Reklam 1 Alanı

Müəllim, şair, gözəl insan – Səməd Safdil

Kategori : FƏXRLƏRİMİZ, ƏDƏBİYYAT - Etiketler : - Tarih : 29 Mayıs 2013

Səməd Safdil Səmədov Səməd Ziyəddin oğlu 6 noyabr 1926-cı ildə Zərdab rayonunun Bıçaqçı kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə Göyçay Pedaqoji Texnikumunu, 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir.1947- ci ildən  başlayaraq ömrünün sonuna kimi Bıçaqçı kənd orta məktəbində  azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Səməd müəllim həyatının əsas hissəsini böyük həvəslə gənc nəslin təlim-tərbiyəsi işinə həsr etmiş, bu müddət ərzində  onun şagirdləri arasında müxtəlif sahələr üzrə onlarla ali təhsilli və elmi dərəcə almış mütəxəssislər yetişmişdir. Səməd Safdil ərəb-fars dillərini mükəmməl bilmiş və “Qurani-Kərimi” gözəl avazla oxumağı bacarmışdır. O, Bıçaqçı kəndinin şair oğlu, Şərq ədəbiyyatını dərindən bilən el şairi Qədir Əfəndinin nəticəsidir. Səməd Safdil    01 noyabr 2006 -cı ildə səksən yaşında vəfat etmiş və “Veyis Baba” ziyarətgahında  dəfn olunmuşdur. Qəbri onun məzarından 5-6 metr aralıda yerləşir.

Səməd Səmədov uzun müddət istedadlı və təcrübəli müəllim kimi şərəfli pedaqoji fəaliyyət göstərməklə yanaşı, gözəl təbə malik şair, tədqiqatçı və jurnalist kimi də tanınmış, “Safdil” təxəllüsü ilə müxtəlif mövzulara həsr edilmiş 300-dən çox  şer, qəzəl, məqalə və hekayələrin müəllifi olmuşdur. Onun ədəbi yaradıcılığının əsas qayəsini Vətən sevgisi, məhəbbət, təbiət gözəlliklərinin tərənnümü və Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olan  yazılar təşkil etmiş, əksəriyyəti mərkəzi və rayon mətbuatında, müxtəlif kitablarda dərc edilmişdir. Bunlara misal olaraq “Doğma Vətən”, “Azərbaycanın”, “Ceyran”, “Dağlar, zirvənizdə yer verin mənə”,  “Gəncənin”, “Vətən dardadır”, “Qarabağda”, “Ay qız”, “Məni”, “Üzündəki qara xalın mənimçün bir ibadətdir”, “Pərim”,  “Nə lazımdır mənə”, Zərdab şəhər sakini Pənah ağa Abdullazadənin ömrünün son günlərində onun giley-güzarı haqqında yazdığı “Gedirəm”, dünya, gənclərə nəsihət, müxtəlif şəxslər və öz övladları haqqında olan onlarla şer və qəzəllərini, Üveys Qərani haqqında qəsidəni, “Çayda balıq yan gedər” felyetonunu və s. göstərmək olar.  Səməd Safdil müxtəlif vaxtlarda Zərdab rayon qəzetinin ştatdankənar müxbiri olmuş və orada mütəmadi olaraq onun müxtəlif mövzulara həsr edilmiş yazıları dərc edilmişdir.

Hərbi müxbir   Abdulla Qurbaninin Bıçaqçı kəndindən olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov haqqında yazdığı “Fırtınalar qoynunda” kitabında (2000-ci il) Səməd Safdilin jurnalistlik fəaliyyətinə geniş yer verilmiş, Paşa Yaqubun “Şəhidlik zirvəsi” (2000-ci il) və “Kür damlaları”(2001-ci il) kitablarında, o cümlədən, “Şirvan şairləri” kitabında onun bir sıra şerləri dərc olunmuşdur.

“İnsan hüquqları” qəzetinin 23 avqust 2002-ci il tarixli №-də Tariyel Quliyevin Səməd Safdil haqqında “İstedadlı müəllim, həm də şair” başlıqlı məqaləsində onun xalq şairi Səməd Vurğuna həsr etdiyi şeri verilmiş, Sumqayıtda nəşr edilən “Şaman” qəzetinin 7 aprel  2006-cı il sayında isə üç qəzəli dərc olunmuşdur. Onun barəsində yazılar vermiş bu cür mətbuat orqanlarının sayını daha da artırmaq olar. Lakin, çox  təəssüf ki, onun əsərləri nə öz sağlığında, nə də sonra ayrıca kitab halında çap olunmamış və hal-hazırda bu istiqamətdə müvafiq işlər görülür.

Bütün bunları nəzərə alaraq, Səməd Safdilin şer və qəzəllərindən heç olmazsa, bir neçəsini oxucularımıza təqdim etməyi özümə borc bilir və heç şübhə etmirəm ki, bu misralarla tanış olan şəxslər ondan bəhrələnə biləcək, müəllifinin ruhuna Ulu Tanrıdan rəhmət diləyəcəkdir.

 Mətni hazırladı:                    Əbülfət Səmədov       

 

                                                                                              Azərbaycanın

 

***

Kür qırağı, yaşıl meşə, göy tala,

Dağ başında fikir vernən qartala,

Ceyran gəlib-keçdi yanında bala,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

Uca dağlar, gen dərələr bizdədi,

Hər cür desən mənzərələr bizdədi,

Qara gözlü ceyranları düzdədi,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

Uçur qırqovulu, ötür turacı,

Bol məhsul yetirir düzü, yamacı.

Dağın dumanıdır başının tacı,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

Limon burda, üzüm burda, nar burda,

İsti burda, soyuq burda, qar burda,

Hər nə istəsəniz, ey dost var burda,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

Dağlarında igidlərin izi var,

Sinəsi səngərli dağı, düzü var,

Burda babaların ürək sözü var,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

Dünya işlərində sanma naşıyam,

İstərəm bundan da rahat yaşıyam,

Safdiləm bu elin vətəndaşıyam,

Çox gözəl hüsnü var Azərbaycanın.

***

    Zərdab rayonu, “Əkinçi” qəzetinin 30.V.89-cu il № də dərc olunmuşdur.

 

              Dünya

                     ***

Həqiqət zəhərdən acıdır-acı,

Heç kəsin gəlmirsən xoşuna Dünya.

Məhvərindən qopub hara gedirsən?

Kimlər su caladı aşına Dünya?

***

Sürməni gözə yox, qaşa çəkirsən,

Ağzı küt bıçağı daşa çəkirsən,

Nadanı çox yerdə başa çəkirsən,

Məəttəl qalmışam işinə Dünya.

***

Safdil işlərindən gileyli qaldı,

Yadlar yad havanı sazında çaldı.

Bilməm kim ağlını başından aldı,

Ağlın çətin gələr başına Dünya.

***


                                                                                                     Vətən dardadır

                                                         …Qarabağda nə day qalıb, nə dana

       Bu gün-sabah qaçar hərə bir yana…

Q.B. Zakir.

                       ***

Qarabağda nə day qalıb, nə dana,

Baş götürüb qaçıb hərə bir yana.

Qəsd edilib doğma Azərbaycana,

Qalxın, mərd igidlər, Vətən dardadır.

***

Şuşada dığalar meydan sulayır,

Laçında çaqqallar quyruq bulayır,

Vətən göylərində bayquş ulayır,

Qalxın , mərd igidlər, Vətən dardadır.

***

Koroğluyla, Nəbi gəlsin haraya,

Məlhəm qoyaq hər vurulan yaraya,

Birləşib düşməni alaq araya,

Qalxın, mərd igidlər, Vətən dardadır.

***

Satqınlara, qorxaqlara ar olsun,

Qəhrəman oğullar görüm var olsun,

Tale sizə hər bir zaman yar olsun,

Qalxın, mərd igidlər, Vətən dardadır.

***

Babam baş əyməyib heç vaxt düşmana,

Hərəmiz borcluyuq bir şirin cana,

Gəlin qurban verək Azərbaycana,

Qalxın, mərd igidlər, Vətən dardadır.

***

Safdil altmış yaşı veribdir yelə,

Sinəm sipər olub tufana, selə,

Bir canım var o da qurbandır elə,

Qalxın, mərd igidlər, Vətən dardadır.

***

Zərdab rayonu, “Əkinçi” qəzetinin 31.V11.92 –ci il №də dərc olunub.

 

                                                              Dağlar, zirvənizdə yer verin mənə. (ixtisarla)

                     ***

Səhərdir, dan yeri artıq sökülür,

Ağacdan yarpaqlar bir-bir tökülür,

Təbiət elə bil üzümə gülür,

Dağlar, zirvənizdə yer verin mənə,

***

Dərə-təpə gül-çiçəyə bürünür,

Duman çöküb dağ döşüylə sürünür,

Bu taydan baxıram o tay görünür,

Dağlar, zirvənizdə yer verin mənə,

***

Möcüzədir hər bucağın, hər yalın,

Əskik olmaz zirvələrdən qartalın.

Dumandı, çiskindi örpəyin, şalın,

Dağlar, zirvənizdə yer verin mənə,

***

Nə çoxdu qoynunda lal möcüzələr,

Dərdlilər baş alıb yanına gələr.

Yayda elat yaylağında dincələr,

Dağlar, zirvənizdə yer verin mənə.

***

Çox yeri qoynunun ziyarətgahdı,

Pənahımız ancaq o bir Allahdı.

Onu inkar etmək böyük günahdı,

Dağlar, zirvənizdə yer verin mənə.

***

Hamı tez-gec bu dünyadan köçəndi,

Ayrılıq şərbətin bir gün içəndi,

Kim nə əksə, ancaq onu biçəndi,

Dağlar, zirvənizdə yer verin mənə.

***

Safdil bu dünyada çox şey görübdü,

Acılı-şirinli ömür sürübdü,

Şerdən özünə çələng hörübdü,

Dağlar, zirvənizdə yer verin mənə.

***

 

“Üzündəki qara xalın mənimçün bir ibadətdir”

                                ***

Üzündəki qara xalın mənimçün bir ibadətdir,

İbadət etməmək onu gözəl dilbər cinayətdir.

 

Çəkib rubəndini hərdən bulud örtür gözəl Ayı,

Camalın gizləmək bilməm gözəllərdə nə adətdir?

 

Yanıq könlüm şəfa bulmuş sənin o ruyi-pakindən,

Köçüb getsəm bu dünyadan, mənimçün bu kifayətdir.

 

Alışdı könlümün şamı, yaxın gəl gözləri şəhla,

Gözəl baxsa bir əğyarə, yəqin bil bu xəyanətdir.

 

Yazıq Safdil yaman yerdə gəmin dəryada qərq oldu,

Bu yaşda sevilib-sevmək inan ki, bir məlamətdir.

                                  ***

Sumqayıt ş-i, “Şaman” qəzetinin 07.1V.2006-№də dərc olunmuşdur.                           

                         

Pərim

***

Bizim elatda yaşar, ax , nə gözəl candı Pərim,

Yanağı almaya bənzər elə bil qandı Pərim.

 

Hər görən vurğun olur, ol pərivəş gözlərinə,

Dəstədən ayrı düşmüş tək-yeki ceyrandı Pərim.

 

Əyləşib təxti-rəvanda qulamı yüzlər ilə,

Elə bil Qahirədə, Misirdə sultandı Pərim.

 

Yanır atəşdə ürək, məlhəmi ancaq sənsən,

Qoyma pərvanəni gəl şəm oduna yana Pərim.

 

Almısan əqlini başdan bu qoca Safdilinin,

Rəhm elə, nazlı sənəm, can sənə qurbandı Pərim,

***

                                                                                                   Oğul

                     

***

Tavan kimi qalx yuxarı, zil öyrən,

Olma ayaq altda döşəmə oğul.

Kimlə necə danışmağı bil, öyrən

Ağzına gələni döşəmə oğul.

***

Qınayırsan ayə məni qına sən,

Şəkər de hər yerdə öz ağına sən,

Namərdin, alçağın ayağına sən,

Eyləmə üzünü döşəmə oğul.

***

Ay Safdil, damağın daim çağ qala,

Söndürmə ocağı, daim çağ qala,

Çaqqaldan doğulan çəkər çaqqala,

Gərək şir anadan döş əmə oğul.

***

Müəllif: Səməd Safdil – Zərdab rayonu, Bıçaqçı kəndi

Yorumlar (5)
  • 02 Haziran 2013 tarihinde Abulfat Samadov tarafından

    Hörmətli Nicat müəllim,Səməd Safdilə olan bu diqqetinizə görə Sizə nəslimiz adından səmimi qəlbdən təşəkkür edir və həmişə uca olub, ucalıqda qalmağınızı arzu edirəm.

  • 13 Temmuz 2013 tarihinde Samadov Xayyam tarafından

    Bizde ilk novbede Nicat muellime minnetdarliqimizi bildirirk ki doqma Zerdabimizda yawayib yaratmis lakin adi Azerbaycanda elede taninmayan sair ve yazicilarimizi gundeme getirib onlarin taninmasinda pay sahibi olursunuz. Bu munasibetile bir daha size oz derin tesekkurumuzu bildiririk ve size bu sahede ve gelecek islerinizde uqurlar arzu edirik.

  • 02 Ocak 2014 tarihinde musayev kamal tarafından

    Semed muellim cox gozel adam idi o seyirleri ile adami heyran edirdi.Semed muellim 2006 ci ilde vefat etmisdir

  • 17 Ocak 2014 tarihinde musayev kamal tarafından

    SEMED Sefdil cox gozel insan olmusdur 1926 ci ilde anadan olmusdur 80 yasinda ise vefat etmisdir Semed Sefdilin cox gozel seyirleri vardir allah rehmet elesin…

  • 16 Nisan 2014 tarihinde Semedov Elsad tarafından

    Azerbaycanimizin fexr edilecek insanlarini cox boyuk fexrle oz saytinizda yerlewdirdiyiniz ucun ilk once onun yaradicilarina men ve ailemiz adindan oz derin minnetdarligimizi bildiririk,o ki,qaldi menim heyatda duzgun movqe tutmagimda boyuk emeli olmuw gorkemli edibimiz,hem de dogma babam Semed Safdile Allahdan Rehmet dileyirem onun yoxlugu hecde onu qelblerimizden sile bilmez her zaman ureyimizde onu hiss edirik…

  • Yorum Yaz
    Ad Soyad :
    E-mail :
    Yorum :

    banner-nic

    ZƏRDAB TV (ZTV)

    AZƏRBAYCANIN İLK PEŞƏKAR, OPERATİV REGİON SAYTI

    Zerdab.com saytı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) doğulduğu bölgəni təmsil edir. Bildiyiniz kimi, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisidir, biz də onun davamçıları olaraq Azərbaycanda yeniliyə imza atmaq qərarına gəlmişik. Belə ki, Azərbaycanda rayonları təmsil edən sayt olsa da, onların çoxu aktiv fəaliyyət göstərmir. Lakin Zerdab.com saytının ölkəmizdə bu sahədə gətirdiyi yenilik ondan ibarətdir ki, öz profilinə uyğun olaraq hər gün yeni məlumatlarla, xəbərlərlə zənginləşdirilir və Azərbaycanda bu cür aktiv və peşəkar fəaliyyət göstərən ilk region saytıdır.

    Saytımızda regionumuzun tarixi ilə bağlı məlumat verilməklə yanaşı, gündəlik xəbərlər də yer alır. Sayt müxtəlif bölmələrdən ibarətdir. "Həsən bəy Zərdabi" bölməsində Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) həyat və yaradıcılığı, elmi fəaliyyəti, bu barədə aparılan araşdırmalar, məqalələr yer alır. Gələcəkdə bu bölmə daha da zənginləşdiriləcək və Həsən bəy Zərdabinin külliyyatı halına gətiriləcək.

    Saytda milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin təlim-tərbiyəsinə yönəlik bir-birindən maraqlı araşdırmalar, yazılar, həyat hekayələri yer alır.
    Azərbaycan tarixində yeniliyə imza atmış, ilk peşəkar və aktiv fəaliyyət göstərən bölgə, region saytı olan Zerdab.com-un kollektivi sizinlə birlikdə olmağın qürurunu yaşayır.

    FACEBOOK

    SONUNCU OXUCU ŞƏRHLƏRİ BU YAZILARA GƏLİB

    SAYTIN DİREKTORU: SEVİNC VAQİFQIZI

    SAYT HAQQINDA, ƏLAQƏ

    SAYTIMIZA DAXİL OLANLARIN STATİSTİKASI

    • Online Kullanıcı: 3
    • Son Mesaj Tarihi: 24/04/2014

    ARXİV