Zərdab rayonunda Novruz şənliyi keçirildi – FOTOLAR

0

Zərdabdakı Heydər Əliyev parkında Novruzun gəlişi ümumrayon şənliyi ilə qeyd olunub.

Meydan boyu açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb.

Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı xalqımıza əmin-amanlıq, bol ruzi arzulayıblar.

Zərdab ictimaiyyətinə bayram təbriklərini çatdıran rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir.

Şənlikdə rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli oyunları, idmançıların nömrələri, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımızı nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar.

Üç mindən çox səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub. Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.

Share.

About Author

Leave A Reply