Kimi gülü görür, kimi də onun tikanını

2
25

gülBir hökmdar bir gün valilərinin ağlını və zəkasını ölçmək istədi. Əvvəlcə hökmdar zalımlığı və xəsisliyi ilə seçilən və xalqının nifrətini qazanan bir valisini hüzuruna çağırdı. Sonra da ona bu əmri verdi:
– Sənə bütün ölkəni gəzməyi və həqiqətən də yaxşı bir insan tapmağı əmr edirəm…
Vali:
– Baş üstə, hökmdarım!.. – deyərək hökmdarın hüzurundan çıxdı və onun dediyi yaxşı insanı axtarmağa başladı. Çox yeri gəzdi, çox insanla danışdı və nəhayət neçə vaxtdan sonra hökmdarın hüzuruna çıxaraq bunları dedi:
– Hökmdarım, əmr etdiyiniz kimi bütün ölkəni qarış-qarış gəzdim və sizin dediyiniz yaxşı insanı axtardım. Ancaq nə yazıq ki, belə bir insan yoxdur. Kimisi ancaq özünü düşünür, kimisi də ancaq malını. Heç bir yerdə həqiqətən də yaxşı bir insana rast gəlmək mümkün deyil…
Hökmdar aldığı bu cavabdan məyus oldu və əvvəlcədən qərara aldığı kimi onu valilik vəzifəsindən azad etdi…
Daha sonra hökmdar səxavəti və xeyirxahlığı ilə seçilən və xalqının sevgisini qazanan bir valisini hüzuruna çağırdı. Sonra da valiyə bu əmri verdi:
– Sənə bütün ölkəni gəzməyi və həqiqətən də pis bir insan tapmağı əmr edirəm…
O da:
– Baş üstə, hökmdarım!.. – deyərək hökmdarın hüzurundan çıxdı və onun dediyi pis insanı axtarmağa başladı. Çox yeri gəzdi, çox insanla danışdı və nəhayət neçə vaxtdan sonra hökmdarın hüzuruna çıxaraq bunları dedi:
– Hökmdarım, əmr etdiyiniz kimi bütün ölkəni qarış-qarış gəzdim və sizin dediyiniz pis insanı axtardım. Ancaq nə yazıq ki, belə bir insan yoxdur. Kimisi aldanmışdır, kimisi də bilmədən hərəkət edir. Ancaq heç bir yerdə həqiqətən də pis bir insana rast gəlmək mümkün deyil…
Hökmdar aldığı bu cavabdan razı qaldı və əvvəlcədən qərara aldığı kimi onu baş vəzir vəzifəsinə təyin etdi…

P.S. Adam var gülü görür, adam da var onun tikanını. Bizim məsələlərə yanaşmağımızdan da çox şey asılıdır…

2 ŞƏRH

  1. Görmək təkcə göz ilə deyil, bəzən gözlər sahibini aldadır…
    Hz. Əli (ə.s)..Gözlə hər şeyi görə bilsəydik, bizə zəka lazım olmazdı..

Comments are closed.