Millət vəkilimiz Jalə Əliyeva Nazirlər Kabinetinin hesabatında Zərdabın problemlərini gündəmə gətirdi

0

Milli Məclisdə Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkilimiz, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva  çıxış edib. Zerdab.com saytı millət vəkilimizin çıxışını təqdim edir: “Hörmətli sədr, hörmətli Baş nazir və hökümət üzvləri, hörmətli həmkarlar, Nazirlər Kabinetinin müzakirə etməkdə olduğumuz hesabatı ölkəmizin daha  güclü olmasını, xalqımızın daha firavan yaşamasını hədəfləyən dövlət siyasətini əks etdirir. Hesabat mükəmməl hazırlanmışdır və mən ona səs verəcəyəm. Hesab edirik ki, ötən il də hökümətin fəaliyyəti qənaətbəxş olmuşdur. Hamımıza məlumdur ki, son illərdə bütün dünya maliyə böhranı yaşayır. Lakin hökümətimiz  bu çətin vəziyyətdə, qlobal proseslərin təzyiqı altında belə kifayət qədər müvəffəqiyyətlə fəaliyyət göstərmişdir və müsbət nəticələr əldə etmişdir. Dövlət başçımızın çevik və uğurlu siyasəti, onun rəhbərliyi altında həyata keçirilən mühüm tədbirlər  nəticəsində ölkəmiz ötən ildə də yüksələn xətlə inkişaf edib. Məhz cənab Prezidentin iradəsiylə sosial yönümlü layihələrin icrası yüksək səviyyədə davam etdirilib, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin qorunması istiqamətində mühüm addımlar atılıb. Ölkədə yaranmış ictimai-siyasi sabitlik, təmin edilən stabil iqtisadi siyasət, ən böyük qazancımız olan vətəndaş həmrəyliyi və milli birlik gələcəyə daha da nikbin və əminliklə baxmağımıza əsas verir. Hesabatda, əldə etdiyimiz uğurlar, eyni zamanda problemlər və eləcə də bundan sonra görüləcək işlər aydın ifadə edilmişdir. Məndən əvvəl çıxış edən deputat həmkarlarım bu məsələlər haqqında ətraflı danışdılar. Mən də öz növbəmdə Nazirlər Kabinetinə və şəxsən hörmətli Baş Nazir Artur Rəsizadəyə uğurlu fəaliyyəti üçün təşəkkür edirəm. Mən hesabat ilində layihələriylə xüsusi diqqət çəkən, əhəmiyyətli nailiyyətlərə imza atan bir neçə qurumun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Məlumdur ki, 2015-ci il ölkədə kənd təsərrüfatı ili elan edilmişdi. Lakin ötən ildə də ölkə rəhbərinin bu sahəyə diqqətiylə Kənd Təsərrüfatı nazirliyinin həyata keçirdiyi layihələr uğurla davam etdirilmiş və müsbət nəticələr əldə edilmişdir. Bu sahədə tətbiq edilən islahat xarakterli tədbirlər – pambıqçılığın, taxılçılığın, baramaçılığın inkişaf etdirilməsi və daha məhsuldar olması üçün görülən işlər  vətəndaşımız tərəfindən rəğbətlə qarşılanır. Vergilər Nazirliyinin müsbət fəaliyyəti nəticəsində dövlət büdcəsinə daxilolmaların miqdarı hər ötən il daha da artır. Ötən il bu sahədə həyata keçirilən bir sıra tədbirlər sayəsində – xüsusilə yerli büdcənin formalaşdırılması, elektron ödəniş sisteminin tətbiqi, vergi ödəyicilərinin elektron qeydiyyatının aparılması təqdirə layiqdir. Əhalinin sosial müdafiəsinin təşkili prosesinin təkmilləşməsi, pensiyaların və ünvanlı sosial yardımların təyin edilməsinin elektronlaşdırılaraq bu sahədə bürokratik əngəllərin aradan qalxması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi uğurlu fəaliyyət də əhali tərəfindən məmnunluqla qarşılanır.

Jalə Əliyeva

Fəaliyyətlərində şəffaflıq prinsiplərini başlıca hədəf seçən və yarandığı gündən bəri vətəndaşa qüsursuz xidmət göstərərək onun həyatını asanlaşdıran, bir saat mexanizmi kimi dəqiq işləyən ASAN xidmət vətəndaşlar tərəfindən çox müsbət qiymətləndirilir və sözün həqiqi mənasında bu gün bütün dünyada bir Azərbaycan nümunəsi, brendi kimi xarakterizə edilir. Vətəndaşların, fəaliyyətindən məmnunluq ifadə etdikləri qurumlardan biri də Azərişıqdır. Bu gün Azərbaycanın ən ucqar kəndində də 24 saat fasiləsiz işıq var. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin ölkənin inkişafı naminə görülən işlərdə xüsusi bir imzası var. Son iki ildə 2000-dən artıq transformatorun yenidən qurulması, dəyişdırılməsi əlbəttə ki, vətəndaşa məsuliyyətlə xidmət etməyin bariz nümunəsi və işi düzgün qurmağın nəticəsidir. Ən çətin dəqiqələrdə vətəndaşın köməyinə gələn, onu təhlükədən qurtaran qurumlardan biri də Fövqəladə Hallar Nazirliyidir. Nazirliyin, xilasetmə, təcili axtarış çalışmalarının ən çevik şəkildə həyata keçirilməsi, fövqəladə halların baş verməməsi üçün öncədən tədbirlərin görülməsi, təhlükəsizliyin təmin edilməsi kimi fəaliyyətləri əhali tərəfindən rəğbətlə qarşılanır. Yol mədəniyyətdir, deyir atalarımız. Hələ üstəlik bu yol ölkənin sərhədlərindən kənara çıxırsa, sənin ölkəni dünyada tanıdırsa o zaman əhəmiyyəti birə min artmış olur. Söhbət ölkəmizin dəmir yollarından gedir. Təsəvvür edin, bu gün böyük bir sürətlə tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatdıqdan sonra, Azərbaycan-İran dəmir yolları birləşdirildikdən sonra bütün bunlar Azərbaycana nə qədər dividend qazandıracaqdır. Dövlət Başçımızın strateji olaraq müəyyənləşdirdiyi beynəlxalq nəqliyyat siyasətinin yerinə yetirilməsi ölkəmizin qüdrətini daha da artıracaq, yeni iş yerləri açılacaq, əhalinin rifah halı daha da yaxşılaşacaqdır.

Jalə Əliyeva

Mən eyni zamanda, hörmətli hökümət üzvlərinin burada olmasından istifadə edərək seçildiyim rayonla bağlı bir sıra problemləri nəzərinizə çatdırmaq istərdim. 2010-cu ildən Kür daşqını zamanı qəzalı vəziyyətə düşən Təzəkənd 8 illik kənd orta məktəbinin yenidən tikilməsi üçün etdiyimiz müraciət nəzərə alınıb, hətta, tikinti üçün yeni yer də ayrılıb, lakin, təəssüf olsun ki, bu günə qədər tikinti işləri başlanmamışdır. Üstəlik, eyni məktəbdə keçən il yanğın baş verib və məktəb tam yararsız vəziyyətə düşüb. Həmin məktəblə bağlı qərarın bird aha nəzərdən keçirliməsini və tikinti işlərinin tezliklə başladılmasını xahiş edirik. Eyni zamanda, Zərdab şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, Qəzalı vəziyyətdə olan Məlikli, Körpükənd kənd sahə xəstəxanası üçün yeni binaların tikilməsi, ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakları ilə təntənəli açılışı keçirilən Rayon Xəstəxanasında 55 nəfər müxtəlif ixtisaslı həkim çatışmazlığının aradan qaldırılmasını, Zərdab Rayonunun Kəndəbil, Şıxbağı, Ağabağı, Nəzəralılı, Sileyli, Çilovxanlı kəndlərinə və Bəyimli qəsəbəsinə qaz xəttinin çəkilməsini, Zərdab şəhəri ərazisində çəkilişi başlayan, lakin sonradan tikintisi dayanmış kanalizasiya xəttinin tikintisinin davam etdirilməsini, Qəzalı vəziyyətdə olan Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi və rayon Mədəniyyət Evinin təmir olunmasını, Deputatı olduğum Ucar rayonunun da Bərgüşad və Lək kəndlərində bərbad vəziyyətdə olan Mədəniyyət Evinin əsaslı təmirini, Lək kəndində məktəb qazanxanalarının qazla təminini, Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsini, həmin kənddə 1961-ci ildə çəkilmiş, qəzalı vəziyyətdə olan elektrik xəttinin və dirəyinin yenilənməsini xahiş edirəm. Sonda hər birinizin qarşıdan gələn Novruz bayramını təbrik edir, dövlətimizə, xalqımıza, millətimizə xeyirli, uğurlu olmasını arzulayıram”.

Share.

About Author

Leave A Reply