Zərdabın Pənah Ağası…

2
33

sibirPənahı yad edin, ey sinəsi dağlı kəslər…

PƏNAH ABDULLA AĞA OĞLU ABDULLAZADƏ.

 Abdulla ağanın bütün övladları, o sıradan oğlu Pənah ağa Zərdabdan Sibir çöllərinə, uzaq Qırğızıstan düzənlərinə, müdhiş Arxangelsk buzlaqlarına qədər faciələrlə dolu acı, üzüntülü bir ömür yaşadılar. Onların yeganə “cinayəti” və ya “günahı” “kulak” ailəsində doğulmaları idi…

Xoşbəxtəm ki, 1980-ci illərdə bəraət alaraq doğma yurduna qayıdıb gələn, zəmanədən inciyərək ömrü boyu ailə qurmayan və 75 yaşında doğma Zərdabda vəfat edən Pənah ağa ilə Zərdab şəhərində 5 il qonşu olmuşam.

Bu gün Pənah babanın 2 qəzəlini onları vaxtında qələmə alan Bıçaqçı kəndinin sakini, mərhum şair-müəllim Səməd Safdilə minnətdarlıq hissilə ZERDAB.COM-a təqdim etməyi özümə borc bildim.

İSAMƏDDİN ƏHMƏDOV.

 

QƏMGİN OLMA Kİ, PƏNAH, VƏTƏN SƏNƏ QÜRBƏT OLUB…

 Cəfər Xəndanın “Yurdsuz-yuvasız şairim insan ola bilməz…” qəzəlinə  Qazaxıstanda sürgündə yaşadığım ağrılı günlərimdə yazdığım cavab.

 Hər yaranmış öz əziz yurduna mehman olacaqdır,

Keçməyən Haqq körpüdən Xaliqi Sübhan olacaqdır.

***

Kimsə ki, səbr eləyir kasıblığın atəşinə,

Şübhə yox Behişt, ona Məkkə də asan olacaqdır.

 ***

Var Behişt, Haqqdır o Xaliq ki, bizi xəlq eləyib,

Buna şübhə eləyən axırda peşman olacaqdır.

 ***

Qəmgin olma ki, Pənah, Vətən sənə qürbət olub,

İnşaallah Vətənin Azərbaycan olacaqdır.

 ***

 VAR-YOXUM OLDU TALAN, YER İLƏ YEKSAN, GEDİRƏM…

 Olmadı zərrəcə heç dərdimə dərman, gedirəm,

Çünki vermişdi Xuda ölmümə fərman, gedirəm.

 ***

Yığılıb cümlə təbib gəlsə mənim qulluğuma,

Dərdimə etməz əlac, gəlsə də Loğman, gedirəm.

 ***

Taleyim böylə imiş, görmədim bir zövqü-səfa,

Dərdimi etmədim aşkar, belə pünhan gedirəm.

 ***

Dilimin əzbəridir LAİLAHƏ İLLƏLLAH,

Etdiyim bəzi əməldən gora peşman gedirəm.

 ***

Hələ bundan belədir eyşi-nuşi dünyanın,

Qoyuban böylə zaman, yaman nigaran gedirəm.

***

Cəbr ilə yığdığımın görmədim heç bəhrəsini,

Var-yoxum oldu talan, yer ilə yeksan, gedirəm.

 ***

Pənahı yad edin, ey sinəsi dağlı kəslər,

Allah-Allah deyərək, gözləri al qan gedirəm…

2 ŞƏRH

  1. Böyük Füzuli : “Nə yanar kimsə mənə atəşi-dildən özgə
    Nə açar kimsə qapım badi-səbadan qeyri” yazarkən qəriblikdə, Vətəndən uzaqda idi.Çünki Füzuli də dövrünün repressiya qurbanı idi. Sanki tale belə bir həyat tərzini azərbaycanlılara “alın yazısı” yazmışdı. Zaman keçdikcə millətimizə olan bu “münasibət” daha da “təkmilləşmişdi”.Artıq 37-ci illərin repressiya qurbanları ancaq Millətin Qaymaqlarından-zadəgan təbəqəsindən ibarət idi. Bunu ” təşkil edənlər” Bakıda, hətta bölgələrdə belə elimli, duyumlu, bütöv bir kütləni arxasınca apara bilən oğullarımızı “kulak” adı ilə o vaxtkı SSRİ-nin ən ucqar, yaşamaq işgəncəyə çevrilən yerlərinə göndərirdilər. Pənah Ağa oğlu Abdullazadə belə bir acı tale yaşayıb. Mən bu işıqlı insanı görməsəm də, onun son illərə qədər yaşayan bacısı mərhum Malikə xanımla hərdən görüşərdik.Hörmətli İsaməddin müəllimin bu yazısını oxuyanda o qəmli söhbətlər bir daha yadıma düşdü.Başqa bir tanışımdan da eşitmişəm ki,Pənah Ağa Qurani-Kərimi çox düzgün qiraət edənlərdən imiş.İsaməddin müəllimin hazırladığı materialda Pənah Ağanın qəzəllərini böyük maraqla oxudum:”Hələ bundan belədir eyşi-nuşi dünyanın
    Qoyuban böylə zaman, yaman nigaran gedirəm.” Pənah Ağanın bu nigarançılığı yenə hardasa mənə Hafis-Quran Füzulini xatırlatdı.
    Çox hörmətli İsaməddin müəllim,arzu edərdim ki,Pənah Ağa ilə bağlı yeni materiallar da hazırlayasınız.

Comments are closed.