Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (11)

0

ZƏRDABDA MƏKTƏB OLACAQMI?

Ruscadan tərcümə edən: İSAMƏDDİN ƏHMƏDOV.

Hesen-bey-ZerdabiKürün sahilindəki digər kəndlərdə olduğu kimi Zərdab kəndində də ictimai mülkiyyət olan bərə fəaliyyət göstərir, hər halda beş-on verst məsafəyə səpələnən Zərdabın yalnız bircə bərəsi var və aydındır ki, bu bərə əməlli-başlı gəlir mənbəyidir. Zərdab bərəsi ildə 1000 rubl pul gətirir. Bu gəlirdən bərənin təmir xərclərini və bərəçinin əmək haqqını çıxsaq 700 rubldan artıq təmiz gəlir qalır. Bu rəqəm, gördüyünüz kimi, kiçik rəqəm deyil. Zərdab 3 kənd icmasına bölünəndə bərə ümumi istifadədə qaldı. Hər yerdə olduğu kimi bizdə də qolçomaqlar çoxdur və onlar pul qazanmaqda zirəkdirlər. Bu şəxslər bizim bərəmizi də yaddan çıxarmamışlar və indi bərə onların icarəsindədir. Qolçomaqlar bərəni Zərdab icmasından 240 rubla götürürlər və bu məbləğ hər üç icma arasında bərabər bölünür. Hər icmadan 4 nəfər olmaqla icarəçilərin sayı 12 nəfərdir. Burası da var ki, icarə müddəti 3 illikdir, bu sərfəli gəlir mənbəyi bir şəxsdən digərinin əlinə keçir, onlar isə–istər bərə icarəçiləri, istərsə də bərəni icarəyə götürməyə namizədlər hamısı cəmiyyətin qansoran parazitləridir. İcarəçi olmaq son dərəcə sərfəlidir, özü də təkcə bərənin gəlirinə görə yox, həm də əsas ona görə ki, icarəçilər bununla verginin ağırlığından özlərini yayındırır və heç vaxt maddi ziyan çəkmirlər: bizlər–cəmiyyət nümayəndələri isə gəlib-gedən məmurları qarşılayır və yola salırıq, icmanın işi üçün baş idarəyə gedirik, onların qarşısında vəsatət qaldırır, ərizələr veririk. Lakin doğrudan da bütün bu gediş-gəlişlər və vəsadətlər son nəticədə icarəçilərə xeyir verir.

Hələ ki, icarəçiləri bir kənara qoyaq və başqa bir məsələdən danışaq. Məlumdur ki, bizim yerli əhali arasında avamlıq və cəhalət lap son həddə çatıb və bu avamlığın sayəsində hər yerdə qanunsuzluq və özbaşınalıq hökmrandır: bizim məhkəmələrimiz içilən andın müqəddəsliyi barədə təsəvvürü olmayan yalançı şahid ifadələri ilə doludur; divanxanalar qətl, qarət, yandırılma barədə işlərlə doludur; barışıq məhkəmələri idarələri bu yerlərdən çox-çox uzaqda yerləşsə də bilmirlər ki, bu qədər işləri necə həll etsinlər, bir çox işlər var ki, bu səbəbdən bir neçə ildir ki, hələ də uzanır; rəhbərlik cinayətlərin qarşısını almaq gücündə deyil və dövlət məmurlarının fəaliyyətinin belə iflic olmasının nəticəsidir ki, yamanlıq getdikcə daha da artır. Digər tərəfdən, hamı bilir ki, cəhalətdən, avamlıqdan yeganə xilas yolu məktəbdir. Bəs, bizdə məktəb tezlikləmi açılacaq? Mən hələ bütün kəndləri demirəm, heç olmazsa əhalisi çox olan kəndlərdə məktəb tezliklə açılacaqmı? Təəssüf ki, bu suala yox cavabı vermək lazım gəlir, çünki hökumət hətta əhalinin çox yaşadığı bütün kəndlərdə belə məktəb açmaq gücündə deyil,  kənd icmaları isə məktəbin gətirə biləcəyi faydanı anlamadıqlarına və məktəbi pis şeylər mənbəyi hesab etdiklərinə görə ondan qaçırlar və məktəblərin saxlanmasına bir qəpik də xərcləmək istəmirlər. Belə vəziyyətdə Zaqafqaziyanın müsəlman əyalətlərinin xalq məktəbləri direktorluğu, müsəlmanlar demişkən, məcburdur ki, iynə ilə gor qazsın. Direktorluq bu sahədə yaxşı işlər görmək istəsə də fəaliyyətsiz qalmağa məcburdur, halbuki onların işi ucqarlar üçün daha gərəklidir və onlar ucqarlarda xalq maarifinin xeyri üçün nəsə bir iş görməyə çox həvəslidirlər. Bakı quberniyasının xalq təhsili direktorluğu da əhalinin laqeydliyi və hətta məktəbə düşmən münasibəti şəraitində aciz və köməksizdir. Lakin xoşbəxtlikdən direktorluğun nümayəndələri ruhdan düşmürlər və bu sahədə hər hansı əlverişli məqamı gözdən qaçırmırlar. Bir az qabaq həmin dediyim direktorluğun rəisi Zərdab bərəsi barədə məlumat alandan sonra cənab quberniya rəisinə Zərdab kəndində məktəb açılmasına kömək göstərməsi xahişi ilə müraciət etmişdir, göstərmişdir ki, Zərdab bərəsinin gəliri məktəbin saxlanmasına kifayət edər. Cənab quberniya rəisi bu son dərəcə faydalı və xeyirxah işi həvəslə qarşılayaraq bizim qəzanın rəisinə tapşırmışdır ki, Zərdab icmasını bərədən gələn gəlirlərin məktəb işi üçün sərf edilməsinə razı salsın, lakin çox heyif! Bu məsələyə sərf olunan bütün səylər puç oldu. Qəza rəisi nə qədər ciddi-cəhdlə çalışsa da Zərdab icmasının arzu edilən razılığını ala bilmədi. Bizim qolçomaq və mülkədarlar camaat arasında böyük və sarsılmaz nüfuza malikdirlər; heç bir rəhbərlik mülkədarlar dura-dura bu adamlarla nəsə bir iş görməyə qadir deyil. Öz bəylərindən asılılığa öyrəşən xalq əslində kağız üzərində azadlıq almışdır, əslində öz mülkədarlarından tam asılı vəziyyətə düşmüşdür və mülkədarlar onlarla sərt və amansız rəftar edirlər.

Lakin doğrudanmı bu yaxşı başlanğıc mülkədarların onu başa düşmədiyinə və öz ciblərini güddüyünə görə məhv olmalıdır? İşin başlanğıcına, hiss etdiyimiz maarifçilik enerjisinə əsasən düşünmürük ki, rəhbərlik məktəb ideyasından əl çəkmişdir və onun açılmasının mümkünsüzlüyü ilə razılaşmışdır. Həm də mümkünsüzlük yalnız ilk baxışda belə görünür. Digər tərəfdən, yəqin düşünmək olar ki, Zərdab icmasının razılığı olmadan Zərdabda məktəb açmaq barədə fikirləşməyə də dəyməz, lakin məsələni diqqətlə araşdıranda bir qədər başqa mənzərə görürsən. Mənə elə gəlir ki, bu razılıqsız iş görməkdən asan heç nə yoxdur, bunun üçün lazımdır ki, bərə Zərdab icmasından alınsın və o ayrıca töycü verən obyektə çevrilsin, əldə edilən gəlir də məktəbin xeyrinə xərclənsin. Bu işi görərkən bərənin üçdən birinə sahib olan bəy kəndlilərin hüququnun pozulmasına görə xəcalət çəkmək lazım deyil, çünki bütün bəylər məktəbin vacibliyini anlayır və bərədən əldə olunan gəlir paylarını məktəb üçün məmnuniyyətlə verməyə hazırdırlar. Yeri gəlmişkən, bu işi daha sadə şəkildə görmək olar: indiki Zərdab bərəsini mülkədarların yem yeri kimi saxlayıb o bərə ilə yanaşı başqa bir yeni bərə düzəltmək, məktəb açaraq bu məktəbə yeni bərənin gəlirləri ilə dolanmaq hüququ vermək daha yaxşı olar. Bir neçə üstün cəhətinə görə bu yeni bərə daha yaxşı işləyəcək və ictimai bərə gec-tez öz-özünə fəaliyyətini dayandıracaq.

Mənə irad tuta bilərlər ki, bu dediyim üsullar zorakılığa bənzəyir və əgər cəmiyyət məktəbin əleyhinə çıxırsa daha məktəb barədə düşünməyə də dəyməz. Bu ədalətsizlikdir. Belə bilirəm ki, heç bir ağıllı ana uşağını çimizdirəndə onun qışqırıb ağlamasına əhəmiyyət verməz. Uşaq ağlayır və tərslik edir, çünki çimməyin faydasını anlamır, lakin bu o demək deyil ki, onu çirk içində saxlamaq lazımdır, onu zorla çimizdirmək lazım deyil. Bizim yerli camaat həmin o uşaq kimidir, belə düşünmək sadəlövhlük olardı ki, o özü təhsilin faydasını anlayacaq.

HƏSƏN BƏY,

«KASPİ» QƏZETİ, №42, 13 APREL 1883-CÜ İL.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 + 3 =