facebook

Zərdabda xalq etirazları – Tarixi faktlar

0

Hər hansı yurdun tarixini yerləşdiyi ölkənin tarixindən ayrı təssəvvür etmək mümkün deyil. İstənilən hadisə az yaxud çox halda ölkənin yerləşdiyi əraziyə də öz təsirini göstərmədən ötmür. Tarixi xronoloji baxımdan XVIII əsrdən  başlanğıcını götürən Azərbaycanın yeni tarixi, istərsə də 1918-ci ildən başlayan müasir tarixi xalq üsyan və etirazları ilə zəngindir. Təbii ki, bu etirazlar Zərdabdan da yan ötməyib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Taleh Əliyev “Zərdabin tarixi-siyasi coğrafiyası” adlı
araşdırmasında (“Arxeologiya və Etnoqrafiya” jurnalının “Тarix və onun problemləri”, № 1 2014 , səh.307) Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlıların Şirvan ərazisini imperiyanın tərkibinə qatıldığını göstərərək, bu səbəbdən də Osmanlı mənbələrində Şirvan ərazisinə daxil olan Zərdabın da adının qeyd edildiyini bildirir. Bu torpaqların Şah I Abbasın hakimiyyəti zamanı yenidən Səfəvilərin ərazisinə çevrildiyini göstərən müəllif, daha sonra yazır: “Səfəvilər dövlətinin zəiflədiyi dövrdə feodal özbaşınalıqları geniş vüsət aldığı zaman onlara qarşı yerlərdə üsyanlar baş qaldırır. Şirvan üsyançılarının əsas məntəqələrindən biri də Zərdab ərazisi olmuş, burada Müskürlü üsyançıları xüsusilə fərlənmişlər. Məhz 1724-cü il İstanbul sülhündən sonra Rusiya Hacı Davud Müskürlünü Şirvan xanı kimi tanımış və Zərdab ərazisi də onun idarə etdiyi əraziyə daxil edilmişdir. Lakin 1727-ci il Nabur sülhündən sonra əraziyə rəhbərlik rus meyilli hakim Qazıqumuxlu Surxay xanın əlinə keçmişdir. ”http://static.bsu.az/w8/Tarix%20ve%20onun%20problem/2014%20%201/seh.307-14.pdf

Tarixi xronoloji baxımdan yeni tarixi ilə müasir tarixinin kəsişməsində də etirazlara rast gəlmək olur. Bu etirazlar əsasən qaçaq hərəkatı ilə bağlıdır. Tarixi mənbələrdə və xalq yaddaşında yerli feodallara, yeni qurulmuş sovet hakimiyyətinə etiraz edən bir – neçə qaçağın adı qalmaqdadır. Bir neçə il öncə Zərdabın 75 illiyi tədbirləri çərçivəsində zardab.com.az sayıtında gedən yazıda bu qaçaqlardan biri olan Saday bəy haqqında kiçik epizod getmişdir. Həmin yazını nəzərinizə çatdırırıq.

“Zərdab rayonunun Təzəkənd kəndində anadan olan Səfərəliyeva Türfə Səfərali qızı 1935-ci ildə Təzəkənd kəndindəki Kaqanoviç adına kolxozda sədr olmuşdur. Kasıb ailədən olan T. Səfərəliyeva kasıblara, əlsiz-ayaqsızlara həmişə kömək edirdi.

Deyirlər ki, o vaxtlar Zərdab ərazisində məskən salmış qaçaq Saday bəy bir axşam Türfəni öldürmək məqsədi ilə onun yaşadığı kəndə gəlir. Saday bəyin düşüncəsinə görə qadından kolxoz sədri olmazdı. Bunu Saday bəy qadınlara pis nümunə hesab edirdi.

Saday bəy həyətə daxil olarkən Türfə onu qarşılayır. Ondan burada nə etdiyini soruşur və şura hökumətinin adamlarının onu axtardığını bildirir. Elə bu vaxt haradansa Saday bəyin kəndə gəldiyini bilən silahlı milis işçiləri həyətə daxil olurlar. Qrupun rəhbəri, aldıqları məlumata görə Saday bəyin kənddə olduğunu, onu axtardıqlarının bildirir. Saday bəyin onun həyətində gizlənməsinə şərait yaradan T. Səfərəliyeva milislərə, “Saday bəy mənim qorxumdan bu kəndə gələ bilməz” cavabını verir.

Silahlılar gedəndən sonra Saday bəy gizləndiyi yerdən çıxır, üzünü qadına tutaraq ”Sən kişi qeyrətli qadınsan, mən səni öldürməyə gəlmişdim, sən isə mənə həyat bağışladın, sənə bir can borcluyam, əvəzini necə çıxa bilərəm?”- deyə müraciət edir. Səfərəliyeva ona – “Şəxsən mənə heç nə lazım deyil, sözüm təkcə budur ki, bir də bizim kəndə yaxın düşmə, camaatımızı incitmə” – deyə cavab verir. Şahidlərin dediklərinə görə o gündən sonra Saday bəy bir daha Təzəkəndə üz tutmur”.

Zərdabda digər xalq kütləvi xalq etiraz haqqında məlumat isə nisbətən daha yaxın dövrü əhatə edir – ötən əsrin 60-cı illərini. Həmin etirazlar barədə rayon dövlət arxivinin müdiri Mirağa Bağırovun araşdırmasında 1962–ci ildə Zərdab rayonunun ləğv edilərək, Ucar rayonunun tərkibinə verildikdən sonra rayonda yaranan etirazlardan bəhs edilir: “Zərdabın Ucar rayonuna birləşdirilməsi ciddi cətinliklər yaratdı ki, bu da əhali tərəfindən etirazla qarşılandı. Adi bir arayış almaq istəyən vətəndaş Ucar rayon mərkəzinə getməli olurdu. Halbuki Zərdabın Bıçaqçı və ya Əlvənd kəndindən Ucar rayon mərkəzinə qədər olan məsafə təqribən 60 kilometrdir, o illərdə yollar cox bərbad, nəqliyyat problemi isə ümumiyyətlə, müşkül məsələ idi. Yaranmış çətinliklər get-gedə vətəndaş itaətsizliyinə çevrilirdi. Bu itaətsizliyi sübut edən ilk hadisə 1964-cü ildə rayonun nüfuzlu şəxslərinin rəhbərliyi ilə təşkil edilən dərnəklər oldu.” 

    Bu dərnəklərdə, rayonun statusunun bərpasına nail olmaq üçün  görüləcək işlərin müzakirə olunduğunu qeyd edən müəllif, bu istiqamətlərdə görülən işləri belə təsvir edir : “Əvvəlcə Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə – Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciətlər ünvanlandı. Nəticəsiz qalan bu müraciətlərdən sonra Moskvaya-SSRİ rəhbərliyinə- Sov. İKP MK-ya ərizələr, şikayətlər, müraciətlər göndərildi. Bu da nəticə vermədikdə cana doymuş adamlar Zərdaba gələn şosse yolunu (“Dördyol” deyilən ərazi) bağladılar, burada şlaqbaum, keçid məntəqəsi yaratdılar.

1964-cü ilin dekabrında Zərdabın Ucar rayonundan ayrılması işinə rəhbərlik edən qərargah yaradıldı. Qərargahın üzvləri Qədim Qədimov, Məcid Cavadov, Şahgəldi Məmmədov, Ağahüseyn Ağayev, Namizəd Abdullayev,  Babaş Babaşov,  Fəzayıl Mahmudov,  Cəbi Abdullayev və başqaları idilər.

Zədabın müxtəlif təbəqələrini təmsil edən 16 nəfər Bakıya gedərək çox çətinliklə də olsa o vaxtkı Azərbaycan rəhbəri Vəli Axundovun qəbuluna düşə bildilər və məsələni ona izah etdilər. Məlum oldu ki, Zərdabın Ucara birləşdirilməsi Moskvanın səlahiyyətinə aid işdir, Azərbaycan KP MK belə məsələləri həll etmək gücünə malik deyil. Vəziyyəti nəzərə alaraq qərərgah Zərdab əhalisinin etirazını Moskvaya – SSRİ-nin mərkəzi hakimiyyət orqanlarına bildirmək üçün nümayəndə heyəti yaratdı. Moskvaya yollanacaq nümayəndə heyətinə Məcid Cavadov, Şahgəldi Məmmədov, Babaş Babaşov, Ağahüseyn Ağayev, Asiya Məmmədova və başqaları daxil edildilər. Nümayəndə heyəti Moskvaya yola düşərək 1964-cü il dekabr ayının axırından 1965-ci ilin yanvar ayına qədər orada fəaliyyət göstərmişdir. Moskvada fəaliyyət göstərən nümayəndələr Zərdabla əlaqə saxlayaraq vəziyyətdən asılı olaraq mərkəzə rayondan çoxlu sayda teleqramlar göndərilməsinin vacibliyini bildirirdilər. Teleqramların göndərilməsini xüsusi parolla – “Göyərçinləri uçurdun” sözləri ilə telefon və ya teleqramla bildirirdilər. Moskvaya göndərilən teleqramların mətnini həmin dövrdə maliyyə şöbəsində işləyən Firəngiz Cəmil qızı Əsədova hazırlayırdı. Nəhayət, zərdablıların nümayəndə heyətini o vaxtkı SSRİ rəhbəri Leonid İliç Brejnevin köməkçisi Starçenko qəbul edib dinlədi.

1965-ci il yanvarın 6-da Zərdab yenidən öz müstəqil statusunu bərpa etdi.

Məlumat üçün bildirək ki, Mirağa Bağırovun yazısında adı gedən Əsədova Firəngiz Cəmil qızı Zərdabinin əmisi oğlu Xanlar bəy Əsəd bəy oğlu Məlikovun nəvəsidir. X.Məlikov 1933-cü ildə antisovet təbliğatı apardığına görə həbs edilmiş, sonradan sərbəst buraxılmışdır. Bir müddətdən sonra isə Qırğızıstana sürgün edilmişdir.

F. Əsədovanın atası Cəmil Xanlar oğlu Məlikov xalq düşməninin oğlu kimi Sovet höküməti tərəfindən 1937-ci ildə güllələnib.

Əlibəyli kənd sakini, zərdablılar arasında “Şıx Ağasəf” kimi tanınan Ağasəf Əliyevin şəxsi arxivində saxlanılan, müəllifi qeyd edilməyən aşağıdakı şeirin (şerin poetik xüsusiyyətlərini müzakirə etmək istəmirik) misraları 1960-cı illərdə Zərdabı ayrmaq uçün zərdablıların gördükləri işlərin tarixi portretini çəkməkdə müyyən köməllik edə bilər.

Həsənbəy mülkünün düzü, təpəsi

Yaşılbaş sonası, Kürün ləpəsi,

Ağ birçək ananın kiçik nəvəsi,

Deyir, Vəli Yusiboviç Zərdabı ayır!

***

Göylərə yüksəlir xalqımın səsi,

Ətrafı yandırır onun nəfəsi,

Yüzlərlə aldığın insan məktubu

Deyir, Vəli Yusiboviç Zərdabı ayır.

***

Rəhbər istər xoşbəxt olsun kəndlisi,

Təmizlər ölkəsin, qovar iblisin.

İki-üç taxtalı Zərdab körpüsü,

Deyir, Vəli Yusiboviç Zərdabı ayır.

Mənbə: www.zardob.blogspot.com

Share.

About Author

Leave A Reply