Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (10)

0

Həsən bəy ZərdabiZərdab kəndi. Biz, dövlət balıq vətəgəsi icarəçilərinin cərgəsinə düşən və belə bir titula layiq görülməklə xəzinəyə müəyyən məbləğdə haqq ödəyən Kürün yuxarı sahələrindəki icarəçilər, — düşünürdük ki, birtəhər icarə müddətini başa vuraq və sonra tövbə edərək uşaqlarımıza vəsiyyət edək ki, heç vaxt belə bir işə girişməsinlər; lakin belə görünür ki, biz də  müddət bitməmiş geri çəkilməli olacağıq. 2 nömrəli Əmir sahəsi artıq balıq sənayesi idarəsinin təsərrüfat tabeçiliyinə keçirilmişdir; 5 və 6 nömrəli sahələri də necə deyərlər, həmin aqibət gözləyir, sonra isə növbə 3 və 4 nömrəli vətəgələrindir ki, bunların bəzilərinin icarəçiləri də artıq elə bir məbləğdə cərimə olunmuşlar ki, onu ödəmək imkanında deyillər. O barədə də çox danışmayacağam ki, icarəçini çəkdiyi çəpərə görə, — əgər o çəpər balığın yolunu kəsmirsə, Kürün yuxarılarındakı vətəgə əraziləri balıq olmadığına, lap kasıbın cibi mənfur parlaq metal pullardan təmiz olduğu kimi təmizdirsə, — cərimə etmək nə dərəcədə ədalətlidir?

Elə bu səbəbdən də idarənin Kürün bütün yuxarı balıqçılıq sahələrini öz təsərrüfat idarəçiliyinə götürmək arzusunun əleyhinə danışmağı yersiz hesab edirəm, ola bilsin ki, dövlətin mənafeyi belə tələb edir; lakin mən oxucular üçün kiçik bir hesablama aparmaq istəyirəm: 2, 3, 4, 5 və 6  nömrəli sahələr ki, bir hissəsi i

darənin təsərrüfat idarəçiliyinə keçmişdir, o biri hissəsi də yaxın zamanlarda belə idarəçiliyə keçəcək, indi bunlardan dövlətin xəzinəsi ildə 13 min rubla yaxın pul alır. Bəs, bu sahələr təsərrüfat idarəçiliyinə keçəndən sonra xəzinəyə nə qədər gəlir gətirəcəklər?

Yəqin ki, oxucu bu idarəetmə barədə, məsələn, poçt müəssisəsi haqqında düşündüyü kimi düşünəcək, lakin bu ədalətsizlikdir. Əgər hansısa poçt stansiyasının sahibi müflis olursa onda bu stansiya poçt müəssisəsinin təsərrüfat idarəçiliyinə daxil ola bilər. Özlüyündə də aydındır ki, poçt yolu ilə hərəkət edən şəxs istəsə də, istəməsə də at kirayə etməlidir, ona görə də bu stansiyaya, pullları almaq və sərf etmək üçün kimisə qoymaq lazımdır, – bununla da hər şey tamamlanır; lakin dövlət balıq sənayesi sahələrində vəziyyət heç də belə deyil. Hər hansı icarəçi bu işə məlum məbləğdə kapital qoymalıdır və yalnız o halda qoyulan kapital müəyyən məbləğdə gəlir gətirə bilər.

Əlbəttə, dövlət balıq sahəsini təsərrüfat idarəçiliyinə götürməklə bu cür dövriyyəyə xəzinə pulunu buraxa bilməz, bu səbəbdən də bu sahələri idarə etmək üçün təyin edilən məmur buradan heç bir gəlir əldə etməyəcək, yalnız gizlin balıq və kürü satanları izləyəcək ki, belələri həddən çoxdur. Əgər bu üsulla bir dəfəyə 6 sahənin hamısını təmizləmək lazımdırsa, onda idarə hər sahəyə azı bir nəfər ezam etməlidir, halbuki dövlət xəzinəsinə nəinki icarəçilərdən aldığı həmin 13 min rubl daxil olmayacaq, həm də bundan əlavə dövlət həmin o 6 məmura icarəçilərin vəzifələrini icra etdiklərinə görə maaş da verməlidir.

Fərz edək ki, dövlət idarəçiliyinin belə zərərlə işləyəcəyi barədəki fikrimiz səhvdir, yəni belə idarəetmə üsulu ilə də xəzinə gəlir əldə edəcək və elə isə poçt müəssisəsi ilə müqayisəmizi davam etdirək. Poçt stansiyası nəzarətçisinin işini təftiş edən məmurun onun işindəki nöqsanları aşkar etməyə tam imkanı var. Hansısa, məsələn, bir yolçu Tiflisdən Bakıya getmişdir və stansiyadan 3 at kirayəyə götürmüşdür. Aydın məsələdir ki, poçt müəssisəsəinin nəzarətçisi məhz 3 atın kirayəyə verilməsi barədə idarəyə məlumat verməlidir. Yaxşı, dövlət balıq sənayesi sahələrinin ayrı-ayrı bölmələrinə nəzarət edən məmur bəs necə etməlidir? Axı, heç kəs bilmir və heç bilə də bilməz ki, Kürdə nə qədər balıq var və əgər kimsə hansısa bir üsul kəşf edib Kürdəki balıqları saya bilərsə yenə də heç kəs müəyyən edə bilməyəcək ki, nə qədər balıq tutulub,  nə qədər balıq məhsulları əldə edilib və nə neçəyə satılıb. Bax, misal üçün, mən bir hadisənin şahidiyəm. Balıq sənayesi məmuru 1 pud yarım qanunsuz kürü satmaq istəyən şəxsi tutmuşdu və tərtib edilən protokolda deyildiyi kimi, kürü xarab olmasın deyə məmur onu elə yerindəcə 6 rubl 7,5 qəpiyə, başqa sözlə, pudunu 4 rubl 5 qəpiyə satmışdı, halbuki qanunsuz kürü satanlar, məhsulları hətta oğurluq olsa belə kürünün pudunu 10 rubldan ucuz satmırlar.

İşlər bu vəziyyətdədirsə biz könüllü xəzinə ödəyicilərini nahaqdan talan etməmək, işlərini pozmamaq daha yaxşı olmazmı? Əlbəttə, oxucu düşünməsin ki, bu ödəyicilərdən biri olaraq mən özümə güzəşt, mərhəmət umuram və ya mənim qanunsuz əməllərimə göz yumulmasını istəyirəm. Qoy bizi yalnız qanun əsasında, vicdanla mühakimə etsinlər, qərara gəlsinlər, bu bizim yeganə istəyimizdir. Bax, misal üçün, belə bir şey olub, 3 nömrəli sahənin icarəçisi knyaz Tumanov, deyirlər ki, 10 min rubl cərimə olunub. Onun sahəsində Kür sahili sakinlərinin qurduğu balıq ovu basması aşkar ediblər və buna görə də icarəçini cərimə ediblər. Bəli, knyaz Tumanovun elə bir imkanı varmı ki, 80 verst uzunluğu olan öz sahəsinə hər gün baxsın? Əgər bu fiziki cəhətdən mümkündürsə, lakin sahildə yaşayan sakinlər hər gün sahildən Kürün içərilərinə yüzlərlə basma qurub uzada bilirlərsə, heç bir günahı olmayan icarəçini bunun üçün cərimə etmək ədalətli işdirmi?

HƏSƏN BƏY ZƏRDABİ,

«KASPİ» QƏZETİ, №25, 4 MART 1883-CÜ İL.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight − 3 =