Həsən bəy Zərdabinin lənkəranlı məşhur tələbəsi

0

Bakı Real Gimnaziyasında H.Zərdabinin ən sevimli tələbələrindən biri M.A.Pavlov 22 dekabr 1862-ci ildə (təzə stillə – 9 yanvar 1863-cü ildə) Bakı Quberniyasının Lənkəran uyezdində doğulub.

O,1874-cü ildə Lənkəranda ikisinifli şəhər məktəbini bitirərək, Bakıya gəlmiş, qəbul imtahanında suallara  yaxşı cavab verdiyinə görə yaxşı qiymət alaraq, savadlı və dərrakəli müəllimləri ilə məşhur olan Bakı Real Gimnaziyasına daxil olub.

M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirərək, çar Rusiyasında metallurgiya sənayesinin aparıcı mütəxəssislərindən biri kimi tanınıb, istehsalatla elmi əlaqələndirərək metallurgiya sənayesinin  akademiki  kimi tarixin yaddaşında qalıb.

Azərbaycanı dünyada tanıtmış şəxsiyyətlərdən olan M.A.Pavlov Bakı Real Gimnaziyasının əlaçı məzunlarından idi. O, milliyyətcə rus olsa da, özünü əsl Azərbaycan vətəndaşı hesab edən, ömrünün ahıl çağlarında belə Azərbaycanı və Azərbaycan dilini unutmayan, SSRİ Elmlər Akademiyasının akademiki, 2 dəfə Stalin mükafatına, 5 dəfə Lenin ordeninə layiq görülmüş həmyerlimizdir.

… Lənkəranlı Pavlovların Azərbaycana gəlişi 1855-ci ilə – Pusiya-Türkiyə müharibəsi dövrünə təsadüf edir. Mixailin babası Don kazaklarından idi.  O, Ust-Bıstryanski , arvadı (Mixailin nənəsi ) isə Kunduryuçey stanitsasından idi.

Mixailin sonralar yazdığı xatirələrindən məlum olur ki, o, atasını xatırlamır, anası isə oğlunu 7 yaşında yetim qoyub. Mixail uşaqlıq illərində küçə uşağı kimi böyüdüyünü yazsa da, incə yumorla qeyd edir ki, əslində Astarada küçə yox idi. Aydınlıq üçün deyək ki, Pavlovlar  əvvəllər Astarada yaşamış, sonralar , Mixailin 9 yaşında məktəbə getmək məsələsi ortaya çıxanda, yaxınlıqda məktəb olmadığı üçün ailə üzvləri ikisinifli məktəbi ilə məşhur olan Lənkərana köçmüşdülər. Ailə onu oxutmaq fikrində israrlı idi. Mixailin xalası Lənkəranda yaşayırdı. Xala oxumaq və yazmaq bilməsə də, Znamenski kimi ləyaqətli bir kişiyə ərə getdiyinə görə özünü xoşbəxt sayırdı. Mixailin onlarda yaşaması bu xoşbəxtliyi daha da artıracaqdı.

Lənkəran  şəhər məktəbinin birinci sinfi üç bölməli idi. Dərrakəli olduğuna görə Mixaili 2-ci bölməyə qəbul edirlər. Mixail 2-ci sinfi qurtaran il Znamenskinin iş yerini dəyişirlər. O, ailəsi ilə bərabər Bakıya köçür. 1874-cü ilin payızında Mixail də Bakıya köçür və Bakı Real Gimnaziyasının 2-ci sinfinə qəbul olunur.

Mixail düz üç il, xalası öləndən sonra içkiyə qurşanan Znamenskinin ailəsində onun uşaqları ilə bir yerdə qalmalı olur. IV sinfə keçəndə Mixail bu ailəni yaxşı tanıyan Monamaxovgilə köçür. Artıq Mixail Pavlov özü pul qazanmağın çəmini tapır; repetitorluq edir, həm Znamenskinin borcunu qaytarır, həm də oxumaq üçün pul toplayır. Bu işdə ona BRG-nin müəllimləri vasitəçilik edir ,onu varlı ailələrə tanıdırlar.

BRG-da oxuyarkən M.Pavlov heç vaxt pansionda (yataqxanada) yaşamayıb, son siniflərdə oxuyarkən ayrıca mənzil kirayələyib və gimnaziyanı qurtararkən attestatında əla qiymətlərin içində tək bircə “3”ü olub. O da rəsm və rəsmxətdən.  Lakin bu “3”ə  baxmayaraq, ona fərqlənmə attestatı veriblər. Mixail sonralar yazırdı ki, o rəsm və rəmxətti heç də heç kimdən pis çəkmirmiş. Rəsm müəllimi öz fənni ilə yanaşı, məktəbin kitabxanasına da rəhbərlik edirmiş. Mixail Gimnaziyanın kitabxanasına tez-tez müraciət edib, rəsm müəllimini narahat etdiyi üçün, onun əks reaksiyası ilə üzləşir. Mixail xatirələrində başqa müəllimlərdən fərqli olaraq, onun adını çəkmir.

Mixail Pavlov  ali məktəbə girmək üçün mütləq VII sinfi qurtarmalı idi .VII sinifdə oxumayanlar iki illik yunker məktəblərinə daxil olub zabit ola bilərdilər. Mixailin babası da bunu istəyirdi.  Lakin Mixail babasını inandırıb, daha bir il oxuyub, sinfin digər şagirdləri ilə bərabər – 7 nəfər bakılı gənclə Şimala üz tutur: onların çoxu Peterburq Dağ-Mədən İnstitutuna daxil olmaq istəyirdi. Bu da təbii idi. Bakı neft təlatümündə idi. Hamı neft haqqında düşünürdü, Bakı hələ Nobelləri tanımırdı.

Bakı Real Gimnaziyası tələbələrinin dağ-mədən ixtisasına meyl göstərmələrinin bir səbəbi də neft sənayesində işləyən mühəndislərin yaxşı maaş almaları, cəmiyyətdə yaxşı mövqe qazanmaları idi. M.Pavlov xatirələrində onlardan biri haqqında söz açır: “Bakıda Kokarev familiyalı sahibkarın mühəndisi Aleksey Semyonoviç Doroşenkonun kiçik qardaşı bizimlə bir yerdə oxuyurdu. Bir dəfə Suraxanıya -onun yanına getmişdik.  O, o  qədər də varlı ailədən deyildi, lakin Suraxanıda yaxşı ad-san qazanmışdı.Bu görüşdən sonra biz Peterburqa oxumağa getməyi qətiyyətlə qərarlaşdırdıq”.

Onlar gəmi ilə Həştərxana, oradan çay gəmisi ilə Tsaritsinə gedir, sonra dəmiryolu ilə yollarına davam edirlər. Səhhəti Petrburqun iqliminə uyğun gəlmədiyinə görə Mixailin dostlarından biri – Vermişev Moskvada gimnaziya yoldaşlarından ayrılır. O, Moskvadakı Kənd Təsərrüfatı Akademiyasına daxil olmağı qərara alır. Mixailin ən yaxın dostlarından biri azərbaycanlı Cəbrayıl bəy isə onunla bir yerdə yoluna davam edir.

lll

…Bu qeydlərin çoxu M.A Pavlovun “Metallurqun xatirələri ” kitabındandır.  Akademik M.A.Pavlovun “Metallurqun xatirələri” memuarı  birnəfəsə oxunan kitablardandır. Burada müəllim-şagird münasibətləri, Bakı Real Gimnaziyası və onun  müəllim kadrları haqqında arxiv sənədləri ilə üst-üstə düşən maraqlı paralellər vardır.

BRG-nın direktoru milliyyətcə çex olan K.L.Çermakdı. Rus qadınla evlənmişdi. O, Moskva Universitetinin məzunu kimi bir neçə dili sərbəst bilirdi.  İşi gimnaziyanın müəllim və şagirdləri tərəfindən bəyənilirdi. Gimnaziyada İ.V.Çernsov, B.O.Novitski, Azlevski kimi öz peşə ustalığı ilə fərqlənən müəllimlər var idi.

M.A.Pavlovun xatirələrində ən çox diqqəti cəlb edən müəllim isə Həsən bəydir.

Müəllif onun familiyasını açıq yazmır, cümləsini mötərizədə yazdığı “düşünürəm ki, Zərdabi idi ” qeydləri  ilə bitirir.

Xatirələrdən məlum olur ki, Həsən bəy aşağı siniflərdə hesab dərsini, VI sinifdə isə  uşaqlara  təbiət tarixindən dərs deyirmiş. Təbiət tarixinə aid dərslik olmadığına görə, Həsən bəy tələbələrinə (şagirdlərinə) mövzunu yazdırar, gələn dəfə dərsi konspektdəki yazılara əsasən soruşarmış.

Gimnaziyanın tələbələri 7-ci sinfə keçəndə öyrənirlər ki, Həsən bəy Gimnaziyanı tərk etmək məcburiyyətində qalıb. Tələbələr öz sevimli müəllimlərindən biri olan Həsən bəylə vidalaşmaq, təşəkkür etmək məqsədilə onun evinə gedirlər. Buradakı bir cümlədən  – 1943-cü ildə yazılmış kitabın bir cümləsindən bu gün belə həyəcanlı görünən bir sətiraltı məna ortaya çıxır. Cümləni orijinalda olduğu kimi verirəm:

“V posledstvii okazalosğ,çto on naüionalist i daje predvoditelğ partii azerbaydjanskix naüionalistov. Za gto li eqo uvolili,ili za uçenie Darvina – ne znaö”.

M.A.Pavlovun   “Metallurqun xatirələri” əsəri ilk dəfə 1943-cü ildə  Moskvada çap olunub. “Xatirələr”in ədəbi emalı ( ədəbi əsər kimi formalaşdırılması, sənaye həyatına və memuar üslubuna  bələd olan görkəmli yazıçı Bek Aleksandr Alfredoviçə (21.12.1902 (03.01.1903)-02.11.1972) məxsusdur.

Əsər 2 hıssədən, 16 bölmədən ibarətdir və bakılı gənclərin Peterburqa gedişi ilə başa çatır. Həmyerlimiz – akademik M.A.Pavlovun daim qurub-yaratmağa  meylli olan mənalı həyatının sonrakı səhifələrini digər mənbələrdən öyrənirik.

M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib, VYATSK metallurgiya zavodunda mühəndis işləyir. İstehsalatda işləyə-işləyə elmlə də məşğul olur: ilk elmi məqaləsini 1894-cü ildə çap etdirir. 1896-1900-cu illərdə Sulinski metallurgiya zavodunda işləyir. 1904-cü ildə, artıq pofessor idi, müxtəlif ali məktəblərdə dərs deyirdi. Onun elmi əsərləri çoxdur. Şah əsəri isə 1949-cu ildə Moskvada çap etdirdiyi 628 səhifəlik “Çuqunun metallurgiyası”dır.

M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişib. O, Moskvadakı Vveden qəbiristanlığının 5-ci sahəsində dəfn olunub.

Daha bir maraqlı fakt. 1963- cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə SSRİ-də buraxılmış poçt markasında akademikin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu bir yox, iki ədəd göstərilib. Bəlkə də rəssam bununla o vaxtkı rəhbərliyin səhvini düzəltmək, Lənkərandan olan akademiki layiq olduğu kimi – iki ulduzlu görmək istəyirmiş…

Nazim NƏSRƏDDİNOV
Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü

 

 

Share.

About Author

Leave A Reply