facebook

Zərdabda Məlik Məhərrəmovun doğum günü qeyd olunub – FOTOLAR

0

Zərdabda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun doğum gününə həsr olunan “Hərbi şöhrət gecəsi” keçirilib.

Bu münasibətlə cəbhəyanı bölgələrdə xidmət edən bir qrup hərbçinin Zərdab şəhərinə səfəri təşkil olunub. Yeni nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin, ordu-cəmiyyət münasibətlərinin gücləndirilməsi məqsədilə keçirilən tədbir böyük maraqla qarşılanıb.

Səngərdən birbaşa Zərdab şəhərinə yollanan əsgərləri rayon ictimaiyyətinin nümayəndələri, fidan körpələr səmimi hisslərlə, çiçək dəstələri ilə qarşılayıblar. Azərbaycan ordusunda xidmət keçən hərbçilər ilk öncə ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

“Hərbi şöhrət gecəsi” Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önündə təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək ön səngərdə, düşmənlə üz-üzə xidmət edən bir qrup əsgər və zabitin mərasimlə əlaqədar Zərdab rayonuna gəldiyini bildirib. A.Qurbani Məlik Məhərrəmovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib, onun misilsiz şücaətləri ilə hərbçilərimizə örnək olduğunu söyləyib.

Tədbirdə Lələtəpə döyüşlərinin iştirakçıları çıxış edərək hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildiriblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev Məlik Məhərrəmovun keçdiyi həyat yolunun hər bir azərbaycanlı gənc üçün örnək olduğunu söyləyib. O, zərdablıların İkinci Dünya müharibəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaətdən danışıb.

Hərbi gecədə zərdablı körpələr Vətənimizi, Ordumuzu tərənnüm edən şeirlər söyləyiblər.

Sonda hərbçilərimiz Abdulla Qurbaninin müəllifi olduğu “Lələtəpə” kitabını məktəblilərə təqdim ediblər.

Share.

About Author

Leave A Reply