Zərdablı “Əməkdar müəllim”: “Çox sevindim” – MÜSAHİBƏ

0

Cəvahir İsmayılovaBir neçə gün öncə bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim ordusu özlərinin peşə bayramını qeyd etdilər. Müəllimlərin əziz günündə, bu gözəl peşə sahiblərindən biri, Zərdab şəhər 3 saylı tam orta məktəbin  Ədəbiyyat və Azərbaycan dili müəllimi Cəvahir İsmayılova ilə görüşdük.
Qeyd edək ki, Cəvahir İsmayılova bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

-Cəvahir müəllimə, ilk öncə özünüz barədə məlumat verərdiniz.

-1955-ci ildə Zərdab rayonunun Salahlı kəndində anadan olmuşam. 1963-cü ildə Gəlmə kənd səkkizillik məktəbinin 1-ci sinfinə daxil olmuş, 8-ci sinifdən sonra isə Ş.Qurbanova adına şəhər 2 saylı məktəbdə təhsil almışam. 1975-ci ildə arzum gerçəkləşmiş və Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşam. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk dəfə dərs aldığım Salahlı kənd məktəbində pedoqoji fəaliyyətə başlamış, 1982-1994-cü illərdə isə Zərdab peşə liseyində dərs demişəm. 1994-cü ildən isə Zərdab şəhər 3 saylı tam orta məktəbdə çalışıram.

-Bu sərəncama qədər hansı mükafatlarınız olub?

-Bəli, 2001-ci ildə “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə keçirilən tədbirdə iştirak etmiş, Təhsil Nazirliyinin III dərəcəli diplomuna layiq görülmüşəm. 2007-ci ildə Təhsil Nazirliyinin “Qabaqcıl  təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. 2009-cu ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində iştirakçı olmuş, həmin ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm.

– “Əməkdar müəllim” adını almağınızı ilk dəfə kimdən eşitdiniz?

-Təltif olunduğumu ilk olaraq RİH-nin başçısının müavini Lalə müəllimədən eşitdim. O, da mənim şagirdim olub. Təbii ki, çox sevindim.

-Hər peşənin sıxıntıları olur. Sizin peşənin sıxıntılı və problemli tərəfləri nədir?

-Sənət insanı şərəfləndirmir, insan sənəti şərəfləndirir, qiymətləndirir. Sənətə, peşəyə sevgi olanda problem olmur.

-Müqəddəs peşə adlandırılan müəllimlik indiki zamanda müqəddəsliyini qoruya bilibmi?

-Bəli. Müəllimliyi ürəkdən sevənlər onun müqəddəsliyini də qoruyurlar. Belə müəllim üçün öz missiyalarını ürəkdən ifa eləmək qanundur. Onları başqa işlər maraqlandırmır.

-Sovet dövrü ilə müqayisə etsək hansı təhsil sistemini daha uğurlu hesab etmək olar?

-Hər bir sistemin, qəbul edilən proqramın, həyata keçirilən layihənin üstünlükləri ilə yanaşı, çatışmazlıqlarıda var. Hər biri öz zamanında daha üstün olur.

– Bu gün müəllimlər günüdür (müsahibə oktyabrın 5-də alınıb). Şagirdləriniz sizi nə ilə sevindirə bilər?

-Təbii ki, öz nümunəvi davranışaları, yaxşı oxumaqları, vətənə sevgiləri, xalqa məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörmətləri ilə.

-Son olaraq…

-Azərbaycan təhsilinə göstərdiyi qayğıya görə prezident İlham Əliyevə, müəllim əməyini qiymətləndirən hər bir kəsə minnətdarlığımı bildirirəm. Sənətini ürəkdən sevən bütün həmkarlarımın da verdikləri əməyin qiymətləndirilməsini arzulayıram.

Muxtar Əlizadə, Bolge.info

Share.

About Author

Leave A Reply