Zərdabi ömrünün işığında

0

… Nəhayət ki, bu yay günlərinə düşən qısa məzuniyyətim dövründə son illər geniş ictimai və ədəbi rezonans doğurmuş bəzi bədii əsərləri oxumağı qərara aldım.

Onlardan biri də azərbaycançılıq ideologiyası və ədəbiyyatşünaslığa dair sanballı tədqiqatları və lirik şeirləri ilə yaxşı tanınan filoloq-alim Sona Vəliyevanın “İşığa gedən yol” romanı idi.  Çünki bu epik əsərin milli jurnalistikamızın banisi, böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin həyat yolundan bəhs etdiyindən xəbərdar idim.

Doğrusu, ayrı-ayrı sənədli filmlərin və tarixi yazıların hazırlanması ilə bağlı son illər arxivlərdə işləyərkən Həsən bəylə əlaqəli bəzi arxiv sənədlərinə rast gəldiyimdən bu görkəmli şəxsiyyətin ömür yoluna, taleyinə məndə də böyük maraq yaranmışdı. Xüsusən, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və Arzu xanım Əliyevanın baş prodüserliyi ilə hazırlanan “Əbədi ezamiyyət” bədii-sənədli filminin ssenarisi üzərində işləyərkən Bakı, Tbilisi, Moskva və Paris arxivlərindəki sənədlərdə Zərdabi şəxsiyyəti ilə bağlı bəzi yeni fakt və hadisələr diqqətimi cəlb etmişdi. Bu filmin qəhrəmanlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin kürəkəni idi. Və onun öz məsləkdaşları ilə yazışmalarında bəzən Həsən bəyin də adı çəkilirdi. Ceyhun bəy Hacıbəylinin 1929-cu ilin iyununda yazdığı bir məktubdakı fraqment isə, sözün həqiqi mənasında, məni kövrəltmişdi. Ceyhun bəy Əlimərdan bəy Topçubaşovun həmin günlərdə xəstə və üzgün olduğunu xatırladır, onun bu ərəfədə qayınanası Hənifə xanımın vəfatı ilə əlaqədar təşkil etdiyi yas mərasiminə bəzi silahdaşlarının gəlməməsinin də səhhətinə pis təsir etdiyini yazırdı: “Bütün dağlılar, gürcülər, ermənilər gəlmişdilər, amma dəvət olunmalarına baxmayaraq bu “cənablar” gəlməmişdi. Biri xəstəliyini bəhanə gətirmişdi, digəri dəvət xəbərini gec aldığını söyləmişdi…”

Xatırlatmaq yerinə düşər ki, 1929-cu ilin mayında Hənifə xanım Bakıda haqq dünyasına qovuşanda onun sevimli qızı Pəri xanım (Pərisultan) həyat yoldaşı Əlimərdan bəylə Parisdə istiqlal mübarizəsinin əzablarını yaşayırdı… Və onlar mərhum Hənifə xanımın vəfatı ilə əlaqədar Parisdə, adətimizə uyğun olaraq, yas məclisi təşkil etməklə özlərinə təskinlik vermışdilər. Və bu mərasimə ən yaxın adamların gəlməməsi, şübhəsiz, onları kədərləndirmişdi…

Həsən bəy Zərdabi şəxsiyyəti və onun ailə üzvlərinin keşməkeşli taleyi bu materiallarla tanışlıqdan sonra məni daha çox cəlb edirdi. Ona görə də yazıçı Sona xanım Vəliyevanın bu insanlara həsr etdiyi roman məni maraqlandıran suallara cavab verə bilərdi və bəri başdan deyim ki, verdi də!

Romanı məhz bu maraqla oxumağa başladım. İlk baxışda əsərin həcmi (təxminən 800 səhifəyə yaxın) adamın gözünü qorxutsa da, oxumağa başlayanda səhifələrin necə ötdüyünü hiss etmirsən. Şübhəsiz, bu, bir tərəfdən Həsən bəy Zərdabinin enişli-yoxuşlu həyat yolunun zənginliyi ilə bağlıdırsa, digər tərəfdən əsərin axıcı dili ilə, təhkiyənin və dialoqların sadəliyi ilə, nəhayət, Sona Vəliyevanın yazıçı məharəti ilə əlaqədardır. Bir də roman axı işığa gedən yol haqqındadır…

Niyə “İşığa gedən yol”? Əsərin ilk səhifələrindən oxucuya təlqin olunur ki, Zərdabda tanınmış Rəhim bəyin ailəsində dünyaya göz açan Həsən hələ uşaqlıqdan elmə, təhsilə xüsusi maraq göstərib və böyüdükcə anlayıb ki, elm və təhsil işıqdır, nurdur. Həsən bu həqiqəti ona görə anlayıb ki, Zərdab bəylərindən olan babası elmə, kitaba qiymət verən insan olub. Atası Səlim bəy uzaq-uzaq diyarlardan evinə kitablar gətirib, övladlarını savadlı görmək istəyib. Ona görə də dünyagörmüş Rəhim bəyin xeyir-duası ilə uşağı Şamaxı gimnaziyasına aparırlar. Bu gimnaziyadan sonra o, təhsilini Tiflisdə davam etdirir. Təbii ki, Həsənin bir insan kimi formalaşmasında Tiflis mühitinin, xüsusən qohumu “urus Fərəc”in (Fərəc bəy Ağayev) məsləhətləri xüsusi rol oynayır. Bir növ Fərəc bəy bu yeniyetmə qohumunun gözlərini açır. Və gənc Həsən Tiflisdə təhsilini başa vurandan sonra Moskva Universitetinə daxil olur və həmin təhsil ocağını da uğurla bitirir. Ən başlıcası isə bu təhsil və kamilləşmə illərində Həsən böyük Mirzə Fətəli Axundovla ünsiyyətdə olur, Seyid Əzimlə dostluq edir, Sergey Solovyovdan dərs alır. Bütün bu görüş və danışıqlar onun həyat yolunu müəyyənləşdirir. Bu yol işığa istiqamətlənir, bu yol təhsilə yönəlir…

Bütün bunlar o vaxt olub ki, az qala bütün Azərbaycan Mirzə Cəlilin təbirincə desək, “zülmət içində” idi. Elm, maarif deyəni topa tuturdular. Amma Zərdabi elm, təhsil deyə şəhərbəşəhər, kəndbəkənd gəzib və insanları öz ziyasına qərq edə bilib.

Əslində, gözünü dünyaya açıb hər yanı “zülmət içində” görən bir gəncin XIX əsrin ikinci yarısında Moskvada təhsil alması özü böyük bir yenilik, işıq idi. Ona görə də Bakıya qayıdıb məmur kimi Bakı Qəza İdarəsində fəaliyyətə başlayandan sonra, Həsən Məlikov, indiki terminlə desək, savadsızlıq ucbatından insan hüquqlarının pozulmasına, yoxsulların mal-mülkünün əllərindən alınmasına dözə bilmir, kömək üçün ona müraciət edən şikayətçilərin gözünü açmağa, onların haqqını müdafiə etməyə başlayır və… işini itirməli olur. Və onda anlayır ki, ayrı-ayrı adamların haqqını bərpa etməklə, ayrı-ayrı insanların gözünü açmaqla cəmiyyəti sağlamlaşdırmaq, insanların azad yaşamasına nail olmaq mümkün deyil! Həsən bəy anlayır ki, tək-tək adamların oxuması ilə cəmiyyət işıqlanmayacaq, ona görə təhsilli gənclərin sayı artmayınca savadsızlıq, cəhalət bu millətin tərəqqisinə mane olacaq. Və Həsən bəy bu arzu ilə yola çıxır… Xeyriyyə cəmiyyəti yaratmaq üçün Azərbaycanı gəzir, Şamaxıda olur, Gəncəyə gedir, Tiflisə baş çəkir, Qubanı, İrəvanı, Şuşanı… az qala, bütün Azərbaycanı qarış-qarış gəzir. O niyyətlə ki, yaradacağı xeyriyyə cəmiyyəti xəttilə kasıb uşaqlarının təhsilə cəlb edilməsinə yardımçı olsun…

Əsərdə bu səfərlərin təfərrüatlı təsviri, sadəcə, baş qəhrəmanın həyat yolunun hansı məkanlardan keçdiyini göstərmək məqsədi daşımır. Bu, həm də o dövrün Azərbaycanı barədə bugünkü oxucuda real təsəvvür yaratmaq üçün yazıçının istifadə etdiyi ədəbi priyomdur: Müəllif Həsən bəyin getdiyi yollar, olduğu şəhərlər barədə ətraflı söhbət açır, bu şəhərlərin keçdiyi tarixi yol barədə geniş məlumat verir. Burada Sona Vəliyeva bir tarixçi kimi çıxış edir, oxucusunu dünənə aparır, Vətənin keçmişinə ekskurs edir. Məsələn, Gəncənin tarixindən söhbət açır, Dərələyəz mahalından, Vedidən danışır, Naxçıvanın, Azərbaycan Atabəylər dövlətinin tarixinə nəzər yetirir və s. “Səni kimlər qurdu, Şuşa?” – deyə bu gün əsirlikdə olan Şuşamızın keçmişinə  işıq salır.

Bu qeydlərlə yazıçı bir daha tarixi gerçəkləri oxucuya çatdırır. Amma bütün bunlar qəliz elmi dildə yazılmış traktat nümunəsi deyil, sadə və rəvan bir tarixçədir ki, onu rahatlıqla qavrayan oxucu, eyni zamanda, bir növ tariximizin ayrı-ayrı səhifələrindən də xəbərdar olur.

Digər tərəfdən, “İşığa gedən yol” təkcə Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi haqqında deyil, həm də bütövlükdə Azərbaycan mətbuat tarixi barədə romandır, – desək yanılmarıq. Çünki bu əsərdə oxucu ilk milli mətbuat nümunəmizin – “Əkinçi”nin necə yarandığını görür: “…Quberniya mətbəəsində qızğın iş gedirdi. Həsən bəy erməni Minasovun səhvlərini səbrlə düzəltsə də, bütün vücudu titrəyirdi. Həyəcandan əlləri əsirdi. Səhər açılanda bütün ictimaiyyət “Əkinçi” qəzeti ilə tanış olacaqdı. Qəzetin birinci səhifəsində “Badikubə gimnaziyasının müəllimi Həsən bəy Məlikov Zərdabi tərəfindən çap edilib” sözlərini Həsən bəy uzun illərdi gözləmişdi. Nəcəf də, Hənifə xanım və digər şagirdləri də onun sevinc göz yaşlarını görüb kövrəlmişdilər. Hənifə xanım bir dəfə də Pərisoltan anadan olanda onun belə sevindiyini görmüşdü”.

Bu kiçik parçada yazıçı təkcə “Əkinçi”nin ərsəyə gəldiyi ilk günlərin mənzərəsini canlandırmır, həm də Hənifə xanımın timsalında daim Həsən bəyin yanında dayanan qüdrətli bir həmfikrin, istedadlı silahdaşın obrazını yaradır.  Biz bu obrazı evdə də görürük, müxtəlif tədbirlərdə də. Amma qəzet nəşrində, qəzetin ərsəyə gəlməsində bu obrazın belə qabarıq göstərilməsi həm də yaradıcı insanın yanında ideya dostunun, həmfikirin olmasının vacibliyini vurğulamaq vasitəsi kimi maraqlıdır. Həqiqətən də, əgər o vaxt Həsən bəyin ailəsində Hənifə xanım kimi savadlı, müasir dünyagörüşlü bir xanım olmasaydı, mətbuatımızın tarixi yəqin ki, bir az da sonrakı illərə təsadüf edə bilərdi. Biz başqa millətlərdən bir qədər də geri düşə bilərdik. Romanın bu hissəsi sanki oxucuya belə bir acı həqiqəti xatırladır…

Mətbuat tarixindən söz düşmüşkən, bu tarixdən az-çox xəbəri olanlar, xüsusən, ali jurnalist təhsili alanlar bilir ki, o vaxt “Əkinçi”nin ilk nömrəsini mətbəədə erməni mürəttib Minasov yığıb. Bu, acı da olsa faktdır, həqiqətdir, reallıqdır. Sona xanım bu acı reallığı da olduğu kimi verir. Və bununla oxucunu düşünməyə vadar edir. Həsən bəyin düşdüyü mühitin portretini yaradır. Və oxucu dərhal Həsən bəyin vəziyyətini göz önünə gətirir: demək, bu kişi qəzetin nəşrinə icazə almaq üçün qapılar döyür, bu icazəni alandan sonra maliyyə məsələlərini həll edir, mətbəə müəyyənləşdirir və məlum olur ki…, Azərbaycanda heç bir mətbəədə Azərbaycan dilində mətn yığa bilən mürəttib yoxdur! Bu peşəyə ehtiyac olmayıb! Bu peşə ilə məşğul olan yoxdur! Faciə deyilmi?

Yazıçının bugünkü oxucuya göstərdiyi XIX əsr Bakı reallığı budur! Belə olan halda isə bu mühitdən Həsən bəy Məlikov-Zərdabi çıxıbsa, belə bir mühitdə “Əkinçi” yaranıbsa… yenə də şükür deməkdən başqa söz tapmırsan… Və bütün bu təzadlardan sonra Sona xanımın yaratdığı Zərdabi obrazı bir az da sanballı, bir az da monumental görünür.

Oxucu romanda təkcə “Əkinçi” ilə tanış olmur. Həm də “Kəşkül”ün nəşrə başlamasına və… bağlanmasına şahidlik edir. “Bakinskie İzvestiya”dan xəbər tutur, “Tiflisskie vedomosti”, “Kafkaz”, “Qolos”, “Tərcüman”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus” və digər qəzetlər barədə məlumat alır. “Kaspi”nin meydana gəlməsində Zərdabinin rolunu görür, Hacı Zeynalabdin Tağıyevin millətpərvərliyinə bir daha əmin olur, Əlimərdan bəy Topçubaşovun möhtəşəm obrazına heyran qalır. Bir sözlə, “İşığa gedən yol” həm də qaranlıq məmləkətdə işıq rolu oynayan mətbuatımızın keşməkeşli tarixinə işıq salır.

Həsən bəy müxtəlif şəhərlərə səfər zamanı cürbəcür insanlarla, tanınmış ziyalılarla görüşür, onlarla millətin sabahı barədə müzakirələr aparır. Bu zaman da  Sona Vəliyeva müasir oxucunu Azərbaycanın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı ilə tanış etmək fürsətini əldən vermir. Sanki elə belə, yeri gəlmişkən, bu insanların həyat tarixçəsini danışır. Və bu məqamda müəllif tədqiqatçı-alim işini görür. Belə ki, onun təqdim etdiyi bu ziyalılar arasında tərcümeyi-halı bəlli olan insanlar da var, az-çox təhsili olanların belə tanımadığı ziyalılar da… Ona görə də yazıçının sözarası təqdim etdiyi bu insanlar geniş oxucu kütləsi üçün tanınan olur. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu insanlar barədə də romanda sadə və rəvan dildə, sanki yeri gəlmişkən söhbət açılır…

Həsən bəy müxtəlif şəhərlərdə görüşdüyü adamlarla təhsilin əhəmiyyətindən danışır, insanların gözünü açmağa çalışır. Bu işıqlı yolun əhəmiyyətini anlayanlar, bu işdə ona dəstək verənlər olsa da, bu işığı görməyənlər, necə deyərlər, işıq gələn yerə barmaq tıxayanlar da az deyil. Bu da o dövrün Azərbaycan reallığıdır. Və Sona xanım bu reallığın portretini bəzən qısa, bir neçə cümlə ilə yarada bilib. Geniş şərh, izah vermək istəməyib. Düşünməyi oxucunun ixtiyarına buraxıb. Axı düşünmək də işığa gedən yola aparır…

Şamaxıda görüş və müzakirə zamanı imkanlı bəylərdən biri təhsil naminə xeyriyyə cəmiyyətinə cəmi 50 rubl verməyə qıymır. Zaman keçir, Şamaxıda dağıdıcı zəlzələ baş verir və həmin bəyin var-dövləti yerlə-yeksan olur. Müəllif bu çətin anda Həsən bəyi həmin imkanlı adamla təsadüfən görüşdürür və hər ikisi bir-birinə baxıb susur. Bu görüşün lakonik təsvirini verən müəllif geniş danışmağa lüzum görmür. Sərvətin, var-dövlətin gəldi-gedər olduğunu, təhsilin, elmin əbədiliyini sözsüz, şərhsiz ortaya qoyur. Romanda belə incə məqamlar olduqca çoxdur.

Bu baxımdan əminliklə söyləmək olar ki, “İşığa gedən yol” yalnız Həsən bəy Zərdabi haqqında deyil, onun dövrü, zamanı, əhatə olunduğu insanlar və mühit haqqındadır. “İşığa gedən yol” XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri barədə – bütöv bir epoxa haqqında roman-epopeyadır. Və bu roman-epopeya epoxanın təzadlarını, ziddiyyətlərini canlandırır. Bunun üçün yazıçının xüsusi konflikt, qeyri-adi əhvalatlar quraşdırmasına, ədəbi improvizəyə ehtiyac yoxdur. Bütün bu ziddiyyət və konfliktləri zaman yaradıb. Sadəcə, müəllifə bu zamanın müəyyən anlarını özünəməxsus istedadla kağıza köçürmək, ibrətamiz məqamlarını ümumiləşdirmək və bütün bunları rəvan, axıcı ədəbi dildə çatdırmaq  vəzifəsi qalır ki, Sona xanım onun da öhdəsindən uğurla gələ bilib.

Bakı şəhərinin, şəhərin ayrı-ayrı küçələrinin və binalarının tarixi ilə bağlı uzun müddətdən bəri sənədli filmlər hazırladığım üçün çoxsaylı arxiv sənədləri vərəqləmişəm. Deyək ki, Bakının Quba meydanı, Molokan bağı, Bazar küçəsi və s. barədə oxuduğum arxiv sənədləri o dövrün mənzərəsini gözüm önündə canlandırıb və rejissor dostlarla bunların bəzisinin televiziya ekranında canlandırılmasına nail olmuşuq. Ona görə də Sona xanımın təsvir etdiyi Quba meydanı, ordakı ab-hava mənə doğma gəldi. Molokan bağının yaxınlığındakı kababxanalar mənim oxuduğum sənədlərdə də elə belə görünürdü, Sona xanımın təsvirləri də tarixi reallığa tamamilə uyğundur. O dövrün Bakısının real mənzərəsidir. Amma Sona xanımın yazıçı təxəyyülü, yazıçı ustalığı bu mənzərəni bir az da aydın görməyə imkan verir: Həsən bəy Molokan bağının yanından keçərkən iki qoçunun mübahisəsinin şahidi olur. Onlar bütöv bir quzunu 20 dəqiqəyə yemək üstündə mərc gəlirlər və… yeməyə girişirlər… Bu da o dövrün Bakı reallığıdır. Dünyanın başqa ölkələrində insanlar elmi kəşflər, dünyəvi yeniliklər üstündə mübahisə edir, bizdə isə… Yazıçı bu cür detalların köməyi ilə oxucunun Həsən bəy Məlikov obrazını tanımasına, sevməsinə, onun bir ziyalı kimi yaşadığı faciəyə daha yaxından bələd olmasına kömək edir.

Yaxud Quba meydanında rast gəldiyi Bakı qoçuları ilə dərzi Baqratın söhbətlərini xatırlatmaqla təzadları bir az da qabardır: qoçular Həsən bəyin məktəb harayını ələ salmağa cəhd edirlər, dərzi Baqrat isə erməni xeyriyyə cəmiyyətinə ödədiyi pullardan danışır…

Bununla da həmin hadisələrin cərəyan etdiyi dövrdən təxminən yüz il sonra başımıza gələn bəlaların – Qarabağ faciəsinin kökünə ağrılı bir işarə vurulur. Qarabağ münaqişəsinin adı çəkilməsə də…

Bütövlükdə “İşığa gedən yol” XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədər olan dövrdə Azərbaycandakı real vəziyyət, Həsən bəy Zərdabinin elm və təhsil, millətin gələcəyi naminə xidmətləri barədə tarixi bir əsərdir. Yazıçı belə mürəkkəb bir şəraitdə qəhrəmanın keçdiyi əzablı yolların xronikasını verir, Həsən bəyin millət yolunda xidmətlərini boyasız, pafossuz təqdim etməklə elə Zərdabinin fotolarından görünən sadə, işıqlı, nurlu sifətinə yaraşan obrazını yaradır. Onun işığa gedən yolda çəkdiyi əzablara işıq salır.

Bütün bunların nəticəsidir ki, romanı oxuyub başa çatandan sonra mənə belə gəldi ki, “İşığa gedən yol” həm də bu günə və sabaha bir yazıçı ismarıcıdır: Axı bu gün də cəmiyyətimizdə bəzən həqiqi ziyalıların deyil, öz var-dövləti ilə öyünənlərin məclislərin başına keçirildiyinə az rast gəlmirik. Bu baxımdan düşünürəm ki, “İşığa gedən yol” həm də bugünkü insanları işığa səsləyir. Və yəqin ki, sabah da belə ismarıca ehtiyac olacaq və əsər sabah da insanları işığa səsləyəcək. Zərdabi ideyaları aktual olduqca “İşığa gedən yol” da aktual olacaq, insanları doğru yola, işıq gələn tərəfə istiqamətləndirəcək. Məncə, bütövlükdə ədəbiyyatın və fərd olaraq kamil yazıçının əsl missiyası da məhz budur…

Müsəllim HƏSƏNOV

Share.

About Author

Leave A Reply