Varlılarımız ən çox nəyi unudurlar?

0
28
Körpükənd

İnsan yaxşılıq edəndə, bir imkansıza, kasıba əl tutanda özünü inanılmaz dərəcədə rahat hiss edir.

Varlanmaq kimisi üçün əlçatmaz görünsə də, başqası üçün artıq reallıqdır. Şübhəsiz, söhbət maddi vardan gedir. Hər kəs bir yolla varlanır: kimisi çalışdığı vəzifədən istifadə edir, kimisi biznes yolu ilə, kimisi də biznes sektoruna yaxın digər sahələrdə iş qurmaqla. Bu yazımızda necə varlanmağın yollarından yox, varlanan insanların bir çoxunun diqqətindən yayınan məqamlardan bəhs edəcəyik.

Əslində canı sağ olan hər bir insan varlı sayılır. El arasında bir söz var; bir qədər kobud səslənsə də, yerinə düşər: “neynirəm o qızıl teşti ki, içinə qan qusam”.

İnsanın canı, bir yeri ağrıyanda hər şey gözündə 1 qəpiklik olur. Özü də çox maraqlıdır ki, barmağımız ağrıyanda “insanın canı sən demə, buradadır”, başqa bir yerimiz ağrıyanda isə “yox, buradadır” deyirik. Əslində, haran ağrıyırsa ağrısın, ora sənin canının bir parçasıdır və ağrı uzun müddət davam edərsə, kəsməzsə, bəlkə, bütün sərvətini də verərsən ki, dayansın, rahatlıq tapasan…

Ağsaqqalların gözəl bir sözü var: varlı, dövlətli olmaq da Allahın bir lütfüdür. Həqiqətən, çox gözəl fikirdir.

Bəxtəvər o insanın halına ki, o lütfdən, o imkandan təkcə maddi ləzzət mənasında deyil, həm də mənəvi yöndən faydalanır.

Adam var var-dövlətinin zəkatını verir, əlində imkanı olduqca kasıbların əlindən tutur, yaxşılıq eləyir və sairə; amma adam da var nəinki bunları etmir, bəlkə, heç ağlına da gətirmir.

Yaxın bir qohumumun bu günlərdə mənə danışdığı bir hadisəni heç unuda bilmirəm (Bəlkə bu yazını yazmaq ideyası da bu hadisənin təsirindən yaranıb-N.İ.). Dediyinə görə, bu hadisə Mingəçevir şəhərində baş verib. Varlı bir ailədən olan qız imkanlı bir ailənin oğlu ilə ailə qurur və bir müddətdən sonra gözəl-göyçək övladı olur. Həmin qız nə vaxt öz ata evinə gələrmişsə anası öz nəvəsini də götürüb həyətə gəzməyə çıxararmış. Onun nəvəsini görən qonşular uşağın gözəlliyi haqqında xoş söz söyləyər və üzündən öpmək üçün yaxınlaşmaq istəyərlərmiş. Amma həmin qadın (varlı olduğu üçün!) özünü “ağır aparar” və qonşularına imkan verməzmiş. Bir müddətdən sonra həmin qadının qızı ikinci hamiləlikdən doğum üçün xəstəxanaya gedəndə qan itirmədən dünyasını dəyişir. Qohumumun dediyinə görə, bu hadisədən şok yaşayan nənə bu dəfə ana nəvazişinə möhtac nəvəsinə nəvaziş göstərsinlər deyə özü qonşulara yaxınlaşırmış…

“Kələklə gələn küləklə gedər”

Deyirlər, insan varlandıqca daha da varlanmaq istəyir. Hər halda tarixin süzgəcindən keçmiş bu fikir hər zaman aktuallığını qoruyur. Bir oxucumuz yazır ki, normal gəlir yeri olan və hər on ailənin ən azı 6-7-dən yaxşı dolanan yaxın qohumu daha da varlanmaq istəyib və indi… yarım milyon manatdan artıq borcu var. Onun dediyinə görə, borc sahibləri hələ ki gözləmə mövqeyindədirlər, amma onlar israrla verdikləri pulları tələb etsələr, borclu şəxsin yaşadığı evi belə itirib, kirayədə yaşamaq ehtimalı var.

Dediyinə görə, varlanmaq istəyində olan qohumu evində olan 100 min manatı yaxın bir tanışına 20 günlük borc verib. Bizneslə məşğul olan tanışı ona 20 günün müqabilində 110 min pul qaytarmalı imiş. Qaytarıb da. Bu hal bir neçə dəfə təkrar olunub və bundan şirniklənən qohum borca girməyə başlayıb. 10 min birindən, 50 min birindən 100 min birindən borc alıb və tanışına, belə desək, sələmə verib. Bu vəziyyət təxminən bir il davam edib və bu müddətdə tanışı qohumunu əməlli-başlı razı salıb.

Sələmdən aldığı faizlərin hesabına topladığı pulları, həmçinin borc aldığı yarım milyon manatı yenidən 1 aylığına tanışına borca verir və elə hər şey də bundan sonra olur. Belə ki, tanışının tanışı pulu “batırır”. Necə deyərlər, it də gedir, ip də. İndi həmin şəxs düşüb əl-haya.

Halbuki özündə olan pulları halal yolla artırmaq istəsəydi, yaxşı işlər görsəydi daha gözəl olmazdımı? Kim bilir, imkansızın biri ona borca gəlsəydi, bəlkə də, əli gəlib verməzdi. Amma getdi pullar…

Çoxlu pul insanı depressiyaya sala bilir

İnsan yaxşılıq edəndə, bir imkansıza, kasıba əl tutanda özünü inanılmaz dərəcədə rahat hiss edir. Heyif, hər kəs bunu başa düşmür və ya düşmək istəmir.

Məsələn, deyilənə görə, hazırda Bakıda elə imkanlı ailələrin övladları var ki, hər ay eyş-işrətə, əyləncəyə külli miqdarda pul xərcləyirlər. Pulu nəyə xərcləyəcəklərini bilməyən bu insanlar bəzən hər şeyin artıqlaması ilə olmasından bezib, depressiyaya da düşürlər…

Əslində isə deyək ki, 2-3 imkansız ailəni və ya ağır xəstəni öz himayələrinə götürsələr, onların himayəsində dursalar, həm savab qazanarlar, həm də özlərini mənən çox rahat hiss edərlər. Varlı ailələrdən olan bəzi gənclər var ki, bəzən evlərinə getmək istəmirlər. Çünki evləri onlara yorucu, cansıxıcı gəlir. Ona görə də əylənmək, istirahət etmək, bəlkə, rahatlıq tapmaq üçün evdən çıxıb pullarını sağa-sola xərcləyirlər. Halbuki yaxşılıq etməklə, yaxşı insan olmaqla o ailədə necə də gözəl bir atmosfer formalaşdırmaq olar…

“Utanıram gedib dərman istəməyə”

Yazımızı son günlər mətbuatın gündəmindən düşməyən Qarabağ müharibəsi əlili – əllərini və ayaqlarını itirmiş Elnur Əfəndiyevdən bəhs etməklə yekunlaşdırmaq istəyirik. Onun müalicə üçün dilənməsi barədə mətbuatda müxtəlif məlumatlar dərc olunur. Bu barədə qəzetimizdə geniş yazı təxminən bir il öncə dərc edilmişdi. Elnur Əfəndiyev bildirir ki, ona təskinlik verənlər çox olsa da, problemləri həll olunmur: “Həmişəki kimi, Bakıda, restoran qarşısında müalicəm üçün dərmanpulu yığıram. Ağsunun Kalva kəndində qeydiyyatdayam. Dəfələrlə Ağsuda dövlət qurumlarına müraciət etmişəm. Hər gün paytaxtda Elmi Cərrahiyyə Mərkəzinə gedirəm. Elə olur ki, əl-ayağımın tikişləri açılır. Sümük və ilik ağrılarını kəsmək üçün hər gün gedib iynə vurdururam. Bu iynəni evdə vurmağa vermirlər, apteklərdə də satılmır. Buna görə də Bakıda yaşamağa məcburam, bunu rayonda edə bilmirəm. Ətrafımda olan beş aptekə 500 manatdan yuxarı borcum var. Utanıram gedib dərman istəməyə”.

Bəlkə də Elnurun üzləşdiyi bu vəziyyət bir çoxları üçün qəribə görünür, düşünürlər ki, ilin-günün bu vaxtında belə bir hadisə olarmı? Əlbəttə olar, inanmırsınızsa, Bakıda “Neon” restoranının yaxınlığına yollanıb, onu dilənən yerdə öz gözünüzlə görə bilərsiniz.

Bəli, var-dövləti verənə elə o var-dövlət hesabına şükür etmək olar. Yaxşılıq etməklə, kimsəsizlərə əl tutmaqla, xeyirxah işlər görməklə…

Bununla nə o var-dövlət azalan deyil, nə də siz ziyana düşən deyilsiniz. Əksinə, özünüzün maddi zənginliyinizi mənəvi zənginliyinizə sərmayə kimi yatırmış olacaqsınız. İnanın, sizə qalan ikinci zənginliyiniz olacaq…

Nicat İntiqam