Sevgi dediyin də budur, qayğı dediyin də, ailə dediyin də…

0
34

ZərdabKim istəməz ki, evə gəlişi toy-bayram olmasın; kim istəməz ki, sözü eşidilsin, hörməti saxlanılsın; kim istəməz ki, ağrıyanda başına pərvanə kimi dolansınlar; kim istəməz ki, dörd tərəfdən sevgi ilə, qayğı ilə əhatə olunsun… Əlbəttə, hər kəs istəyər. Əslində, bu istədiklərimiz elə bir ailə səadətidir, sevgi atmosferidir.

Ancaq bu səadəti qazanmaq üçün ən yaxın ətrafına, ən yaxın çevrənə lazım olan səmimiyyəti, lazım olan fədakarlığı göstərməyi də bacarmalısan. Sevgi uman, fədakarlıq gözləyən gərək öz ətrafını bunlara layiq olduğuna inandırsın. Sən başqalarından umduğun kimi, başqaları da səndən umur. Eyni münasibət ailə daxilindəki münasibətlər üçün də etibarlıdır. Ən yaxın adamlar arasında belə umu-küsünün, təmənnanın olmadığını iddia etmək qeyri-səmimi səslənir. Evdə sakitlikdir, nə yola saldığı iş günündən danışan var, nə də başqalarından bir şey soruşan. Hər kəs öz fikirləri ilə, öz problemləri ilə məşğuldur. Elə bil, hər kəs öz hisslərini, fikir və düşüncələrini iş yerində, küçədə, həyətdə qoyub evə gəlib. Ailə fərdlərin bir-birini darıxdırdığı yer deyil, fərdlərin bir-biri üçün darıxdığı yerdir. Ailədə beş nəfərsiniz, ancaq nə süfrə ətrafında, nə televizor qarşısında oturanda hal-əhval tutursunuz. Elə bil tamam başqa, yad adamlarsınız. Heç kim heç kimin dərdsəri ilə maraqlanmır, heç kim heç kimdən köməyə ehtiyacı olub-olmadığını soruşmur. Əlbəttə, bu şəraitdə hansısa səmimiyyətdən, qayğıdan, fədakarlıqdan danışmaq yersizdir. Ailə dediyin – sevgi, fədakarlıq yuvası olmalıdır, burada hər şey sevgi, fədakarlıq müstəvisində öz həllini tapmalıdır. Ailə iş yeri deyil ki, hər kəs öz vəzifəsini, borcunu yerinə yetirib kənara çəkilsin. Ailə – hər şeyin göründüyündən daha çox məna daşıdığı ünvandır və bu ünvanda hər şeyi bərəkətləndirən, gözəlləşdirən fərdlərin qarşılıqlı sevgisi, fədakarlığıdır. Fədakarlıq təkcə əlində-ovcunda olanı bölüşmək deyil, həm də ürəyindəkiləri bölüşməkdir. Ailə üzvlərini stresdən qorumaqdır, qayğıdan qurtarmaqdır. Əgər evdəkilərin ovqatının xoş olmasını istəyirsinizsə, bütün ağrı-acılarınızı mənzilin astanasında paltar kimi soyunub, ən xoş, ən qayğısız “görüntünüzlə” içəri girməlisiniz. Adam var, evin yükünü işə daşıyır, adam var işin yükünü evə. Onsuz da son dövrlər daha çox əsəb gərginliyinin, stresin, həyəcanın yüksəkliyi ilə xarakterizə olunur. Statistikaya baxsanız, son illərdə insanların ən çox stresdən törəyən problemlərdən əziyyət çəkdiyinin şahidi olarsınız. Ona görə də, ailə fərdlərini bu bəladan qorumaq fədakarlıqdır. Soyuducunun altı çürüyüb, yenisini almağa imkan yoxdur. Stolun ayağı sınıb, yenisini qoymağa imkan yoxdur. Divarın boyası çıxıb, yenisini vurmağa imkan yoxdur…

Əgər qadın qalmaqala meyillidirsə və ömür-gün yoldaşının imkanlarını nəzərə almırsa, deməli, onun üçün çox gözəl bir stres mənbəyi var. Səhər-axşam tənəli sözlər danışacaq, səhər-axşam tikanlı sözlər deyəcək. Kişi də eşitdiklərini həzm edə bilməsə, ya məcbur olub kimdənsə borc istəyəcək, ya da məcbur olub o tənələrə, o tikanlara dözəcək. Əgər ailədə mühüm bir ehtiyac, mühüm bir problem varsa, hər şeyi qarşılıqlı anlaşma yolu ilə həll etmək əsas şərtdir. Qayğıları bölüşmək, problemləri paylaşmaq, ilk növbədə, şəffaflığı labüdləşdirir. Əgər kişinin öz büdcəsi, qadının da öz hesabı varsa və tərəflər bir-birilərinin imkanlarından xəbərsizdirlərsə, orada narazılığın, söz-söhbətin olması labüddür. Ancaq hər şey bir yerdə olanda, hər şey bir yerdə hesablananda bu cür narazılığa, bu cür söz-söhbətə də yer qalmır. Birlikdə qərar verilir və hər kəs də bu qərarın məsuliyyətinə ortaq olur, heç kim heç kimi ittiham edə bilmir. Səhər və axşam ailənin süfrə başında yığışması əslində yeməkdən çox sevginin, səmimiyyətin nümayiş etdirilməsi, ailə üzvlərinin bir-birinin qayğısına qalması üçün misilsiz fürsətdir. Xüsusilə də, axşam yeməyi…

Evdə dəyişməyən qanun var. Hər kəs süfrə başına əyləşdikdən sonra yemək çəkilməyə başlayır. Evin böyüyünün “Bismillah” deyib əlini süfrəyə uzatmasıyla “Başla” komandası verilmiş olur. Bu da bir nizamın, bu da bir tərbiyənin görüntüsü… Ancaq yemək prosesində bəzi xoş jestlərə də fürsət tapılır. Bir də görürsən ki, ana bir qabda iri, ətli bir tikə gətirib böyük oğlunun qabına qoyur. Əslində elə atanın da istədiyi budur, ancaq nazlanmağı da unutmur: “Çömçə mənim anamın əlində olsaydı, onda bu tikə mənim qabımda olardı”. Böyük oğul da ananın bu “jesti” qarşısında ona öz sevgisini bir öpüşlə ifadə edir. Bu kiçik epizodda hər şey sevgi, səmimiyyət ətri verir, heç kim heç kimi qısqanmır. Arada bir ana fürsət tapıb ailə başçısının da qabına kiçik bir “sürpriz” əlavə edir. İndi də uşaqların sataşması üçün fürsət ələ düşüb: “Yenə ürəyi dözmədi…”

Evin kiçik qızı xəstələnib. Hər kəsin fikri, diqqəti onun yanındadır. Alnını ovan kim, yemək gətirən kim, dərmana qaçan kim… Zahirən bəla kimi görünən bu xəstəlik əslində ailəyə sevgi atmosferi gətirir. Hər kəs əlindən gələni etməyə çalışır.

Sevgi dediyin də budur, qayğı dediyin də, ailə dediyin də… Ailədə xoşbəxtlik, səmimiyyət o vaxt hakim olur ki, hər kəs bir-birini düşünür, hər kəs bir-birinin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün hər cür fədakarlığa hazır olur.

Söz var: “Sevinc bölüşdükcə çoxalır, kədər bölüşdükcə azalır”. İnsan biləndə ki, onun kədərini bölüşməyə hazır olan doğmaları var, bu hiss, bu düşüncə ona yeni bir güc mənbəyi, dözüm qaynağı olur. Ata illərdən bəri, qışı eyni paltoda qarşılayıb yola salır, hər yaz gələndə də o paltodan bir daha görüşməyəcəkmiş kimi ayrılır. Ancaq yay ötüb, payız qurtarıb, qış başlayanda yenə gözlər o nimdaş paltoya dikilir. Ancaq ata bircə dəfə də dilinə gətirmir ki, gərək özümə palto alım. Çünki uşaqlarının daha gözəl geyinməsini istəyir. İstəmir ki, onun uşaqları başqalarından əskik görünsünlər. Qəhrəmanlıq təkcə sərhəd basmaq, ordu dağıtmaq deyil ki, bu da bir qəhrəmanlıqdır.

Ailəsinin, uşaqlarının rahatlığını düşünmək və bunun müqabilində çox şeyindən imtina etmək böyüklükdür, fədakarlıqdır.

Böyüklük hər şeydən yuxarı durmaq deyil, sevdikləri üçün öz haqqından imtina etməkdir. Biz ailəni belə görmüşük, belə tanımışıq. Sevgi atmosferinin hakim olduğu ailələrdə kasıblıq belə o qədər də hiss olunumur. Ailə – bizim nəzərimizdə bir də geyməyib geydirmək, yeməyib yedirmək fədakarlığıdır. Ailənizə də, könlünüzə də sevgi atmosferi, fədakarlıq atmosferi hakim olsun! Bölüşün ki, eviniz də, qəlbiniz də bərəkət tapsın!..