına Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi: Seymur Tağıyev

Ədəbiyyat dərslərində yeni texnologiyaların, fəal-interaktiv yanaşmanın güclü və zəif cəhətləri

Fəal-interaktiv dərs məzmununa və quruluşuna görə xeyli fərqlidir. Fəal-interaktiv təlimin başlıca məqsədi şagirdləri fəallaşdırmaq, biliklərin qazanılmasında onların maksimum müstəqillik göstərməsini təmin etməkdir. O, mərhələlərinin çoxluğu, məzmunca mürəkkəbliyi ilə seçilir. Belə dərsləri təşkil etmək müəllimdən ciddi elmi-metodiki hazırlıq və böyük zəhmət tələb edir. Fəal-interaktiv təlim üzrə dərsin quruluşu, mərhələləri ənənəvi təlimin quruluşundan fərqlənir. Fəal-interaktiv dərsin mərhələlərinin təşkili müəllimdən təkcə böyük zəhmət yox, həm də yaradıcılıq tələb edir. Fəal-interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi  hər şeydən üstün tutulur. Bu məsələdə isə iki cəhətə önəm verilir. Birincisi idrak fəallığının  yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır.

Ədəbiyyat dərslərində mövzunun öyrənilməsinin müəyyən mərhələsində məsələn, bədii əsərin təhlili ərəfəsində sinfə sualla müraciət edən müəllim şagirdlərin diqqətini mətləbə çəkir, “mövzu haqqında nəyi bilirik, nəyi bilmirik?” və s. Tədqiqat üçün sual məhz cavabların əsasında müəyyənləşdirilir. Bir nümunəyə baxaq. İ. Hüseynovun “Zəhər” əsərinin təhlilinə ayrılan dərsdə  müəllim sinfə müraciət edir: Əsərin məzmununu dərindən mənimsədiniz. Artıq öyrəndiklərinizə əsasən suallara çətinlik çəkmədən cavab verə bilərsiniz: Yazıçı bu əsəri nə üçün “Zəhər” adlandırmışdır? Meşəbəyi Mirqasımın xarakterindəki başlıca cəhətlər hansılardır? Daşdəmirlə  meşəbəyi Mirqasımı bir-birindən hansı cəhətlər fərqləndirir? Meşənin su altında qalması ərəfəsində göy ürgənin qəfil ölümünü təsvir etməklə yazıçı nə demək istəyir? (Şagirdlərin cavabları dinlənilir). Bu cür suallara çoxvariantlı açıq suallar deyilir. Açıq suallarda idrak fəallığını oyadan “Nə üçün?”,”Nəyə görə?” və s. sözlərdən istifadə edilməsi faydalıdır.

Proqrama uyğun olaraq Rəsul Rzanın “Mən torpağam” əsəri IX sinifdə tədris edilir. Şeirin tədrisinə proqramda üç saat  ayrılmışdır.

Məktəb təcrübəsində, adətən, birinci saat məzmunun öyrənilməsinə, ikinci saat isə təhlilə həsr edilir. Təəssüf ki, şerin mayasında, alt qatlarında olan güclü bədiiliyi şagirdlər duymur. R. Rzanın bu şerinin şagirdlər tərəfindən qavranılmasının çətinliyi onun mənası, daha dəqiq desək mətnaltı mənası ilə bağlıdır. Həmin şeri yalnız insan və həyat, insanın taleyi, mübarizəsi barədə düşüncələri əks etdirən fəlsəfi şeir kimi tədris etmək onun məğzinin, mənasının, ideyasının birtərəfli çatdırılması olardı. Bu, həm də proqramın tələbinin nəzərə alınmaması kimi dəyərləndirilərdi. Çünki əsərdə sadə insan əlinin yaratdığı nemətlərdən, zəhmət adamlarından söz açılır, təkrirlər, bənzətmələr və bədii təzadlar yaradılır. Şair insanın həyatda qürurla, ləyaqətlə yaşaması üçün zəruri olan keyfiyyətləri sadalayır. İnsanı qranitlə, bulaqla müqayisə edir.

Yeni texnologiyaların, fəal-interaktiv yanaşmanın həm güclü, həm də zəif cəhətlərini yuxarıda qeyd etdiyim dərslərin təsvirində aydın şəkildə görmək olur. Bir az da konkrektləşdirsək bu texnologiyaların tətbiqində, xüsusən humanitar fənlərin tədrisində vaxt qıtlığı problemi ilə qarşılaşırıq. Dil dərslərində, o cümlədən Azərbaycan dili dərslərində bu, özünü bir o qədər də göstərmir. Sadəcə olaraq tapşırıqların həcminin və tələblərinin müəyyənləşdirilməsində diqqətli  olmaq lazım gəlir. Ümumiyyətlə, fəal-interaktiv təlimin baçlıca məqsədi çoxlu həcmdə bilik  vermək yox,öyrənəni tədqiqatçı vəziyyətinə qoymaq, müəyyən problemi müstəqil araşdırmaq   bacarığını formalaşdırmaqdır. Madam belədir, onda təlim materialının həcmcə böyük olması  vacib olmadığı kimi, sərfəli də deyildir. Bu mənada humanitar fənlərin indiki proqramı, qeyd  etdiyimiz kimi, fəal-interaktiv təlimin tətbiqi baxımından əlverişli deyildir. Təlim materiallarının  çoxluğu, onların tədrisinə ayrılmış saatların məhdudluğu səmərəli nəticənin əldə edilməsinə, əksər hallarda, mane olur. Fəal-interaktiv  təlimin digər nöqsanı isə qrup işinin təşkili ilə  bağlıdır. Beləki qruplardakı şagirdlərin heç də hamısı işə – qrup üçün  müəyyənləşdirilmiş  tapşırığın  icrasına – fəal qoşulmur. Hər qrupda bir, yaxud iki uşaq  işin bütün ağırlığını öz üzərinə  götürür. Zəif şagirdlər fəallıq  göstərmir. Qrupdakı şagirdlərin arasında vəzifə  bölgüsünün aparılması  pedaqoji ədəbiyyatda bu vəziyyət  üçün çıxış yolu  kimi göstərilir. Müşahidə etdiyimiz digər bir  qüsur bu və ya digər bir qrupun  nümayəndəsi öz işlərinin nəticəsi haqqında danışır, digər  qruplar əndişə içində təqdimata hazırlaşır. Yuxarı sinif şagirdləri yeni texnologiyalara çətinliklə  alışırlar. Fərdi sorğuya alışan şagirdlərə cütlük şəklində, qruplarda işləmək çox çətin olur.

Ənənəvi təlimi bir kənara atmaq, tamamilə gərəksiz saymaq qeyri-mümkündür. Ənənəvi təlimdə bu gün, eləcə də sabah üçün faydalı çox şey var. Bunları sadəcə olaraq yaşatmağı, yeni təlimi  yanaşmalarla uzlaşdırmağı  bacarmaq lazımdır. Xüsusən ənənəvi  təlim metodları, bəziləri  anlaya bilməsə də fəal-interaktiv təlimlə yanaşı, çiyin-çiyinə yaşayır, fəaliyyət  göstərir. Diqqət  etsək görərik ki, fəal-interaktiv dərsin mühüm mərhələsi-motivasiya (sövqetmə) müəllimin şərhi, müsahibə  metodlarının  aparıcı  mövqeyi  ilə  reallaşdırılır. Sonrakı  mərhələdə  fəal-interaktiv  metodlar   ənənəvi  metodlarla  dərsin informasiya   mübadiləsi  mərhələsində   müsahibə yenə bir metod  kimi mühüm  yer  tutur. Lakin  bütün bunlarla  yanaşı bu təlimi  yanaşmanın  həm güclü, həm də zəif cəhətləri var. Fəal-interaktiv  təlimin  tətbiqi  prosesində  mövzunu  bir  sra  hallarda  bütövlükdə  əhatə  etmək mümkün olmur. Belə  hallarda  müəllimin  yenidən  monoloqa  müraciət  etməsi  zərurəti  yaranır. Bu bir  daha təsdiq  edir ki, ümumiyyətlə  təlimdə  çoxlu həcmdə bilik vermək cəhdindən birdəfəlik imtina edilməlidir. Hər gün 3-5  saat dərsi olan  müəllim bütün dərslərini fəal – interaktiv təlim əsasında qura bilməz. Hazırki şəraitdə  bu, mümkün deyildir. Zəruri metodik köməkdən məhrum olan müəllimin buna fiziki cəhətdən gücü  çatmaz. Bu, işin bir tərəfidir. İkinci tərəfdən ədəbiyyat fənnində, elə mövzular olur ki, onların  tədrisində fəal-interaktiv  təlimin  tətbiqi  xeyirdən  çox  zərər  verər. Məsələn, ədəbiyyatımızın  klassik dövrünün  tədrisində  ənənəvi təlimə  daha tez-tez müraciət olunmasına ehtiyac yaranır. Bu, elə gələcəkdə də, müəllimlərimiz  fəal-interaktiv  təlimlə  əlaqədar metodik ədəbiyyatla   təchiz  olunanda  da belə  olacaqdır. Deməli, təlim  texnologiyalarının heç birinin rolunu  şişirtmək  doğru  deyildir. Əsas  vəzifə  dərsdə hansı texnologiyanın tətbiqinin daha  faydalı olduğunu  müəyyənləşdirməkdir. Lakin bu məsələdə müəllimin özünün yaradıcı  işləməyə meyilli  olması, axtarışlar aparması, həssaslığı və işgüzarlığı daha önəmlidir.

1 comment

  1. Meqaleni oxudum ve cox gozel aciqlamalarinizi derslerde tedbiq etmek ucun muellimlere tovsiyye etdim.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

17 − four =