Yaşamaq əzmi

0

– Ay uşaq, neyləyirsən, avtomobildən uzaq dur!

– Əmi, görmürsən, avtomobilinizin şüşəsi çirklənib? 20 qəpik verin, bu dəqiqə təmizləyim.

– Buna bax, üst-başındakı çirkdən utanmır, mənə deyir, avtomobilinin şüşəsi çirklənib.

– Əmi, bəlkə, təmizləyim?..

– Sənə dedim axı, cəhənnəm ol burdan.

İşıqforun yaşıl işığı yanan kimi avtomobillər hərəkətə gəlir. Nurlan əzilməmək üçün yolun kənarına çəkilir.

Növbəti dəfə işıqforun qırmızı işığı yanacaq, o, növbəti dəfə avtomobillərdən birinə yaxınlaşacaq və sürücüyə öz “xidmətini” təklif edəcək. Alına, ya alınmaya…

Sürücülər işıqforun qırmızı işığına nə qədər nifrət edirlərsə, Nurlan onu bir o qədər sevir. Çünki özü demişkən, əziyyətli də olsa, çörəyi işıqforun qırmızı işığından “çıxır”…

***

Saat 17:30. Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yer. İşıqforun yanı. Bura Nurlanın son 10 gündə çörəkpulu qazandığı ünvandır.

Nurlan 1996-cı ildə Tovuz rayonunda dünyaya gəlib. Soyadını heç özü də bilmir. Nə atasını tanıyır, nə də anasını. Qohum-əqrəbalarından yalnız nənəsi Sürəyyanı xatırlaya bilir. Ağsaçlı, bir gözü kor, dişsiz, gödəkboy bir qadın imiş. Nurlanı 5 yaşına kimi Tovuzdakı bazarlardan birində dilənçilik etməklə o böyüdüb.

Nənəsinin Nurlana dediyinə görə, o hələ uşaq olanda ata-anası xasiyyətləri uyğun gəlmədiyi üçün evdə tez-tez mübahisə edirlərmiş. Ancaq bu, çox çəkmir və bir müddət sonra onlar ayrılırlar. İndi Nurlanın atası Rusiyada, anası isə Sumqayıtda yaşayır.

Nurlanın Bakıya gəlişi də həyatındakı çox şeylər kimi aldadıcı olub. Sürəyya nənə ona: “Sabah səni Bakıya göndərəcəyəm. Atan gəlib, səni qarşılayacaq”, – deyib. Ancaq Bakıya çatanda onu qarşılayan olmayıb.

Bu minvalla o, bir neçə gün avtovağzalda gecələyib. Sonra avtovağzalda gecələyən kimsəsiz küçə uşaqları onu öz dəstələrinə qoşublar və gəlib çıxıb Sumqayıta.

O vaxtdan 3 il keçir. Nurlan 7 yaşlı dostu İlkinlə birlikdə yataqxanalardan birinin zirzəmisində gecələyir.

***

Nurlan kimsəsiz olsa da, orta məktəb üzü görməsə də, fikirləri çox maraqlıdır. O bu günə kimi o qədər təhlükələrlə üzləşib ki, indi də işini ehtiyatla tutur. Məsələn, məni öz “evinə” aparanda üstümdə fotoaparat olmadığını dəqiqləşdirmək üçün məni yoxlamadan keçirməyi unutmadı. Ancaq nə qədər təkid etsəm də, vaxtını aldığım üçün ona təklif etdiyim 3 manatı almadı.

***

Nurlanın köməkliyi ilə onun “otaq” yoldaşı, 7 yaşlı İlkinlə də tanış olduq. Nurlandan fərqli olaraq, İlkin Bakıya, ümumiyyətlə, haradan gəldiyini bilmir. Öz dili ilə desək, həyatda əldə etdiyi iki şey var; bir avtomobil təkəri qaralda bilmək, bir də 10-a qədər saymaq: “Şükürlər olsun, təkər qaraltmaqla özümü birtəhər dolandırıram. 10-a kimi saymağı isə mənə müdirim öyrədib. Məsələn, 3 maşın mənim üçün 1 dönər, 5 maşın mənim üçün 1 dönər, üstəlik, bir çaynik çay, 7 maşın bir qutu saqqız, 10 maşın isə… Yox, onu deyə bilmərəm, qoy sirr qalsın”.

***

İlkin uşaq evlərinə nifrət edir. Bu nifrəti ona müdiri aşılayıb: “Müdir deyir ki, uşaq evlərində yaşayan uşaqlar sərbəst ola bilmirlər. Heyif deyil, sərbəst olmaq. Bax indi bir azdan siz buranı tərk edəcəksiniz. Nurlanla mən isə səhərə qədər doyunca yatacağıq. Nəyimizə lazımdır e uşaq evi”…

***

– İlkin, böyüyəndə hansı sənətin sahibi olacaqsan?

– Mən də müdirimiz kimi özümə “yuyucu” sexi açacağam, oraya işə ancaq küçə uşaqlarını götürəcəyəm. Ancaq mən onlara biganə yanaşmayacağam. İşçilərim üçün ev kirayələyəcəyəm, xəstələnəndə onları müayinə etdirəcəyəm və s. Yoxsa bizim müdirimiz kimi? Oğlunun yanında məni o qədər vurub ki…

– Ata olsan, övladını küçəyə atarsanmı?

– Yox. Mənim tez-tez dişim ağrıyır. Nurlan deyir ki, “gəl aparaq, onu çəkdirək”. Ancaq çətin olsa da, mən ağrıya dözürəm. Çünki diş çəkdirməkdən qorxuram. Ancaq atam olsaydı, qorxmazdım, onunla həkimə gedib dişimi çəkdirərdim.

– Bəs həyatda ən çox nədən qorxursan?

– Polisdən və ilandan.

– Niyə məhz polis və ilan?

Çünki bir dəfə polis əmi məni döymüşdü. İlanlar isə yatdığım yerdə həmişə o tərəf-bu tərəfə gəzişirlər. Düzdür, onlar mənə toxunmurlar. Ancaq yenə də mən onlardan qorxuram.

– Ata-ananı görmək istəyirsənmi?

– …

– Ürəyin ən çox nə istəyir?

– Qarğıdalını çox sevirəm. Nədəndir bilmirəm, ancaq mən qarğıdalıdan heç vaxt doymuram.

– Həmyaşıdlarına nə demək istəyirsən?

– Ağıllı olsunlar, valideynlərini incitməsinlər.

– Bəs böyüklərə?

– Övladlarının bu vəziyyətə düşmələrinə imkan verməsinlər.

– Ən böyük arzun nədir?

– Təmiz, səliqəli geyimim və bir də böyük bir güzgüm olsun. Saatlarla özümə baxa bilim.

– Özünə niyə baxmaq istəyirsən ki?

– Çünki bu cür geyimdə özümü hələ görə bilməmişəm…

***

Bu iki kimsəsiz balanı qaranlıq, soyuq, üfunət qoxuyan zirzəmidə qoyub, üzü şəhərə doğru irəliləyirəm. Sanki nə səs-küyü eşidir, nə ətrafdakı avtomobilləri görürəm. Ayaq altına səpələnmiş xəzəllər də mənə bu balacaların solmuş gözlərini xatırladır.

Dayanacağa çatıb avtobusun gəlməsini gözləyirəm. Birdən Nurlanla İlkinin mənə tərəf qaçdıqlarını görürəm. Nurlanın hövsələsi çatmır və uzaqdan qışqırır: “Əmi, yadımdan çıxmışdı, yazında Sürəyya nənəmə mənim salamlarımı çatdırmağı unutma”…Yasamaq ezmi

Müəllif: Nicat İntiqam

“Ailəm” jurnalı

Share.

About Author

Leave A Reply