Zərdabda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər – fotolar

0
26

Zərdab şəhər 2 saylı tam orta məktəbi29 mart 2013-cü il tarixdə Zərdab şəhər 2 saylı tam orta məktəbində 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan saytımıza verilən məlumatda qeyd olunur ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Ramo Hacıyev açaraq qeyd edib ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini, tarixçi Kamilə Yəhyayeva geniş məruzə ilə çıxış edərək bildirib ki, 1918-ci ildə ermənilər Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda və Naxçıvanda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali – qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Daha sonra tədbir iştirakçıları 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı video-çarxa baxmışlar.

MƏRKƏZİ KİTABXANADA SOYQIRIMI QURBANLARI YAD EDİLDİLƏR

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zərdab rayon Mərkəzi Kitabxanasında “Tarixin qan yaddaşı” adlı kompozisiya keçirilib. www.zerdab.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova açıb. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri fəal iştirak ediblər.

Tədbir iştirakçıları şəhər 3 saylı tam orta məktəbinin 7-ci və 8-ci sinif şagirdlərinin 31 mart Azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsinə hazırladıqları kompozisiyanı izləyiblər. Mərkəzi kitabxananın əməkdaşları M. Səfərəliyeva, G. Qasımova, G. Məmmədova, R. Qasımova və başqaları 31 mart soyqırımı ilə bağlı öz fikirlərini söyləyiblər.

Tədbirin sonunda iştirakçılar “Torpağı Vətən eyləyən oğullar”, “Azərbaycan – dünyam mənim” adlı sərgilərin qarşısında xatirə şəkilləri çəkdiriblər.

Zərdab rayon Mərkəzi Kitabxana