facebook

Zərdabidən, onun şah əsəri “Əkinçi”dən nə qədər istəsəniz danışmaq olar

0

Həsən bəy ZərdabiMilli mətbuatın yaranmasının 140 ilinin tamam olmasına sayılı günlər qalıb. Bu tarixi günə dövlət səviyyəsində də xüsusi diqqət ayrılıb, ölkə prezidenti tərəfindən sərəncam imzalanıb. Mətbuatımızın keçdiyi yol, hazırda bu sahədə mövcud vəziyyət və s məqamlar haqda “Ədalət” qəzetinin təsisçi və baş məsləhətçisi, millət vəkili Aqil Abbasla söhbətləşdik.

– Aqil bəy, mətbuatımızın keçdiyi 140 illik yolu necə dəyərləndirirsiniz?

– Mətbuatımız ağır və və keşməkeşli bir yol keçib. Demək olar ki, bütün əziyyətləri, çətinlikləri görüb. Bu mövzuda danışarkən Həsən bəy Zərdabidən, onun şah əsəri “Əkinçi”dən nə qədər istəsəniz danışmaq olar. Sevindirici haldır ki, mətbuat tariximiz təkcə bu qəzetlə yekunlaşmır. Elə sizin təmsil etdiyiniz “Kaspi” qəzeti də mətbuat tariximizdə silinməz izlər qoyub, çox böyük əhəmiyyət daşıyıb. İstər “Molla Nəsrəddin” olsun, istər “Füyuzat”, hamısı bizim qızıl tariximizdir. Sovet dövründə də Azərbaycan mətbuatının öz ənənələri, öz məktəbi olub. Ümumiyyətlə, mətbuatımız həmişə inkişafda olub. Doğrudur, müəyyən qadağalar olub, senzura tətbiq edilib. Amma artıq o günlər tarixdir və indi ölkə mətbuatının vəziyyəti xeyli yaxşılaşıb. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev mətbuata senzura tətbiqini ləğv etdi. Onun jurnalistikaya ayırdığı diqqəti indi prezident İlham Əliyev davam etdirir. Mənim üçün xüsusi əhəmiyyətli məqam Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olub. Bu fond iqtidar və ya müxalifət qəzeti olmasına heç bir əhəmiyyət vermədən bütün mətbuat orqanlarına yardım edir. Bu fondun gördüyü işlər mətbuatın daha da inkişaf etməsinə öz töhfəsini verdi.

– Bəs mətbuatın bu gününü qaneedici hesab edirsinizmi?

– Bəli, hesab edirəm ki, mətbuatımızın bu günü qaneedici səviyyədədir. Hazırda Azərbaycanın güclü jurnalist ordusu, güclü köşə yazarları var. Təbii ki, mətbuatımızın müəyyən problemləri də qalmaqdadır. Problemsiz heç bir sahə olmadığı kimi, burada da bəzi neqativ hallar müşahidə edilir. Məncə, dünyanın bütün mətbu orqanlarında müəyyən problemlər var. Çünki problemsiz heç nə mümkün deyil. Hər kəs bu cür çətinlikləri keçə-keçə püxtələşir. Hazırda bizdə əsas problem köşk çatışmazlığı və qəzetlərin yayımıdır. Bilirsiniz ki, qəzetlər kənar, uzaq bölgələrə gedib çatmır. Bu hal birbaşa oxucu qıtlığını yaradan məqamdır. Amma bunlar həlli ediləsi problemlərdir və mütləq yaxın gələcəkdə aradan qaldırılacaq. Burada mətbuat yayımlarının üzərinə böyük yük düşür. Məsələn, “Kaspi Mətbuat Yayımı”nın işindən çox razıyam. Mən onlarla çalışıram, işlərini dəqiq yerinə yetirirlər. Jurnalistlərin peşəkarlığı baxımından da, hazırkı səviyyədən razıyam. Çünki demək olar ki, jurnalistləri qəzetlər özləri yetişdirirlər. Təbii ki, universitetlərimizdə jurnalistlər hazırlanır. Amma mənim narazı qaldığım məsələ var idi. Keçən il prezidentlə görüşəndə bu təşəbbüslə çıxış etdim ki, jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər qabiliyyət imtahanı versinlər. Necə ki, idman, polis və s ixtisaslarda qabiliyyət imtahanı verirlər, bu sahədə də elə olsun. Çünki elə tələbələr var ki, istəmədən jurnalistika fakültəsinə qəbul olurlar. Jurnalistika təkcə savada, biliyə bağlı sahə deyil. Burada qabiliyyət də labüddür. Qanında, qabında istedad olmayan şəxsdən heç vaxt jurnalist ola bilməz. Yaxşı ki, qabiliyyət imtahanlarını tətbiq etdilər. Əminəm ki, bundan sonra jurnalistika fakültəsinə qabiliyyəti çatanlar qəbul olunacaq. İndiyə qədər bu qayda yox idi deyə, jurnalistikaya təsadüfi adamlar gəlirdi. Məlumdur ki, bu fakültədə təhsil alıb jurnalist olmaq istəməyənlər az deyildi. Yəni, istedadlı uşaqların yerini bu sahəni sevməyən və jurnalist olmaq istəməyənlər tuturdular. İnanıram ki, daha belə hallar olmayacaq.

– Sizcə, Azərbaycan mətbuatı ilə digər ölkələrin mətbuatı arasında nə kimi fərqlər var?

– Belə müqayisələr haqda tez-tez eşidirəm. Bizim ölkə mətbuatını daha çox Rusiya və Türkiyəninki ilə müqayisə edirlər. Məncə, həqiqətən də Rusiya mətbuatı güclüdür. Amma bu haqda danışarkən xüsusi məqamları mütləq demək lazımdır. İlk olaraq, elə oxucu sayını nəzərə alaq. Oranın əhalisinin bizdən dəfələrlə çox olduğunu bilirsiniz. Bundan əlavə, xüsusi vurğulanmalı məqam odur ki, onların böyük tarixi var. Biz cəmi 20 ildən artıqdır ki, öz müstəqil mətbuatımızı yaradırıq. Ona görə də müqayisə aparılarkən belə böyük fərqlər nəzərə alınmalıdır. Avropa mətbuatı ilə müqayisə aparanda isə bizim mətbuatı daha üstün hesab edirəm. Çünki onlar işlərini əsasən xəbərçilik üzərində qururlar. Böyük agentliklər xəbərçilik sahəsi üzrə güclü orduya malikdirlər. Amerika mətbuatı da elədir. Onlar bütün diqqətlərini xəbərə, reportaja və araşdırmaya yönəldirlər. Düşünürəm ki, Azərbaycan 10 ilə Qərb mətbuatına meydan oxuyacaq. Məsələn, biz elə indi də Türkiyə mətbuatından güclüyük. Onların qəzetlərini tez-tez oxuyuram. Biz sözün əsl mənasında onlardan daha ağıllı qəzet buraxırıq. Onlarda dizayn, görüntü və keyfiyyət fərqli ola bilər. Amma söhbət yazı və yazarlıq qabiliyyətinə gəlincə, biz çox üstünük. Türk qəzetlərinin bəzi cəhətlərdən daha yaxşı olması sırf reklam bazarından əldə etdikləri gəlirlə bağlıdır. Bizdə də Türkiyə mətbuatındakı kimi böyük reklamlar, gəlirlər olarsa, onlardan daha uğurlu olarıq. Əsas istedad və qabiliyyətdir ki, bu da bizim jurnalistlərimizdə var. Bizim köşə yazarlarımız türk yazarlarından dəfələrlə güclüdürlər. İstər iqtidar, istərsə də müxalifət qəzetlərimizin güclü jurnalistləri və köşə yazarları var. Unutmayın ki, ölkəmiz rus jurnalistikasının tərkibindən çıxıb və hazırda öz jurnalistikasını yaratmaqdadır. Bu isə qısa zaman ərzində həll olanan məsələ deyil.

– Bir qəzetçi kimi, yazılı mətbuatın gələcəyi sizi narahat edirmi? Son zamanlar internet medianın ənənəvi mətbuatı üstələdiyi haqda fikirlər səsləndirənlərin sayı daha da artıb.

– Bu cür fikirlərlə razı deyiləm. Əminəm ki, internet mediası heç vaxt qəzeti üstələyə bilməyəcək. İnternet kütləvi hal ala bilər, amma bu, göstərici deyil. Qəzet qalan bir şeydir, onu neçə illər qoruyub saxlayanlar var. Bəzən saytlar dağıdılır və yazılar itir. Amma sənin aldığın qəzetə qarşı bunu edə bilməzlər. Sən onu həmişə saxlaya bilərsən. Bu, reklamçılar üçün də sərfəli məqamdır. Çünki televiziyada reklama baxırsan və keçir gedir. Amma qəzet qaldıqca içindəki reklam da qalır. Və yaxud da hər hansı bir yazını axtararkən qəzetləri vərəqləyirik. Biz əvvəllər hansısa qəzetləri oxumaq üçün hətta kitabxanalara gedirdik. Ümumiyyətlə, qəzetin özünəməxsusluğu, gözəlliyi, qoxusu var ki, bunu heç nə əvəz edə bilməz. İnternet media informasiya üçün yaxşıdır. Bu gün sosial şəbəkələr də çox aktivdir. Bəziləri sosial medianın da qəzeti üstələdiyini söyləyirlər. Deyilənlərlə heç cür razılaşa bilmərəm. Sosial şəbəkələr mənə qeybət yuvasını xatırladır. Mətbuat qeybət yeri deyil ki, sosial şəbəkələr onu üstələsin. Həmin şəbəkələrin 90 faizi söz-söhbətdən, qeybətdən, dava-dalaşdan ibarətdir. Orada hər cür adam var. İstənilən adam öz fikrini paylaşa bilər. Amma siz sosial şəbəkələrdə ciddi təhlil və araşdırma yazısı tapa bilməzsiniz.

– Siz necə düşünürsünüz, jurnalist hər şeydən yazmağı bacarmalıdır, yoxsa konkret sahə üzrə ixtisaslaşmalıdır?

– Bir insan hər şeydən yaza bilməz. Təbii ki, ixtisaslaşma lazımdır. Bütün dünyada media işçilərinin konkret məşğul olduqları sahə olur. Tutaq ki, idmandan yazan müxbir iqtisadiyyatdan da yaza bilməz. O, bir şəxs kimi öz fikrini bölüşə bilər, amma o sahənin peşəkar yazarı kimi çıxış edə bilməz. Fikirləşirəm ki, hansısa sahə inkişaf edirsə, o istiqamətdə ixtisaslaşanların sayı artır. Məsələn, ölkəmizdə idman inkişaf etdikcə, bu sahənin müxbirləri də artır, təhlilçiləri də. Hazırda idmanın konkret növləri üzrə də ixtisaslaşma gedir. Məsələn, artıq sırf futbol təhlilçiləri yetişiblər. Mən təhsildən Etibar Əliyev kimi yaza bilərəmmi? Təbii ki, xeyr. Çünki mən o sahənin peşəkarı deyiləm. Jurnalist hər bir mövzu haqda yaza bilər. Amma onu bilib yazmaq lazımdır. Bir insanın hər şeyi bilməsi isə mümkün deyil.

– Bildiyimiz kimi, ölkə prezidentinin mətbuatın 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı oldu. Sizcə, bu sahənin inkişafı üçün başqa hansı işlərin görülməsinə ehtiyac var?

– Ölkədə media üçün bu qədər işlər görülüb. Bayaq da dediyim kimi, KİV DF yaradılıb. Həmçinin dünyada analoqu olmayan iş həyata keçirilib və jurnalistlərin evlə təmin olunması reallaşıb. Bütün bunlar jurnalistikanın inkişafına və jurnalistlərin daha həvəslə çalışmasına hesablanıb. Düşünürəm ki, maddi təminat vacib məsələdir. Hər şeyin önündə maddiyyat dayanır. Əgər hökumət reklam bazarını da tənzimləyə bilərsə, çox gözəl olar və əksər problemlər həllini tapar.

Şəfa Tapdıq

Share.

About Author

Leave A Reply