Vallah, dəli olmuşam, başıma yağış gəlib…

2
Müəllif: Loğman
Müəllif: Loğman

…Uşaqlığım damına cil döşənmiş birgözlü kərpic evdə keçdi.

Hər yaz gələndə anamla bacılarım onun divarlarını ağardar, bəzəyərdilər.

O baharın gəlişi nə qədər əzəmətli, fərəhli olsa da, bayramdan bir az sonra başlayan leysan yağışları mənim üçün daha əlamətdar idi.

Ən yaddaqalanı isə böyük cidd-cəhdlə ağardılmış divarlardan süzülən yağış damcılarıydı. Cilin də rəngini özünə çəkən sarımtıl zolaqlar xəritədəki çaylara bənzəyirdi. Bu zolaqlar gələn bahara kimi divarlarda quruyub qalırdı. Çarpayıya uzanıb, başımı çarpazladığım əllərimin üstünə qoyub, bütün dünya çaylarını bir-bir gözümün önünə gətirir, oxşarlıq axtarırdım. Və bu cığırların hər birinin öz adı doğulurdu – Volqa, İrtış, Ob, Araz… Adlar simvollar kimi hər yağış barədə informasiya saxlancı idi. Hər “çay”a baxanda onu doğuran yağış, o yağış yağanda əlamətdar olanlar yada düşürdü…

Mənə belə gəlirdi ki, yağış adi təbiət hadisəsi deyil. O, dünyanın çox kövrək, çox incə, qeyri-adi halıdır. Yağış dünyanın dolan halıdır, dolub-daşan halıdır. Yağış dünyanın elə yerindən, elə məkanından gəlir ki, orada sevgidən başqa bir şey yoxdur. O, kiçik uşaq könlünün həyata keçən böyük arzular məmləkətidir. Orada “olmaz”lar yoxdur. Orada kasıblıq yoxdur, badalaq yoxdur, tamarzılıq yoxdur, göz yaşı, yetimlik yoxdur. Orada bircə gözəllik var, bir də nağıl… Mənim bir göy həsrətim vardı. Elə bilirdim ki, böyümək o yağış dünyasına yetməkdir. Tez böyümək arzusu da bununla bağlıydı. Bəlkə də ona görə belə tez böyüdük ki, uşaq arzularımızın reallaşmaq qıtlığı bizi hər gün böyüməyə qovurdu. Arzularımızı gələcəyə ata-ata gedirdik. Çilingağaca bənzəyirdi hər şey; əlimizdəki çilingi ağacla vurub, sonra arxasınca qaçırdıq. Elə bilirdik ki, sabah uşaqlığımız arzularımız kimi olacaq. Gələcəyə can atdıqca, arzuolunan uşaqlıq naminə real uşaqlığımızı yaşaya bilmədik, itirdik. Uşaqlıqdan gələcəyə qaçdıq, orada isə daha uşaqlıq yox idi, geridə qalan uşaqlığımıza boylanmaq vardı, uşaqlığımızla bağlı nisgil vardı…

Elə ki, yağışlar başlayırdı, həyəcan məni bürüyürdü, evdə otura bilmirdim. Düzdür, evdə böyüklər olanda bayıra çıxmaqdan çəkinirdim. Amma bir dəfə – haradasa 5-6 yaşım olanda bəxtim gətirdi. Leysan elə tökürdü ki, dözə bilmədim, şalvarımın balaqlarını çırmadım, köynəyimi çıxarıb atdım, ayaqyalın, başıaçıq qaçdım yağışla görüşə. Dünya mənim idi. Elə bilirdim ki, bu yağış elə məndən ötrü yağır. Heç kəsdən görmədiyim bir sevgidir bu yağış, tökülür üstümə. Bu sevgi və qayğıdan nəşələnirdim.

Yağış elə çırpırdı ki, könlümü dindirir, ürəyimi çalırdı. Qaçır, qaçır, qaçırdım. Doymaq bilmirdim. O gün uşaq varlığımla yağışla aramızda qəribə bağlılığa, doğmalığa inandım. O qədər qaçdım ki, huşumu itirdim. Ayılanda çarpayılardan və kəsif dərman qoxusundan xəstəxanada olduğumu anladım.

Bir ay müalicə aldım, sağalmağıma heç kim inanmırdı…

Yağışla ilk ciddi tanışlığım belə başladı.

Bu, uşaqlığımdan yadımda qalan xatirələrlə dolu xəyal göylərimdə elə o yağışlar zamanı çaxan ildırımlar kimi parlaq və işıqlı bir səhifə idi.

Havalar qızandan sonra daş evimizə çəkilirdim. Eyvanından bütün bağ-bağçamız görünürdü. O ev təklik və tənhalıq üçün ən gözəl güşə idi. Orada çox rahatlıqla xəyallara dalardım. Belə məqamlarda həyatımın ssenari müəllifi özüm olurdum. Döyüş səhnələri, qəhrəmanlıq, xeyirxahlıq, kasıb, yetim sevindirmək, könlümə dəyənləri cəzalandırmaq bu xəyal-filmlərin əsas kadrları olurdu…

Eyvandan yağışı seyr etmək isə başqa mənzərə idi. Ağacların, yarpaqların yağışın altında necə titrədiyini, döyüldükcə sevindiyini, dirçəldiyini, həyət-bacada yaranmış gölməçələrdə hər damcıdan əmələ gələn qovucuqlara baxmaqdan ayrılmaq olmurdu. Tez-tez şimşəklər, ildırımlar çaxırdı. Göylər doğranırdı. Elə bilirdim yağışla birlikdə göy də parça-parça olub töküləcək yerə. Canımı dişimə tutub bir neçə saniyədən sonra çiliklənmiş göy qırıqlarının dama düşəcəyini gözləyirdim. Elə bilirdim bundan sonra bizim üçün sirlə dolu olan Göyün özü görünəcək. Çünki biz gördüyümüz göy, elə bilirdim ki, Göyün üzünü örtən bir pərdədir. O pərdə çəkiləndən sonra heyrət dolu bir mənzərə açılacaq…

Yağış illərlə əzizlədiyim arzuların yağış dilində, su dilində, səs dilində üstümə qayıtmağıydı…

Yenidən başlayırdı hər şey.

Yenidən çiçəkləyən, yenidən dirçələn ümidlər məni yerdən qaldırırdı.

İndinin özündə də bu yağış yağanda havalanıram, duyuram ki, daşa-divara da yadam, özgəyəm.

Küçəyə, ağaca ögeyəm.

Bura adamı deyiləm – qəribəm, qərib.

Göylüyəm, yağışlarla qonşuyam.

Qonşu qızına aşiq olan kimi vuruluram ona.

Bircə bu yağışa doğmayam, simsaram.

Bircə bu yağışın yeriyəm.

Bircə bu yağış torpağımdı, yerimdi.

Yağış – nağıl və sevgi məmləkətindən gələn durnadı, göyərçindi.

Müjdəli qaranquşdur.

Üstünə xəbərə qaçıram.

Bu yağış yağanda dəliyəm, dəli.

İçim içimə köçür, çölüm çölümdən qaçır.

Yerimdə heç nə qalmır.

Bu yağışın hər damlası bir arzudur.

Ovuclarımı açıb damladan-damlaya qaçıram.

Hər damlaya qovuşmaq üçün nələr çəkirəm, bircə mələklər bilir, pərilər bilir.

Bu yağışı tut ağacları kimi çırpıb tökənlər də elə onlardı.

Ruhumu çadır kimi bu “yağış ağacları”nın altına tuturam.

Ağac oluram – döyür yarpaqlarımı, doymuram.

Torpaq oluram – hopur, hopur canıma, ruhuma çəkməyə macal tapmamış üstümdən sellənib gedir.

Bircə dənizə dönəndə bu yağış mənim olur.

Qaçmağa yeri qalmır.

***

Özümdən uzaqda ağrıyan ruhum ağac yarpağının üstünə sərilir.

Dəlidi – özünü yağışın altına atır.

Pəncərə şüşəsində sürüşüb gedən damlaların cığırlarında itirəm, azıram.

Özüm də bilmirəm heç nə gəzirəm.

Bu yağış yağanda ünvansızam – dəliyəm axı…

Dəlinin yaddaşı olmaz.

Dəlinin yeri-yurdu olmaz, şəhəri olmaz.

Dərdi olmaz, qəhəri olmaz.

Axşamı, səhəri olmaz.

Bircə gülüşü olar.

Dəlinin gülüşü ağıllı vaxtının yağışıdı…

Düşüb dalınca – ömrünə yağır.

Qara bulud kimi başının üstundə gəzir.

Bu yağış ruhu yerdə dura bilməyənlərin vətənidi.

Əli sevdasına çatmayanların sevgilisinin saçlarıdır.

Nəyim var o yağışdadı.

Mən yağışın Məcnunuyam.

Kəcavəsi çoxdan boş qalmış dəvənin səhrasıyam.

Yağış istəyirəm, ondan savayı heç nəyə ümidim yoxdur.

****

Bir dəfə başıma gəlib…

Təzəcə dost olmuşduq.

O da yağışlar ölkəsindən gəlmişdi.

Hər halda, belə görünürdü.

Hər gün saat 5-dən sonra görüşürdük.

Hər gün onun işə gəlməyindən və yağışdan savayı heç nə istəmirdim.

Bir həftə idi xəstəydi. İşə çıxmırdı.

Yağış yağmasaydı, birtəhər dözərdim.

Rəfiqəsinə dedim ki, məni apar onlara, deyərsən, qardaşımdı.

Razılaşdı.

Yağış da elə tökürdü, elə tökürdü ki…

Rəfiqəsi deyinirdi, sən də qəribə adamsan, gərək elə bu gün gedəsən…

Belə olmaz, bir gün bu yağışın altında bir əlçim qar kimi əriyəcəksən, vallah, dedi.

O bilmirdi ki, məni aparan yağışdı.

Ayaqqabılarım yağış buraxırdı.

Mən əsl tələbə idim.

Əsl tələbənin ayaqqabıları gərək yağışı bayırda saxlamasın…

Ta ondan nə tələbə olar.

Tələbənin ayağı isti, quru yerdə olsa, oxuya bilməz.

Düşər küçələrə – yağışlı havalarda…

***

Həyətdə mənimlə yağışdan başqa heç kim yox idi.

Rəfiqəsi bir xeyli keçəndən sonra qayıtdı.

Dedi ki, anası məni danladı.

“Bu yağışda adam da qardaşını yağışa verib gələr. İndi onu yağış tutdu”.

Yağış məni çoxdan – lap uşaqlıqdan tutub saxlamışdı.

İçəri girəndə mehriban qarşıladı anası.

Ayaqqabılarımı çıxaranda başa düşdüm ki, yağışı özümlə gətirmişəm.

Döşəmənin üstündə ayaqlarımın ölçüsündə yağış qaldı.

Elə utandım ki…

Anası, insafən, üstünü vurmadı.

Bəlkə də birinci dəfə idi belə şey görürdü.

Buna pis oldumu? – deyə bilmərəm.

Mən hər yerimdə – saçlarımda, üz-gözümdə, paltodan xeyli gödək, pencəkdən azca uzun plaşımda, şalvarımda yağış gətirmişdim.

Bu plaşın içində məni görmək hər adamın işi deyildi.

Mən bu plaşdakı adam kimi görünürdüm; o məni örtməkdən çox, mən onun ölçülərinə özümü uyğunlaşdırmağa çalışırdım.

İçində ha əyilirdim dizimə çatmırdı.

Mən axı əsl tələbə idim…

Adamın da paltarı sevgisinə oxşamadısa, demək, tələbədir.

Belə məğmun görkəmdə hansı qeyri-adi sevgi yada düşərdi.

Amma bu işdə yağışın heç bir günahı yoxudu.

Bizim kənddə gənclər ancaq yağış dilində sevişirdilər.

Fürsət düşən kimi ağacın altına çəkilirdilər- yağış yağırmış kimi.

Sözlərini pıçıltıyla deyirdilər – yağış yağırmış kimi.

Görüşə gedəndə saçlarını isladıb darayırdılar – yağış yağırmış kimi…

Yəqin ki, hind kinolarından öyrənmişdilər.

Kənddə hind kinolarından, yağışdan və toylardan romantik heç nə yox idi.

Birincisi nə qədər çətin olsa da, yaşamağa ruhlandırır, ikincisi adamlara harada olduqlarını xatırladır, üçüncüsü isə sevgidən başqa hər şeyi unutdururdu.

Ona görə də, heç olmasa, kinodan-kinoya yağışdan sonrakı yaz otları kimi pöhrə sevgilər baş qaldırırdı.

Divarları uçuq, toz basmış o kənd klubundan – sevgi yuxusundan kənd camaatı könülsüz-könülsüz ayılıb, tənbəl-tənbəl evlərinə dönürdülər.

Elə bilirdilər bu yağışlı sevgilərin də sonu kinolardakı kimi olacaq.

Toydan uzaqbaşı bir il sonra – birinci uşaq dünyaya gələn kimi o yağışlı pıçıltıları dolu, göy gutultusu, hətta ildırımlar əvəz edirdi.

Yağış dilində sevişənlər indi yalnız yağışca qarğayırdılar – “Səni sel aparsın…”

“Gözünün yağışı heç qurumasın…”

O sevgi yağışları niyə belə tez sovuşub gedirdi, bilmirdim.

O yağışlar yenə də yağırdı, amma daha bu evi, bu adamları tutmurdu.

***

…Anası saçlarımdan, kirpiklərimdən, üzümdən hələ də süzülən buz kimi soyuq damlalardan necə sevdiyimi görmədi.

Yağışla silələnmiş, sevgi ilə ləbələb könlümün heç pəncərəsini də açmadı.

O, yağışlı sevgimin nəhayətsiz dənizlərindəki ağ yelkənli gəmiyə gözünün ucu ilə də baxmadı, bircə dəfə də əl eləmədi.

Göylünün yerdə güzəranı bundan yaxşı olmur ki…

Məndəki yağışdan xoşlanmadı.

Ləpirlərimdə, yağışların yıxılı qaldığı yerdə göynəyirdim.

Ləpirlərimdə çabalaya-çabalaya can verən yağışları görürdüm.

Xəcalətimdən baxışlarımı ayaqqabılarıma zillədiyimdən ayaqqabılarımın ölçülərinə qədər kiçilmişdim, gedib ayaqqabılarıma yığılmışdım. Ayaqqabı kimi daralmışdım.

Məni yandıran yağış idi, içəri gətirib dustaq eləmişdim – özüm kimi.

…Sonralar eşitdim ki, anası onu günəşli günlərin birində özündən 16 yaş böyük, hələ ömründə üstünə bir damcı yağış düşməmiş qupquru bir elmlər namizədinə verib ki, heç vaxt evlərinə yağış girməsin…

İllər keçdikcə nə qədər quraqlıq olsa da, rəfiqəsi deyirdi ki, onların da evlərinə yağır.

İsti yağışlar yağır.

Duzlu yağışlar yağır…

Soyuq yağışlar pəncərənin önündən yağır.

İsti yağışlar isə arxasından.

Pəncərənin arxasından yağan yağışların altında dam qurmaq olmur… birbaşa içəriyə yağır.

Fərq budur.

Soyuq yağışlar olsa-olsa, divarlarda bir ömür yoluna bənzəyən “çay”lar kimi quruyub qalır.

Duzlu yağışlar isə insan qəlbinin divarlarını yandıra-yandıra oyub aparır.

Soyuq yağışlar nə qədər gur yağsa da, axır ki, kəsir.

Duzlu yağışlar isə bütün ömür boyu için-için yağır, kəsmək bilmir…

Soyuq yağışların izini – “çay”ların üstünü örtmək, ağartmaq olur.

İsti yağışların yeri isə damğa kimi, şırım kimi, çapıq kimi həmişəlik qalır…

Yağışdan qaçan, daldalanan adamların elə bütün həyatı quru qalır.

Dodaqları, boğazı quru qalır, bir də görürsən, udqunmağa bir damcı yağış tapmır.

Gözlərinin quruluğundan üzündə heç nə cücərmir.

Süfrəsi belə quru qalır…

***

Bu yağış təkcə otun, ağacın, daşın yağışı deyil.

O həm də insanların yağışıdı, insanları yumaq, içindən təmizləmək, saflaşdırmaq nağılıdı.

Amma nədənsə hamı yağışdan qaçır, qorunur, çətirlənir.

O yağışın Göyü yerə endirməyi, Yeri göyə qaldırmağı var.

Bu, Göyə ucalmaq simfoniyasıdır.

Bu, qəlbin ülviyyətə qalxmaq kəndiridir.

Belə yağışlarda deyirdilər ki, “Yernən Göy qovuşub”.

Min illər, milyon illərdir bir-birindən ayrı düşüblərmiş…

Qəribə sevgililərdir bu Yernən Göy də – bircə yağışlar yağanda əl-ələ tutuşurlar.

Göy Yeri belə sevməsəydi, bəlkə də, heç vaxt yağış yağmazdı.

Biz Yernən Göy qədər də yaxın ola bilmədik.

İstili-soyuqlu heç bir yağış qovuşdura bilmədi bizi…

***

Hər mövsümün yağışı da öz sevdiyinə həsr olunur.

Yayın yağışı torpağındır.

Yalnız yay yağışlarında torpağın öz ətri, bənzərsiz, özünəməxsus qoxusu gəlir – bir az yanıq, bir az tozlu, bir az da qəribə.

Torpaq sözünü ətri ilə deyir.

O torpağın fərəhidir.

Başqa mövsümlərdə torpağın belə ətri gəlmir.

Yaz yağışı çəmənindir.

Yaz yağışından sonra otun və çiçəklərin sevincini ən yaxşı kəpənəklər bilirlər, böcəklər duyurlar.

Payız yağışları yarpaqlarındı.

Ayrılıqdı, həm də görüşdü.

Elə bil ki, bunu yarpaqlar özləri istəyirlər…

Yerə can atan yarpaqlar ata evindən ayrılan qızlara oxşayır.

Yarpaqları budaqlardan qoparsa da, son arzusuna qovuşdurur yağışlar.

Ağacdan torpağa gəlin köçür, sevgisinə qovuşur, sevgisində əriyib-itir yarpaqlar.

Bu, onların toy havasıdır, toy rəqsidir, son uçuşudur.

Qışın yağışı qarındır.

Qarı əritmək üçündür.

İllər keçdikcə anladım ki, hara yağış düşürsə, ordan bir aydınlıq dikəlir.

 

Yağış Yerinkini yerə endirir, Göyünkünü göyə qaldırır.

Yağışla göyə bir can atmağımız var.

Mən yerdəki göy adamıyam.

Yerin göy həsrətiyəm.

Bu yağışın torpağıyam, ağacıyam, daşıyam.

Suları köpüklənə-köpüklənə axıb gedən arxıyam.

Həsrətlə yolunu gözlədiyim tənha səhra çiçəyiyəm.

Torpağın çatına düşən toxum kimi sevirəm onu…

 

Vallah, dəli olmuşam, başıma yağış gəlib…

O da mənim havamdı.

Adamı da ya hava aparar, ya da dava.

Yadımdan çıxmamış deyim.

Qəbrimi yağışda qazın.

Yağışda dəfn eləyin məni.

Bu yağışdan sonra hər yaz qəbrimin üstündə hələ deyə bilmədiyim sevgilərim göyərəcək…

Ölümdən çox inandığım…

yağış

2 ŞƏRH

  1. Çox gözəl bir yazı. Özlərindən quraşdırıb yazan bəzi yazarlar bu yazını oxusalar bilərlər ki, ürəkdən gələn yazı nə deməkdir yaxud yazarın ruhu nə deməkdir

  2. Gözəl yazıdır.. Yağış doğrudan da təbiət hadisəsi deyil, Loğman müəllim! Yağış – buludların Allaha şükür duasıdır…

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen + fifteen =