Sovet dövründə kənd müəlliminin əziyyəti

3
32

SSR1981-ci ildə institutu əla qiymətlərlə bitirib, kəndimizə müəllim gəldim. İndi bildim ki, niyə o zaman müəllimlərimiz bizə deyirmiş ki, guya onları institutda müəllim saxlayırlarmış, guya bunlar da qalmayıblar, kənddə işləməyi üstün tutublar və sonra da çox peşman olublar. Həmin müəllimlərin arvadları da, uşaqları da bu məsələni kədər hissi ilə xatırlayırdılar. Bütün bunlar kənddə müəllim olmaq çətinliyinin uydurulmuş bir təskinliyi idi.

Bəs mən nə deyim?

Pambıq yığımı başlamışdı. Şagirdləri məcburi şəkildə pambığa aparırdılar, mən də onların üstündə təhkimçi olurdum. Heç bir təhsili olmayan sinif yoldaşım pambıq briqadiri idi. Qılıncının dalı da kəsirdi, qabağı da. Mənə göstərişlər verirdi: “Müəllim, elə eləmə ki, adını katibin siyahısına salım. Hər şagird axşama 70-100 kiloqram pambıq yığmalıdır. Heç bir şagird öynə vaxtı kəndə çörək yeməyə getməməlidir. Dayanmamalıdır, oturmamalıdır, vəssalam”.

Qardaş, qara günlərim başladı. Şagirdlərin sayı 180 nəfər. Kəndlə pambıq sahəsinin arası cəmi 200 metr. Şagirdlər bir-iki saatdan sonra qaçırdılar kənddə. Məni danlayırdılar – əvvəl briqadir, sonra sədr, xalq nəzarəti və sonra da katib.

Qərara gəldilər ki, şagirdlər öynə yeməyini sahədə yesin. Ona görə də hər gün 18 kilometr uzaqda olan rayon mərkəzindən vedrələrdə dolma gətirdilər. Dedilər, nahar vaxtı gərək müəllim dolmanı şagirdlərə  paylasın. Dedim, olarmı yeməyi 10-cu sinfin qızlarının biri çəksin? Dedilər yox, katib tapşırıb, gərək müəllim çəkə.

Məni yüz yerdən sındırdılar. Uşaqlar dolmanı yeyəndən sonra yenə qaçdılar kəndə. Axşam yenə məni danladılar – əvvəl briqadir, sonra sədr, xalq nəzarəti və sonra katib.

Sonra dedilər, gərək müəllimlər pambıq yığsın, belimə fartuk bağlatdırdılar, şagirdlərimlə yanaşı pambıq yığdım. Heç bir təhsili olmayan sinif yoldaşım, briqadir başımın üstə dayanıb tez-tez deyirdi: “müəllim, tez-tez yığ, əldən iti tərpən, axşama 100 kiloqram pambıq yığmalısan, yoxsa katibə deyərəm”.

Mən öz kəndimdə ölürdüm, hardasa bir erməni şairi, bir erməni müəllimi dikəlirdi, “Qarabağ bizimdir” deyirdi.

Sonra dərs keçəndə şagirdlər mənə inanmadılar. İstədim deyəm, məni institutda müəllim saxlamaq istəyirdilər, özüm qalmadım. Demədim. Müəllimliyimi öldürdülər, Fizuliyə söydülər, M. Ə. Sabiri təhqir elədilər, Nəsimini təzədən soydular. Özü də harda? Bizim kənddə.

Məktəbə gələndə üstümə it cumdu, qaçdım, dedilər buna bax, ayıb olsun, müəllim qaçır, itin qorxusundan hasara dırmaşdım, güldülər, uy dadd… müəllim hasara çıxdı. Hesabdar məni vurdu, mən də vurdum, dedilər ayıb olsun, müəllim təpik atır.

Axırda dinmədim, məni dönə-dönə  vurdular, şairliyimə söydülər, Fizuliyə lağ elədilər. Harda? Öz doğma kəndimdə…

Aprelin 20-dən sonra pambıq əkini, sonra isə pambıq sahələrini alaq otlarından təmizləmək gəlirdi. Şagirdləri aparırdılar alaq otlarını təmizləməyə. Yenə həmin briqadir, həmin xalq nəzarəti, həmin katib, həmin vedrə-vedrə dolmalar. Sonra kənd camaatı  müəllimlərə vedrə bağladılar. Dedilər, şagirdlərə dolma gələndən müəllimlər kökəlib.

Sonra dedilər gərək müəllimlər kətmən götürüb alaq otlarını vursunlar. Kətməni götürdüm, başımın üstündə də heç bir təhsili olmayan sinif yoldaşım briqadir. İndi də özüm söydüm diplomuma, baş cümləyə, budaq cümləyə, M.Fizuliyə, hər şeyə.

Özüm də bilmədən 5-6 dənə pambıq kolu vurmuşdum. Gəldi sinif yoldaşım briqadir, xalq nəzarəti, sonra katib. Haqqımda cinayət işi qaldırmaq istədilər. Guya məni bağışladılar, mənimlə yanaşı kətmən vuran həyat yoldaşıma töhmət verdilər.

Sonra Qarabağ müharibəsi başladı. Cəbhəyə getdim, müəllim kimi, şair kimi əsgərlərlə  görüşə. Uzaqda bir qumbara partladı. Qaçdım, tez aşağı sindim.

Dedilər:

– Hara qaçırsan?

Dedim:

– Qorxuram.

– Bəs şair deyilsən?

– Yox.

– Bəs müəllim deyilsən?

– Yox.

– Cavan oğlansan…

– Yox, məni çoxdan öldürüblər.

– Harda, cəbhədə?

– Yox, kəndimizdə.

– Kim öldürdü?

– Sinif yoldaşım briqadir, xalq nəzarəti və katib.

Fizuli rayonundan olan bir komandir dedi:

– Müəllim, sənin danışdıqların erməni budaq cümləsinə bənzəyir. O bizə qumbara atan erməni şairidir, erməni müəllimidir. Amma sən…

– Mənim  baş və budaq cümləmi öldürdülər, şairliyimi, müəllimliyimi öldürdülər.

– Harda?

– Kəndimizdə.

– Kim öldürdü?

– Sinif yoldaşım briqadir, xalq nəzarəti və katib…

Qəşəm Nəcəfzadə

3 ŞƏRH

  1. Qəşəm, məsələ bundadır ki, bəlkə o çətinliklər olmasaydı bugünkü Qəşəm olmazdı…

  2. Ay müəllim, əvvəla, salam! Salamdan sonra “Fizuli” yox, “Füzuli” yazılmalıdır. Sonra da “alaq otundan” yox, “alaqdan” təmizləmək. Sonra da, əgər məktəblilər üçün rayon mərkəzində dolma bişirib 18 kilometr uzaqdakı pambıq sahələrinə göndərirlərmişsə, buna görə vallah, Allaha and olsun, o insanlara təşəkkür düşür. Sonra da, sovet hökuməti mənə vurduğu təpiyi heç kəsə vurmayıb məncə. Çünki həmin sovet I katibi mənim indi də qüvvədə olan Əmək kitabçama belə yazdırıb: “… rayon partiya komitəsi bürosunun 3 mart 1980-ci il tarixli qərarı ilə işdə ciddi nöqsanlara yol verdiyi üçün işdən götürülsün”. Bax, belə, “işdən götürülsün” yazılıb. Mənim “işim” isə qəzetdə adicə müxbirlik idi. Mən sovet hökumətini müdafiə etmirəm, yəqin ki, sovet hökumətinə mənim qədər nifrət edən az adam tapılar, amma qardaş, bütün hallarda olanı demək də imandandır… İnanıram ki, inciməyəcəksən… Və indi sən çox xoşbəxtsən, eləmi?

  3. sehvler doqrudur, sizinle raziyam. amma o vaxt muxbirler xan kefinde donardilar

Comments are closed.