facebook

Zərdabda at arabasında yatdığı deyilən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

0

 

Bir neçə gün öncə mətbuatda Zərdab rayonunun Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızının müraciəti yayımlanmışdı. İddiaçı bildirib ki, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır. Məsələ ilə bağlı “Zerdab.com” saytına Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağaverdi Novruzovun adından açıqlama göndərilib. A. Novruzov bildirib ki, Mehdiyeva Günel Faxrət qızı barədə yerləşdirilmiş məlumatlar düzgün deyil:

“Bildirirəm ki, Zərdab rayonunun Məlikumudlu kənd sakinləri Günel Mehdiyeva və onun həyat yoldaşı Sarənc Mehdiyev son 2 il ərzində müxtəlif yuxarı orqanlara müraciət edərək onlara qarşı haqsızlıq edildiyini, uzun illər yaşadıqları torpaq sahəsindən və evdən çıxarıldıqlarını bildirirlər. Bu işin səbəbkarı kimi Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevi, Rayon Məhkəməsinin hakimi Tahir Qubadovu və Məlikumudlu kənd sakini Tofiq Abdullayevi göstərirlər. Bu fikirlər düzgün deyildir. Əsl həqiqət isə belədir.

Məlikumudlu bələdiyyəsi ilə Tofiq Abdullayevin həyat yoldaşı Nüşabə Abdullayeva arasında bağlanmış 1 oktyabr 2007-ci il tarixli 09 saylı icarə müqaviləsi əsasında 15 hektar torpaq sahəsi Nüşabə Abdullayevaya icarəyə verilib və Dövlət Torpaq Kadastr kitabında 08.07.2014-cü il tarixdə 724 nömrə ilə uçota alınıb.

Azərbaycan Respublikası Prezidentinin 14.12.2007-ci il tarixli sərəncamı ilə Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildiyindən Günel Mehdiyevanın onun haqqında yazdığı fikirlər böhtan xarakterli olmaqla rayon rəhbərinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Eyni zamanda bildiririk ki, Nüşabə Abdullayeva Mehdiyev Sarəncə qarşı məhkəmədə iddia qaldırıb və 13 may 2016-cı il tarixdə onun iddiası təmin edilib.

Rayon İcra Hakimiyyəti tərəfindən həmin ailəyə müvəqqəti yaşamaları üçün Məlikumudlu kəndi ərazisində yerləşən köhnə məktəb binasından 2 otaq təklif olunub, lakin onlar bu təklifi qəbul etməyiblər və yalnız məhkəmə qərarı ilə çıxarıldıqları evdə yaşamaları üçün şərait yaradılmasını tələb ediblər”.

İcra nümayəndəsi onu da bildirib ki, Günel Mehdiyevanın həyat yoldaşı Sarənc Mehdiyevin Məlikumudlu kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi var.

“Həmin həyətdə kifayət qədər tikinti materialları olmaqla, 3 otaqlı evin bünövrəsi qoyulub. Lakin bu ailə dayanmadan müxtəlif ünvanlara əsassız və böhtan xarakterli ərizələr yazmaqda davam edir”,-deyə Ağaverdi Novruzov bildirib.

 

*** 

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən müraiət daxil olub.

Vətəndaşın iddialarına görə, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır.

“Həyat yoldaşım Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban və sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşağımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi atam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilib. Buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var”.

Kənd sakininin iddialarına görə, Zərdab rayonun icra başçısının sabiq müavini Tofiq Abdullayev onları əmlakının yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra onları məhkəməyə verib və evləri əllərindən alınıb. 

“Bundan sonra bizim həmin torpağı zəbt etməyimizi əsas gətirərək Zərdab rayon məhkəməsində iddia qaldıraraq oradan çıxarılmağımızı tələb etmişdi. Məhkəmə sədri Tahir Qubadov iddianı təmin etmişdi. Həttda Zərdab rayon məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququmuzun məhdudlaşdırılması üçün həyat yoldaşımı 16 may 2016-cı il tarixdə qanunsuz 20 günlük inzibati həbs etdilər. Guya həyat yoldaşım Sarənc Tofiq Abdullayevin çobanına qarşı xuliqanlıq edib. Həyat yoldaşım həbsdən çıxan kimi qətnaməni və sənədləri vəkil Əlayif Həsənova verdi. O, isə apellyasiya şikayətini müddət ötəndən sonra yazıb həyat yoldaşıma verdi. Buna görə də məhkəmə müddətin ötməsini əsas gətirib apellyasiya şikayətimizi əsassız hesab etdi.

Beləliklə, bir ailənin qanunu evini əlindən almaq üçün saxtakarlıqla çıxarılmış qətnamə qanunu qüvvəsini aldı. Bundan sonra icraçılar və polislər məhkəmə qətnaməsinə əsasən bizi evimizdən çıxartdılar. Hazırda çölün düzündə at arabasının içində qalırıq. Biz mal-qoyun, toyuq-cücə saxlayıb ailəmizi dolandırıdıq”.femida.az

Zerdab rayonu

 

Share.

About Author

Leave A Reply