“Müəllimə, Mahirin anası yoxdur” – həmyerlimiz Sevil Gültən yazır…

7

Salam, Nicat! Doğrusu, adam saytın təzə formasına öyrəşə bilmir. Əslində bu forma daha təkmildir. Amma başqa saytlara oxşayır. O biri forma daha ürəyimcə idi. Oxucularımıza növbəti yazımı təqdim edirəm…

                                                                                                    Dərs

 

Sevil_Gültən
Sevil Gültən

   19 ilə yaxın müddətdə kənd məktəblərində müəllim işləmişəm. Neçə sinfə girmişəm, neçə şagirdlərə dərs demişəm. Onların arasında intizamlı şagird də olub, nadinc də. Amma yaddaşımda özünə həmişəlik yer alan çox az şagird olub.  Onlar hər hansı bir hadisəylə bağlı əbədilik yaddaşıma hopublar.

Belə şagirdlərdən biri Mahir adlı bir şagirddir.  1985 ya da 1986 -cı il idi. Qonşu kənd məktəbində işləyirdim. Mahir 6 –cı sinifdə oxuyurdu. Sinfin ən intizamsız, ən tənbəl, ən səliqəsiz geyinən bir şagirdi idi. Çox vaxt dərsə gəlmirdi, gələndə də ya kitabını gətirmirdi, ya tapşırıq dəftərini. Demək olar ki, hər dərsdə onu  danlayırdım. Amma faydası olmurdu.

Növbəti dərslərin birində yeni sözləri izah etdim, lövhəyə yazdım ki, uşaqlar lüğət dəftərlərinə köçürsünlər. Hamı qələm götürüb yazmağa başladı,  təkcə  Mahirdən başqa. Yenə lüğət dəftərini gətirməmişdi.

Gedib dayandım onun partasının yanında, onu ayağa qaldırıb yenə danlamağa başladım. Birdən gözüm onun əllərinə sataşdı. Əlləri yaman gündə idi. Kir bağlamşdı, çat –çat idi. Sanki aylarla əlinə su dəymirdi. “ Sənin əllərini ananın gözləri görmür?  Bu halda da məktəbə gələrlər?  Ayıb olsun sənə!” – dedim.

Mahir başını aşağı salıb susurdu. Nədənsə bütün şagirdlər həmin anda dönüb ona baxdılar. Elə bil onun nəsə deyəcəyini gözləyirdilər. Amma Mahir dinmirdi. O biri uşaqların həyəcanla Mahirə tərəf baxması mənə maraqlı gəldi. Əlaçı qızlardan biri əlini qaldırıb nəsə demək istədiyini bildirdi. İcazə verdim.

“Müəllimə, Mahirin anası yoxdur. O bir-iki il əvvəl özünü yandırıb, öldü. Atası da Rusiyaya gedib. Mahirə və onun iki qardaşına qoca nənəsi baxır..”

Nə hala düşdüm,  onu  bir Allah bilir. Özüm də bilmədən bir uşağın könül yarasının qaysağını qopartmışdım. Özüm də bilmədən anasızlığını ona xatırlatmışdım… Özüm də bilmədən bir ana ruhunu incirmişdim.

…Həmin dərs bütün görüntüləri ilə yaddaşımda yaşayır. Mahirin ayaq üstə durması,  onun kirli əlləri, uşaqların həyəcanlı səsi… Və özümün halım.

…O dərsdən sonra Mahir mənimçün ən doğma bir şagird oldu. Ona kitab-dəftər, pioner qalstuku alıb gətirirdim. Həmişə xoş sözlə dindirir, ürəyini xoş etməyə çalışırdım.  Dərslərinə kömək edirdim.

…O dərs mənim özümə bir dərs oldu. O vaxtdan sonra dərs dediyim bütün uşaqların ailə vəziyyəti ilə maraqlanırdım…

 

aprel, 2013

7 ŞƏRH

  1. Göresen, indi Mahir haradadır? Ne işle meşğuldur? Bilmek maraqlı olardı.

  2. Maraqlanaram. O qonşu Dəkkəoba kəndindən idi. 1984-85 də 10-12 yaşı olardı. Deməli, indi yaşı qırxı ötüb.

  3. Allah hec bir uwaqi anasiz qoymasin Mahirinde heyatinda bundan sonra qem keder olmasin Allah ozu hemiwe yardimci olsun .
    Marali yazidi hemde uzuntulu hemde ibratamiz.
    Cox saqolun Sevil xanim maraqli yazi ucun .Bele yazilardan dourdanda ibret goturmek olur .

  4. Sevil xanım bizim Ingilis dili muellimemiz olub kendde. Sonradan getdi kendden, uzun muddet gorunmedi. Arada Bakida Iceriseher metrosunda gordum qalabaliqdan yaxinlasa bilmedim ona. Cox gozel insandi muellime. Onunla gorusmek isteyirem, qeseng seirler kitabi cixmisdi, oxuyanda duyuqulandim, yanimda bir qardas vardı, ne oldu deye soruşdu, sozune cavab vere bilmedim. Ay Nicat indi onu axtariram. Belkede o meni tanimaz cunki men 5 ci sinfde oxuyanda o artiq getmisdi.

  5. Sözsüz ki, bütün şagirdlərimin adı yadımda qala bilməz. Eləcə də Xəyam Səmədov. Mən Bıçaqçıda, Yuxarı Seyidlər, Dəkkəoba və İsaqbağı kənd məktəblərində işləmişəm. Səmədov familiyası daha çox Bıçaqçıda idi. İndiki zamanda kimisə tapmaq asandır. Ən azı Facebook-da varam…
    Əgər yaddaşınızda yaxşı insan kimi qalmışamsa deməli yaşamağa dəyərmiş.

  6. Muuellime siz gozel muellimelikden elave gozel insan gozel anasiniz. Sizi unutmaq aqilsizliq olardi mence.Seyirler kitabinizi oxuyanda gercekden cox duyqulandim ki ilahi bu sozler insan dilinden insan ureyinden suzulub gelir deye dehewete geldim. Bu sizin insani keyfiyyetinizden xeber veririr.

Comments are closed.