facebook

Zərdablı abituriyentlər repetitor yanına getmədən yüksək bal topladılar – VİDEO

0

Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin iki abituriyenti repetitor yanına getmədən yığdıqları balla hər kəsi təəccübləndiriblər. Qeyd edək ki, hər ikisi kasıb ailənin övladı olan xanım abituriyentlərin göstərdikləri bu nəticə ilə bağlı neçə gündür sosial şəbəkələrdə məlumat verilir, paylaşımlar edilir, təbriklər yazılır.

Zerdab.com xəbər verir ki, bu xanımların bitirdikləri İ. Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov “Yeniavaz.com” saytına açıqlama verib.

K. Soltanov deyib ki, hər iki abituriyentin yüksək bal yığacağı gözlənilən imiş: “Həmin məzunlar – Aytən Şirinova və Cəvahir Əhmədova Lələağacı kənd orta məktəbində 9-cu sinifi bitirdikdən sonra bizim məktəbdə təhsillərini davam etdiriblər. Hər ikisi eyni vaxtda. Yaxşı qiymətlərlə oxuyurdular”.

Direktorun bildirdiyinə görə, ali məktəblərə qəbul üzrə keçirilən birinci imtahanda Aytən Şirinova III ixtisas qrupu üzrə 622 bal yığıbmış: “Ancaq ikinci imtahanda daha yaxşı nəticə göstərərək, 662 bal topladı. Cəvahir Əhmədova birinci imtahanda 645 bal yığmışdı, ikinci imtahanda isə 642 bal topladı. Əslində biz onlardan 700 bal gözləyirdik, xüsusilə Cəvahirdən. Ola bilsin, Cəvahir stress keçirib”.

Direktor hər iki gəncin repetitor yanına hazırlığa getmədən bu qədər bal yığmaları barədə deyilənləri təsdiq edib: “Bəli, onlar hazırlığa getməyiblər, özləri sərbəst hazırlaşıblar. Müntəzəm məktəbdə dərsdə olublar, yəni dərsdən qalmaq, hazırlaşmaq, belə söhbət olmayıb. Bizim məktəbdə də yüksək bal yığanlar olub, müntəzəm hazırlığa gedirdilər. Lakin Aytən və Cəvahirin fərqi ondadır ki, hazırlığa getmədən, özləri birbaşa yığıblar bu balı. Onlar həddindən artıq zəhmətkeş uşaqlardılar. Mən deyərdim ki, istedadla yanaşı, onların müvəffəqiyyətinin əsas səbəbi zəhmətkeş olmalarıdır. Tədbirlər olanda da getmək istəmirdilər ki, dərsdən uzaqlaşmayaq, oxuyaq, vaxt itirməyək”.

Kamil müəllim qeyd edib ki, hər iki abituriyent Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil almağı düşünür: “Onların ilkin seçimləri Azərbaycan Diplomatik Akademiyasıdır. Hər ikisi bu fikirdədir. Əgər ora balları çatmasa, yəqin ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçərlər. Ümumiyyətlə, fikirləri hüquqşünas olmaqdır. Bu arzu ilə yaşayırlar”.

Direktorun dediyinə görə, həm Aytən Şirinova, həm də Cəvahir Əhmədova 2016-cı ildə Respublika Fənn Olimpiadasının qalibi olublar: “Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə onlar Respublika Fənn Olimpiadasında 3-cü yerin qalibi olduqları üçün mükafatlandırılıblar”.

Hər iki gənc kasıb ailənin övladıdırsa, onda onların ali təhsillərini davam etdirməkdə hər hansı problem yaşana bilərmi?

Müsahibimiz bu suala belə cavab verib: “Aytənin ailəsi lap kasıbdır. Cəvahirin ailəsi kənd təsərrüfatı ilə məşğul olur. Xüsusilə, Aytənin oxumasında maddi baxımdan çətinlik olacaq. Mən bunu bilirəm. Ümid edirəm ki, onların hər ikisi yığdıqları balla daxil olduqları ali məktəbdə yüksək təqaüd alacaqlar və təhsil almalarında hər hansı problem olmayacaq”.

Nicat

Share.

About Author

Leave A Reply