Zərdabın tarixi-siyasi coğrafiyasına dair yeni faktlar – ARAŞDIRMA

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Taleh Vasif oğlu Əliyev “Zərdabın tarixi-siyasi coğrafiyası” adlı yazısını www.zerdab.com saytına təqdim edib. Məqalədə Zərdabın tarixi-siyasi coğrafiyası ilə bağlı maraqlı və yeni faktlar üzə çıxarılıb. Həmin yazını hissə-hissə saytımızda yayımlayacağıq. Taleh Əliyevin yazısının birinci hissəsini təqdim edirik.

Şimali Azərbaycan ərazisində yerləşən müasir Zərdab rayonu tarix boyu yerli tayfaların məskunlaşdığı yerlərdən olmuşdur. Tunc dövründə bu ərazi Kür çayının sahili boyu torpaqlarla birlikdə Kür – Araz mədəniyyətinin daşıyıcılarının yurdu olmuşdur. Bunu arxeoloji və antropoloji materiallardan aydın görmək mümkündür.

E.ə. IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində Qafqaz albanlarının dövləti meydana gəlir. Müasir Zərdab ərazisi Qafqaz Albaniyasının tərkibində hazırki Ucar rayonunun ərazisi ilə birlikdə Əcəri vilayətinə daxil olmuşdur. “Alban tarixi” əsərinin müəllifi, alban tarixçisi Musa Kalankaytuklu öz əsərində Əcəri vilayətinin əkinçilik üçün yararlı olduğunu söyləyir və vilayətin əhalisinin əsasən əkinçi albanlardan, qismən də maldarlardan ibarət olduğunu yazır.

Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Əcəri vilayətinin maldarları yay aylarında öz mal-qarasını Lpina və Şəki vilayətinə aparırdı. Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Ərazidə qeydə alınmış küp qəbirləri bir daha buranın yerli alban əhalisinə məxsus olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən Alban Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir.

Xilafət dövründə burada yaşayan albanlar İslamı qəbul etmiş və ərəblərin əmirlik inzibati sisteminə uyğun olaraq Azərbaycan sərhədləri daxilində yaşamışlar. Qeyd edək ki, Ərəb Xilafəti zamanında Azərbaycan torpaqlarının tarixi sərhəddi şimalda Dərbənd keçidi, cənubda isə Həmədan – Qəzvin ərazisi hesab olunmuşdur. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olan ərazilərdə Şirvanşahlar dövləti yaranır və Zərdab ərazisi XVI əsrin 30-cu illərinin sonuna kimi bu dövlətin tərkibində olmuşdur. Həmin dövrdə ərazidə ayrı-ayrı yaşayış məskənləri mövcud olmuşdur. Lakin qeyd olunan dövrdə – XI – XIII əsrlərdə ərazi Səlcuq imperiyası və Azərbaycan Atabəylər dövlətinə tabe edilmiş, XIII əsrin II yarısı və XIV əsrdə isə Hülakü və Cəlairi dövlətlərindən asılı hala düşmüşdür. Ərazidən Atabəylər (Eldənizlər) dövrünə aid mis pullar da tapılmışdır. XIV əsr Hülakü mənbələrində adı çəkilən Delan Naur (70 göl) ərazisinin qərb hissəsi məhz Zərdab torpaqlarıdır.

Tarixi qaynaqlarda Zərdab adına ilk dəfə XV əsr Ağqoyunlu dövrü mənbələrində rast gəlinir. Rayon ərazisində yerləşən Əlvənd kəndi də məhz Ağqoyunlu Əlvənd Mirzənin dövründən iri yaşayış məskəninə çevrilmişdir. Belə ki 1500-cü ildə Ağqoyunlu dövlətinin Əbhər sazişinə əsasən iki yerə parçalanmasından sonra dövlətin əsas mərkəzi hesab olunan Azərbaycan torpaqları Əlvənd Mirzənin hakimiyyəti altında qaldı. Məhz bu hadisə ərəfəsində Ağqoyunlu mənbələri Zərdabın adını çəkir. Təbii ki bunu həm də Ağqoyunluların Şirvanşahlarla sıx əlaqə saxlaması kimi də dəyərləndirmək olar.

1538-ci ildə Şirvanşahlar dövlətinə Səvəfi şahı I Təhmasib tərəfindən son qoyuldu və yaranmış Şirvan bəylərbəyliyinin cənub torpaqlarına Zərdab ərazisi də məhz Zərdab adı ilə daxil olmuşdur. Ümumiyyətlə, bu vaxta qədər Səfəvi mənbələrində ərazi xatırlansa da Zərdab toponiminin adı çəkilmirdi. Məsələn, Şah I İsmayıl Cabanı döyüşündən əvvəl Şamaxıya doğru yürüş edərkən “Qoyun ülumu”ndan keçdiyi bildirilir. Yuxarıda az əvvəl qeyd etdiyimiz hadisələrdə, o cümlədən, vahid Azərbaycan Səfəvi dövlətinin yaradılması prosesində Şah I Təhmasib də bu ərazidən keçmiş və mənbələr qeyd olunan Zərdab ərazisini “Qoyun ülumu” adlandırmışdır. Belə hesab edirik ki, ərazidə maldarlığın yüksək inkişafı ilə əlaqədar bu yerlər Səfəvi tarixçiləri tərəfindən bu cür adlandırılmışdır.

Abdulla xan Ustaclı XVI əsrin ortalarında Şirvan bəylərbəyi olduğu zaman Zərdab ərazisindəki yaşayış məskənləri böyümüş və ərazinin mövqeyi artmışdır. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlılar Şirvan ərazisini imperiyanın tərkibinə qatır. Məhz Osmanlı mənbələri Şirvan ərazisi haqqında yazılarında Zərdabın adını qeyd edirlər. Şah I Abbasın hakimiyyəti zamanı bu torpaqlar yenidən Səfəvilərin ərazisinə çevrilir.

Səfəvilər dövlətinin zəiflədiyi dövrdə feodal özbaşınalıqları geniş vüsət aldığı zaman onlara qarşı yerlərdə üsyanlar baş qaldırır. Şirvan üsyançılarının əsas məntəqələrindən biri də Zərdab ərazisi olmuş, burada Müskürlü üsyançıları xüsusilə fərlənmişlər. Məhz 1724-cü il İstanbul sülhündən sonra Rusiya Hacı Davud Müskürlünü Şirvan xanı kimi tanımış və Zərdab ərazisi də onun idarə etdiyi əraziyə daxil edilmişdir. Lakin 1727-ci il Nabur sülhündən sonra əraziyə rəhbərlik rus meyilli hakim Qazıqumuxlu Surxay xanın əlinə keçmişdir. 1736-1747-ci illərdə Zərdab ərazisi bütün Azərbaycan torpaqları kimi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibində Azərbaycan vilayətinin bir hissəsi olmuşdur. Nadir şahın öldürülməsindən sonra Zərdab ərazisi Şamaxı xanlığının tərkibində olmuşdur. Bu dövrdə yenə də Zərdab və Ucar rayonlarının ərazisi birlikdə Qarasubasar mahalına daxil olmuşdur. N.Bayramova “Şamaxı xanlığı” əsərində yazır: “Qarasubasar mahalına Şilyan, I Ləki, II Ləki, Əlvənd, Muradxan, Xələc, Zərdab, Çallı və s. kəndlər daxil idi. Mahalın əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu”. Qubalı Fətəli xan Şirvanı tabe etdikdən sonra bir müddət ərazi (1768-1790-cı illərdə) Quba xanlığının tərkib hissəsinə çevrilmişdir. Onun ölümündən sonra yenidən Şamaxı xanlığının ərazisi olmuşdur.

Ardı var…

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six − three =