Bu ay elə fürsətdir ki…

0

Ramazanda oruc tutmağı bizə Allah-Təala özü əmr edib, mükafatını da özü verəcək. Bu ibadətin, yəni orucun bir gözəlliyi də ondadır ki, gizlidir. Müşahidələrə görə bu il oruc tutanların sayı əvvəlki illərə nisbətən daha çox olacaq. Ürək açan başqa bir gerçək də var ki, gənclərimiz bu ibadəti kortəbii şəkildə, başqalarına nəsə göstərmək xatirinə deyil, anlayaraq, fərqinə vararaq yerinə yetirirlər. Ramazan ayında insan mələkləşə bilir, gün uzunu aclıq ona həm də çox gözəl mənəvi tərbiyə aşılayır. Oruc tutan insan nəfsinə qalib gəlməyi öyrənir, ruhən bərkiyir, ucalır. Bu gün bizim bəlkə də ən çox ehtiyacımız olan da elə budur: bərkimək, ucalmaq, nəfsinə qalib gəlmək.

Halallıq öyrənək və evdə böyüyən balalarımıza da öyrədək. Harama alışmış xalqların sonu fəlakətdir. Peyğəmbərlərin həyatına baxdıqda o ümmətlərə Allah-Təalanın göndərdiyi bir-birindən fərqli əzablar hər şeyi açıq-aydın göstərir. Xalqın gücü onun iman duyğusunda, dövlətin gücü ədalətindədir. Bu gücdən məhrum olan xalq da, dövlət də düşmən qarşısında acizdir, əliyalındır, məğlubdur. Bütün qələbələrin təməli nəfsinə qalib gəlməkdir. Bunu bacaran çox şeyi bacarar. Biz də bu duyğuya sahib olmağa çalışaq.

Allah-Təala Adildir, yəni ən ədalətlidir. İnsan özünü zülmə layiq hala gətirməyincə Allah-Təala da onun zülmə düçar olmasına imkan verməz. Yəni bu gün başımıza gələnlərin əsas səbəbini özümüzdə, öz əməllərimizdə axtarmalıyıq. Torpaqlarımızın işğal edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşmələrinin də əsas səbəbkarı elə özümüzük: zaman-zaman üst-üstə gələn səhvlərimiz, tövbəsizliyimiz, Haqqa layiqincə ibadət etməməyimiz, bir-birimizə qarşı səmimiyyətsizliyimiz…

Ramazan günahlarımızın bağışlanması üçün misilsiz fürsətdir. Heç olmasa üzümüzə gələn bu ayda səmimi olaq: içimizdən gələn gerçək duyğularla diz çökək, Allaha yalvaraq, Ondan günahlarımızı bağışlamasını istəyək, özümüzə, ailəmizə, xalqımıza, dünyamıza xeyir-bərəkət diləyək; ərazi bütövlüyümüzü bərpa etmək üçün bizə cəsarət, qeyrət verməsini təvəqqe edək…

Share.

About Author

Leave A Reply