Əhd edərək Bıçaqçıdan Həcc ziyarətinə piyada getmiş Hacı Xəlil bəy – TARİX

6
6732

Zərdabın Bıçaqçı kəndi zəngin tarixə malikdir. Bu kəndin adına Həsən bəy  Zərdabinin 1880–1895-ci illərdə “Zərdabdan məktublar” başlığı altında  “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Bıçaqçının ortasında  Xanlar Çələbinin məzarı var.

Erməni-türk davasında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri ermənilərin Şamaxıda törətdikləri  vəhşi qırğınlardan xəbər tutan kimi  oraya gedib Qafqaz Türk İslam Ordusunun döyüşçülərinə  qoşularaq vuruşmuşlar. Rəsul adlı bıçaqçılı igid elə orada–Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Bıçaqçılıların  igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək kəndin  cavanlarına hərbi təlim  keçilməsinə başlamışlar, türk ordusuna xeyli araba, at, cöngə, digər ərzaq məhsulları  pay verilmişdir.

Bu kəndin şair oğlu, XVIII-XIX əsrlərdə yaşamış, Şəki mədrəsəsində təhsil almış, Şərq ədəbiyyatını dərindən bilən Qədir Əfəndi şeirləri ilə   Azərbaycanda məşhur olub. Görkəmli tədqiqatçı alim Salman Mümtaz  1935-ci ildə  nəşr olunan “El şairləri” kitabında, mərhum Əzizə Cəfərzadənin nəşr etdirdiyi bir neçə kitabda Qədir Əfəndinin  “Tatar”, “Eynək”, “Çəltik”, “Çust”, “Şahupalıd”, “Alça” şeirləri və İsmi bəy Nakamla məktublaşmaları çap olunmuşdur.

Bıçaqçı kəndi Azərbaycana Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov kimi igid şəxsiyyət bəxş edib. Ümumiyyətlə isə Böyük Vətən müharibəsində bu kəndin 42 igidi həlak olub.

Bıçaqçılı Müşfiq Hacıyev Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif olunub.

Əhd edərək Bıçaqçıdan həcc ziyarətinə piyada gedən  Hacı Xəlil adlı varlı bir bəy də doğma kəndinə şöhrət qazandırıb. O,  imkansızlara dayaq durur, hamıya əl tuturmuş. 1933-cü ildə sovet hökuməti—bolşeviklər Hacı Xəlil bəyin 4 oğlunu və 3 qızını Sibirə sürgün edib. O biri oğlanları Aləşrəflə Əşrəf bəy Kürü keçib Qarabağa tərəf qaçarkən amansızlıqla güllələniblər. Qonşu Ağdaş rayonunun Pirəzə kəndindən bir ahıl kişi Hacı Xəlil bəyin qardaşı oğluna danışırmış ki, Əşrəf bəygil qaçan vaxt mən də həmin yerdə idim. Aləşrəf bəyi Kürü keçdiyi anda vurmuşdular. Əşrəf bəy Qarabağa keçib özünü kəhər atına çatdıra bilmişdilər. O, at belində, əynində də qızıl və gümüş sapla işlənmiş çox qiymətli arxalıq, İran sərhəddinə tərəf qaçırdı. Məni də onun adamı bilib ikimizi də tutdular. Amma sonra nə fikirləşdilərsə, mənə dedilər sən çıx get evinə. Xeyli aralanmışdım ki, dalbadal iki atəş səsi eşitdim. Güllənin səsindən bildim ki, Əşrəf bəyi lap yaxın məsafədən güllələdilər…

Sovet hökuməti Hacı Xəlil bəyin qoca və xəstə olmasını nəzərə alaraq onun Bıçaqçıda bir muzdura ərə gedən qızı Almaranın evində, nəzarət altında yaşamasına icazə verib. Hacı Xəlil bəy 1946-cı ildə qızının evində vəfat edib.

1990-cı illərdə Hacı Xəlil bəyin nəticəsi Qiyas İsmayıl Oğlu Xəlilov yaşadığı Qırğızıstandan Qarabağ döyüşçülərinə və qaçqınlara dəfələrlə yardım etdi. Bu xidmətlərinə görə Azərbaycan dövləti onu ordenlə təltif etdi. Hazırda Qiyas bəy Qırğızıstandakı “Lina” mebel şirkətləri qrupunun prezidentidir, professordur.

Bu gün Bıçaqçı kəndinin mərkəzində – Kür çayının yaxınlığında ikimərtəbəli yaraşıqlı bir bina var. Bu bina həmin Hacı Xəlil bəyin 1890-cı ildə tikdirdiyi şəxsi evidir.

Biz 2013-cü il martın 19-da Bıçaqçı kəndində Müşfiq Hacıyevin doğum günü (Müşfiq 39 il əvvəl martın 20-də anadan olub) tədbirində iştirak edərkən Hacı Xəlil bəyin mülkünü də ziyarət etdik və etiraf edim ki, bu ziyarət mənim ürəyimi göynətdi. Lənətə gəlmiş bu kommunist-bolşeviklər nə qədər tifaqlar dağıdıblar, İlahi?!

Bu ziyarətdə Hacı Xəlil bəyin nəticəsi, Zərdab rayon gənclər və idman idarəsinin rəisi İlkin Əliyev və rayon icra hakimiyyətinin əməkdaşı Rahib Nuriyev də iştirak edirdilər.

Şəkillərdə gördüyünüz və mənim ürəyimi göynədən bu əzəmətli bina 123 il qabaq bişmiş, qırmızı gil kərpicdən tikilib. Bizi mülklə tanış edən Əşrəf İbrahimov Hacı Xəlil bəyin qardaşının nəticəsidir. Əşrəf də, Bıçaqçının hörmətli insanlarından olan Məmiş müəllim də bizə maraqlı faktlar danışdılar. Məmiş müəllim dedi ki, Xəlil bəyə “kulak” damğası vurulandan və ailəsi “zərərsizləşdiriləndən” sonra sovet hökuməti onun evini məktəb, sonralar uşaq bağçası elədi: “Mən də bu məktəbdə oxumuşam, rəhmətlik Məlik Məhərrəmov da, Yuxarı Seyidlərdən professor Ələkbər Məmmədov da, şair Fikrət Qoca da”. Əşrəf deyir ki, Fikrət Qocanın atası Göyüş kişi o vaxt Bıçaqçıda həkim işləyib. Məmiş müəllim deyir ki, bu binanın kərpici binanın 20 metrliyindəki gilli torpaqdan bişirilib düzəldilib. Binaya 90 min kərpic hörülüb, divarların qalınlığı 1 metrdir. Kərpic düzəldilən quyunu isə təqribən 65 il əvvəl biz şagirdlərə doldurtdurdular…

Hazırda bu binada Bıçaqçı kənd uşaq bağçası yerləşir.

Şəkillərdə: Hacı Xəlil kişinin Bıçaqçı kəndində sovet hökuməti tərəfindən müsadirə edilərək məktəb və bağça kimi fəaliyyət göstərən ikimərtəbəli mülkü.

Bəyin otağının taxta materialından işlənmiş qapısı və tavanı çox nadir və elmi cəhətdən araşdırılası sənət nümunələridir. O da çox yaxşı olardı ki, bu nadir tikili tam təmir və bərpa olunsun, gözəl bir muzeyə çevrilsin.

İSAMƏDDİN ƏHMƏDOV

Zərdab rayonu - Bıçaqçı kəndiZərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi2Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi7Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi1Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi6Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi4Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi3Zərdab rayonu - Bıçaqçı kəndi - Hacı Xəlil bəyin - evi

6 ŞƏRH

  1. cox heyfslaniram,tariximizda olan bu kimi insanlar qorunsaydi
    biz ozumuz olari satdiq sura hokmatina

  2. Ruhu wad olsun .
    Doqurdanda biz oz tariximizden ne qeder cox melumatsiz olmuwuq biz Zerdablilarin cox maraqli insanlari olubmuw .Cox saqolun bize oz hemyerlilerimizi tanitdirdiqiniz ucun.Bu gozel melumat ucun minnetdaram sizlere

  3. Sağ olun İsaməddin müəllim! Zərdabın tarixindən yazmaqda davam edin, bizlər üçün çox maraqlıdır.

  4. Cox sag olun etrafli melumat ucun, Kendimiz haqqinda bilmediyimiz faktlari , tarixi askarlayib xalqa catdirdiginiz ucun size tewekkur edirik. Bicaqci kendinde gorun nece dahi insanlar yasayib, oxuyub heyat surubler. Fexr olunasi bir melumatdi 🙂

Comments are closed.