Zərdablı şəhidin qərib məzarı

1
28

KəlbəcərBilirəm, bu sətirləri oxuyarkən Kəlbəcərdən məcburi köçkün düşən həmvətənlərimizin könlü Yurd həsrəti ilə “qübar edəcək”. Amma bu torpağın gözəlliklərini bu yerdə bir daha xatırlamaq çox önəmlidir: saysız-hesabsız mineral sular mənbəyi, zəngin, rəngarəng və əlvan təbiətə malik Kəlbəcər məşhur Ağbulaq şəlaləsinin Kəlbəcərə qədəm basması ilə əlaqədar burada yeni bir həyat başlanmışdır. Görənlər təsdiq edə bilərlər ki, Murovdağın ətəyində yerləşən Yanşaq kəndi zahiri gözəlliyi ilə Kislovodskini xatırladır.Kəlbəcər kurort kəndlər, soyuq bulaqlar, nadir təbii gözəlliklər, bədahətən şeir deyən aşıqlar-şairlər diyarıdır. Kəlbəcər mərd, qorxmaz, sədaqətli, qonaqpərvər, səxavətli kişilər, namus, ismət mücəssəməsi olan ağbirçək analar, qızılquş kimi qoçaq, qəhrəman oğlanlar, canlara od salan nazlı gözəllər məskənidir. Kəlbəcər ömür uzadan qüdrətli dağların, əbədi yaşılköynəkli sərin meşələrin, öz mənbələrini dağların sinəsindən alan Tərtərçayda  vahid bir axarda birləşən qıjıltılı çayların, dərdlərin dərmanı olan zəngin mədən sularının, min bir gülün, çiçəyin vətənidir…

Ana təbiət buranı belə gözəl yaratdığından tarixi düşmənlərimiz olan ermənilər zaman-zaman bu “Loğman şəhərin” puskusunda durub ələ keçirmək üçün fürsət gözləyirdilər.

Artıq 1993-cü ilin əvvəllərinə çatanda “əli böyüklərin ətəyində olan” ermənilər bizə qarşı başlamış olduqları ədalətsiz müharibədə bir sıra rayonlarımızı işğal etmişdir. Xain qonşularımız indidə Kəlbəcərə gözlərini dikmişdirlər. Dağlar şəhəri atəşə tutulur, rayonda normal yaşayış öz məcrasından çıxmışdır. Kəlbəcərlilər artq varını-yoxunu qoyub təkcə öz canlarını qurtarmaq üçün doğma yurdlarından uzaqlaşırdılar. Sakinləri rayondan təhlükəsiz çıxarmaq üçün azərbaycanlı əsgərlər köməyə gəlirdilər. 9 nəfərdən ibarət olan bu köməkçi əsgərlərdən biri də həmyerlimiz, zərdablı Abdullayev Vüqar İsa oğlu idi. Kəlbəcərlilərin düşmən əlinə keçməməsi üçün əsgərlər böyük fədakarlıq göstərirdilər. Qocalara, uşaqlara, qadınlara öz doğmaları kimi yardım edirdilər. Lakin, namərd düşmən gülləsi Vüqar Abdullayevi əbədi susdura bildi. Nəşi düşmən əlinə keçməsin deyə, onu elə Kəlbəcərin Başlıbel kəndində də dəfn etdilər.

Vüqar 1971-ci il aprel ayının 5-də Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1985-ci ildə kənd orta məktəbinin 8-ci sinfini, sonra 124 saylı Zərdab şəhər Texniki peşə məktəbini bitirən Vüqar Abdullayev 1989-1991-ci illərdə keçmiş Sovet ordusunda xidmət edib. 1992-ci ilin noyabr ayından isə vətən torpağının müdafiəsinə qalxmışdır. İlk döyüş yeri Laçın rayonunu Təzəkənd kəndi, daha sonra isə Kürtağı kəndləri olmuşdur. Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması üçün köməyə gələn Vüqr Abdullayev 1993-cü ilin aprel ayının 17-də burada qəhrəmancasına həlak olmuşdur. Artıq 1993-cü il aprelin 3-də Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu işğal etmişdilər. Bu hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurası aprelin 30-da 822 saylı qətnamə qəbul edərək işğalçı Ermənistan ordusunu Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərhsiz çıxarılmasını tələb etdi…

Lakin nə yazıq ki, BMT Təhlükəsizlik Şurasının aprelin 30-da qəbul etdiyi 822 sayl qətnaməsini tələbləri bu gün də yerinə yetirilməyib. Zərdablı şəhidin uyuduğu Başlıbel kəndində bir qərib məzarı “yol gözləyir”. Ruhu cənnətdə bərqərar, məzarı əsirlikdə qalan Vüqara bir tərəfdən başı ağ çalmalı Kəlbəcər dağları, o biri tərəfdən axan dağ çayları layla çalır.

Rahat uyu qardaşım! Sənin məzarın burda toxunulmazdır. İnanclarımıza görə şəhid də, qərib məzarı da müqəddəsdir. Erməni məkri nə qədər həddini aşsa belə, İslamın qüdrəti qarşısında yenə acizdir.

Qəbrin nurla dolsun!

Tərlan Abdullayeva, “Əkinçi” qəzetinin müxbiri 

1 comment

  1. Allah Vüqarımızın timsalında bütün vətən şəhidlərinə rəhmət eləsin! Çox sağ olun Tərlan xanım yazıya görə!

Comments are closed.