facebook

Zərdabın tarixi ilə bağlı yeni faktlar üzə çıxdı – ilk dəfə Zerdab.com-da

0

Orta əsr Bərdic şəhəri haqqında

 Açar sözlər: Bərdic, Yerağzı, şəhər, Zərdab, Kür

Key words: Bardij, Yeraghzi, city, Zardab, Kura

Azərbaycan arxeologiyasının aktual məsələlərindən biri orta əsr şəhərlərinin tarixinin tədqiqi və onların yerlərinin müəyyənləşdirilməsidir. 2013-2015-ci illərdəZərdab rayonunun Yuxarı Seyyidlər kəndi ərazisində Qanlıca gölünün yaxınlığında arxeoloji tədqiqatlar nəticəsində şəhər tipli yaşayış yerinin olduğu müəyyənləşdirilmişdir. Xalq arasında “Yer ağzı” yaşayış yeri kimi tanınan və arxeoloji tədqiqat işləri zamanı iki mədəni təbəqənin olduğu müəyyən edilən bu ərazidə əvvəlki illərdə də şumlama işləri zamanı maddi mədəniyyət nümunələri və Atabəylər dövrünə aid mis pullar tapılmışdır [1, 25]. Yaşayış yerinin olduğu təpələr arasında 200 m məsafə var. Arxeoloji tədqiqat işləri zamanı IX – XIII əsrlərə aid şirsiz və şirli keramika nümunələri əldə olunmuşdur. XII əsrin sonu – XIII əsrin əvvəllərində hazırki Quba ərazisindən Seyyid Şahmərdan və ailəsi, o cümlədən, onlarla birlikdə beş ailə buraya köçmüş və Yuxarı Seyyidlər kəndinin əsasını qoymuşlar. Hazırda kənd qəbiristanlığında Seyyid Şahmərdan və yaxınlarının məzarları qalmaqdadır. Elmi təqiqatlar burada ilk orta əsrlərdə kənd tipli yaşayış yerinin, IX – XIII əsrlərdə isə bu zəmin əsasında şəhər tipli yaşayış yerinin olduğunu deməyə imkan verir.

Apardığımız tarixi-arxeoloji tədqiqatlar Yerağzı yaşayış yerinin orta əsr Bərdic şəhərinin qalıqları olduğunu ehtimal etməyə əsas verir. Bərdic şəhəri haqqında orta əsr ərəb mənbələrində məlumatlar verilmişdir. IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərdic şəhəri vardır, karvanlar bu şəhərdən keçib gedirdi.

Məlumatlara nəzər salaq: “Qədim Şəmkir şəhərini ələ keçirən Salman ibn Rəbiə əl-Bəhili on minlik qoşunla Bərdican arxasından Arazla Kürün qovuşduğu yerə gedərək, Kür çayını keçib Qəbələni tutdu, Şəkkan (Şəki) və Kamibəran (Kambisena) hakimləri ilə xərac vermələri şərtilə sülh bağladı” [2, 69; 3; 4]. Fikrimizcə, sərkərdə Bərdicdən keçdikdən sonra Türyançay boyu istiqamətində Qəbələyə doğru irəliləmiş və oranı ələ keçirmişdi.

İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazır: “Bərdədən Bərzəncə 18 fərsəx yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var” [3; 5]. V.V.Minorskinin fikrincə, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km şərqdə mövcud olmuşdur. Lakin bu fikri daha da dəqiqləşdirərək şəhərin buradan şimala doğru uzanan ərazidə Bərzənd deyil, Bərdicin yerləşdiyi qənaətindəyik. N.M.Vəlixanlı yazır: “Bəzi tədqiqatçılar Bərdiclə Bərzənci eyniləşdirirlər. Maraqlı burasıdır ki, qismən adların oxşarlığından doğan bu dolaşıqlıq ərəb müəlliflərinin bu yerlər haqqında məlumatında da özünü göstərir. Hətta bir-birinə oxşayan Bərzənd, Bərzənc, Bərzə, Bərdic və b. haqqında məlumat verən Yaqut əl-Həməvi adların oxşarlığından doğan şübhələrini gizlətmir. Bununla belə, mənbələrin diqqətlə araşdırılması, hər halda, müəyyən nəticə çıxarmağa imkan verir”. Maraqlı cəhət Bərdic və Bərzənc toponimlərinin müqayisəsidir. N.A.Karaulov Bərzənc toponimini Bərdiclə eyniləşdirsə də bu şəhərin Bərzənd olmadığı qənaətinə gəlir [6]. Bu fikri E.Muradəliyeva da təsdiqləyir [7, 37]. Yaqut əl-Həməvi isə, ümumiyyətlə, bu adı çəkilən toponimlərin üç ayrı şəhər olduğunu yazır. O, Bərzənd, Bərdic və Bərzəncin müxtəlif şəhərlər olduğunu qeyd edir [4, 9]. Hüdud əl-Aləmə görə, Bərzənd və Bərdic ayrı-ayrı şəhərlərdir. Bərzənd [8, 142] Adərbayqanda (Kürdən cənubda – T.Ə.), Bərdic isə [8, 144] Arranda yerləşirdi. Bərdic şəhəri, Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə olunmuş bir yerdə, çayın əyintili yerlərindən birində yerləşmişdi [4, 9]. Yaqut bu şəhərdən çıxmış və Xilafətdə yaxşı tanınan, hicri 301 / miladi 914-cü ildə vəfat etmiş məşhur hədis alimi (ərkan əl-hədis) əl-Hafiz Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh əl-Bərdicinin adını çəkir. Bərzənc şəhəri isə, onun təsdiq etdiyinə görə, Bərdənin 18 fərsəxliyində idi” [3, 92]. Məlumata əsasən, qeyd etməliyik ki, Kürün əyintili sahilləri də məhz müasir Ağdaş və Zərdab rayonlarının qovşağında – Körpükənd-Yerağzı istiqamətindədir. Hal-hazırda bu toponim Şiraz şəhərindən şimal-şərqdə yerləşən kiçik bir qəsəbədə öz adını saxlayır.

Ardı var…

Taleh Vasif oğlu Əliyev, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi

taleh.ali@mail.ru

Qeyd: Yazıdan istifadə edərkən Zerdab.com saytına istinad olunmalıdır.

Share.

About Author

Leave A Reply