Zərdabda yeni layihənin icrası davam edir

0

Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

“Azərsu” ASC tərəfindən icra olunan layihəyə uyğun olaraq həmin torpaqların suvarılması Kür çayı hesabına həyata keçiriləcək. Bu məqsədlə Kür çayı sahilində, Zərdab rayonunun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisi layihələndirilib. Hazırda su qəbuledici qurğunun və nasos stansiyasının tikintisinə başlanılıb.

Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə 1400 millimetr diametrli borularla 15 kilometr uzunluğunda magistral kəmərin tikintisi də nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə 4 nöqtədə magistral kəmərin tikintisi davam etdirilir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından stansiyaya qədər 6,5 kilometr uzunluqda elektrik xəttinin çəkilişi işlərinə də başlanılıb.

Tikinti-quraşdırma işlərinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərsu” ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə də suvarma layihələri icra edəcək. Padarçöl ərazisində 10 min hektar torpağın suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə aparılacaq. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 kilometr uzunluğunda su xətti çəkiləcək.

Share.

About Author

Leave A Reply