Zərdabda həmişə hörmətlə anılan insan – Zəridə Rüstəmova

4
59
Zəridə Rüstəmova
Zəridə Rüstəmova

Zəridə xanımın zərrələri

Mənə böyük bir

Sərgi salonu verin,

Bir insan şəkili

Asacağam ordan.

R.Rza

Elə insanlar var ki, onların vəzifədə olub-olmamasından, paytaxtda və ya kənddə yaşamasından, varlı və ya kasıb təbəqəyə mənsubluğundan asılı olmayaraq daim sevilir, xatirəsi əziz tutulur, əməlləri minnətdarlıqla həmişə yad olunur. Əl tutduqları, irəli çəkdikləri, qiymətləndirdikləri şəxslər vəzifə və səlahiyyət baxımından nə qədər ucalsalar da ustadlarını, müəllimlərini, bir sözlə, onlara vəzifə və şöhrət bəxş edəni heç vaxt unutmamaqla yanaşı, həm də mənəvi cəhətdən heç vaxt onları ötüb keçə bilməyirlər. Çünki həmin şəxslərin öz zamanlarında etdikləri sonrakı dövrlərin həlim və yumşaq çağlarında – demokratiyasında böyük cəsarətə və qəhrəmanlığa layiqdir. O zaman həmin işləri görmək həqiqətən ürək və hünər istəyirdi.
Hələ gəncliyindən komsomolda yüksək vəzifələr tutaraq sürətlə partiya-sovet işində irəliləməyə başlayan Zəridə xanım Yunis qızı Rüstəmova Bakı Ali Partiya məktəbini bitirdikdən sonra 5 il Ağcabədi RPK-nın II katibi, 5 il Zərdab RPK-nın I katibi, sonralar İmişli RPK-nın I katibi vəzifəsində çalışmış, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və bir sıra medallarla təltif edilmişdir. 1985-1990-cı illərdə Ali Sovetin deputatı olmuşdur. 1997-ci ildən YAP-ın üzvüdür. Hal-hazırda isə əməyinin və xidmətinin təmiz, halal haqqı olaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır.
Yüksək vəzifələrdə çalışıb camaatın böyük əksəriyyətinin rəğbət və hörmətini qazanmaq, bir az da dəqiq desək məhəbbətini qazanmaq olduqca çətindir. Rəhbər vəzifədə işləyənlər bunu yaxşı bilir. Ən başlıca qiymət isə həmişəki kimi Xalqın münasibəti olub. Özü də Sovet imperiyasının çöküşü ərəfəsində. Camaatı razı salmaq, gərginliklərin, çətinliklərin, çatışmazlıqların fonunda onlarla dil tapmaq, sakitləşdirmək, bütün bu psixoloji və mənəvi gənginliklərin müqabilində həm də onların sevimlisinə çevrilmək, o dövrlərin vəzifə sahibi və iştirakçısı, şahidi kimi, bütün səmimiyyətimlə bildirirəm ki, son dərəcə mümkünsüz bir iş idi. Beş-üç nəfər narazılar vardı, onlar da vəzifə umub, haqlı olaraq I katib tərəfindən bəyənilməyənlər, istəyinə çatmayanlar idi. Özün necə təmiz, əli-ayağı “düz” olmalıydın ki, elin-obanın, həm də “yuxarıların” da səndən narazı qalmamağına nail olmalıydın.
Bu gün Zəridə xanımın irəli çəkdiyi adamlar yenə də ən müxtəlif sahələrdə yüksək pillələrdədirlər. Hər birimizin fəaliyyətində Zəridə xanımdan zərrə qədər də olsa nəsə var. O “zərrə” bizi çaşmağa, yola azmağa qoymur, daim sabit, salim, sağlam, xeyirxah, ədalətli, cəsarətli olmağa səsləyir, ona oxşayıb onun kimi ürəklərdə, tərcümeyi-hallarda yaşamağa səsləyir. “Allahın yaratdıqlarına ən çox yaxşılıq edən adam Tanrı üçün ən əziz adamdır” (Məhəmməd s.a.s.).
İmişli RPK-nın I katibi kimi Z. Rüstəmova o zaman üçün görünməmiş kadr təyinatlarına imza atdı (“ənənəvi hörmət üsulundan” qəti imtina edərək – bu isə o dövr üçün təsəvvürə, xəyala gətiriləsi şey deyildi!) Nə qədər yerli istedadlı, qabiliyyətli, cavan kadrları tanıtdırdı, təkcə rayonda deyil, respublikada. Hamı bir-birinə dəymişdi. “Bu nədi? İmişlidə kommunizm qurulur?”. Yox, xanım I katib ali bir həqiqətə xidmət edirdi: “Yaxşı əməllərdə təkidli olun” (Məhəmməd s.a.s.).
Qısa bir müddətdə Cabbar Quliyevi Kərpic zavoduna direktor, Bəşir Bəşirovu Rabitə şöbəsinə müdir, Gözəl Səfərovanı RİK sədrinin müavini, Cabir Qasımovu Şəhər Sovetinin sədri, məktəbdə dərs deyən İnci müəlliməni RPK-da ümumi şöbənin müdiri, Ənvər Ağayevi RMX-nın Baş həkimi, Rafiq Əliyevi RMŞ-nın müdiri, məni isə RTŞ-nın müdiri vəzifələrinə gətirdi. Rayonda tam yeni bir mühit, yeniruhlu, bacarıqlı, savadlı, hələ qəlbinə və tərcümeyi-halına “ləkə” düşməmiş kadrlar yeni və təmiz bir ab-havaya düşmüşdülər. Hərdən kimsə udqunaraq çaşıb “Sən katibə bir şey… mey…” deyəndə qarşı tərəfin gözü böyüyərdi. “Ayə, nə danışırsan? Baaa! Özünü biabır edərsən. Sus!” – cavabı adamı yerin dibinə soxurdu. Nə qədər gözəl deyilib: şərəf və düzgünlüklə yaşayan adam Allahın ən sevimlisidir. (Məhəmməd s.a.s.).
Birinci katibin işgüzarlığı, yorulmazlığı diqqət çəkirdi, təsərrüfatı, rayonun ictimai-siyasi həyatını, potensialını, perspektivini gözəl bilirdi, uyğun layihələr hazırlatdırırdı. Rayon yağ-pendir zavodunun məhsullarını məktəblərdə, mağazalarda, məhlələrdə, öz evlərinin qapısında çox münasib qiymətə satılan gördülər. Bakıdan alıb gətirdikləri qaymaq (smetan) öz “əl-ayağı” ilə evlərinə gəlmişdi. Evdar qadınların, gəlinlərin, anaların əlləri göydəydi, səbəbkara dua edirdilər.
Rayon ziyalılarına həmişə hörmət və diqqətlə yanaşırdı, onların sözlərini, təkliflərini hörmətlə dinləyirdi, rayon ağsaqqalları ilə tez-tez görüşürdü, heç birini diqqətsiz buraxmırdı. Qadınlar cəsarətlə yanına gedir, ana-bacı kimi dərdlərini deyir və həmişə razı qayıdırdılar. Çünki problemləri həll olunurdu!
Hələ onun səhər saat 5 radələrində süd sağımında fermalarda qəfil peyda olması! Xidməti maşını Qaradonlu istiqamətində dövrə vurmağa yollanırdı, özü isə Cəfərli istiqamətində kolxozları yoxlamağa gedirdi. Məsuliyyət azalmışdı, işlər “yerimirdi”, ölkədəki özbaşınalığın, yarıtmaz Ə.Vəzirov hakimiyyətsizliyinin ucbatından tam bir xaos yaranmışdı. Amma həyat davam edirdi və işləmək lazımıydı. Hamı gözləyirdi ki, məhz onların təsərrüfatında Zəridə xanım qəfil böyürdən çıxa bilər. Ona görə də hamı ayaq üstəydi. Sovet dövrü süd planı adətən kəsirlə başa gəlirdi. Təkcə İmişlidə yox, respublikanın digər rayonlarında da süd planı dolmurdu. Heydər Əliyevdən sonra respublikanın başına gətirilən “birincilər” ölkəni elə bərbad günə qoymuşdular ki, əksər təsərrüfatlar planları yerinə yetirmirdilər. O cümlədən də süd. Süd isə çox şey demək idi: yağ, qaymağ, pendir, kəsmik, elə südün özü…
Birinci katibin nə vaxt yatıb dincəldiyi, istirahət etməyi, ev işlərinə, ailə üzvlərinə necə vaxt ayırmağı sirr-müamma idi, ona görə ki, evinə gecə 12-dən tez getdiyi olmurdu. Bəs bu qədər işin-gücün, qayğının öhdəsindən necə gəlib, hələ bir səhərlər müxtəlif təsərrüfatlara da baş çəkirdi? O “sirr-müamma” bu gün də heyrətlə xatırlanmaqdadır, nümunə göstərilməkdədir. Ona görə ki, “arxa cəbhədə” – ailədə də işlər tam qaydasındaydı. Ana və evin xanımı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi. Bəli, əfsanələr belə yaranır və belə yaşayır.
1990-cı illər burulğanı bir sıra layiqli kadrlar kimi Zəridə xanımın da həyatında mənfi izini qoydu. Onu əsassız olaraq Ə.Vəzirov hakimiyyəti vəzifəsindən uzaqlaşdırdı. 1990-1997-ci illərdə Ali Sovetin Aparatında baş mütəxəssis, 10 il də Təhsil Nazirliyində məsləhətçi işlədi. İstisnasız olaraq hər yerdə sevildi, seçildi – insan kimi, işçi kimi, mütəxəssis kimi. Özündən sonra da hər yerdə izi qaldı – xoş xatirə, şirin təbəssüm, sərin meh kimi.
Bəzən xoşbəxtlik haqqında, xoşbəxt insanlar haqqında uzun müzakirələr gedir, mübahisələr olur. Min cür yanaşmalar, yozmalar, nümunələr gətirilir. Bəlkə də deyənlərin hamısı haqlıdır. Əgər xoşbəxtliyi elə görürsə, nümunə gətirdiyi şəxsi meyar hesab edirsə, deməli, özü də ona oxşamaq istəyir, onu seçir. Bu mənada Sizi seçənlər, Sizi sevənlər minlərdir, Zəridə xanım! Mən də onlardan biri! Bəs başqaları? Özüm özümə səslənirəm: təkcə mənmi? İşlədiyiniz yerlərdən, Sizi tanıyanlardan min-min səda gəlir: “Biz də! Biz də qatılırıq dediklərinə!”.
Bu gün Zəridə xanımın doğum günüdür! Min mübarək! Həmişə sağlam və xoşbəxt olasınız. Nə yaxşı varsınız. Nə qədər insanın ömründə çıraq yandırdınız, qəlbindəki haqq işığını sönməyə qoymadınız. Saf, sadəlövh, ədalət axtaran insanların pasibanı oldunuz, əllərindən tutub ağ günə çıxartdınız, xoşbəxt etdiniz. Kitablarda oxuduğumuz ədalətin təntənəsini Sizin əməllərinizlə-təyinatlarınızla həyatda gördük. Amma hamı deyirdi ki, həyat kitablardakı kimi olmur. Oldu axı!.. Həmin insanların hamısının həyatından, taleyindən, uğurlarından Sizə də bol-bol pay düşür, işıq axır, səadət yağır.
Nə dövlətlisiniz, nə xoşbəxtsiniz, Zəridə xanım!

Səyyad Aran,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

4 ŞƏRH

  1. Ad günü insan həyatında ən əlamətdar günlərdən biridir və bu gün münasibəti ilə məndə Zəridə xanımı təbrik edir ona uzun və sağlam ömür arzulayıram.
    Amma S.Salahov kimi iki çağırış Zərdabdan deputat edilmiş bir adamın bu xanım haqqında yazdıqlarını oxuyanda,S.Salahovun Zərdablıları aldadaraq apardığı 814 baş iribuynuzlu mal-qara yadıma düşdü.Nə isə Səyyad müəllim yenə də öz ampluasındadır.
    Bu yazının Zərdab.com -da verilməsi isə çox müəmmalıdır.Bəlkə İmişli.com daha münasib olardı?!

  2. Uşaq vaxtı qaçıb pəncərəyə dırmanırdım ona baxmağa..Bizim evin yanından piyada işə gedirdi..Hər gün izləyirdim..Makyajsız, kostyumda, saçları gödək..Bu geyim tərzi onda kişi xüsusiyyətlərinin olduğunu göstərirdi..Xaraktercə də belə idi..Onun haqqında çox danışırdılar..Elə indi də..Mənim yaxın qohumlarından onun rəhbərliyi altında işləyənlər vardı..Mən də bu söhbətlərdən təsirlənərək “Böyüyəndə katib xala olacağam!” deyirəmmiş..

  3. Qurban Süleymanov-Şahhüseynli
    Zəridə xanım Rüstəmova deyiləndə gözümün önündə kişi qeyrətli, təvazökar, vətəndaşlarına can yandıran, qayğı göstərən əsil azərbaycan xanımı canlanır. Rayonumuzun 1-ci katibi işlədiyi dövrdə mən məktəbli olsam da, ancaq onun sadə kənd əhalisi arasında olan şəxsi nüfuzu, həddən artıq sadə bir insan olması həmişə mənim xatirimdə qalacaq. Zəridə xanıma olan böyük hörmətimə və bir Zərdablı olaraq onun qarşısında özümü mənəvi borclu hesab etdiyimə görə də qəlbimdən gələn bu xoş xatirələrimi bölüşməyi özümə borc bildim. O, Zərdab əhalisinə çox vicdanla xidmət göstərib. Doğma kəndim Şahhüseynli kənd uşaq bağçası da Zəridə xanımın sakinlərimizə və uşaqlarımıza verdiyi töhfələrdən biridir.
    Çox hörmətli Zəridə xanım! Zərdab insanı yaxşıları heç zaman unutmur. Siz rayonumuzda çalışdığınız müddətdə özünüzə elə böyük bir hörmət qazanmısınız ki, aradan ötən bu neçə illərdə də Sizi insanlar yalnız xoş xatirlərlə anırlar. Bu gün də mən böyüklərimdən və əhatəmdə olan insanlardan Sizin gözəl əməlləriniz haqda, şəxsiyyətiniz və səmimiyyətiniz haqda yalnız xoş sözlər eşidirəm. Var olsun xalqımın Sizin kimi qeyrətli xanımları. Sizə can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
    Dərin hörmətlə, Qurban Süleymanov

  4. her bir insan ilk once oz kecmiwini ve sonrada geleceyini yada salmalidir.menim xalam oglu qurba suleymanov da o insanlardandir ki,bir nece il bundan qabaq zerdab rayonuna ilk katiblik eden hormetli zeride xanimi hem yaxwi insani keyyfiyetlerine gore hemde ela katibliyine gore xatirelerinden cixara bilmir.insana lazim olan gozel xususiyyetleri ozunde cemlewdirdiyin ucun,dovletimiz ucun layiqli jurnalist oldugun ucun sene derin minnetdarligimi bildirirem.seni dunyaya getiren atan suleyman muellime xalam semaye xanima ewq olsun deyirem…

Comments are closed.