Ailədə ən böyük nemət səmimiyyət, xoş sifət, qarşılıqlı ehtiramdır

2
20

ailəBəzən ən səmimi ailələrdə belə, fikir ayrılığı olur. Biri bir söz deyir, o birisi qarşı çıxır. Əvvəlcə müzakirə gedir, sonra böyüyüb mübahisəyə çevrilir, daha sonra inciklik həddinə çatır.

Lap tutaq ki, sən haqlısan, qarşı tərəf öz israrında doğru deyil. Amma neyləyəsən, o da elə düşünür, söylədiyində səmimidir, xeyirli bildiyinin üstündə durub güzəştə getmək istəmir. Belə düşünür, sən də əminsən ki, yanılır.

Mübahisə etdiyiniz məsələ o qədər mühüm deyilsə, niyə güzəşt etməyəsiniz ki? Qoy onun dediyi olsun, hətta lap bir az da zərəriniz çıxsın.

***

Mübahisə etdiyiniz mövzu nə olur olsun, sizin bircə gün küskün qalmağınıza dəyməz. Ona görə də gərək kiçik məsələlərdə israr edib böyük nemətləri uduzmayasan. Ailədə ən böyük nemət səmimiyyət, xoş sifət, qarşılıqlı ehtiramdır. Bunlar aradan qalxandan sonra sənin dediyin olsa nə fərqi var, onun dediyi olsa nə faydası? Ona görə də mübahisə etdiyiniz mövzu sizin mübahisənizə dəyərmi?

***

Səhər qapını çırpıb evdən çıxmışdın. İndi yorğun-arğın o qapıdan içəri keçirsən. O qədər yorğunsan ki, əyilib ayaqqabının bağını açmağa da əziyyət çəkirsən. Əvvəlcə, sol ayağınla sağ ayaqqabını, sonra da sağ ayağınla sol ayaqqabını dartıb çıxarırsan. Keçib kresloda öz yerinə oturur, pultu götürüb kanallar arasında gəzişirsən. İstəyirsən çağırıb çay istəyəsən, amma susursan. Nə vaxta qədər?

***

Sən haqlısan, haqlı olduğunu bilə-bilə də qarşı tərəfə söz keçirə bilmirsən. Nə olar, sən güzəşt elə, onun yalanını təsdiqləmə, hər kəs öz bildiyində qalsın. Amma nə olur olsun, münasibətlər korlanmasın. Bu gün olmasa da, sabah hər şey ortaya çıxacaq. Qarşı tərəf nöqtə-vergülə qədər sənin haqlı olduğunu öyrənəcək və haqlı ola-ola, bu cür fədakar addım atdığına görə açıq söyləməsə belə, ürəyində minnətdar olacaq.

***

Təmənnalı olmaq fəlakətdir. Haqlı olmaq mühüm məsələdir, amma haqlı olduğun halda belə öz haqqını başqalarının gözünə soxmaq da doğru deyil. Allah-Təala hər birimizə iradə verib, hər kəs bu dünyanı öz ağlının işığında görüb anlayır. Demək, hər kəsdən eyni şeyi gözləyə bilməzsən. Doğrudur, sən ömür-gün yoldaşı deyib seçdiyin bu insandan çox şey umursan, amma neyləyəsən, bəzən umduğun, istədiyin olmur.

Ailə insan həyatının tənzimləyicisidir. Adam var, hava qaralanda pəncərədən bayıra baxıb ürəyində “yenə ora gedəcəyəm” deyir, adam da var, işini qurtarar-qurtarmaz evindən başqa heç nəyi düşünmür. Balaca, dar mənzillər var ki, orda könül rahatlığı, xoşbəxtlik var; bu başından baxanda o başı görünməyən saraylar var ki, qəbir kimi dardır, içinə girdiyin andan ürəyin sıxılmağa başlayır.

***

Araşdırmalar göstərir ki, ailə münaqişəsinin təməlində əsasən tərəflərin öz hüququnu bilməməsi gerçəyi dayanır. Doğrudur, ailədə konkret vəzifə bölgüsü yoxdur, amma minillik ailə həyatından gələn çox gözəl normalarımız var. Ailənin ehtiyaclarını qarşılamaq kişinin borcudur. Ailə daxilində hər şeyi yerbəyer eləmək isə qadının vəzifəsidir.

Bəsit bir məsələ üçün bu qədər incikliyə dəyərmi? Əmin ol ki, açıb deməsə də, o səndən də pərişandır. Böyüklük bağışlamağı bacarmaqdır. Bir də ki, ortada bağışlanmayacaq nə var ki? Sən ona bağlısan, o sənə bağlıdır. Ağzınızın dadını qaçırmayın. Haydi, ürəkli ol, barışmaq üçün ilk addımı sən at, görəcəksən ki, o andaca hər şey qaydasına düşdü. Buyur, söz sənindir…

2 ŞƏRH

  1. Бу сайт хем де бир мектебдир – инсан йетищдирир. Еллеринден опурем сизи бойуден валидейнлеин. Москвадан ЗАУР.

  2. Ailədə inciklik ola bilər, amma küskünlük yox..Sevmədiyim bir durumdur..Bu həddə çatdırmaq olmaz..

Comments are closed.