Fədakarlıq…

1

buz-xizekO il qış çox sərt gəlmişdi. Hər tərəf buz bağlamışdı. Çox keçmədi ki, qəsəbədə yaşayanlar buz bağlamış gölün üstündə çadırlar qurdular. Qoca-cavan, kişi-qadın hamısı şəhərdən çıxıb gölün üstündə toplaşdılar.

Kimisi xizəyə minir, kimisi buzun üstündə sürüşürdü. Çadırlardan gur musiqi sədaları və şən qəhqəhələr yayılırdı. Gənclər sevinc içərisində atılıb düşür, yaşlılar isə bu mənzərəyə maraqla tamaşa edirdilər.

Günün batmağına az qalmışdı. Bir azdan təpələrin arxasından ay görünəcəkdi. Şəhərdə ancaq yaşlı bir qadın qalmışdı. O da neçə vaxt idi ki, xəstə idi. Ayaqları yer tutmurdu. Sahildə yerləşən balaca evinin pəncərəsindən buz bağlamış gölə və şənlənən adamlara baxırdı. Axşam üstü idi. Üfüqə baxanda günbatan tərəfdə çox kiçik və ağ bir bulud göründü. Bunu görəndə yaşlı qadının canına dəhşətli bir qorxu düşdü. Və bir anlığa gənclik illərini xatırladı…

Yenicə evlənmişdilər. Onda da elə bu vaxtlar idi. Həyat yoldaşı ilə gölün üstündə gəzəndə belə bir bulud gördülər və qorxu içərisində qaçmağa başladılar. Çox keçmədi ki, dəhşətli bir fırtına qopdu və gölün üstündəki buzlar qırıldı. Yəqin ki, indi də elə olacaqdı. Heç bir saat keçməmiş fırtına qopacaq, buzlar qırılacaq, hər şey məhv olacaqdı. Ona görə də, bacara bildiyi qədər yüksək səslə qışqırmağa başladı. Ancaq onun səsini kim eşidəcəkdi ki?!

Evdə ondan başqa heç kim yox idi. Bütün qonşular buz üstündə sürüşməyə, şənlənməyə getmişdilər. Bulud isə getdikcə böyüyür və qaralırdı. Fırtına artıq qopmaq üzrə idi. Qadın bütün gücünü topladı. Əlləri üstündə sürünərək çətinliklə də olsa, yataqdan düşdü. Sobaya yaxınlaşdı. Oradan bir od parçası götürüb yatdığı yeri yandırdı. Sonra da sürünə-sürünə evdən bayıra çıxdı. Balaca ev bir anlığa alovlara qərq oldu. Artıq göylərə uzanan alov dilimlərini uzaqdan da görmək olardı. Hamı şikəst qadını xilas etmək üçün yanğın yerinə axışdı. Artıq külək qopmuş, göy üzünü qara buludlar almağa başlamışdı. Axırıncı adam özünü gölün sahilinə çatdıranda birdən sanki göyün üzü yarıldı və dəhşətli bir fırtına qopdu. Bir göz qırpımında buzlar qırıldı və nəhəng dalğalar gölün üstünü aldı. Ancaq heç kimə heç bir şey olmadı. Bu xəstə və şikəst qadın var-yoxunu alovlara qərq etsə də, böyük bir faciənin qarşısını almışdı…

 

Mənbə: “Ailəm” jurnalı

1 comment

  1. Çox gözəl hekayədir..İngilis şairi Valter Skott deyib ki, insanlar bir-birlərinə yardım etməkdən əl çəkdikləri gün insanlıq yox olar…Heç olmasa insanlığı qorumaq məqsədilə bir-birimizə yardımçı olaq..

Comments are closed.