Sizə nə demək istədiklərini başa düşün…

1
37

yaziciYazıçı olmaq istəyirdi. Ancaq bu arzusunu həyata keçirəcəyinə çox az inanırdı. Çünki ömrü boyu ancaq dörd il məktəbə gedə bilmişdi. Üstəlik, ailəsi də həmişə səfalət içində yaşamışdı (hətta atası borclarını ödəyə bilmədiyi üçün həbsə də düşmüşdü). Ən yaxşı tanıdığı şey aclıq idi. Çünki aclığın bütün iztirablarını yaşamışdı. Uzun “mübarizələrdən” sonra tapdığı yeganə iş siçanlarla dolu bir zirzəmidə boya qutularına kağız yapışdırmaq idi.

Hamının ona güləcəyini düşündüyü üçün hekayələrini gecələr göndərirdi. 22 yaşında ilk hekayəsini göndərəndə də belə düşünmüşdü. Üstəlik, bu hamısı deyildi. Göndərdiyi bütün hekayələr geri qayıdırdı…

“Meydandan çəkilmək” istəyirdi ki, bir gün bir məktub aldı. Redaktorlardan biri hekayəsini bəyəndiyini yazmışdı. O gün sevincindən nə edəcəyini bilmədi. Saatlarla ağlayaraq küçələri gəzdi. Madam ki, hekayəsini bəyənən var idi, deməli, artıq yazmaq olardı. Əslində bu “kiçik diqqət” onun həyatını dəyişmişdi. Əgər o gün o məktub gəlməsəydi, bəlkə də, bütün ömrünü siçanlarla dolu o zirzəmidə keçirəcəkdi…

Bəli, bu, məşhur ingilis yazıçısı Çarlz Dikkens idi. Viktoriya dövrünün ən böyük nümayəndəsi qəbul edilən, əsərləri bütün dünya dillərinə çevrilən Çarlz Dikkens…

—-*****—————–****————–*****———******

Sizə nə demək istədiklərini başa düşün…

İşsiz bir gənc məşhur iş adamı Henri Fordla görüşmək istəyirdi.

Buna görə də Fordun sahib olduğu şirkətə getdi. Ancaq hər şey o istədiyi kimi olmadı. Və bu görüş ancaq 8 ay sonra baş tutdu. 8 ay sonra gənc artıq Henri Fordun qəbul otağında idi. Bir azdan katibə gəldi və: “Cənab Ford sizi xidməti avtomobilinin yanında gözləyir”, – dedi. Gənc tələsik aşağı düşdü. Doğrudan da, Ford onu xidməti avtomobilinin yanında gözləyirdi. Ford arxada, gənc isə qarşıda oturdu. Bir azdan avtomobil yola düşdü. Avtomobil sürətlə irəliləyir, ancaq heç kim danışmırdı…

Bir azdan şəhərin nəhəng avtomobil salonlarından birinin qarşısında dayandılar. Salonun sahibləri qonaqları hörmətlə qarşıladılar. Qısa bir söhbətdən sonra Ford və gənc salondan ayrıldılar. Eyni hadisə ikinci salonda da baş verdi. Sonra üçüncü, sonra dördüncü, sonra beşinci…

İş yerinə qayıtmaq üçün avtomobilə minəndə gənc bütün gücünü topladı və: “Cənab Ford, mənimlə iş barədə danışmayacaqsınız?” – deyə soruşdu. Ancaq bu sual Fordun xoşuna gəlmədi. Sürücüdən avtomobili saxlamağı tələb etdi və gənci avtomobildən düşürdükdən sonra sürətlə oradan uzaqlaşdı. İndi o, şəhərdən çox-çox uzaqda, tək-tənha qalmışdı. Üstəlik, cibində bir qəpik də yox idi. Nə qədər götür-qoy etməyə çalışsa da, Fordun bu hərəkətinə bir məna verə bilmirdi. Evə çatanda artıq bütün düşüncələri alt-üst olmuşdu…

Aradan bir neçə gün keçdi. Ancaq bir sual onu heç cür rahat buraxmırdı: “Ford onunla nə üçün belə davranmışdı?” Ya da “Ford bununla ona nə demək istəyirdi?” Günlərlə baş sındırdıqdan sonra, nəhayət, axtardığını tapdı…

Ertəsi gün ən yaxşı paltarlarını geyindi və Fordla getdikləri ilk avtomobil salonuna üz tutdu.

Salonun sahibləri onu böyük hörmətlə qarşıladılar. Sanki qarşılarında gənc bir adam yox, Henri Fordun özü var idi. Artıq hər şey ona aydın idi. Daha sonra gənc Henri Fordla gəzdikləri o biri salonlara da getdi. Və hamısından da eyni şeyi soruşdu: “Yeni bir avtomobil salonu açmaq istəyirəm, ancaq kifayət qədər sərmayəm yoxdur. Bu işdə mənə kömək edə bilərsinizmi?”

Hamısı da eyni cavabı verdilər: “Əlbəttə ki… İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin…” Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu…

Aradan bir neçə il keçmişdi. Artıq Henri Forda təşəkkür etmək vaxtı idi. “Ford Kompani”nin baş ofisinə gedib, qəbul üçün müraciət etdi. Bir azdan katibə gəldi və: “Buyurun, cənab Ford sizi gözləyir”, – dedi.

Gənc təəccübdən nə deyəcəyini bilmədi. Çünki ilk qəbul üçün nə az, nə çox, düz 8 ay gözləmişdi…

Ford gənci iş otağının qapısında qarşıladı. Və bunları dedi: “Eyni yerdə avtomobildən düşürdüyüm nə ilk adam idiniz, nə də son adam oldunuz. Ancaq aralarında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. O gündən sizi böyük heyranlıqla izləyirəm. Bundan sonrakı iş həyatınızda uğurlar arzulayıram”…

——-*********———————–*****————–****

Bir “oğrunun” portreti

Macar rəssamı Aprad Sebesi milyonçu Elmer Kelenin portretini çəkməli idi. Ancaq portret o qədər də asan başa gəlməyəcəkdi. Çünki Kelen rəssamla ancaq üç dəfə görüşməyə razı olmuşdu. Buna görə də Sebesi portretin çox hissəsini “qiyabi” çəkməli idi.

Bütün bu məhdudiyyətlərə baxmayaraq, Sebesi portreti tamamladı. Portret Kelenə çox oxşayırdı. Ancaq xəsis milyonçu belə fikirləşmirdi. Buna görə də o, portreti almaqdan imtina etdi. Milyonçu emalatxanadan çıxmaq istəyirdi ki, rəssam arxadan səsləndi. O, Kelendən portretin ona oxşamadığını təsdiq edən sənəd istəyirdi. Kelen ürəyində rəssamdan bu qədər asan yaxa qurtardığına sevindi. Ona görə də heç düşünmədən rəssamın istədiyi sənədi verdi.

Bu hadisədən bir neçə ay sonra Macarıstan Rəssamlar Cəmiyyəti Budapeştdə bir sərgi açdı. Sərginin səhəri gün Kelenin telefonları çalmağa başladı. Bir qədər sonra sərgiyə gələn Kelen orada rəssamın çəkdiyi portreti gördü. Rəsmin altında “Bir oğrunun portreti” sözləri yazılmışdı. Milyonçu dərhal rəsmin sərgidən çıxarılmasını tələb etdi. Qalereyanın müdiri etiraz etsə də, Kelen onu məhkəməyə verməklə hədələdi. Bunu görən müdir Kelenin verdiyi sənədi göstərdi. Artıq milyonçunun portreti almaqdan başqa çarəsi qalmamışdı. Beləliklə, rəssam həm “oyunu udmuş”, həm də zərəri xeyrə çevirmişdi. Çünki Kelen portreti almaq istəyəndə qiyməti əvvəlkindən on dəfə baha idi.

ZAMAN

resm

1 comment

  1. Hardadı indi Ford kimi kişilər???İndiki dırnaqarası kişilərin də nə demək istədiyini başa düşürük..Özü də əlüstü..Hardadı indi Ford kimi təmannasız kömək əli uzadan kişilər..Onlar olmadığı üçün cəmiyyət bu vəziyyətdədir…Heyf get-gedə cılızlaşırlar..Evlərimizdə böyüyən qız uşaqlarına yazığım gəlir..Onlar əsl kişinin necə olduğunu bilməyəcəklər..

Comments are closed.