facebook

Zərdabda “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi uğurla icra olunur – FOTOLAR

0
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab şəhər “Cümə”  məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə çağırışdır”  layihəsi çərçivəsində “İslamın həmrəyliyə verdiyi əhəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev, rayonun mədəniyyət və kitabxana işçiləri, gənclər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbir iyulun 4-də Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Respublikasının döyüş bölgəsində vəfat etmiş Füzuli rayon sakini 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın xatirəsinin yad  edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov qeyd edib ki,  bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayır. O vurğulayıb ki, “İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında deyib ki, elmsizlik və məzhəblər arasında siyasi məqsədlərə çatmaq uğrunda mübarizə keçən əsrlərdə olduğu kimi, günümüzdə də müsəlman dünyasında davam etməkdədir. Məzhəblər arasında fikir ayrılığı, yalan və təhrif olunmuş məlumatların təbliğ olunması müsəlmanlar arasında düşmənçilik toxumlarının səpilməsinə səbəb olur və bu da İslam həmrəyliyinin zədələnməsinə, zəifləməsinə gətirib çıxarır. Bu problemlər hazırda İslam dünyasında müşahidə olunan münaqişə və narazılıqların əsas səbəblərindəndir.
Daha sonra “Qurani-Kərimdə və Peyğəmbərin həyatında vəhdətə çağırış” mövzusu ətrafında Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyevin, “Milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynovun və digər natiqlərin çıxışları dinlənilib.
Sonda Zərdab rayonu Mərkəzi Kitabxanasına və iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
Zerdab tedbir
Zerdab tedbir
Zerdab tedbir
Share.

About Author

Leave A Reply