Ən dəyərli varlığımız – ailə

1

evlilikAilə kimin üçünsə bir imtahan, kimin üçünsə bir hədiyyədir. Əslində həmişə fərqli cür yanaşdığımız imtahan, bəlkə də, illərlə xəyalını qurduğumuz, fərqli duyğular bəslədiyimiz ailə həyatımızda da qarşımıza çıxır. Heç düşünmədən belə, canımızı fəda edə biləcəyimiz övladımızla, hər şeyimizi, sirrimizi, sevgimizi, dərdimizi, ömrümüzü paylaşdığımız həyat yoldaşımızla, bir çox hallarda ömrümüzün, demək olar ki, yarısını paylaşdığımız qayınanamızla… Bəli, bütün bunlar əslində içində olduğumuz üçün fərqinə varmadığımız, ancaq səbir edib, sinə gərəndə bizə cənnətləri qazandıra biləcək bir imtahandır.

Övladımızla imtahan – bəlkə də bir xəstəliyi ilə. Gözünün önündə çöhrəsindən çarəsizlik yağan və köməyə ehtiyacı olan övlad. Bax, burada əsl imtahan başlayır. Allaha (c.c.) təvəkkül görə bilmədiyimiz və bizə ədalətsiz, ağır kimi görünən, əslində isə pərdə arxasında bizi cənnətə səsləyən övlad imtahanı. Nə böyük bir imtahandır, elə deyilmi?!

Həyat yoldaşımız – hər şeyimiz. Onunla da imtahan olunuruq. Bəzən işdən evə gec gəlməsinə, bəzən ailəsinə və ya övladlarına vaxt ayıra bilməməsinə və bir çox özünəxas əskiklərinə qarşı sevgi ilə səbir etmə… Bu da bir imtahandır. Və bunun kimi daha nələr… nələr…

Bütün bunlara baxmayaraq, ailə bir nemətdir. Əskiklər isə şorbanın duzu kimidir. Onlar olmasa, gözəlliklərin qədrini bilərikmi?

Ailə quran insanı “qəfəsə düşən quşa” bənzədən qafil insan nə qədər ayaqda durmağa çalışsa da, nə qədər vüqarlı görünməyə cəhd etsə də, çinara bənzəməyə çalışsa da, əslində payızda yarpaqlarını tökməkdən qorxan ağaca, qaşsız üzüyə, ləpəsiz dənizə, hilalsız gecəyə, qarşılıqsız sevgiyə… bənzəyir. Qoca çinarlar var ki, insan baxdıqca vüqarına, gözəlliyinə valeh olur, amma bir də kölgə saldığı yerə baxın, bir yaşıllıq gorməyəcəksiniz. Ailəni bir yük kimi  görən insan da belədir. Nə qədər vüqarlı görünsə də, əslində bir o qədər aciz və tənhadır çinar kimi. O böyüklükdə ağac bir də görürsən ki, kiçik, cılız bir qurdun əlində aciz qalır və heç gözləmədiyimiz adi bir gündə yıxılır. Ətrafında heç nə olmadığı üçün dayaq tapa bilmir. Halbuki qoysaydı ətrafında, kölgəsində ağac bitməyə, bəlkə də, onların köklərinə sarılar və ayaqda durmağı bacarardı. İnsan da belə deyilmi? Xəstəliklərimizlə, nəfsimizlə imtahan olunanda bizə dayaq olan ailəmizdir. Biz onlar olduğu üçün bu qədər ürəkli, iradəli, güclü görünürük. Yoxsa, gücümüz nəyə çatar ki?

Bəli, sərv olmalıyıq, istər ailədə, istərsə də cəmiyyətdə. Bir çoxumuzun qarşısına çıxan ailə imtahanını özümüzə hədiyyə olaraq qəbul etməliyik. Axı qarşılıq olaraq bizə Cənnət vəd edilir. Sinə gərməliyik çətinliklərə, sıxıntılara. Və “xəyanət”, “ayrılıq” kəlmələrini unutmalıyıq. Yalnız gözəllikləri görməyə çalışmalıyıq. Ən azı buna cəhd göstərməliyik. Çünki işdir, araya ayrılıq girsə və bunun qarşısını ala bilməsək, ən azı vicdanımıza hesab verəndə “mən əlimdən gələni etdim” cümləsini rahatlıqla deyə bilək.

Allahın halal qıldığı şeylər arasında ən sevmədiyi şey boşanmadır. Bəzən bu kəlməni çox asanlıqla söyləyə bilirik. Halbuki ayrılıq kəlməsinin arxasında nə böyük uçurumlar var. Ani bir hirslə dediyimiz bu söz bir ömür boyu bizi girdablara sürükləyir. Sonralar nə qədər həyatımıza yön verməyə çalışsaq da, artıq bu kəlmə içimizə bir cığır salmış olur. Və bir də düzəldilməsi mümkün olmayan, düzəlsə belə, əvvəlki kimi qalmayan yolda görürük özümüzü. Kaş ki ailə nemətinin qədrini əlimizdə ikən bilək və nə olursa olsun, əlimizdən buraxmamağa çalışaq. Mirvari necə sədəfində dəyərlidirsə, ailə də bütövlüyündə qiymətlidir. Bax buna görə həmişə dəyərli olmağa çalışmalıyıq. Ən azı ona görə ki, bizlər Allahın yaratdığı ən ali varlıqlarıq…

Gülnarə Bayramova, Bakı Araz Hazırlıq Kursları

1 comment

  1. Gulnare xanim, cox deyerli fikirlerdir.Amma bezen mene ele gelir ki aileni butov saxlamaga var gucu ile calisan qadinlardir.Analar ovladlarini yaxsi ehval-ruhiyyede yasatmaq ucun her cur agir sinaqlara gedir.Bu menim subyektiv fikrimdir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 + 12 =