Ölkə dəyişir, insanlar da dəyişməlidirlər

1
Müəllif: Nicat İntiqam
Müəllif: Nicat İntiqam

Bu gün səhər işə gələrkən 13 saylı marşrutda bir hadisənin şahidi oldum: orta yaşlı bir xanım sürücüdən avtobusun elə yolun tən ortasındaca (avtobus işıqforun qırmızı işığı yandığı üçün yolda dayanmışdı-N.İ.) qapısını açmağı tələb edirdi.

Sürücü avtobusun sağ tərəfində dayanmış yol polisi avtomobilini göstərib: “Saxlaya bilmərəm”,-söylədi.

Sürücü xanımla bir xeyli mübahisə etdikdən sonra, işıqforun yaşıl işığı yandı, ancaq tıxac olduğu üçün nəqliyyat zəif hərəkət edirdi. Odur ki, xanım mübahisəyə yenə davam etdi. Onun bu yersiz prinsipiallığı açığı, mənə çox qəribə təsir bağışladı. Amma bundan sonra baş verənlərə təkcə mən yox, başqaları da təəccübləndilər. Belə ki, digər bir xanım sanki bu anadək heç bir mübahisə olmayıbmış kimi, soyuqqanlı şəkildə sürücüdən avtobusun qapısını açmağını istədi. Sürücü eyni sözləri ona da dedi. Hər iki sərnişinin israrına baxmayaraq, sürücü öz bildiyini elədi və qapını bir də dayanacaqda açdı.

Bu hadisəni heç cür yadımdan çıxara bilmirəm.

Adamın yadına Mirzə Ələkbər Sabirin satirik şeirləri, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin felyetonları düşür.

Bu gün həmin qəzəlləri, felyetonları oxuduqca insan təəccüblənməyə bilmir. Sanki onların çoxu ötən əsrin əvvəllərində yox, dünən, srağagün qələmə alınıb. O gündən bu günə bizlər çox dəyişmişik, amma bəzilərimizdə nə yazıq ki, ümumi keyfiyyətlər hələ də qalmaqdadır.

Sadəcə, sözügedən ədiblərin qəhrəmanları o dövrdə atda gəzirdilərsə, indi bahalı maşınlarda gəzirlər. O dövrdə kiminsə həyətində hamballıq edənlər indi hansısa tikinti şirkətində fəhləlik edirlər və s.

Bu tip misalları uzadıb dəyərli oxucuları yormaqdan çox uzağam.

Yaxşı, bəs biz maddiyatla yanaşı, həm də mənəvi yöndən dəyişmək üçün nə etməliyik?

Əvvəla, böyüklü-kiçikli hamımız kitaba qayıtmalıyıq, yəni kitab oxumağa. İnanın, bu gün cəmiyyətimizdə baş verən bir çox mənfiliklərin kökündə insanlarımızın çoxunun kitab oxumaması dayanır. Ötən yazımda qeyd etdiyim kimi, özü də hər kitabı yox, bizə faydalı olanını oxumalıyıq.

İkincisi, telekanallarda göstərilən hər verilişə baxmamalıyıq. İnanın, elə verilişlər var ki, ona baxmaqdansa, baxmamaq min qat məsləhətdir. Çünki, o verilişlər əsəb gərginliyindən, narahatlıqdan başqa heç nə verən deyil. Axı olmayan yerdən evinizə niyə gərginlik gətirəsiniz?

Davranışlarımızla başqalarına nümunə olmalıyıq.

Bu gün cəmiyyətdə yaşanan problemlərdən, yaranan yersiz stress və sıxıntılardan hər kəs gileylənir. Bəli, bu sıxıntılar göydən düşmür. Onun arxasında sənin kimi, mənim kimi insanlar durur. Odur ki, bu barədə aylar boyu, illər boyu danışıb çənə yormaqdansa, əməllərimizlə nümunə olmalıyıq. Başqalarından niyə umuruq ki? Bəlkə, özümüzü elə aparaq ki, başqaları bizdən öyrənsin. Öyrədək, nümunə olaq, amma sözlə deyil, əməllərimizlə.

Səbrli olmalıyıq. Yersiz və mənasız iddialarımızdan əl çəkməliyik. Tıxac varsa, siqnal verməyin nə mənası var, axı onsuz da qarşıdakı maşın gedə bilməyəcək. Bu, sadə bir misaldır. Demək istədiyim odur ki, bizim adi qarşıladığımız, hətta özümüz üçün adiləşdirdiyimiz əslində isə heç də normal olmayan xasiyyətlərimizdən, əməllərimizdən əl çəkməliyik.

Və sonda öz hüququmuzu tələb etməliyik. Azəbaycan 10 il əvvəlki deyil. Kim nə deyir-desin, sosial mənada hüquqların qorunmasında bir çox üstünlüklər yaranıb. Məsələn, əgər sizdən rüşvət tələb edirlərsə, verməyin, haqqınızı tələb edin. Əgər sizinlə təmasda olan mikro məmur görsə ki, qarşısındakı adam haqqını tələb edir, onda siz deyəni etməyə məcbur olacaq, etməsə də, bundan narahat olacaq. Hüququmuzu tələb etmək üçün isə onu bilməyimiz lazımdır. Hüququmuzu öyrənək…

Mənbə:  “Zaman” qəzeti

1 comment

  1. Biz dəyişmədiyimiz qədər Mirzə Ələkbər Sabir həmişə aktual olacaqdır! Maraqlı mövzuya toxunduğu üçün müəllifə təşəkkür edirəm!

Comments are closed.