Millət vəkilimiz Jalə Əliyeva: “Özümə çox az qıyıram, ətrafdakılara isə əksinədir”

0

“Hələ belə olmamışdı…” adlı layihəmizdə cəmiyyətin ictimai-siyasi, sosial, mədəni həyatında kifayət qədər tanınmış şəxslərin yaşamında aysberqin görünməyən tərəflərini aşkara çıxarmaq niyyətindəyik. Layihənin məxsusi özəlliklərindən biri də indiyə kimi ciddi obrazlarda gördüyünüz tanınmışların fərqli rakurslarda fotosessiyaya çəkilməsidir. İlk qonağımız isə millət vəkili, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevadır.

Cəmiyyət Jalə Əliyevanı həm deputat, həm böyük şairəmiz Nurəngiz Günün qızı, həm də tanınmış şərqşünas, pedaqoq kimi tanıyır. Ancaq bu layihəmizdə oxucularımız onu fərqli obrazda görmüş olacaqlar.

Bizimlə evində söhbətləşən xanım deputatla müsahibəni oxuculara təqdim edirik…

– Evinizin qapısını mətbuata ilk dəfəmi açırsınız? Bu baxımdan sizi cəsarətli hesab edə bilərik…

– Mənim evim kifayət qədər mətbuata açıqdır. Bu, hər zaman belə olub. Hesab etmirəm ki, burada gizlilik daşıyan hər hansı bir amil var. Evin mətbuatın üzünə açılması müxtəlif səbəblərdən və rakurslardan baş verə bilər. Əgər səmimi danışsaq, biz sizinlə 1 aydır ki, görüş planlaşdırmışdıq və bu müxtəlif səbəblərdən alınmırdı. Deməli, bu günə və bu məkana qismət imiş.

– Əksər qadınlar evə bağlı biri olduğunu vurğulayır, işdən çıxan kimi evə tələsir, kimiləri də alış-verişi, gəzməyi sevir. Siz evdə gününüzü necə keçirirsiniz?

– Kaş ki, bir az çox vaxtım olsa da, onu evdə keçirtsəm. Boş vaxtlarımı evdə dəyərləndirməyə çalışıram. Bütün gündəlik cavabdehlik daşıdığım, görməli və etməli olduğum işlər bitdikdən sonra vaxtımı hardasa dəyərləndirmək əvəzinə evə qaçmağa can atıram. Axşam 6- dan sonra bizi harasa dəvət edirlərsə, inanın ki, ayağım həmin yerə zorla gedir. Çünki evimə gəlib dincəlmək, gündəlik geyindiyim, məni sıxan uniformadan qurtulmaq istəyirəm.

– Vasvası birisiniz? Çünki evə daxil olduğunuzda bunu hiss etdik…

– Həddindən artıq vasvası qadınam. Məncə, evdə hər şeyin bir yeri olmalıdır. Ancaq belə olmaq çox çətindir. Çünki insan öz-özünü çox əziyyətə salır. Ətrafdakı insanlar tərəfindən yaxşı qarşılanmadığımı da hiss edirəm, düzdür, bunu üzümə vurmurlar. Arxamda bir-birinə göz-qaş edirlər ki, guya, əşya belə dayansa nə olacaq? Hətta getdiyim yerlərdə də beləyəm. Qızımın evinə gedən kimi deyirəm ki, bu fiqurun yeri düzgün deyil. Sonra görürəm ki, yoldaşı ilə öz aralarında danışırlar. Mənə deyirlər ki, “ana, olar ki, öz evində edəsən belə şeyləri? Bizə belə xoşdur”. Bu da yəqin mənim bürcümdən irəli gəlir. Tərəzi bürcündə olduğum üçün hər şeydə bir tarazlıq olmasını istəyirəm. Həyatda balansı, simmetriyası olmayan heç bir şeyi bəyənmirəm.

– Azərbaycan mentalitetinə xas olaraq sizin də eviniz yəqin ki, qonaqlı- qaralıdır. Qızınız tez-tez qonağınız olur?

– Ən çox ailə yaxınlarım evimdə qonaq olur. Amma qapım hər zaman hamıya açıqdır. Yetər ki, gələnlər məni evdə tapsınlar. Qonaqlarım olsun, süfrə açaq. Bunları sevirəm.

– Süfrə açmaqdan söhbət saldınız. Mətbəxlə aranız necədir?

– Mətbəxi çox sevirəm. Yaxşı yeməkləri həm bişirməyi, həm də yeməyi çox sevirəm. Vaxtdan əlavə, insanın əhval-ruhiyyəsi də məsələyə təsir edir. Əhval-ruhiyyəm mənə stimul verirsə, mətbəxdə ola bilirəm. Balaca nəvəm təzə doğulanda onu oxşadırdım. Deyirdim ki, ay Allah, bu nə vaxt böyüyəcək, ona nə zaman şirnilər, kökələr bişirəcəyəm? İndi qızım deyir ki, xəbərin var, böyüyüb ha, hələ də bişirib qurtara bilməmisən. Belə də olur. Bəzən kiçik arzuları da həyata keçirə bilmirsən.

– Məşhur türk sənətçisi Emel Sayın mətbuata açıqlamasında bildirmişdi ki, arzusu odur ki, axşam evə gələndə binanın qarşısından evinə boylananda bir işıq yandığını görüb xoşbəxt olsun. Belə bir hiss sizdə də oyanıbmı?

– Bu məsələ fəlsəfidir, bir qədər insanın iç duyğularını oyandırır, düşündürür, kövrəldir. Mən işığın gəlib gəlməməyini düşünməmişəm, amma evdə həmişə məni kiminsə qarşılamasını istəmişəm. Gəlib evin tininə dönəndə qeyri-ixtiyarı dönüb həmişə evin balkonuna baxıram. Ancaq bunu işıq axtarmaq üçün etmirəm. Özümdən asılı olmur. Bəlkə də şüuraltı işıq axtarıram.

– Vaxtsızlıqdan şikayətləndiz. Bəs nəvələrinizə necə, vaxt ayıra bilirsiniz?

– Onlara nə olursa olsun, necə deyərlər, iki əlim qanda, qandalda da olsa çatmağa çalışıram. Ən əhəmiyyətli görüşümü belə, rəsmi tədbirlər çıxmaq şərtilə mən onlara qurban edirəm. Nəvəmin biri yaş yarımlıqdır, o biri isə dörd aylıqdır. Böyüyün adı Kamran, balacanın adı isə İbrahimdir. İbrahim mənim arzuladığım ad olub. Həmişə düşünmüşəm ki, oğlan övladım olarsa adını İbrahim qoyacam. Ancaq mənə qismət olmadı, nəvəmdə həyata keçirdik.

– Niyə məhz İbrahim?

– Bu, mənim uşaqlığımdan bəri sevdiyim ad olub. Anam həmişə uydurma, yeni, müasir adları heç sevməzdi. O həmişə deyirdi ki, məsələn, oğlan uşağına İbrahim adı qoyarlar, gör nə cür qəşəng, güclü səslənir. O vaxtdan elə mənim beynimdə bu ad qalıb. Bəlkə də anamın sevdiyinə görədir. Eyni zamanda anam Şəhriyar, Atilla kimi böyük səslənən adları da sevirdi. İş elə gətirdi ki, sən demə, kürəkənim də bu adı bəyənirmiş və arzu edirmiş ki, oğlu olarsa, adını İbrahim qoysun.

– Bizim cəmiyyətimizdə oğlan övladına daha çox önəm verilir. Oğlan uşağının dünyaya gəlməsi birinci növbədə daha çox istənilir. Sizdə necə idi, ilk övladınızın oğlan olmasını arzulamışdınız?

– O arzunun səbəbini mən heç vaxt başa düşmürəm. Amma, bəli, nə üçünsə hamı kimi biz də oğlan uşağı gözləmişik. Bütün testlər, həkim qeydləri və nəticələr hamısı bizim oğlumuz olacağını göstərirdi. Amma gözlənilmədən qızımız dünyaya gəldi. Hətta o dərəcədə ki, içəridən həkim çıxıb anama göz aydınlığı verib ki, “gözün aydın, qırmızı, qapqara bir qız nəvən doğuldu”. Anam əvvəl sevindiyindən atılıb- düşüb. Sonra deyib ki, Əminə, get yaxşı bax, oğlan olmalı idi. Evimizi maviyə boyamışdıq, mavi pərdələri öz əlimlə tikib taxmışdım. Beşikdən tutmuş, hörüyə qədər hamısı mavi rəngdə idi. Geyimlər oğlan geyimi idi. Görməmiş kimi beş yaşına qədər uşağın geyimlərini alıb yığmışdıq. Qızım də beş yaşına kimi oğlan geyimləri geyindi.

– Yəni rəngləri dəyişmədiz…

– Yox, yaxşı ki, geyimlərin içində bir neçə dənə neytral rənglər də var idi.

– Elə evinizin boyalarında da mavi çalarlar daha çox üstünlük təşkil edir…

– Mavi, çəhrayı, bənövşəyi sevdiyim rənglərdir.

– Siz qızınızın toyunu milli adət-ənənələrə uyğun keçirmişdiniz. Bu, yalnız sizin seçiminiz idi, yoxsa bəy-gəlin də bunu istəmişdi? Adətən indi gənclər daha çox müasir toylara üstünlük verirlər…

– Biz bu məsələdə çox mübahisə etmədik. Sağ olsunlar, qızımın düşdüyü ailə də mənim istəklərimi normal qəbul etdi. Çünki mən toylarımızın milli ruhda keçirilməsi üçün çox təşəbbüslər etmişdim, müsahibələr vermişdim. Heç cür qəbul edə bilmirəm. Nə qədər müasirləşsək də, toy mənim milli adət-ənənəmdir. Mən iki gəncin milli musiqi sədaları əvəzinə, hansısa yabancı musiqi sədası altında rəqs etməyini sevmirəm. Düzdür, vals dünyəvi rəqsdir. Amma nəyə görə onu yaradanların ölkəsində mənim rəqsim oynanılmır, amma mənim ölkəmdə oynanılır. Mən bunu qəbul etmirəm. Bəlkə deyə bilərlər ki, bu, həddindən artıq geriyə dönük, mühafizəkar baxışdır. Ancaq bu, mənim düşüncəmdir. Bunu övladıma da təlqin edə bildim. Gördüm ki, əvvəl qəribə qarşıladılar ki, hamı oynayır, biz niyə oynamayaq? Dedim ki, hamıya bunu irad tuturam, sonra deyərlər ki, aləmi bəzəyir, özü isə lüt gəzir. Toy mərasimlərimizlə bağlı qanun layihəsi qəbul edilməsini təklif etmişəm. Öz evimdə isə o səhmanı yarada bilmirəm. Bu, mümkün olan şey deyil.

İlk rəqslərini də Mənsum İbrahimovun ifasında “Səni mən yaman sevirəm” mahnısı ilə başladılar. Vals oynamadan bəy-gəlin masasında oturdular. Toyda ilk rəqsi də bəy-gəlin deyil, valideynlər etdilər. Səhv etmirəmsə “Uzundərə” oynamışdıq. İkinci rəqsə isə biz onları gedib dəvət etdik. Çünki bilirsiniz ki, əskidən toylarımızda gəlin başını yerdən qaldırmazdı, heç üzü də görünməzdi. Mən demirəm ki, toylarımızı yenidən o formaya qaytaraq. Çünki qloballaşan dünyada hər şey müasirləşir.

– Bəs sizin toy mərasiminiz necə keçirilmişdi?

– Bilirsiniz, insan müstəqil olmayanda təbii ki, hər şeyi özü edə bilmir. Ancaq düşünürəm ki, mənim də toyum kifayət qədər milli olub. Toyumda ümumiyyətlə heç bir xarici musiqi səsləndirilməyib. Qızımın toyunda heç olmasa gecə 11-dən sonra diskotekaya icazə verdik. Gənclər əylənib, necə deyərlər, qurdlarını tökdülər.

28 il bundan qabaq üçün kifayət qədər populyar bir toy mərasimim olmuşdu. Çox sayda sənət adamı, musiqiçilər iştirak edirdi. Mərhum aktyorumuz Mikayıl Mirzə məclisin tamadalığını etmişdi. O gecədən mənə, anama, bəyimizə şeir yazmışdı. Bunlar toyun ab-havasına uyğun şeirlər idi. Mən indi də əlbəttə ki, onu rəhmətlə anıram.

– Toyunuz olanda nə işlə məşğul idiniz?

– Universiteti bitirən kimi işləməyə başlamışam. 1980- ci illərin sonuna yaxın SSRİ başçısı Mixayıl Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova SSRİ Mədəniyyət Fondu adlı təşkilat yaratmışdı və onun da Azərbaycan filialı var idi. Universiteti bitirdiyim il təyinatım ora düşdü. Ailə qurduğum zamanlarda həm orda, həm də universitetdə işləyirdim.

– İndiki toylar çox dəbdəbəli, israfla keçirilir. Siz də toy mərasimləri barədə qanun qəbul olunmasını təklif edirsiniz. Bəs bunu reallaşdırmaq mümkün deyilmi?

– Cəmiyyəti maraqlandıran məsələ ilə bağlı qanun o zaman işləyir ki, ona sosial sifariş olsun. Əvvəl monitorinq, treninq keçirirsən. İnsanlar buna hazırdırsa, o zaman qanun işləyə bilər. 2007- ci ildə biz Tacikistana səfərə getmişdik. Məlum oldu ki, taciklər mərasimlər haqqında qanun qəbul ediblər. Hətta əsgərliyə gedəndə belə orada 7 gün, 7 gecə aullarda oynayıb yeyib-içirlərmiş. Daha kəsilməyən qoyun-quzu qalmırmış. Buna görə də orada toy mərasimləri müəyyən bir çərçivəyə salınmışdı. Mən də dedim ki, biz də bunu öz ölkəmizdə reallaşdırmaq istəyirik. Dedilər ki, siz onu istəsəniz də edə bilməyəcəksiniz. Çünki sizin insanınız varlıdır. Məsələn, kimsə istəyir ki, hüzrünü beş cür qara ilə yola salsın və ya toy mərasimini. Elə buna görə də gün bu günə kimi belə bir qanun yoxdur. Mənə elə gəlir ki, cəmiyyətin hər bir fərdi toydan çıxanda deyinir. Əylənməkdən daha çox narazı qalır. Milli psixologiyamızda olan “qonşudan qalma” prinsipi yəqin ki, üstünlük təşkil edir. Qorxuruq ki, bəlkə başqa cür etsəm, bu, utanc yeri olar. Cəmiyyətin irəlidə gedən söz adamları, nümunəvi insanlar bəlkə də birinci növbədə o addımı atmalıdır ki, kütlə də onların arxasınca getsin.

– Qızınız və kürəkəniniz nə işlə məşğuldur?

– Qızım Tibb Universitetini bitirib. Hələlik rezident həkimdir. Universitetin terapiya klinikasında işləyir. Oğlum isə hüquqşünasdır. Ali Məhkəmədə hələlik hakim köməkçisi vəzifəsində işləyir. Çünki hakim olmağa hələlik stajı çatmır. 3 ildir ki, universiteti bitirib.

Milli Məclisdə təmsil olunan qadın deputatlar arasında siz xüsusi ilə fərqlənirsiniz. Yəni öz şarmınız var, geyimləriniz gözəldir. Görünüşcə çox dəyişmisiniz, xeyli arıqlamısınız. Kilo atmağa necə nail ola bildiniz?

– Mən özümü tanıyandan bəri həmişə çəki atmağa çalışmışam. Çox qəribədir ki, indi 30- 40 il bundan əvvəlki şəkillərimə baxanda təəccüblənirəm ki, görəsən, mən o zaman nədən narazı olmuşam? İki-üç il əvvəl o şəkillərə həsrətlə baxmağa başlamışdım. Heç zaman özümü tam olaraq bəyənə bilmirəm. Ancaq kilolar mənim üçün hər mənada baş bəlasına çevrilmişdi. Bu, artıq mənim səhhətimə də yansıyırdı. Qarşıma məqsəd qoydum ki, mən arıqlayacam. 1 ildən artıq müddətdə ciddi pəhrizlə, dieotoloq məsləhətləri ilə buna nail oldum. Hazırda dieta davam etmir. Amma o əziyyətdən sonra çalışıram ki, “ziyanlı” məhsullardan uzaq durum.

– Dəbə üstünlük verirsiniz, yoxsa özünüzə yaraşanı geyinirsiniz? Hansı brendləri xoşlayırsınız?

– Hər hansı brendə üstünlük vermirəm.

– Amma hazırda üzərinizdə məşhur bir brendin köynəyi var…

– Uşaqlar baş-beynimi aparmışdılar ki, endirim var, gedib alaq. Mən də getdim, aldım. Bilmirəm, bəlkə bu, kim üçünsə baş ucalığıdır, kim üçünsə özünü reklamdır. Bəlkə də həyat tərzidir. Mən həqiqətən ən yaxın ətrafımda belə insanlar görürəm ki, brend geyməməyi nəinki özünə ar bilir, hətta başqa bir mağazadan geyim almağı bacarmır. Mən dəbimi həmişə özüm yaratmışam. Kiminsə geyindiyinin arxasınca heç bir zaman qaçmamışam. Tikdirib geyindiyim paltarlarım həddindən artıq çoxdur. Hamısının da modeli özümə aiddir. Evimin dizaynı da mənə aiddir. Əgər bir də yaşasam həyatda yəqin ki, dizayner olardım. Ancaq heyif ki, rəssamlığım yoxdur. Fikirlərimi deyirəm, qarşımdakı usta da onu başa düşürsə yaxşı bir şey yaradır. Yaranmırsa, bir tərəfə atırıq. Ancaq aldığım şeylər də var. Dizaynı və qiyməti uyğun olan geyimləri alıram. Pulumu hansısa böyük məbləğdə olan geyimə və evə xərcləməyin əsla tərəfdarı deyiləm. Düşünürəm ki, dünya malı dünyada qalır.

– Əmək haqqınızın neçə faizini geyimə xərcləyirsiniz?

– İnanın ki, mən heç vaxt rəqəm hesablamıram. Cibimə girən pul nə vaxt ordan düşüb gedir, onu da bilmirəm. Hesablaya da bilmirəm ki, mən bunu neçəyə almışam. Ticarət işlərini indiyə kimi əsla bilmədim. Ona görə də əmək haqqının neçə faizini geyimə xərclədiyimi deyə bilmərəm, amma çox cüzi bir hissəsini özümə xərcləyirəm. Ümumiyyətlə, özümə çox az qıyıram. Ətrafa isə əksinədir. Bunun nəticəsində də ətrafla daha çox maraqlana bilirəm. Demirəm ki, böyük imkanlarım var. Deputat məvacibi, universitetdən aldığım əmək haqqının məcmusundan bir neçə insanı cüzi olsa da sevindirməyə imkanım varsa onu edirəm.

– Bir qədər konkretləşdirsək, deyirsiniz ki, ətrafa daha çox qıyırsınız. Bu ətrafa yardım ailə, qohumlarlamı çərçivələnir, yoxsa seçicilərə, adi insanlara da şamil olunur?

– Deyək ki, məsələn, lap elə yolda gedəndə görsəm ki, kiminsə nəyəsə ehtiyacı var, ona ilk yardımımı edirəm. Və yaxud kimsə kömək üçün müraciət edibsə onları əliboş qaytarmamağa çalışıram. Düzdür, kiməsə həyatını dəyişdirə biləcək bir şey edə bilmərəm. Öz imkanlarım çərçivəsində cüzi də olsa kömək edə bilirəm. Ailə üzvlərim ikinci plandadır. Çox şükür ki, qızımın ailəsi öz ayaqları üstündə dayanır. Təbii ki, onlara da nəsə lazım olarsa, mən heç vaxt yox demərəm.

– Hər bir qadının çantasında vazgeçilməz bir əşyası olur. Sizin çantanızda nələr üstünlük təşkil edir?

– Mənim çantamda ətir, güzgü, eynək, “salfetka” həmişə olur. Mən eynəyimi tez-tez itirirəm. Bu yaxınlarda bir nəfərdə gördüm ki, telefonun üstünə hansısa qurğunu yapışdırıb. Eynək itəndə telefonuna zəng vurulur və eynək tapılır. Düzü, nə olduğunu soruşmağa utandım, amma öyrənəcəm, çünki mən də çox eynək itirirəm.

– Makiyajla aranız necədir, özünüz edə bilirsiniz, yoxsa salonlara müraciət edirsiniz?

– Çalışıram ki, mümkün olduqca makiyajlı günlərim az olsun. Ailə içi tədbirlərimizdə, gəzintiyə çıxdıqda, alış-verişə gedəndə yəqin ki, məni heç kim tanımaz. Çünki tamam başqa insan oluram. Ancaq makiyajdan cəmiyyətin məni tanıyan qisminin qarşısına çıxanda, dövlət tədbirlərində istifadə edirəm. Geyim də, makiyaj da getdiyin yerə uyğun olmalıdır. Həyatımın hər hansı sahəsində olduğu kimi burada da balans yaradıram. Bu zaman lazım olan hallarda ustama müraciət edirəm.

– Azərbaycanda son zamanlar kino təqdimatları çox keçirilir. Sizi də bir neçə dəfə bu təqdimatlarda görmüşük. Mədəniyyət komitəsinin sədr müavini kimi son çəkilən filmlərimizi bəyənirsiniz?

– Film istehsalında bir zamanlar böyük bir durğunluq yaranmışdı. Bütün sahələrdə böyük bir çökmə var idi. Bir quruluşdan digər quruluşa keçəndə dövlətin xəzinəsindən başlamış ordusuna kimi hər bir şeyi məhv olur və yenidən qurulur. Eyni zamanda mədəniyyətin bir qolu olan film sahəsində vəziyyət belə idi. Ancaq son dövrlər bu sahədə bir inkişaf var. Düzdür, çəkilən seriallara, filmlərə televizorun başında oturub baxacaq qədər vaxtım yoxdur. Ancaq hərdənbir rast gələndə görürəm ki, indi filmlər sünilikdən uzaqlaşıb.

Son dövrlərdə çox yeni filmlər nümayiş edilib, onları izləyə bilməmişəm. Uşaqlar izləyirlər, gəlib təəssüratlarını bölüşürlər. İki il bundan əvvəl “Xoxan” filmini izlədim. Film olaraq pis deyildi. Açığı, komediya filmlərini elə də sevmirəm. Uşaqlar əhval -ruhiyyəmi dəyişmək üçün məni aparmışdılar. Dünyəvi və düşündürücü filmləri izləməyi sevirəm.

– Musiqi ilə aranız necədir, kimləri dinləyirsiniz?

– Musiqi də əhval-ruhiyyəyə bağlıdır. Hesab edirəm ki, insanın həyatında hər şey stimula bağlıdır. Müəyyən məsələlər var ki, o anda sənə necə olmağı diqtə edir. Zövq, əhval-ruhiyyə düşünürəm ki, bu məsələlərdə üst-üstə gəlir. Şərq çalarlı musiqilərə üstünlük verirəm. Bir il bundan əvvəl İndila adlı fransız müğənnisinin oxuduğu mahnılar çox xoşuma gəlmişdi. Xalq mahnılarımız üçün ürəyim gedir. Klassikanı da sevirəm, ariya, romansa da qulaq asa bilərəm. Estrada və caz janrını sevmirəm. Ruhumu sakitləşdirən şeyləri sevirəm. Yenə də deyirəm, bu məsələlər bir ana bağlıdır. Bəlkə o an elə bir xoş xəbər ala bilərəm ki, durub tvist də oynaya bilərəm. Düzdür, o fransız qızın oxuduğu mahnıların sözlərini başa düşə bilmirəm. Amma mahnının ruhu o qədər yaxındır ki, sanki musiqi mənə tərcümə olunur.

– Siz çox mülayim qadınsınız. Səsinizdə, danışıq tərzinizdə bu hiss olunur. Ancaq hər insanın özündən çıxdığı, əsəbləşdiyi anlar olur. Siz əsəbdən necə xilas olursunuz?

– Bu mülayimlik insana o qədər baha başa gəlir ki, amma birdən partlama anı da olur. Ancaq insanların öz sinirlərinə hakim ola bilməməsi onun səhhətinə, özünə də mənfi təsir edir. Çox çalışıram ki, o kimi məqamlar olmasın. O nöqtəyə gəlib çatıramsa, çalışıram ki, özümü ələ ala bilim. Bunu etiraf etmək istəməzdim, amma həmin vaxt göz yaşlarım sözümə baxmır. Hər dəfə də özümə söz verirəm ki, ağlamayacam. Ancaq o əsib-coşma anımda birinci növbədə məni göz yaşlarım sakitləşdirir. Həddindən artıq mənə toxunan bir məsələ olubsa, bir az ciddi və sərt şəkildə danışa bilirəm. O zaman həmin mülayim adam çıxıb gedir. Haqqımı da, haqqı yeyilən adamın haqqını da tələb edirəm.

– Deməli, çox kövrək xanımsınız, o zaman sizi ağlatmaq asan olar…

– Elə mövzular var ki, onlar mənim üçün çox kövrəkdir. İstər mənim şəxsimə aid olsun, istərsə də tanımadığım bir insanın həyatı olsun. Bu, elə məqamdır ki, onlar mənim üçün həddindən artıq müqəddəsdir. Tutaq ki, ana-övlad münasibətləri, kimsəsiz uşaqlar, köməksiz qocalar. Onların mənə yaxınlıq dərəcəsindən asılı olmayaraq barələrində nə eşitmişəmsə o məqamlar məni mütləq kövrəldir.

– Elə məqama gəlib çatdıq ki, bu, sizi kövrəltsə də istər-istəməz sual yaranır. Bizim qarşımızda təkcə şarmlı, mülayim, qonaqsevər bir milllət vəkili oturmayıb, eyni zamanda Azərbaycanın mərhum, gözəl şairəsi Nurəngiz Günün övladı əyləşib. Çox maraqlıdır ki, ananızdan qalan hansı xüsusiyyətləri indi siz daşıyırsınız?

– Bayaqdan bəri danışdıqlarımızın hamısı elə anamın xüsusiyyətləridir. İki ildir ki, sakitləşə bilmirəm. Mənə elə gəlir ki, mən ölənə qədər belə olacam. Bu, elə bir hissdir ki, məni hamının qarşısında rəzil edir.

– Bu, əslində sizin valideyninizə nə qədər bağlı olduğunuzun göstəricisidir…

– Axı hamı belə deyil. Onun adı çəkilən zaman mən sakit qala bilmirəm. Mən hər gün qəbir üstündəyəm. Bunu mənə çox irad tuturlar. Başa düşürəm ki, belə olmaz, bu cür olmamalıdır. Mən səhər durandan gecə yatana qədər onunla danışıram. Durduğum anda şəkli gözümün qabağındadır. Nə edirəmsə onu düşünərək edirəm. Bunu təbii ki, hər valideynini itirmiş övlad da edir. Ancaq məndə fərqlidir. Düşünürəm ki, bu, təkcə anaya olan münasibət deyil. Dünyanın fəlsəfəsi budur ki, bir gün doğulan bir gün də bu dünyanı tərk edir. Mən övladıma da bunu təlqin edirəm. Bunu fetişləşdirməyin adı yoxdur, bəlkə də anormallıqdır. Amma mən anadan ziyadə, böyük bir insanı itirdiyimə üzülürəm. O insan özüylə o qədər böyüklük, fövqəllik aparıb ki,.. Mən bəlkə də o boşluğa yanıram. Onun haqqında yazılan yazılardan birinin başlığı belə idi. “Qadınlığın müstəsna halı”. Yəni müstəsna qələm, müstəsna insan, müstəsna qadın, müstəsna ana, müstəsna övlad. Bunu mənim onun haqqında deməyim yanlış olar. Ancaq bu, sözün əsl mənasında belə idi. Çox təəssüflər olsun ki, tam qiymətini almadı. Bəlkə də məni bu qədər təsirləndirən elə bu məsələdir.

– Dövlətinmi qiymətindən söhbət gedir, yoxsa cəmiyyətin?

– Xeyr, taledən, alın yazısından söhbət gedir. O daha fərqli, rahat, xoşbəxt həyata layiq idi. Bütün bunlar onun yanından yan keçdi. Bunlar da məni təsirləndirir.

– Siz özünüz nə vaxtsa şeir yazmısınız?

– Şeir əsla yazmamışam, yazmaram da. Mən zorla oturub stolun arxasında qafiyəni düzən yalançı şairlərdən danışmıram. Əsl sənətkarlar yer-göy adamıdırlar. Onlara vəhy göydən gəlir. O vəhy gəlməyənə qədər yazmaq mənasızdır, çünki çox süni çıxacaq. Az-maz publisistikam var.

– Ana məsələsindən söz düşmüşkən, indi cəmiyyətimizdə bir məsələ də aktualdır. Bizdə ailələr dağılanda deyirlər ki, analar qızlarının ailə həyatına çox müdaxilə edirlər, ona görə də ayrılmalar çoxalıb gedir. Siz də qızınızın ailə həyatına müdaxilə edirsiniz, yoxsa seyrçisiniz?

– Müdaxiləsiz mümkün deyil. Gənc ikən, qızım ailə qurmadan əvvəl ətrafda baş verənləri görüb analiz etdikcə görürdüm ki, çox vaxt edilən müdaxilələr həyatların dağılmasına səbəb olur. Mən özümə kişi sözü vermişdim ki, nə olursa olsun, müdaxilə etməyəcəm. Və hər hansı bir problem yaranarsa qızımın yox, onun həyat yoldaşının tərəfində olacam. Əslində, bu, bu gün üçün də keçərlidir. Həm də bir siyasi biclikdir. Çünki kənardan gələn insan həmişə özünü özgə kimi hiss edir. Əgər sən onu müdafiə edirsənsə, elə o anda problem çözülür. O anda onun içinə rahatlıq gəlir ki, qızın anası, ya atası öz övladını deyil, onu müdafiə etdisə, deməli, o da nəyisə bağışlaya bilər. Bunu kompromis və sülh addımı kimi qiymətləndirirəm. Çalışıram ki, verdiyim sözə əməl edim və oğlumun yanında olum. Gəlirlər, məni otuzdururlar, zarafatla deyirlər ki, bu məsələdə hansımız haqlıyıq? Bəzən görürəm ki, qız həqiqətən də düz deyib. Ancaq deyirəm ki, oğlum, sənin dediyin daha düzdür. Görürsünüz, özündən asılı olmayaraq da müdaxilə edə bilirsən. Müdaxiləsiz sadəcə mümkün deyil. 20-25 il yan-yana olan, ətlə dırnaq olan necə bir-birindən uzaqlaşa bilər? Ən azından məsləhət alırlar, ən kiçik problemlərində belə fikir soruşurlar. Bu, artıq müdaxilədir. Nə nəzarətdən, nə də müdaxilədən kənardadırlar. Bunu boynuma alıram.

– Bu günlərdə Milli Məclisin Ailə komitəsi cəmiyyətdə artan boşanma halları ilə bağlı geniş dinləmə keçirdi. Hərə öz aspektindən fikir bildirdi. Bəs, sizcə bir qadın niyə boşanmalıdır, hansı hədd artıq “dur” deməkdir?

– Əgər ailədə böyük zorakılıqlar varsa, anlaşmazlıq o nöqtəyə gəlib çıxırsa ki, burada artıq insan həyatından, uşağın psixologiyasından söhbət gedir, o zaman dayanıb gözləməyin adı yoxdur. Biz deyirik ki, ailə dağılmasın, övlad atalı-analı böyüsün. Təbii ki, hər birimizin arzusu budur. Bu, bizim yaralı yerimizdir. Amma həmin uşağın hər gün gördüyü mənzərə onun psixologiyasını pozursa, yarımçıq qoyursa, ananın hər gün döyülməyi, qan içində uzanmağı, atanın içkili şəkildə gəlib qapı- pəncərəni sındırmağı, zorbalıq halları varsa və bunlar nəticədə ailənin hansısa fərdinin sonuna gətirib çıxara bilərsə, istəməsək də ayrılmaq ən gözəlidir. Çünki insan yeddisində nədirsə yetmiş yeddisində də odur. Həyat insana bir dəfə verilir. Əgər övlad varsa, o övladı bəlkə qadın yarımçıq böyüdəcək. Ola bilsin ata məhəbbətindən yoxsul olacaq, amma mənəvi cəhətdən sağlam, qorxusuz böyüyəcək.

– Türkiyənin məşhur şairi Atilla İlhanın həyat yoldaşı Biket İlhan müsahibələrinin birində demişdi ki, Atilla ilə ayrılsalar da bir-birlərindən heç vaxt əl çəkməyiblər, həmişə əlaqə saxlayıblar. Bu cür nümunələri Azərbaycan cəmiyyətində formalaşdırmaq mümkündürmü?

– O baxır cütlüklərin hansı şəraitdə bir-birindən ayrılmasına. Bir-birinin həyatına, canına qəsd edəcək şəkildə böyük problem yaranıbsa qəlbləri həddindən artıq bir-birindən sınıbsa, yalanlar, aldatmalar, xəyanətlər olubsa bu, mümkün olmaz. Ancaq xüsusilə də övlad varsa hörmətlə ayrılanlar övladın xatirinə sözün əsl mənasında dost kimi qala bilərlər.

– Bayaq qeyd etdiniz ki, insan həyata bir dəfə gəlir. Ona görə də rahat, xoşbəxt yaşamalıdır. Bəs “İkinci bahar” haqqında nə düşünürsünüz?

– Buna normal baxıram. İnsan elə bir varlıqdır ki, hər bir zaman xoşbəxt olmaq istəyir. Bayaq dedik ki, adi mətbəxə girəndə də stimul olmalıdır. Stimulu isə qarşı tərəf verir. Bir insanın bir dəfə oxu daşa dəyibsə, həyatı, xoşbəxtliyi yarımçıq qalıbsa bu, o demək deyil ki, bununla da onun həyatı bitir. Ən əzizlərimizi itirdikdən sonra yenə həyatımıza davam edə bilirik. Bu, həyatın fəlsəfəsidir. Ona görə də mən buna pis baxmıram. Bir insan bir insan üçün doğulub. Amma o demək deyil ki, bir insan eyni zamanda bir neçə nəfər üçün doğulub. Söhbət bundan getmir. Əxlaq normaları içərisində tərəflər öz ikinci tərəfini tapıb xoşbəxt olmaq hüququna malikdir. Yetər ki, bu münasibətlər nə onun ailəsinə, nə də cəmiyyətə xələl gətirməsin.

– Özünüz necə, nə üçün “ikinci bahar”ı yaşamadınız?

– Mən “ikinci bahar” yaşamağı düşünməmişəm. Çünki özümü işimə çox vermişəm. Qızımın yaş yarımından etibarən həddindən artıq çox işləmişəm. Səhər 8-də evdən çıxırdım, amma iş rejimim elə idi ki, axşam 9-da da evə gələ bilirdim. Səhər beşdə də işə çağırıla bilirdim. Eyni zamanda pedaqoji, elmi fəaliyyət göstərirdim. 30 yaşımda elmlər namizədi, 40 yaşımda elmlər doktoru olmuşam. Üzərimdə həm də valideynlərimin, mənə ehtiyacı olanların qayğısı var idi. Hər zaman çalışmışam ki, digər insanları da öz qayğımdan məhrum etməyim. Sonra siyasətlə məşğul olmağa başladıq. Bütün bunlar məni o qədər çevrələmişdi ki, mən “ikinci bahar” a vaxt tapmamışam, həm də bundan ehtiyat etmişəm. Çox qorxmuşam. Həyatımda tarazlığı, balansı sevən adamam. Dişimlə, dırnağımla nəyisə yaratmışamsa onu pozmaqdan qorxuram. O zamanlar düşünürdüm ki, bir relsin üzərində gedən rahat bir həyatım var. Övlad məsələsi də var idi. Eyni zamanda oxun ikinci dəfə daşa dəyməsi məsələsi də ola bilərdi. Çünki həyatda heç kim, heç nədən sığortalanmayıb. Ya olmazsa, ya yenə bir məğlubiyyət olarsa bunu necə daşıyaram çiynimdə deyə özümə sual edirdim. O depressiyadan necə sıyrılıb çıxa bilərəm? Bu, anama, övladıma necə təsir edər? Yəni işin yaxşısından çox pisini düşünüb ehtiyatlanmışam. Ona görə də qorxu məni o addımı atmaqdan çəkindirib.

Bunların hamısını keçmiş zamanda vurğuladım. Mənim ailəm uzun zaman valideynlərimdən və qızımdan ibarət olub. Ancaq son dövrlər qapını özüm açıb içəriyə girməyə başladığımdan bəri düşünürəm ki, bəlkə də səhv etmişəm. Bir neçə il bundan əvvəl eyni ildə həm böyük xoşbəxtlik, həm də bədbəxtlik yaşadım. Övladın ailə qurmağı gözəl hadisədir. Özü də bu yeganə övlad olarsa və sən də yeganə övladsansa, düşünün, bu, nə deməkdir. Onunla paralel olaraq valideyn itkisi yaşadım. Mən anamın ən ağır xəstə yatdığı günlərdə qızımın xeyir işinə hazırlaşırdım. Bu, mənə hansı mənəvi iztirablar bahasına başa gəldisə, mən bilirəm. Yeganə övladın toyundan ləzzət almamaq hissini yaşadım.

Gələcəkdə nə olacağını deyə bilmərəm. Bəlkə də ola bilər. Əgər hansısa qınaqdan ehtiyat etməsəm, qorxunu yenə bilsəm, əmin olsam, bəlkə də “ikinci bahar” reallaşa bilər.

qafqazinfo.az

Share.

About Author

Leave A Reply