“Qız anadan görməyincə öyüd almaz”

0
77

İnsan Allahın (c.c.) yaratdığı ən mükəmməl və ən gözəl varlıqdır. Allah (c.c.) yaratdığı bu varlığa saysız-hesabsız (həm maddi, həm də mənəvi) nemətlər bəxş etmişdir. Bu nemətlərdən biri də ailədir.

Ailə insanlığın, bəşəriyyətin davamı üçün çox mühüm bir ünsürdür. Bir millətin, bir dövlətin əbədiliyi yaxşı yetişdirilmiş nəsillərlə mümkündür. Gələcəyimizi əmanət edə biləcəyimiz nəsillər isə yalnız sağlam ailələrdə yetişə bilər.

Ailə bir qadının və bir kişinin razılığı ilə, əsasən sevgi üzərində qurulur. Ancaq təəssüf ki, xüsusilə, son vaxtlar bu sevginin ömrü çox da uzun sürmür. Ailələr hələ qurulmamış, ya da qurulduqdan çox az sonra dağılır. Dağılan ailələrin sayının durmadan artması isə daha çox narahatlıq doğurur. Üstəlik, ailələrin dağılma səbəbləri haqqında müxtəlif mülahizələr ortaya atılır. Ancaq yaddan çıxarmaq olmaz ki, həmin səbəbləri doğuran bir səbəb var. O da ailələrdə yüksək əxlaqi dəyərlərin olmamasıdır. Çünki yüksək əxlaqi dəyərlər üzərində qurulan ailələr həmişə möhkəm və sarsılmaz olur. Bəs bu əxlaqi dəyərlər hansılardır? Birmənalı olaraq qəbul etməliyik ki, bu, İslam əxlaqını təşkil edən dəyərlərdir. Onun mənbəyi isə Peyğəmbərimizin (s.ə.s.) yaşayaraq nümunə olduğu əxlaqdır. “Qurani-Kərim”də belə buyurulur: “Şübhəsiz, Sən böyük əxlaq sahibisən” (Qələm surəsi, 4).  Ailədəki əxlaqi dəyərlərin formalaşması valideynlərdən başlayır. Bu işdə həm qadının, həm də kişinin üzərinə böyük məsuliyyət düşür. Quş bir qanadı ilə uça bilmədiyi kimi, sağlam ailənin təməli də təktərəfli qurula bilməz. Bir ailədə kişi və qadın öz hüquqlarını və vəzifələrini bilməli, bir-birinə sevgi və hörmətlə yanaşmalı, yaxşı gündə olduğu kimi, pis gündə də bir-birinə arxa-dayaq olmalıdır.

Hər şeydən əvvəl kişi ailə rəisliyini layiqincə yerinə yetirməli, həyat yoldaşı ilə anlayışla davranmalı, uşaqlarının gözündə əsl ata obrazı yaratmalıdır. Qadına gəlincə, bir ailənin səadəti üçün ən böyük yük onun çiyinlərinə düşür. Böyük Yaradan bu zərif məxluqa bol-bol şəfqət, mərhəmət və sevgi hissi bəxş etmişdir. Ailə quran hər bir qadın ona verilən bu nemətləri hər şeydən əvvəl ailəsinə sərf etməli olduğunu bilməli, evini həyat yoldaşının işdən, uşaqlarının isə məktəbdən evə tələsəcəyi isti bir yuvaya çevirməlidir. Qadınlar bilməlidirlər ki, onların şəfqətinə təkcə uşaqlarının yox, həyat yoldaşlarının da ehtiyacı var. Unutmaq olmaz ki, ailə və uşaqlar bizə Allahın (c.c.) əmanətidir. Bu əmanətə layiqincə sahib çıxmaq lazımdır. Xüsusilə, televiziya və internet kimi uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcək texnologiyalara qarşı analar daha diqqətli olmalıdırlar.

Qeyd etdik ki, ailə gələcək nəsillərin yetişdirildiyi bir yuvadır. Bu yuvada tərbiyə sistemi düzgün qurulmalıdır. Övladını yaxşı yetişdirmək istəyən valideyn, hər şeydən əvvəl, özünü yetişdirməlidir. “Kitabi-Dədə Qorqud”da Dədə Qorqudun belə bir hikmətli kəlamı var:

“Qız anadan görməyincə öyüd almaz,

Oğul atadan görməyincə süfrə yaymaz…”

Yüksək əxlaqi dəyərlərə malik olan hər bir valideyn ailəsinin sağlamlığına zərbə vura biləcək təhlükələrin qarşısını vaxtında almalıdır. Bu təhlükələrdən biri yalandır. Valideynlər övladlarına yalanın pisliklərə açılan qapı olduğunu izah etməli, onların ən kiçik yalanlarına belə göz yummamalıdırlar. Bu işdə yenə də anaların üzərinə böyük vəzifələr düşür. Bəzi analar övladlarını qoruduqlarını düşünərək, onların səhvlərini ört-basdır edir, məsələn, “Atan bilməsin!” deyərək övladlarına nə qədər zərər verdiklərini hiss etmirlər. Halbuki edilən bu səhvin üzə çıxması nə qədər acı belə olsa, deyilən yalandan heç də təhlükəli deyil. Ailədə uşaqların xarakteri ata və ana arasındakı münasibətlərə görə də formalaşır. Bundan əlavə, ata-ananın öz böyüklərinə, qohumlarına, qonşularına münasibəti də övladlarına az təsir etmir. Əgər uşaq ailədə valideynlərinin öz valideynlərinə nə qədər hörmət qoyduqlarını görsə, qohum və qonşu hüquqlarını nə qədər qoruduqlarına şahid olsa, o da gələcəkdə valideynlərinə o qədər hörmət qoyar, hüquqlarını o qədər qoruyar. Əgər ata və ana ehtiyacı olanlara təmənnasız yardım edərsə və bunu özünə borc bilərək yerinə yetirərsə, o ailədə yetişən uşaqlar da gələcəkdə valideynləri kimi olarlar.

Yuxarıda qeyd etdik ki, uşaqların xarakteri ata-ananın bir-birinə münasibəti əsasında formalaşır. Məsələn, əgər ata və ya ana uşağa bir şeyi irad tutarsa və qarşı tərəf (ata və ya ana) uşağın yanında ona etiraz edərsə, onda bu, uşağa çox pis təsir göstərər. Bu isə uşaqda ataya, yaxud anaya qarşı mənfi münasibətin meydana gəlməsinə, həmçinin uşaqda “onsuz da anam, yaxud atam mənə kömək çıxacaq” fikrinin formalaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, uşaqların tərbiyəsi çox məsuliyyətli və çətin bir işdir. Bu çətinliyin öhdəsindən sevgi ilə əhatə olunmuş isti yuvalarda gəlmək mümkündür. Əgər ata öz işini “bir tikə çörək qazanmaq”la bitmiş hesab edirsə, ana isə gününü giley-güzarla keçirirsə, onda belə ailələr o uşaqlar üçün (təbii ki, o uşaqlar da cəmiyyət üçün) əzaba çevrilər. Ona görə də valideynlər öz nəfslərinin tələblərinə görə deyil, öz vəzifələrinin tələblərinə görə hərəkət etməli, həmçinin dövlət üçün, millət üçün sağlam nəsillər yetişdirməlidirlər.

Yaqub Əliyev, Vəfa Qurbanova, ZAMAN