Alın tərinin qiyməti

1
23

qızılBir vaxtlar bir gənc hamı kimi evlənmək istəyirdi. Bu məqsədini ailəsinə açanda atası ona belə dedi: – Əlbəttə oğlum, əlbəttə evlənə bilərsən. Ancaq bunun üçün əvvəlcə mənə öz alın tərinlə qazandığın bir qızıl gətirməlisən…

Gənc atasının bu sözlərinə gülümsədi. Çünki atasının tələb etdiyi şey o qədər də çətin bir şey deyildi. Ertəsi gün bir qızılı götürüb qürurla atasına apardı. Atası heç bir şey demədən bu bir qızılı evlərinin yanından axan çaya atdı. Gənc qızılın arxasınca bir qədər təəccüblə baxdı və sonra da atasından:

– Hə ata, indi evlənə bilərəm?.. – deyə soruşdu.

Atası başını buladı və:

– Yox, oğlum evlənə bilməzsən. Çünki sən bu qızılı öz alın tərinlə qazanmamısan, – deyə cavab verdi…

Gənc atasının bu “həqiqəti” necə “kəşf etdiyinə” heyran qalmışdı. Çünki o, doğrudan da bu pulu bir dostundan borc almışdı. Ertəsi gün gənc anasından bir qızıl borc alıb atasına apardı.

Atası yenə də qızılı keçən dəfə olduğu kimi çaya atdı. Bu dəfə gəncin təəccübü ikiqat artdı, ancaq özünü o yerə qoymayıb:

– Hə ata, indi necə, evlənə bilərəm?.. – deyə soruşdu.

Atası yenə də başını buladı və:

– Yox, oğlum evlənə bilməzsən. Çünki sən bu qızılı da öz alın tərinlə qazanmamısan, – deyə cavab verdi…

Gənc, atasının yanından ayrılandan sonra uzun-uzadı düşündü. Çünkü əgər yenə başqasından borc alıb atasına aparsa idi, atası yenə o qızılı çaya atacaqdı. Və bu gedişlə də heç vaxt evlənə bilməyəcəkdi. Buna görə də, gənc bir iş tapıb işləməyi və atasının istədiyi qızılı öz alın təri ilə qazanmağı qərara aldı…

Günlər keçdi və nəhayət gənc bir gün qazandığı bir qızılı atasına apardı. Atası əvvəl olduğu kimi bu qızılı da çaya atmağa hazılaşırdı ki, gənc atasının qolundan tutdu və yalvarmağa başladı:

– Yox, ata! Sən o qızılı çaya ata bilməzsən! Çünki mən o qızılı qazanmaq üçün günlərlə zəhmət çəkmişəm. Çünki mən o qızılı qazanmaq üçün günlərlə yuxusuz qalmışam…

Atası üzündə təbəssüm əlini oğlunun çiyninə qoydu və:

– Hə, oğlum indi evlənə bilərsən, – dedi, – Çünki bu qızılı doğrudan da öz alın tərinlə qazanmısan. Və artıq alın tərinin əsl qiymətini bilirsən…

1 comment

  1. İbrətamiz hekayədir, xüsusilə də gənclərimiz üçün!!!Bəzi şimal rayonlarımızda bu adəti qoruyub saxlayıblar..Oğlan pul qazanıb qızıl üzük alanda onunçün elçi gedirlər..Bu o deməkdir ki, ailəni saxlaya bilmək imkanı var artıq..

Comments are closed.