Kimdən istəməyi bilmək

0

Birinə işimiz düşəndə min bir dil tökürük, bəzən “qadan alım” da deyirik, “qurban olum” da, əzilirik, tapdanırıq, kiçilirik və bir də görürük ki, qula qul olmuşuq. İnsan insandan bir şeyi istəyər, xahiş edər; canı üçün, malı üçün yalvarmaq əskiklikdir, ucuzluqdur. Günlərlə yalvarıb kiçik bir şey qazanırıq, amma düşünmürük ki, əsl yalvarılmalı ünvan insan deyil, insana hər cür naz-neməti, sərvəti verən Allahdır. İnsana yalvarmaq nə qədər acizlik, kiçiklik, zəiflikdirsə, Allaha yalvarmaq o qədər böyüklükdür; Allaha yalvarmaq o qədər böyüklükdür, özünə dəyər verməkdir. İnsana yalvardıqca şəxsiyyət dəyərdən düşər, Allaha yalvardıqca insan dəyər qazanar.

Dua Allaha yalvarmağın, Ona dərdini söyləməyin və xeyirli bir çıxış yolu istəməyin adıdır. Dua qul ilə Allah arasında körpüdür, dua qulun Allah-Taalaya dönməsi və Onun mərhəmət qapısını döyməsidir. Dua öz acizliyini etiraf, Allahının böyüklüyünə təslim olmaqdır. Dua ünvanını tanımaqdır, həqiqi gücü görə bilməkdir. Allaha yalvarmaq ucalıqdır, insana yalvarmaq əskiklikdir. Allaha yalvarmaq bütün sərvətlərin, naz-nemətlərin Ona məxsus olduğunu ruhu ilə, könlü ilə təsdiq etməkdir. Allaha yalvarmaq bütün xeyirlərin, bütün çarələrin, bütün qurtuluşların Ondan gəldiyinə inanmaqdır. Dua qul üçün açılmış ən kəsə, ən qısa və Haqq dərgahına yetişən yoldur. Allah-Taala: “Duanız olmasaydı, sizə nə deyə dəyər verərdim?” buyurur. Yəni hər kəsin dəyəri onun duasının dəyəri nisbətindədir. Zülmdən gərilmiş insanın öz dərdini Allah-Taalaya izhar edib, çarə diləməsi ilə bir kef məclisində “Allah səni xoşbəxt eləsin” deməyin dərəcəsi eyni olmadığı kimi, qarşılığı da eyni olmayacaq. Allah-Taala məzlumun, yetimin, yolda qalanın, haqsızlıq qarşısında gərilmiş və Allahdan başqa kimsədən çarə diləməyənin duasını tez qəbul edər. Dua ibadətin özüdür, namaz da duadır, oruc da duadır, möminin bütün həyatı duadır. Dua Allaha təslimiyyət, Ondan xeyir, bərəkət diləməkdir. “Yalnız Səndən mədət umaram, yalnız Sənə tapınaram” həqiqətidir dua. “Məni Özündən başqa kimsələrə möhtac eləmə” diləyidir dua.

Duanın da bir ədəbi var. Allah-Taala Öz qullarına çığır-bağırtısız, reklamsız-filansız, səssizcə dua eləməyi buyurur, yəni duanın gücü onun ifadə formasında deyil, dua edənin səmimiyyətindədir. Həzrəti-İbrahim mancanaqla oda atılırdı, mələklər havada ona yaxınlaşdılar və “bir istəyin varmı?” soruşdular. Ruhunu büsbütün Allaha bağlamış Həzrəti-İbrahim: “Allah mənə yetər, mənim halımı O bildisə, başqa kimsəyə bir şey söyləmərəm, Ondan başqa kimsədən nicat diləmərəm” məalında qarşılıq verdi, yəni Ondan nə gəlsə, xoşdur, narı da xoş, nuru da xoş və bu duanın qarşısında Allah-Taala dağ boyda alovu Həzrəti-İbrahim üçün gülüstana çevirir. Hər şeyini itirmiş Həzrəti-Əyyub (ə.s.) xəstəlikdən dili titrəyəndə və huşunu itirmək dərəcəsinə gələndə: “Allahım, zərər indi mənə toxundu” deyib halını Uca Rəbbə ərz edir, yəni mən özüm üçün heç bir şey istəmirəm, mənə dilimi ver Səni zikr edim, mənə şüurumu ver, Səni təfəkkür edim, başqa heç nə gərəyim deyil.

Həzrəti-Yusif zindanda ikən yanındakılardan birinə dedi ki, sən azadlığa çıxanda padşaha məndən bəhs edərsən. Deməyinə dedi, amma heç bir an keçmədən alnını yerə qoyub Allahdan əfv dilədi. Çünki o özünü suçlu hesab edirdi, Allahdan başqasından yardım diləmək fikrinə düşmüşdü.

Peyğəmbərlərin həyatı möhtəşəm dualar tablosudur.

Bir nəfər kor Rəsulullahın (s.ə.s.) yanına gəlir və:

– Ey Allahın Rəsulu, dua elə gözlərim açılsın, – deyir.

Allah Rəsulu isə:

– Sənin bu halına şükür edərək yaşamağın sənin üçün daha xeyirlidir, – cavabını verir.

Adam israr etdikdən sonra Rəsulullah dua elədi və onun gözləri açıldı.

Amma Rəsulullahın söylədiyinin daha doğru olduğuna kimsə şübhə eləməz. Çünki onun həyatı bu cür təslimiyyət mənzərələri ilə dolu idi.

Həzrəti-Fatimədən başqa, bütün övladlarını öz əli ilə dəfn elədi. Amma bir dəfə də “Allahım, bu körpəmi mənə bağışla” deyə dua eləmədi. O, təslimiyyətin misilsiz örnəyidir. Həyatının hər anı, hər addımı duadır. Alnını səcdəyə qoyub təslimiyyətini bütün ruhu ilə ifadə edəndən sonra mömin yeməyində də, içməyində də, yatıb-durmağında da dua bərəkəti axtarmalıdır. Bir işi başlayarkən “Bismillah!” demək də duadır, yəni Allahı çağırırsan və Ondan xeyir-bərəkət diləyirsən. Rast gələndə “Salamun-əleyküm” demək də duadır, yəni Allah səni hər cür xətadan-bəladan qorusun, əmin-amanlıq içində tutsun. Duaların ən gözəli “Allah səndən razı olsun” deməkdir. Çünki Allahın rizasına qovuşmaq üçün nə bir dərd qalar, nə bir sıxıntı. Allah sənə dost olsun, Allah səni sevsin, dünyanın düşmən olmasından nə çıxar ki? Hər işində Allahın rizasını düşünərsənsə, Allah-Taala da düşmənlərini sənə dost edər.

Zaman.az

Share.

About Author

Leave A Reply