Özünüz özünüzü tərifləməkdən qaçın…

3
62

cəmiyyət - dünya“Özünü dünyalar qədər qiymətli zənn edənlərə qısa bir qeyd; dünya beş qəpiyə belə dəyməz…”    N.F. Kısakürek.

Ağaclar bar verdikcə, başlarını aşağı dikərlər. İnsanlar isə…

İnsanlar isə müxtəlifdir. Elələri var ki, həyatda nailiyyətləri artdıqca, təvazökarlığı da artır. Elələri də var ki, ömrü boyu iki daşı üst-üstə qoymayıblar. Amma özlərini elə aparırlar ki, sanki insanlığın müvazinətini bunlar saxlayırlar. Bunlar olmasa, həyat bitəcək…

Aşağıdakı cümlələrə diqqət yetirin. Bəlkə sizə də tanış gələcək.

– Bizim idarədə bütün işləri mən görürəm. Məndən başqa hamı yatır. Kimin nə problemi olsa, mən onlara kömək edirəm. Amma hamısı mənim paxıllığımı edirlər. Bilmirəm nə edim…

– Bizim şöbədə işləyənlərin hamısına işi mən öyrədirəm. Mən olmasam, aləm dəyər bir-birinə. Amma qədrimi bilən də yoxdur…

– Mən hara, o hara. Mənim üçün, onunla bir yerdə adımın çəkilməsi belə, ayıbdır.

– Mənim titullarım, mənim CV-im… Mən o boyda işlər görmüşəm, o dünənin uşağıdır.

– Bəlkə də, bir az qəribə səslənəcək; amma mən özümdən çox razıyam. Mən elə bir adamam ki, hamı mənə paxıllıq edir. Ətrafımda o qədər pis adamlar, paxıl adamlar var ki…

– Müəllim, xətrinizə dəyməsin. Siz yaxşı adamsınız. Amma oturub, durduğunuz adamlar… (burada üz-göz büzüşür).

– Onlar heç biri mənim qabağımda nəfəs belə, ala bilmirdilər. İndi qudurublar…

Yəqin ki, hər kəs hər gün olmasa da, tez-tez bu cümlələrlə rastlaşır. Televizorda, işdə, çöldə, bayırda, həyatın müxtəlif sferalarında. Bu tip adamlara görə, dünyada iki qrup insan vardır; birincisi “özləri”, ikincisi “digərləri”.

“Özləri” hər şeyi bilirlər, “özləri” hərtərəflidirlər, hər şeyə qabiliyyətləri var, hər kəs hər şeyi onlardan soruşmalıdır. “Digərləri”nin isə o qədər əhəmiyyəti yoxdur. Necə deyərlər, “digərləri” əl-ayaq işləri üçün lazımdır. Olsalar da olar, olmasalar da.

Keçən gün bir məqalə oxuyarkən, bir kəlməyə rastladım: eqosentrizm. Sonra internetdən sözün mənalarına baxdım. Eqosentrizmin qabağında aşağıdakılar yazırdı: Hər şeyi özündən bilmək, şəxsini bütün hadisələrin mərkəzində görmək, bütün məsələlərə öz prizmasından yanaşmaq, hərəkət nöqtəsi olaraq öz düşüncəsini, məntiqini əsas almaq, ölçü olaraq da özünü görməkdir.

Əsasən uşaqlarda görülən eqosentrizm, böyüklərdə ya psixoloji, ya da davranış pozuntusu hesab olunur. Eqosentrizm tarixboyu elmin, inkişafın əsas maneəsi olmuşdur.

Yuxarıda yazılanlar şəxsi fikirlər deyil, eqosentrizmin tərifidir.

Təəssüflər olsun ki, bir patologiya, xəstəlik, öldürücü virus olan eqosentrizm, günümüzün əsas problemlərindəndir. Cəmiyyətin inkişafına qarşı ən böyük təhlükə olan bu xəstəliyin həlli yolu, əslində, çox sadədir. İnancımızın bizdən tələb etdiyi kimi davranmaq; qüsurları ilk növbədə özümüzdən bilmək. Tətbiq edə bilsək, məsələnin həlli bu qədər sadədir, əslində.

Yazını böyük bir mütəfəkkirin mövzu ilə əlaqəli sözləri ilə bitirmək istəyirəm: “Daim “mən, mən” deyib, nağara kimi səs çıxardan, hər yerdə ancaq özündən bəhs edilməsini istəyən, şəxsi dünyagörüşünü və həyat fəlsəfəsini gözə soxan insanın heç kimə bir faydası yoxdur. Belələri bu gün bir işə hay-küylə başlasalar belə, işin sonu mütləq uğursuzluqla nəticələnəcək”.

Anar Qaraxançallı

3 ŞƏRH

  1. Xoşum gəldi bu yazıdan..Əlavə edim ki, eqoizm insanı içindən yeyən bir qurddur.Və gec-tez onun axırına çıxır..Eqoist insanlar heç vaxt xeyirxah olmurlar..Xeyirxahlıq üçün başqasını bir anlıq da olsun düşünmək lazımdır..Özümüzü başqasından üstün tutmağa nə həddimiz var??Allah yanında hamımız bir səviyyədəyik..Hamımız Adəm oğluyuq.

  2. He buna deyerem sohbet ozunu terifleyen makedonlar bizde azerrbaycan doludu.savaddan senetden admliqdan daniwan yoxdu hami ozunu terifleyir qaraci terifleyen kimi.

  3. Hec kim oz ayranina turs demez ancaq mukemmel, tevazokar insan ozunu teriflemez. Ulular demis: ELIN GOZU TEREZIDIR.

Comments are closed.