Kitab satışı ƏDV-dən azad olunsun, həm alan, həm satan qazansın

0
25

Kitab satışı“Valideynlər uşaqlarına oyuncaqla yanaşı, onlara yaşına görə kitab da almalıdırlar. Məsələn, 10 yaşındakı uşağa oyuncaqdansa, kitab almaq daha yaxşı olardı. Valideyn 3 yaşındakı uşağına da kitab ala bilər. Önəmli olan kitabın uşağın yaşına uyğun olmasıdır”. Bu sözləri Bakıda Filarmoniya bağında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramında bizimlə söhbətində “Nil” mağazalar şəbəkəsinin müdiri Rəsul Dirək söylədi. Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri və yayım assosiasiyalarının 40 min nüsxədən çox kitabı sərgilənirdi.

Rəsul Dirək bu sərginin hər il keçirildiyini söylədi. Onun sözlərinə görə, ilk illərdə ziyarətçilərin sayı bir qədər az olub: “Bu dəfə isə aktivlik var idi və sərgiyə qatılanların sayı kifayət qədər çox idi”.

Kitab sərgisinin önəmini vurğulayan həmsöhbətimizin sözlərinə görə, oxucularla yanaşı, bura qatılan nəşriyyatların, kitab evlərinin və yayım assosiasiyalarının da sayında artım var: “Sərginin əhəmiyyəti ondan ibarətdir ki, oxucular yeni kitablarla tanış olurlar. Bundan başqa, onlar ucuz kitablar barədə məlumatlar əldə edir və istədiklərini alırlar. Bu, həm oxucuların ürəyincədir, həm də bizim. İki tərəfi də qane edən mənfəət var”.

“Bəzi məqamlarda kitab oxumaq məcburi hala gətirilməlidir”

Müsahibimiz dedi ki, sərgilərdə kitabla ən çox gənclər və ev xanımları maraqlanırlar: “Hər kitabın öz alıcısı var. Romanlara, hekayələrə, uşaq kitablarına, ev xanımlarına yönəlik kitablara üstünlük verənlər daha çoxdur”.

Rəsul Dirək deyir ki, kitab oxuyanların sayının artmasını istəyiriksə, bu işə ilk növbədə, ali təhsil ocaqlarından başlamalıyıq: “Universitet müəllimlərinin üzərinə çox böyük iş düşür. Tələbələrin diqqətini kitaba cəlb etmək üçün müxtəlif üsullardan istifadə olunmalıdır, məsləhətlər verilməlidir və s. Əgər gənclərimiz yenə də kitab oxumurlarsa, işi bir qədər ciddiləşdirmək lazımdır. Məsələn, müəllimlər “filan kitabı oxuyun, imtahanlarda bu barədə suallar verəcəyik” deməlidirlər. Yəni kitaba təşviq olmalıdır. Yoxsa insanlar kitab oxumazlar. Hətta mən deyərdim ki, bəzi məqamlarda kitab oxumaq məcburi hala gətirilməlidir. Çünki, insan kitab oxuduqca inkişaf edir, söz ehtiyatı artır”.

“Hər axşam qızıma 3 nağıl oxuyuram”

“Nil” məktəb ləvazimatları mağazaları şəbəkəsinin müdiri hesab edir ki, son illər ölkəmizdə kitab alanların sayı 3-4 qat artsa da, potensial çox böyükdür: “Hesab edirəm ki, gələcəkdə kitab bazarında indikindən daha çox aktivlik görəcəyik”.

Satılan kitablara gəlincə, müsahibimiz: “Biz gənclərimizə zərərli olan heç bir nəşri mağazamıza buraxmırıq. Gəncləri həyata hazırlayan, onları maraqlandıran suallara cavab verən, günümüzün tələblərinə uyğun kitablar satırıq”.

Ailələrdə kitaba marağın artırılmasına gəlincə, R. Dirək dedi ki, bu gün bir çox ailələrdə mobil telefon, kompyuter var və uşaqlar kitab oxumur, oyun oynayırlar: “Bu işdə valideynlərin üzərinə böyük iş düşür, onlara kitabı sevdirməli, uşaqlarda maraq oyatmalıdırlar. Məsələn, mənim 4 yaşında bir qızım var. Hər axşam ona 3 nağıl oxuyuram. Kitabdan oxuyuram ki, nağılı sevsin, kitabı sevsin, düşüncəsi, zehni, təxəyyülü ona görə inkişaf eləsin. Əminəm ki, bunun gələcəkdə onun yaşantısına, inkişafına bir təsiri olacaqdır”.

“Kitab satışından ƏDV tutulmasın”

R. Dirək bu gün kitab satışı ilə məşğul olanların hər birini maraqlandıran bir məqama da toxundu. Onun sözlərinə görə, kitab satışından tutulan Əlavə Dəyər Vergisi (ƏDV) bir çox çətinliklərə səbəb olur: “Məsələn, Azərbaycana gətirilən kitaba görə gömrükdə vergi tutulmur. Amma həmin kitabı satarkən 18 faiz ƏDV tutulur. Bu, 5 manatlıq kitabın 6 manata satılması deməkdir. ƏDV ilə kitabın qiyməti bahalaşır. Bu vergi götürülsə, bəlkə, daha çox kitab satacağıq, daha ucuz satacağıq. Bu o deməkdir ki, insanlar daha çox kitab ala biləcəklər. Aidiyyəti dövlət qurumlarımızın bu məsələni gündəmə gətirib məsələni həll etmələrinə ehtiyac var”.

“Kitaba maraq artır”

“Xəzər” nəşriyyatının əməkdaşı Firdovsi Səfərov isə bizimlə söhbət zamanı sərgidə 100-ə yaxın kitab nümayiş etdirdiklərini söylədi: “Nərşiyyatımız Azərbaycanda ən çox kitab satanlar sırasındadır. 2012-ci ildə elmi mövzuda keçirilən müsabiqədə kitablarımızdan biri mükafata layiq görüldü. Ölkəmizdə kitaba maraq ilbəil artır. Azərbaycan oxucusu sanki axtarışdadır, yeni məlumatlar əldə etmək istəyir. Almasalar belə, kitablarla maraqlananlar çoxdur. Ən çox cavanlar maraqlanırlar, xüsusən də, universitet tələbələri. Bundan başqa, elmi, dini və ailəvi kitabları alanlar daha çoxdur. Dünyada son dövrlər məşhur olan romanlara da üstünlük verənlər var”.

“Bazara müxtəlif adlarla kitablar daxil olur”

Firdovsi Səfərov hesab edir ki, bu sərgilər Azərbaycan oxucusuna çox şey verir: “Kitab dəyərdən düşmüşdü. Amma son illər dövlətin qayğısı ilə belə tədbirlərin keçirilməsi kitaba marağı artırır. Bu gün Azərbaycan kitab bazarına müxtəlif adlarla kitablar daxil olur. Nəticədə, Azərbaycan oxucusu yeni kitablar görür. Hər bir yeni kitab yeni bir dünya deməkdir”.

Müsahibimizin sözlərinə görə, kitaba marağı qaytarmaq üçün özünü ziyalı hesab edən hər bir kəs iş görməlidir: “Bu, bir növ borcdur. Kütləvi İnformasiya Vasitələrinin də üzərinə bu məsələdə çox böyük iş düşür. Kitaba təhrik edən, kitab oxumağa həvəsləndirən verilişlər olsa, bəlkə də, vəziyyət indikindən qat-qat yaxşı olardı. Valideynlər uşaqla birgə kitab oxumalıdırlar, onlara qiraət üsullarını öyrətməlidirlər və s. Uşaq gözünü açıb evdə kitab görəndə bunun daha böyük effekti olur”.

Nicat İntiqam, ZAMAN