Çörək nə qədər halallıqla, zəhmətlə qazanılırsa, o qədər şirin olur

5
Müəllif: Loğman
Müəllif: Loğman

Uşaqlığı 50-60-cı illərdə keçən insanlar söz düşən kimi o illərin çörəyindən bəh-bəhlə, məmnunluqla danışırlar. O illərin çörəyini belə ləziz edən təkcə unu, suyu, duzu deyildi. Həm də ona olan münasibət idi. O illərin çörəyi nə qədər halallıqla, zəhmətlə qazanılırdısa, o qədər şirin olurdu. O illərin çörəyinin qatqısı yox idi. İnsanlar çörək qazanmağın ancaq halal yolunu bilirdilər, bic yolunu bilmirdilər hələ. Bic yolnan qazanılan çörəyin tənəsi, töhməti ağır olurdu. O illər çörəyin öpülüb göz üstə qoyulan vaxtı idi. O illərin çörəyi and yeri idi…

…Anamın çörək bişirməyi bir özgə hadisə idi. Anam xəmiri o qədər yoğururdu ki, alnında tər puçurlayırdı. Elə bil həkim həyatını xilas etmək istədiyi xəstənin üzərində çalışır. O deyirdi ki, xəmirin gərək damarını tutasan. Xəmiri gərək südü çıxana kimi yoğurasan, yoxsa çörək küt gedər, xeyir-bərəkəti qaçar, ləzzəti olmaz. Hər dəfə də belə edərdi. Bu çörəyin ətri məhəlləni bürüyərdi. Bu çörəyin dadı-tamı başqa idi. Hər dəfə çörək bişənə kimi təndirin başını kəsdirib səbirsizliklə gözləyirdim. Təzə çörəklə evimizə, ruhumuza bir istilik gəlirdi. Elə bilirdik ki, anamın çörəyindən çəkdiyi zəhmətin qoxusu, anamın öz ətri gəlir. Onu həm də qoxulamaqdan həzz alırdım. Məktəbdə, çöldə-bayırda könül xoşluğu ilə dostlarıma, sinif yoldaşlarıma bu çörəkdən verməkdən qürur hissi duyardım.

Anam xörəyi də elə bişirərdi. Elə bilirdin sonuncu dəfədir ki, xörək bişirir, sabah daha bişirməyəcək. Amma sabah da, sonrakı günlər də bişirirdi və hər dəfə də eyni həvəs, eyni məsuliyyət, eyni yaradıcılıqla yanaşırdı xörək bişirməyə. Onun üstündə o qədər əsirdi ki… Bu, xörək bişirməkdən çox, şeir yazmaq, rəsm çəkmək, şərqi söyləmək kimi bir iş idi – yaradıcılıq idi anam üçün. Anam bununla özünü ifadə edirdi. Əslində o, hər işi ilə özünü təsdiqləməyi sevirdi.  Onun üçün işlərin balacası, böyüyü, vacibi, əhəmiyyətsizi yox idi. O hər işi özünə yaraşan şəkildə görməyi sevirdi, bunu özünə borc bilirdi. Anam işi ilə dünyanı necə sevdiyinin şəklini çəkirdi. Kənddə hamı onun çörəyindən, süfrəsindən söz açardı. Süfrə anam üçün süfrədən qat-qat böyük olan bir dünyanın rəmzi idi. Və biz hər gün süfrənın arxasında əyləşəndə elə bilirdik bu, yemək-içmək məclisindən çox, anamın yaradıcılıq mərasimidir. Bu, yalnız yemək məsələsi deyildi. Anama görə ruzi süfrə mərasiminə xidmət göstərirdi. Ruzi süfrəyə uz tutmaq üçün, süfrənin ətrafında birləşmək üçün bir vasitə idi. Süfrə hamımızın ruhən qovuşduğumuz bir məkan idi. Mən böyük dəyərlərin, böyük dərslərin əksəriyyətini süfrə başında anlamışam. “Kim olsa, görüşəndə mütləq ayağa qalxın. Qadınlar birinci əl uzatmasa, nəbadə əl verəsiniz. Köynəyinizin yaxası açıq olar haa birdən…” Bacılarımıza da: “Yağınız daşsa da, qaçmayın. Qıza qaçmaq yaraşmır. Adam arasında gülməyin. Gülsəniz, əliniz ağzınızda olsun…” Bunlar süfrə başında tez-tez eşitdiyimiz öyüdlər idi. Saçlarımızı daramaqdan çəngəl-bıçağı tutmağa qədər, danışmaqdan tutmuş, adam arasında özümüzü aparmağa qədər lazım olan hər şeyi anam bizə elə süfrə başındaca öyrədirdi. Anamın süfrəsində zəhmətin, hallalığın, doğmalığın təntənəsi vardı. Burda insanın daha bir çaları, daha bir sirli qapısı açılırdı. Süfrəyə anamın bənzərsiz sevgisi, ruhu hopmuşdu. Bu, onun şah əsəri idi. Süfrədə əlləri görürdük, üzləri görürdük, gözlərdəki işığı görürdük. Və buna görə də süfrəyə düzülmüş naz-neməti necə gəldi yeyə bilmirdik. Sıxılırdıq, incəlirdik, kövrəlirdik. Hər tikə onun bir sözü, öyüdü idi. Anam öyüdü bizə loğma ilə, tikə-tikə yedizdirirdi. Amma nə qədər dadlı, ləziz olsa da, yedikcə toxluq hissi ilə bərabər, bir məsuliyyət yükü də çiynimizdən basırdı. Hər tikədən sonra dəyişirdik. Hər loğma süfrəyə gəlib çıxana kimi hansı mərhələlərdən keçdiyi gözümüz önünə gəlirdi. Zəhmətin, halallığın nə olduğunu ruhən anlayırdıq.

***

Kənddə elə bir məclis olmazdı ki, anamsız keçsin, ona başda yer göstərməsinlər. Anam belə məclislərdə sevinci də, kədəri də ürəyindən keçirirdi, bağrına basırdı. Yas yerlərində nəyinsə, kiminsə xatirinə deyil, o dərdin ağırlığından ağlayırdı, o itkini özününkü kimi yaşayırdı deyə fəryad qoparırdı, hayqırırdı. Qəm yiyəsinə dərdini unutdururdu. Və həmişə də belə tədbirlərdən sonra bir neçə gün özünə gələ bilmirdi. Anam hər dəfə ömrünün bir parçasını o dərdə verirdi. O dərdin yükünü evimizdə də çəkirdi.

Toylara da özünəməxsus şəkildə yanaşırdı. Elə bil ki, öz balasına toy edirdi. Bundan ötrü əvvəlcədən hazırlıq görürdü. “Şax” bəzətdirirdi. Hədiyyəni, bəxşişi toy sahibindən çox, öz adına layiq seçirdi. Belə yerlərə ən çox sevdiyi, sanballı xələti aparardı. Toy sahibini ağırlayar, əzizləyər, hər işinə çiyin verər, təntiməyə qoymazdı. Ağbirçəkliyi, yolbilənliyi, məsləhəti ilə məclisi urvata mindirərdi. Anam deyirdi ki, hər məclis elin adınadır – onu urvatsız eləmək olmaz.

***

Həyatın heç nəyi anamı nə yalan danışmağa, nə də harama əl atmağa məcbur edə bilmədi. Anam xanım-xatınlığını bütün məqamlarda qoruyub saxlaya bildi. O, bütün ömrü boyu həyatdan yüksəkdə durmağı bacardı. Həyatın onun üçün hazırladığı məhrumiyyətləri xatırlayanda indi də göz yaşlarımı saxlaya bilmirəm. Həyatla anam arasında gözəgörünməz, ədalətsiz bir müharibə gedirdi. Onun imkanları, təsir gücü nə qədər böyük olsa da, anamın da mənəviyyat deyilən keçilməz Çin səddi vardı. Həyat anamı nə qədər döyürdüsə, anam o qədər güclənirdi, qeyrətlənirdi. Həyat anamın məğrurluğu ilə heç cür barışa bilmirdi. Hər addımda insanları endirən, alçaldan, hər yola əl atmağa məcbur edən həyat özü də bilmədən anama el-oba arasında şöhrət, xətir-hörmət qazandırdı. Anamın hər işi örnək oldu. Heç bir təhsili olmayan sadə kənd qadını böyük titulların fəth edə bilmədiyi zirvələrə ucaldı. Mən hələ uşaq yaşlarımda anamın timsalında böyüklüyün, ağbirçəkliyin necə çətinliklə qazanıldığının şahidi oldum.

Anam həyatın onun üçün hazırladığı heç nədən qorxmadı. Atam müharibədə olanda mallarımızı alıb kolxoza veriblər. Atamın öz əlləri, halal zəhməti ilə tikdiyi evimizi kolxoz idarəsi eləyib, anamı və bacı-qardaşlarımı “podval”da yaşamaq məcburiyyətində qoyublar. Anam balalarını pencərlə, gecələr yığdığı başaqla saxlamışdı. Gecələr kövşəndən sünbül qırığı toplamağın nə olduğunu bilirsinizmi? Ağnağazı dəyirmana çiyinlərində daşımışdı. Ona verilmiş iki hektar sahədə toxum cücərmədiyindən başqa yerdən pambıq pöhrəsini gətirib cızlara bir-bir şitil əkdiyindən nələr çəkməmişdi anam… Günahsız olsa da, pambıq çıxmasa, əməkgünü almayacaqdı. İstilərə tab eləməkdən ötrü arxların kənarındakı bulanıq sulardan yığılmış palçığı, lıqqanı ayağına, baldırına yaxdığını bizə danışmışdı… Bunlar sovet hökumətinin “azad qadın”a – anama bəxş etdiyi “xoşbəxtliyin” heç bir faizi də deyildi. Müharibənin gətirdiyi aclıq və səfalətə tab eləmək böyük iradə istəyirdi. Müharibədən sonra da həm övladlarının qayğısına qalmaq, həm məhrumiyyətlərə sinə gərmək, həm kolxoz işinə getmək, həm də el-obanın xeyrinə yaramaq və bundan usanmamaq, bezməmək hər qadının işi deyildi. Anam qismətini hamıdan çox istədiyi xəstə uşağı kimi bağrına basırdı. Nə qədər acı da olsa, o, taleyini balaları qədər sevirdi. Bütün bunları ona görə edə bilirdi ki, dünyadan dördəlli yapışan, dünyadan yalnız qoparmaq istəyən adamlardan deyildi. Dünyaya nəsə vermək, dünyanı, heç olmasa, bir adamlıq gözəlləşdirmək, sevdirmək istəyirdi. Anam ona verilən payı belə özünə sərf etməz, saxlayıb kiməsə bağışlamaqdan həzz alardı. Fədakarlıq onun həyatının özü idi. Anam dünya ilə doğmalığını, halallığını ömrünün axırına kimi qoruyub saxladı.

***

Bizim ilk müəllimimiz də anam oldu. Sonralar da həyatda böyük müəllimlər gördük. Lakin onların dediklərinin çoxunu  anam bizə daha dərindən, daha aydın yollarla öyrətmişdi – çörək bişirə-bişirə, yuxusuz qala-qala, ağlaya-ağlaya… Anamın bayatılarında təkcə bir ailənin deyil, bir elin, bir məmləkətin hüznü vardı. Anam adi, elə-belə ağlamaq bilmirdi. Çünki dərdi dərd kimi yaşayırdı. Bozlayırdı. Elə ağlayırdı ki, səsimizi belə çıxara bilmirdik. Donub qalırdıq. Yeri-göyü kişnədirdi onun ağlartısı. Özü də o, bunu hamımızı yatırandan sonra edirdi. İstəmirdi ki, onun ağlayan, əlacsız, köməksiz halını görək. Anam bu anlarda çox tənha olurdu. Bizi yatırmaq elə bilirdik ki, onun gün ərzində görüləsi axırıncı işi idi. Amma bundan sonra o, dərdinə də vaxt ayırırdı. Dərd onun üçün qarda-çovğunda qapının ağzında qalmış qərib uşağa bənzəyirdi. Ağlamaqla onu ürəyinə çağırırdı anam. Ürəyinin qapılarını taybatay açırdı dərdin üzünə…

Bütün ömrüm boyu bildiyim, tanıdığım adamlar arasında anam həyata qalib gələn yeganə insan oldu…

***

Bu yazı ilk baxışda anamla bağlı xatirə təsiri bağışlaya bilər. Amma səmimiyyətlə deyə bilərəm ki, bu xüsusiyyətlər o illərin analarının böyük əksəriyyətinə şamil edilə bilərdi. Anam, sadəcə, o cəfakeş qadınların ümumiləşmiş surətidir.

…Və o illərin çörəyi ona görə belə dadlı, ətirli, ona görə belə bərəkətli olurdu ki, onu bu cür analar bişirirdilər…

5 ŞƏRH

  1. Bele guzel ve mubarek ANAdan, Logman Mammed kimi, liyakatli evlatlar, danistikca, gecmisin eterli hatirlari ve guzel anenelri Avustralya ya kadar gelir, etrafa yayilir….ellerine saglik…

  2. Elə indi də halal ruzi qazanan birinin evində yediyin çörək çox şirin olur..Bu, bütün dövrlər üçün keçərlidir..Təki halallıq gözlənilsin..İndi də cəfakeş analarımız var..Allah bütün zəhmətkeş analarımıza cansağlığı versin, bizim yolumuzda süpürgə etdiyi saçları cəhənnəm alovu görməsin!

  3. Zehmezle,alin teri tokmeden ,sufre basinda oturub ,Bisimillah demekle helal olan odur ,elbetde menim fikirimce ,men helali bele bildim ,

Comments are closed.