Əgər həyata baxışımız dəyişsə, xoşbəxtlik özü gələr…

2

xoşbəxt– Həyatdan zövq ala bilmirəm. Sanki  böyük bir boşluqdayam. Nə edəcəyimi bilmirəm…

Əlindəki qələmi dəftərin üstünə qoydu. Nə qədər çalışsa da, cümlələrin arxasını gətirə bilmədi. Neçə vaxtdır yazdığı gündəliyin az qala hər sətirində bir bədbinlik var idi. Həyatda nəyin onu xoşbəxt edəcəyini də bilmirdi. Bildiyi tək şey həyatın onu dar ayaqqabı kimi sıxması idi. Bu düşüncələrə dalmışdı ki, içəri dostu Fariz girdi. Gündəliyi dostunun qarşısında görən Fariz:

– Dostum, maraqlıdır bu gündəliyə nə yazırsan? Üstəlik, bizdən də gizlədirsən. Bəlkə gündəliyinlə bölüşdüklərini bizimlə də bölüşəsən?

Fariz bu sözləri demişdi ki, bu dəfə Ramiz içəri girdi:

– Yoxsa, yenə gündəlikdən danışırsınız? – deyə ürəkdən güldü.

Fariz, Ramiz və Fikrət hər üçü tələbə idilər. Üçü də bir universitetdə oxuyurdular. Fikrət çox danışan adam deyildi. Ancaq Farizin neçə gündür davam edən müşahidələri Fikrətin heç də özündə olmadığından xəbər verirdi. Artıq son nöqtəni qoymaq vaxtı çatmışdı.

Fikrət üzdən sakit görünsə də, içində fırtınalar əsirdi. Universitet, dərslər, həyat, gələcək qayğıları… Üstəlik, həyatını alt-üst edən böyük bir boşluq… Nəhayət Fariz soruşdu:

– Niyə belə narahatsan?

Fariz suala sualla cavab verdi:

– Niyə soruşursan ki?

– Sən demək istəməsən də, bunu görmək çətin deyil. İçində dərin bir boşluq var və sən onunla bacara bilmirsən!

Fikrət dostları ilə ilk dəfə idi ki, bu mövzuda danışırdı. Odur ki, bir az həyəcanlı idi.

– Nə qədər ki, susursan bu boşluğa qalib gələ bilməyəcəksən, – deyə Fariz davam etdi, –  Məncə dərdini bizimlə bölüşməlisən…

Dostlar o gecə daha çox xoşbəxtlikdən və həyatda necə xoşbəxt olmaqdan danışdılar. Əslində xoşbəxt olmaq o qədər də çətin deyildi. İnsan adi şeylərlə də xoşbəxt ola bilərdi. Bir də əsas məsələ əldə etdiyin şeyin özü yox, mənası idi.

Dostlar xeyli danışdılar. Sonra həyata baxışlarını nəzərdən keçirdilər. Əgər həyata baxışımız dəyişsə, xoşbəxtlik özü gələr dedilər. Son nöqtəni qoyan isə Fikrət oldu:

– Mən xoşbəxtəm. Ən azı ona görə ki, sizin kimi dostlarım var. Əgər siz olmasaydınız, bəlkə də, hər şey başqa cür olardı. Siz mənə yol göstərdiniz, məni uçurumdan qorudunuz…

O gündən Fikrətin gündəliyinə bədbinlik yaxın düşmədi. Artıq bu gündəliyin sətirlərində bədbinlik yox, sevgi var idi…

 

ZAMAN

2 ŞƏRH

  1. Bəzən ən yaxın adama da dərdini danışmaq olmur..Mən elə bilirdim ki, gündəliyi yalnız qadınlar tutur?!

  2. Hər insanda düzgün yol göstərmir axı?kaş hər bir insanin yanında onu duyabiləcək birisi ola.

Comments are closed.