Çoxsahəli elmi bilik sahibi…

0
109

Təbrik edirik!

Çoxsahəli elmi bilik sahibi

Eldəniz Əli oğlu Həsənov – Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.

Alimin, ziyalının yaradıcılığında bu günümüz və gələcəyimiz üçün önəmli olan hansısa bir tapıntı, yenilik, mütərəqqi ideya, elmi-tədqiqat əsəri ortaya qoyulursa, deməli bütün bunlar millətin, dövlətin yaşamasından, onun gələcəyinə nur saçan tarixi xidmətlərdən xəbər verir. Bütün bu xidmətlər isə alim ömrünün şam kimi əriyən canı, qanı bahasına, gecəli-gündüzlü gərgin əməyi nəticəsində ərsəyə gəlir.

Belə bir tanınmış, əsl Azərbaycan ziyalılarından, alimlərindən biri olan bu ziyalı insanı dərindən tanıdığım və yaradıcılığına bələd olduğum üçün, həyatının ən müdrik, qaynar çağını yaşadığı bir vaxtda-anadan olmasının 60 illik yubileyi ərəfəsində əlimə qələm götürüb onun haqqında yazmaq qərarına gəldim.

O, 01 aprel 1958-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuş, ziyalı ailəsində tərbiyə almış, böyüyüb boya-başa çatmış bir insan, Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Əli oğlu Həsənovdur.

Eldəniz Həsənov 1976-cı ildə M.Müşfiq adına Dəli Quşçu kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1976-1981-ci illərdə S.Ağamalıoğlu adına «Şərəf nişanı» ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda «yerquruluşu ixtisası» üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

Ali məktəbdə oxuduğu illərdə tədris-təcrübə praktikalarını Gürcüstan Respublikasının yerquruluşu ekspedisiyalarında, Gəncə Torpaq Ekspedisiyasında keçirmişdir. Dərs əlaçısı, ictimaiyyətçi tələbə olduğuna görə, Voronej şəhərindəki Mərkəzi Qaratorpaq Dövlət Yerquruluşu Layihə İnstitutuna diplom praktikasına göndərilmiş, Voronej Vilayəti Romanski rayonunun Lebyaje kəndində təsərrüfatda yerquruluşu texniki kimi fəaliyyət göstərmiş, naturada müvafiq yerquruluşu işlərinin icrası ilə məşğul olmuş və «Təsərrüfatdaxili yerquruluşu layihəsi» mövzusunda rus dilində diplom işi yazmışdır.

Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun tanınmış alimi, Dövlət İmtahan Komissiyasının sədri, professor A.V.Kojevnikov diplom müdafiəsi zamanı onun diplom işinə əla qiymət vermişdir. İnstitutun Aqronomluq fakültəsinin 24 iyun 1981-ci il tarixli, 06 saylı iclas protokoluna və Dövlət İmtahan Komissiyasının rəyinə əsasən İnstitutda müəllim saxlanılması və məqsədli aspiranturaya qəbul olunması qərara alınmışdır.

İnstitutu bitirdikdən sonra, 1981-ci ilin iyul ayından oktyabr ayına kimi hərbi xidmətdə və akademik məzuniyyətdə olmuşdur. 1981-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin müvafiq bölgü təyinatı ilə (83 N-li vəsiqə) gənc mütəxəssis kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otaqlar idarəsinə göndərilmiş və Nazirliyin əmri ilə həmin idarənin böyük yerquruluşu mühəndisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycanda «yerquruluşu» ixtisası üzrə ilk buraxılışın məzunu olaraq gənc mütəxəssis kimi Nazirliyin mərkəzi aparatında əmək fəaliyyətinə başlayan Eldəniz Həsənovun qısa bir müddət ərzində işə olan ciddi münasibəti, təşkilatçılıq qabiliyyəti rəhbərliyin diqqətini cəlb edir. O, Moskva şəhərinə, keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun nəzdində yüksək ixtisaslı rəhbər kadrlar hazırlayan fakültədə təhsil almağa göndərilir və 1983-cü ildə həmin fakültəni bitirir.

Eldəniz müəllim 1982-1992-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dövlət Aqrar-Sənaye Komitəsinin, Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mərkəzi aparatında Baş yerquruluşu, torpaq istifadəçiliyi və torpaq kadastrı idarəsində aparıcı mütəxəssis, baş mühəndis vəzifələrində, 1992-ci ilin iyun ayında bu idarənin bazasında yaradılan Respublika Dövlət Torpaq Komitəsində şöbə müdirinin müavini, şöbə müdiri və idarə rəisi vəzifələrində (1992-1997-ci illər) işləmişdir.

E.Həsənov respublikada həyata keçirilən torpaq islahatı ilə əlaqədar 1997-ci ildə istehsalat sahəsinə cəlb olunmuş və 15.09.1997-ci ildən 10.07.2009-cu ilədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda şöbənin baş mühəndisi, institutun baş mühəndisinin müavini, şöbə rəisi vəzifələrində çalışmışdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində, yerquruluşu xidməti sahəsində fasiləsiz olaraq fəaliyyət göstərdiyi 30 ilə yaxın bir müddət ərzində istehsalatın ağırlığı üzərində cəmləsən sahənin, şöbə və idarənin rəhbəri olaraq, icraçı struktur olan «Azdövyerqurlayihə» İnstitutunun Rayonlararası Yerquruluşu İdarələri, eləcə də müqavilə əsasında digər müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikası ərazisində aparılan minlərlə müxtəlif növ yerquruluşu, çöl layihə-tədqiqatı, təsərrüfatdaxili, təsərrüfatlararası yerquruluşu işləri, torpaq islahatı ilə əlaqədar icra olunan kompleks yerquruluşu (baş sxem) layihələri üzərində müəllif nəzarəti funksiyasını yerinə yetirmiş, onların ekspertizasını aparmış, təsdiq edərək qəbul etmiş və həyata keçirilməsinə nail olmuşdur.

Eldəniz Həsənov respublikada torpaq islahatının həyata keçirilməsində, əsrin ən böyük kontaktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərinin təşkili və həyata keçirilməsində təcrübəli yerquruluşu mütəxəssisi – alim kimi fəal iştirak etmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılan zaman yerquruluşu, geodeziya, fotoqrafiya, xəritəçəkmə sahəsində, daşınmaz əmlak-torpaq kadastrı işinin bilicisi, tanınmış, təcrübəli mütəxəssis-alim olması nəzərə alınaraq o bu sahəyə dəvət olunmuş və 10.07.2009-cu il tarixdə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin baş mühəndisi vəzifəsinə, 26.07.2010-cu ildən 09.06.2014-cü ilədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Aparatında baş məsləhətçi vəzifəsindəişləmişdir. Bu təcrübəli mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinin rəsmi məktubu ilə Nazirliyə işə dəvət olunmuş və 09.06.2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. 01.07.2015-ci ildən hal-hazıradək həmin şöbənin müdiri  vəzifəsində çalışır.

Eldəniz müəllim istehsalatda işləməklə yanaşı elmi yaradıcılıqla da müntəzəm olaraq məşğul olmuş və bu gün də elmi işlərini uğurla davam etdirməkdədir.

O, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun dissertantı olmuş, 21.08.2001-ci ildə «Böyük Qafqazın cənub yamacı şəraitində dağ yay otlaqları torpaqlarının yararlığı və yaxşılaşdırılması yolları» mövzusunda dissertasiya işini müdafiə etmiş, 17.01.2002-ci ildə (Protokol N 04) Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

2008-ci ildən (09.04.2008-ci il tarixli № 073, protokol) Beynəlxalq Ekoenergetika Akademiyasının qərarı ilə Akademiyanın ekologiya üzrə professorudur.

E.Həsənovun istər elm sahəsində, istərsə də istehsalat sahəsindəki fəaliyyəti çox təqdirəlayiq hal olaraq qiymətləndirilməlidir. O, alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinə mütəmadi olaraq rəy bildirmiş, dissertasiya işlərinə rəsmi opponent təyin olunmuşdur. Bir sıra müəlliflər tərəfindən yazılan kitabların, elmi əsərlərin texniki redaktoru, redaktoru, elmi redaktoru, rəyçisi və məsləhətçisi olmuşdur.

Haqqında söhbət açacağım insan, Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, tədqiqatçı, zərdabişünas, əsl Azərbaycan ziyalısı olan Eldəniz müəllimin həyatı və yaradıcılığı televiziya ekranlarından, radio efirlərindən, mətbuat səhifələrindən, respublika əhəmiyyətli mötəbər tədbirlərdəki çıxışlarından Azərbaycan xalqına yaxşı bəllidir.

Eldəniz müəllimin elmi, publisistik yaradıcılığından bəhs edən yazılardan, çap olunan kitablardan respublika ictimaiyyətinə yaxşı məlumdur ki, son illərdə yazdığı elmi əsərlərin sayına və sanbalına, mətbuat orqanlarında, kitablarda gedən yazılarına, yaradıcı elmi təkliflərinə, məqalələrinə, portret oçerklərinə və müsahibələrinə, respublikada torpaq islahatının həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətin sosial inkişafında səmərəli fəaliyyətinə, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərində təcrübəli yerquruluşu mütəxəssisi, torpaqşünas, ekoloq alim kimi fəal iştirakına, Azərbaycanın xəritəçəkmə tarixindəki xidmətlərinə, H.B.Zərdabi irsinin tədqiqində və təbliğindəki xidmətlərinə, yazdığı sanballı tədqiqat əsərlərinə görə, aparılmış rəy və sorğuların nəticələrinə əsasənEldəniz Həsənov mətbuat orqanları tərəfindən ayrı-ayrı illərdə «Muğan» Media mükafatı laureatı diplomu, «İlin ən yaxşı tədqiqatçı alimi» medalı və diplomu, «İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi» adına layiq görülmüşdür.

Qeyd edim ki, Eldəniz müəllimin müdafiə şuralarında iştirakı, alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinə rəsmi opponent təyin olunması, dissertasiyaların avtoreferantına rəy bildirməsi onun əsl alim olmasından xəbər verir.

Eldəniz müəllim təkcə doğulub toya-başa çatdığı doğma Zərdabi yurdu ilə bağlı yazılan «Zərdab və zərdablılar» kitabının redaktoru və həmmüəllifi, «Zərdabi yurdunda bir gün», «Regional iqtisadi inkişaf» kitabların məsləhətçisi, «Zərdabın ensiklopediyası» kitabının texniki redaktoru olmuşdur.

Böyük Qafqazın cənub hissəsində, tədqiqat obyektinin yay otağı sahələrində E.Həsənov tərəfindən kompleks şəkildə elmi-tədqiqat işləri aparılmış və həmin çoxillik tədqiqatların nəticələrinə əsasən müəllif Şəki rayonu ərazisində yay otlağı sahələrinin bitki örtüyünün xəritəsini; Şəki rayonu ərazisində yay otlaqlarının yaxşılaşdırılması və səmərəli istifadə olunması tədbirləri xəritəsini; Şəki rayonunun yay otlaqları torpaqlarının bonitet kartoqrammı xəritəsini; Zaqatala rayonunun yay otlaqlarının bonitet kartoqrammı xəritəsini tərtib etmişdir.

H.B.Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarı tikintisini və xeyriyyəçilik fəaliyyətini əks etdirən (Azərbaycan, XİX əsrin sonu) xəritənin, eyni zamanda H.B.Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən xəritənin müəllifidir.

Eldəniz Həsənovun tədqiqat sahəsi çoxsahəli və çoxşaxəlidir. Belə ki, Böyük Qafqazın cənub hissəsində torpaqların ekoloji, genetik xüsusiyyətləri, antropogen gərginlik nəticəsində münbitlik parametrlərinin dəyişməsi və eroziyaya qarşı mübarizə tədbirləri sisteminin işlənib hazırlanması, Böyük Qafqazın cənub hissəsinin yay və qış otlaqlarının müasir vəziyyəti, ərazidə yayılan əsas bitkilərin geobotanik səciyyəsi, yemlilik xüsusiyyətlərinin təyin olunması, yaxşılaşdırılması və səmərəli istifadə yollarının müəyyənləşdirilməsi, torpaqların keyfiyyətcə, iqtisadi və ekoloji cəhətdən qiymətləndirilməsi məsələsi onun elmi işlərinin əsasını təşkil edir.

Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsinin tədqiqi, Azərbaycan daxilində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazilər daxilində fəaliyyət göstərmiş yer-yurd, yaşayış məntəqələrinin (xüsusilə indiki Zərdab rayonunun ərazisində) adlarının dəqiqləşdirilməsi, onların tarixi, coğrafiyası, etnoqrafiyası, arxeologiyası, təbiət abidələri, təsərrüfat fəaliyyəti, tarixi şəxsiyyətləri haqqında araşdırmalar aparmaq, bilgilər əldə etməklə bu sahədə də kompleks şəkildə elmi-tədqiqat işlərini, araşdırmalarını uğurla davam etdirməkdədir.

Eldəniz müəllim Moskva şəhərində Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu Mühəndisləri İnstitutunda, Moskva şəhərində Torpaq Ehtiyatları Dövlət İnstitutunda keçirilən beynəlxalq seminar və konfranslarda, Beynəlxalq Ekoenergetika Akademiyasının konqresində elmi məruzələrlə dəfələrlə çıxış etmişdir.

Müvafiq layihələrin həyata keçirilməsi məqsədi ilə Türkiyə Respublikasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə məsləhətləşmələrin aparılması üzrə müzakirələrdə iştirak etmişdir.

E.Həsənov 9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 160-dan çox elmi-publisistik məqalənin, o cümlədən müxtəlif elmi-praktik konfrans və seminarlarda, mətbuatda, radio-televiziya verilişlərində yüzlərlə çıxış, məruzə və məqalələrin müəllifidir. H.B.Zərdabi irsinin tanınmış, fundamental tədqiqatçılarındandır.

Gəlin onun elmi-tədqiqat işlərinin, araşdırmalarının nəticəsi olaraq bir-birinin ardınca nəşr etdirdiyi əsərlərinə, monoqrafiyalarına, kitablarına diqqət yetirək:

«Böyük Qafqazın cənub hissəsində (Şəki-Zaqatala bölgəsində) torpaq eroziyası və ona qarşı kompleks mübarizə tədbirləri» kitabı. Bakı, «Elm» nəşriyyatı, 2003, 45 s.

«Böyük Qafqazın cənub hissəsinin yay otlaqlarının geobotaniki səciyyəsi və torpaqların qiymətləndirilməsi» monoqrafiyası. Bakı, «Azərnəşr», 2004, 140 s.

«Böyük Qafqazın cənub hissəsinin təbii ehtiyatları və onların qorunması» monoqrafiyası. Bakı, «Azərnəşr», 2005, 276 s.

«Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir» monoqrafiyası. Bakı, «Azərnəşr», 2006, 368 s.

«Zərdab və zərdablılar» kitabı (həmmüəllif). Bakı, «Şəms» nəşriyyatı, 2006, 388 s.

«Lələ Əhməd və lələhmədlilər» etnoqrafik elmi-kütləvi əsəri. Bakı, «Azərnəşr», 2008, 400 s.

«Böyük Qafqazın cənub və cənub-şərq hissəsində (Azərbaycan Respublikası daxilində) ekzogen proseslərin fəlakətli forması olan torpaq eroziyasını özündə əks etdirən foto-albom» kitabı. Bakı, «Azərnəşr», 2009, 112 s.

«Zərdabın tarixinə bir nəzər» monoqrafiyası. Bakı, «Azərnəşr», 2010, 640 s.

«Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu». Bakı, “Zərdabi LTD” MMC, 2013, 384 s.

Onun elm-istehsalat sahəsində fəaliyyəti daima diqqət mərkəzində olmuş, əməyinə böyük qiymət verilmişdir. Dəyərli alim Eldəniz Həsənov Azərbaycan Respublikasında kompleks yerquruluşu tədbirləri sisteminin işlənib-hazırlanmasında və həyata keçirilməsində, torpaq sahələrindən səmərəli istifadə olunması, korlanmış torpaqların ekoloji qiymətləndirilməsi və rekultivasiyası işlərinin təşkili və həyata keçirilməsində, elmi-praktik və hüquqi sənədlər əsasında yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi işinə böyük əməli köməklik göstərmiş, bir yerquruluşu mütəxəssisi, torpaq işçisi olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, torpaq qanunvericiliyindən irəli gələn bir sıra hüquqi-normativ aktların, əsasnamələrin işlənib-hazırlanmasında, Azərbaycanda torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində, torpaq kadastrı işlərinin təşkili və elmi əsaslarla həyata keçirilməsində böyük əməyi, xidmətləri olmuşdur.

Azərbaycan Respublikasında torpaq islahatının həyata keçirilməsində, torpaqların özəlləşdirilməsi sahəsində, müxtəlif məqsədlər üçün torpaqayırma sənədlərinin tərtibatı, ekspertizası, yerquruluşu layihələrinin hazırlanması, torpaq və geobotaniki tədqiqatların aparılmasında və eləcə də digər müvafiq yerquruluşu işlərinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərinin təşkili və həyata keçirilməsində təcrübəli yerquruluşu mütəxəssisi-alim kimi fəal iştirak etmişdir.

Torpaq islahatı ilə bağlı yerlərdə icra olunan işlərin uğurlu nəticələrinə, əsrin ən böyük kontaktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişində təcrübəli yerquruluşu mütəxəssisi, torpaqşünas, eroziyaşünas, ekoloq, təbiətşünas alim kimi əməyi rayon aqrar islahat komissiyalarının sədrləri, rayon icra hakimiyyəti başçıları, Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Böyük Britaniyanın «BP» şirkəti tərəfindən dəfələrlə təşəkkürlər, pul mükafatları və qiymətli hədiyyələrlə dəyərləndirilmişdir.

Əsl Azərbaycan ziyalısı, alimi olaraq dövlətin inkişafında, ictimai, iqtisadi həyatında səmərəl fəaliyyət göstərmiş və hazırda da bu sahədə fəaliyyətini davam etdirir. Paytaxt Bakı şəhərində, eləcə də respublikanın müxtəlif regionlarında keçirilən elmi, mədəni, ideoloji, sosial tədbirlərdə, hərbi-vətənpərvərlik bayramlarında, görkəmli şəxsiyyətlərin yubiley, ildönümü, abidə-büst açılışı mərasimlərində fəal iştirak edir.

2001-ci ildə «BP» şirkəti tərəfindən aldığı təhsil və eyni zamanda elmi, praktiki təcrübəyə malik mütəxəssislik səriştəsi nəzərə alınaraq ona «BP» şirkəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Neft Şirkəti rəhbərliyinin birgə təsdiq etdiyi «Beynəlxalq dərəcəli sertifikat» verilmişdir.
1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin, «Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi» İctimai Birliyinin üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin qurultaylarında (o cümlədən sonuncu dəfə 15-17 dekabr 2011-ci il tarixində keçirilən III qurultayında) nümayəndə kimi iştirak etmişdir.

2002-ci ildən SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Dokuçayev adına Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.

Azərbaycan Respublikasında torpaq islahatlarının həyata keçirilməsində, elm-istehsalat sahəsində səmərəli fəaliyyəti dəfələrlə mətbuat səhifələrində, kitablarında, radio-televiziya verilişlərində işıqlandırılmış, əməyinə yüksək qiymət verilmişdir.

Azərbaycan Respublikasında eroziya elminin yaranmasında xidmətləri olan eroziyaşınas alimlərə həsr olunmuş «Azərbaycan eroziyaşünas alimləri» adlı xatirə kitabında (B.Əliyev, B.Şəkuri və başqaları, 2001) E.Həsənov haqqında söhbət açılmış, onun bu sahədə bir alim kimi elmi fəaliyyəti dəyərləndirilmiş, həyat və yaradıcılığı işıqlandırılmışdır.

«Azərbaycanda heyvandarlığın inkişafı barədə» xatirə kitabında (M.A.Zeynalov, 2003), keçən əsrin 20-30-40-cı illərindən başlayaraq Azərbaycan Respublikasında heyvandarlığın elmi, təcrübi əsaslarla inkişaf mədəniyyətinin bünövrəsini qoyan və bu sahədə yorulmaq bilməyən, gərgin əmək sərf edən dövlət rəhbərləri, tanınmış alimlər, mütəxəssislər sırasında gənc alim kimi E.Həsənovun heyvandarlığın inkişaf etdirilməsində təbii yem sahələrinin yaxşılaşdırılması ilə əlaqədar elmi axtarışları çox təqdirəlayiq hal olaraq qiymətləndirilmişdir.

«Zərdab və zərdablılar» adlı kitabda «İrsən torpağa bağlı alim» başlıqlı yazıda (Z.Cavadov, 2005) E.Həsənovun rəhbər işçi, respublikada sayılıb-seçilən torpaqşünas, eroziyaşünas alim, yerquruluşu mütəxəssisi, neçə-neçə elmi əsərlərin müəllifi olmaqla yanaşı, Azərbaycan torpaqlarını duyan, sevən, onun sirlərini bilən, ağrısına, acısına bələd olan, sinəsində Vətənə məhəbbət, torpağa sevgi dolu narahat bir ürək döyünən əsl vətəndaş olmasından söhbət açılmışdır.

«Millət və Dövlət» jurnalında (geologiya-minerologiya elmləri doktoru, professor H.Mahmudov, iyun-2011), «Alim ömrü ucalığın zirvəsində» başlıqlı yazıda E.Həsənovun həyatı və yaradıcılığı geniş şəkildə işıqlandırılmışdır. Məqalədə Zərdabişünas bir alim olaraq, onun dahi Həsən bəy Zərdabinin izi ilə getməyi özünə yol seçməsindən, çətin olsa da, bu yolda addımlaya-addımlaya istəyinə nail olması faktlarından bəhs olunur. Professor H.Mahmudov qələmə aldığı bu yazısında E.Həsənovun əsl Azərbaycan ziyalısı, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmasını qeyd edərək, son illərdə onun yazmış olduğu kitablarına, elmi əsərlərinə müraciət etmiş, əldə etmiş olduğu nailiyyətləri dəyərləndirərək, ömrünü-gününü, elmini doğma torpağımıza həsr etmiş, elmi kəşfləri ilə torpağımıza şöhrət gətirmiş bu dəyərləri alimin xeyirxah əməl sahibi olmasından söhbət açmış, Vətəninə, millətinə və dövlətinə əvəzsiz xidmətlərinə görə ona sonsuz nailiyyətlər arzulamış və uğurlar diləmişdir.

Eldəniz müəllim 2002-ci ildə «Muğan» media mükafatı diplomu ilə təltif olunmuşdur. 2003-cü ildən Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin üzvüdür.

2005-ci ildə respublikada torpaq islahatlarının həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətin sosial inkişafında səmərəli fəaliyyətinə, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərində təcrübəli yerquruluşu mühəndisi-alim kimi fəal iştirakına, yaradıcı elmi təkliflərinə, H.B.Zərdabi irsinin tədqiqindəki və təbliğindəki əvəzsiz xidmətlərinə, vətəninə, millətinə sonsuz sevgisinə, çoxsaylı elmi-publisistik məqalələrinə, ölkənin dünənini, bu gününü, sabahını əks etdirən dəyərli kitablarına və Azərbaycanın xəritəçəkmə tarixindəki xidmətlərinə görə, o, Azərbaycan Respublikası «Avropa Nəşr Mətbu Evi» tərəfindən «İlin ən yaxşı tədqiqatçı alimi» medalı və diplomu ilə təltif olunmuşdur.

2005-ci ildə Həsən bəy Zərdabinin tanınmış tədqiqatçısı kimi «Lider» televiziyası tərəfindən «Əkinçi»nin 130 illik yubileyi ilə əlaqədar «Əkinçi»dən başlanan adlı tammetrajlı sənədli filmə çəkilmişdir.

2006-cı ildə AzTV-də Zərdabi yaradıcılığı ilə bağlı filmə çəkilmişdir.

2006-cı ildə sorğu komissiyasının rəyinə əsasən «Dirçəliş» ictimai-siyasi, sosial-iqtisadi qəzetinin redaksiyası tərəfindən «İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi» adına layiq görülmüşdür.

2008-ci ildə H.B.Zərdabi irsinin təbliğindəki əvəzsiz xidmətlərinə, «Həsən bəy Zərdabi Azərbaycan yerquruluşu və torpaq islahatının banisidir» adlı elmi-tədqiqat əsərinə görə «Avropa Nəşr Mətbu Evi» tərəfindən «Qızıl Mükafatı» medalı və diplomu ilə təltif olunmuşdur.

2008-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyası E.Həsənovun son illərdə yazdığı elmi məqalələrinin, əsərlərinin, monoqrafiyalarının ekoloji baxımdan çox böyük aktuallıq kəsb etməsini, tədqiqatlarını, yaradıcılığını əsas etibarı ilə Azərbaycan təbiətinin ekosistemlərinə və onların mühafizəsinə həsr etməsini nəzərə alaraq onu Akademiyanın ekologiya üzrə professoru elmi adına layiq görülmüşdür.

2010-cu ildə sorğu komissiyasının rəyinə əsasən «Parlamentin səsi» ictimai-siyasi, hüquq qəzetinin redaksiyası tərəfindən «İlin vətənpərvər oğlu» diplomu və medalı ilə təltif olunmuşdur.

2011-ci ildə «Qızıl Qələm» mükafatı laureatı adına və diplomuna layiq görülmüşdür.

2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə və onun 170 illik yubileyinə görə Azərbaycan Mətbuat Şurası tərəfindən «Həsən bəy Zərdabi diplomu» ilə təltif olunmuşdur.

2013-cü il 06 iyun tarixindən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2014-cü il 15 iyul tarixində «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı monoqrafiyasının təqdimat mərasımində (Bakı,«Zərdabi LTD» MMC, 2013, 384 s.) «Kaspi» qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplomla təltif olunmuşdur.

2014-cü il iyulun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə «Altun Saray» istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbirdə Ali Media Mükafatı laureatı adına layiq görülmüşdür.

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yeni nəşrdə ilk dəfə olaraq Eldəniz Həsənov tərəfindən Həsən bəy Zərdabinin nəsil şəcərəsinin təqdim olunması – «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı monoqrafiyanın təqdimatı ilə bağlı 15 iyul 2014-cü il tarixdə AZƏRTAC-ın yayımladığı məlumatı diqqətə çatdırmaq maraqlı olardı:

«Bakı, 15 iyul (AZƏRTAC, Suvar İbadov). İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı monoqrafiyasının təqdimatı oldu.

AZƏRTAC xəbər verir ki, «Kaspi» qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak etdilər.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Məhz bu səbəbdən də kitabın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin «Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi haqqında» Sərəncamı verilmişdir.

Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov dedi ki, onun kimi şəxsiyyətlər mənsub olduğu xalqa hörmət və şöhrət gətirir, onu dünyada tanıdır.

Vurğulandı ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi geniş oxucu kütləsinə təqdim olunur. Müəllif bu şəcərədə adları əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkəşli həyat yollarının tarixi şərhini verir, həmçinin bu nəslə mənsub insanların Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixinə verdikləri dəyərli töhfələrdən söz açır.

Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova «Kaspi» qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edildi.

Eldəniz Həsənov bu monoqrafiyanın hazırlanması və çapında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək dedi: «İki il bundan əvvəl «Kaspi» qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva mənə dedi ki, Siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarımı nəinki Azərbaycanda apardım, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum».

Bildirildi ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Jalə Əliyeva və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tarix elmləri doktoru, professor İsmayıl Məmmədov, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuridir. «Zərdabi LTD» MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabın redaktoru isə filologiya elmləri doktoru, professor İfrat Əliyevadır.

Tədbirdə çıxış edən «Kaspi» qəzetinin təsisçisi, Əməkdar Jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva bildirdi ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi kimi tanınan, «Əkinçi» qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın bünövrəsini qoyan, bütövlükdə xalqının rifahı və tərəqqisi naminə ömrünün sonunadək mübarizə aparan belə bir insanın unudulması mümkünsüzdür.

Bu sahədəki axtarışların davam etdiriləcəyinə inamını ifadə edən S.Vəliyeva dedi ki, Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaqdır.

Tədbirdə kitabın elmi redaktorları Jalə Əliyeva, İzzət Rüstəmov, həmçinin Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, akademik Teymur Kərimov və başqaları çıxış edərək monoqrafiyanın nəşrini Zərdabi irsinə böyük hörmətin ifadəsi kimi qiymətləndirdilər.

Natiqlər vurğuladılar ki, on bir fəsildən ibarət, nadir fotoşəkillərin də yer aldığı 384 səhifəlik bu dəyərli kitab vasitəsilə hər bir qələm adamı Həsən bəy Zərdabini daha yaxından tanıyacaq və bu nəsil haqqında olduqca dolğun məlumatlar ələ edəcək.

Tədbirdə ədibin qardaşı nəvəsi Sara İsayeva Həsən bəy Zərdabi irsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi».

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov «Həsən bəy Zərdabiyə yeni abidə» başlıqlı məqaləsində Həsən bəy Zərdabi irsi və onun elmi yaradıcılığı ilə bağlı Eldəniz Həsənovun fundamental tədqiqatlarının zərdabişünaslığa dəyərli bir tövhə olduğunu vurğulamış, cəfakeş tədqiqatçı və böyük zərdabşünas alim olduğunu qeyd etmişdir. Həmin məqalənin olduğu kimi verilməsi oxucular üçün maraqlı olardı:

«Həsən bəy Zərdabiyə yeni abidə»

Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olan Həsən bəy Zərdabinin fəaliyyəti çoxşaxəli olmuş, həyatın müxtəlif sahələrini əhatə etmişdir. «Əkinçi» qəzetinin nəşrə başlaması isə H.Zərdabinin xidmətləri sırasında birinci yerdə durur, çünki «Əkinçi» qəzetinin nəşri Azərbaycanın həyatında baş vermiş tarixi hadisələrdən biridir. «Əkinçi» qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın əsası qoyulmuşdur. XIX yüzilliyin ikinci yarısında Çar Rusiyasının ucqarlarda yeritdiyi müstəmləkəçilik siyasətinin ən güclü vaxtında Azərbaycanda türk dilində belə bir qəzetin nəşrə başlaması H.Zərdabinin kimliyi haqqında çox aydın təsəvvür yaradır.

Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ayrı-ayrı aspektlərdən geniş tədqiq edilmiş, kitab və kitabçalar, yüzlərlə məqalə yazılmışdır. Lakin H.Zərdabi elə zəngin bir həyat yolu keçmişdir ki, onun haqqında hələ çox yazılacaqdır.

Son zamanlar Həsən bəy Zərdabinin irsinin tədqiqi ilə yorulmadan məşğul olan, bu böyük insanın həyatının və yaradıçılığının az öyrənilmiş və ya unudulmuş sahələrinə üz tutan, yeni-yeni faktları aşkara çıxaran alimlərdən biri də Aqrar elimlər üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Eldəniz Əli oğlu Həsənovdur. Onun «Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir» kitabı elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, sözün həqiqi mənasında, zərdabişünaslıqda bir hadisəyə çevrilmişdir.

Müəllif bu monoqrafiyasında Zərdabinin fəhlə və kəndli ideoloqu olaraq xalqına misilsiz xidmətlərindən söhbət açmışdır. Eldəniz Həsənov Həsən bəyin torpaq məsələləri ilə mütəmadi məşğul olduğunu, ilk torpaq islahatçısı, yerquruluşçusu olmaqla onun elmi, metodiki, hüquqi əsaslarını qoyduğunu oxucu kütləsinə, alim və mütəxəssislərin diqqətinə çatdırmışdır. O, H.Zərdabi dövründən indiyədək aqrar-torpaq islahatlarını tarixi ardıçıllıqla ətraflı şərh etmişdir.

E.Həsənov bu monoqrafiyasında yazır: «Həsən bəy Zərdabi torpağın onun əsl sahibinin ixtiyarına veriləcəyi günü görə bilməsə də, ölkə daxilində uzun sürən ikinci bir ictimai-siyasi proseslərdən, müstəqilliyimiz uğrunda aparılan gərgin mübarizədən sonra, nəhayət ki, vətəninə, torpağına bağlı olan bu milli təəssübkeşimizin arzu etdiyi gün gəlib çatdı».

1996-cı il iyulun 16-dan etibarən Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev tərəfindən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi”.

Müəllif bununla da müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən MDB məkanında analoqu olmayan, həyata keçirilən torpaq islahatının Həsən bəy Zərdabinin arzularının reallaşması yolunda atılan cəsarətli və qəti addım olduğunu diqqətə çatdırır. Eyni zamanda, müəllif bu elmi-tədqiqat əsərində Zərdabi ənənələrinin, arzu və amallarının həyata keçirilməsində müstəsna, tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə Fransada səfərdə olarkən Həsən bəy Zərdabinin kürəkəni, Azərbaycanın ilk parlamentinin sədri, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun və belə bir dahi şəxsiyyətin ömür-gün yoldaşı olan, onunla birlikdə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi yolunda əzablı yollar keçən böyük qızı Pəri xanım Topçubaşovanın və onların ailə üzvlərinin dəfn olunduqları xiyabana gedərək bu ailənin məzarı üstünə şəxsən öz adından əklil qoymasını və bunun tarixi bir əhəmiyyət kəsb etməsini, şəxsiyyətlərə verilən dərin hörmətin təcəssümü olduğunu dəyərləndirir. Həmçinin  bildirir ki, Zərdabi şəxsiyyətinin yetirmələrinə, onun övladlarına verilən bu qiymət dünya azərbaycanlıları uyuyan, yaşayan yerləri gəzən Zərdabi ruhunun şad olması deməkdir.

Eldəniz Həsənovun «Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir» adlı monoqrafiyası haqqında bir sıra alim və ziyalılar, zərdabisevərlər ölkənin mətbuat orqanlarında dəyərli yazılar dərc etdirmiş və onlar müəllifin bu yolda millət fədaisi, əsl torpaq-yerquruluşu işçisi olaraq çarizmin hökm sürdüyü bir dövrdə qorxmazlığı və cəsurluğu ilə cəsarətlə torpaq-hüquq münasibətlərini tənzimləyən Həsən bəy Zərdabinin tarixi xidmətlərini real faktlarla qələmə almasından söhbət açmışlar.

Fəlsəfə elmləri doktoru, professor, zərdabişünas İzzət Rüstəmov 2012-ci ildə çap olunan «Həsən bəy Zərdabi» kitabına «Ön söz əvəzi» yazısında Zərdabinin elmi irsinin tədqiqində və təbliğində müəyyən xidmətləri olan alimlər, tədqiqatçılar sırasında E.Həsənovun bu monoqrafiyasına böyük qiymət verərək yazır: «Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, əslən zərdablı, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin Yerquruluşu şöbəsinin məzunu və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun nəzdində yüksəkixtisaslı rəhbər kadrlar hazırlayan fakültəni bitirən Həsənov Eldəniz Əli oğlunun «Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir» adlı çox sanballı kitabını (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2006, 370 s.) zərdabişünas oxuculara, Zərdabi tədqiqatçılarına ciddi elmi maraq doğuran monoqrafik bir əsər kimi təqdim edirəm. Əsər, hiss olunduğu kimi, Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, həmçinin kənd təsərrüfatına aid onun baxışları barədə faktların, xatirələrin, rəsmi arxiv sənədlərinin çox diqqətlə öyrənilməsi əsasında yazılmışdır. Əsərdə verilmiş bir sıra fotoşəkillər, yerquruluşu barədə xəritə surətləri oxucuda ciddi maraq doğurur».

Qeyd edək ki, müəllifin bu monoqrafiyası müxtəlif sahələr üzrə ixtisas sahibləri, yerquruluşçuları, torpaqşünaslar, eroziyaşünaslar, coğrafiyaşünaslar, meşəçilər, melioratorlar, geobotaniklər üçün dəyərli vəsait olmaqla yanaşı, kənd təsərrüfatı profilli ali təhsil ocaqlarında tələbələr üçün proqram-dərslik olaraq geniş surətdə tədris olunur.

Diqqətə çatdırmaq istərdik ki, dahi mütəfəkkir Həsən bəy Zərdabinin yorulmaz tədqiqatçısı E.Həsənov bu elmi-tədqiqat əsərindən sonra «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı ikinci bir sanballı elmi-tədqiqat əsəri ortaya qoymuş və həmin əsər bu yaxınlarda işıq üzü görmüşdür. Müəllifin bu monoqrafiyası da onun uzun illər boyu arxivlərdə, kitabxanalarda apardığı gərgin və ağır zəhmətin bəhrəsi olub, zərdabişünaslığa dəyərli bir töhfədir.

Eldəniz Həsənov bu kitabında Həsən bəy Zərdabini xalqa daha yaxından tanıtmağı, onun indiyə qədər görünməyən, bilinməyən, qaranlıq qalmış səhifələrinə işıq tutmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin ailə şəcərəsi geniş aspektdə araşdırılmış, soy-kökü öyrənilmiş və indiyə qədər bəlli olmayan bir çox faktlar üzə çıxarılmışdır. Tədqiqatçı bu işə H.Zərdabinin babası Məlik Rəhim bəyin nəsil şəcərəsini öyrənməklə başlamış, onun cədvəlini tərtib etmişdir. Bu cədvəldən görünür ki, Məlik Rəhim bəyin 4 oğlu və 2 qızı olmuşdur. Onun oğlanlarından biri Səlim bəy Məlikovdur,  Həsən bəy Zərdabi də onun oğludur.

Çox maraqlıdır ki, indiyə qədər əksər tədqiqatlarda Həsən bəy Zərdabinin anası haqqında məlumata rast gəlinmirdi. Eldəniz Həsənovun kitabından aydın olur ki, Səlim bəyin arvadı Mərziyə xanımdır, yəni Mərziyə xanım Həsən bəy Zərdabinin anasıdır. E.Həsənov təkcə H.Zərdabinin anasının adını göstərməklə yetərlənməmiş, onun əsli-nəsli haqqında da zəngin məlumatlar toplamışdır. Əsərdə bu barədə verilmiş bir bilgi xüsusilə böyük maraq doğurur. Eldəniz Həsənov yazır: «Həsən bəy Zərdabinin anası Mərziyə xanım və atasının dayıları Fərəc bəy Ağayev, Aslan bəy Ağayev şuşalıdırlar. Deməli, Həsən bəy Zərdabinin ata nənəsi şuşalı qızıdır. Belə ki, Aslan bəy Ağayevin qızı Həsən bəy Zərdabinin babası Rəhim bəy Məlikovun zövcəsi olmuşdur». E.Həsənov nəsil şəcərəsinin tərtibi zamanı H.Zərdabinin anasının kimliyini araşdırarkən arxiv sənədləri, yazılı qaynaqlarla yanaşı, canlı insanların söhbətlərinə də istinad edərək öz fikirlərini daha inandırıcı şəkildə əsaslandırmışdır.

E.Həsənovun kitabında H.Zərdabinin nəsil şəcərəsi və həyatı ilə bağlı yeni faktlar kifayət qədər çoxdur. Onlardan biri də Məlik Rəhim bəyin övladlarının sayıdır. Müəllif yazır ki, «mənbələrdə Məlik Rəhim bəyin yanız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Səlim bəydən başqa Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğulları, Tubu və Ayna adlı qızları olmuşdur». Deməli, H.Zərdabinin 3 əmisi və 2 bibisi varmış.

Həsən bəy Zərdabinin həm özündən əvvəlki, həm də sonrakı nəsil şəcərəsi çox aydın şəkildə, belə ki, şəcərəyə daxil olan insanların qohumluq əlaqələri şərh olunmaqla ardıcıllıqla verilmişdir. Burada ilk dəfə olaraq Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin də H.Zərdabinin nəsil şəcərəsi ilə bağlılığı üzə çıxarılmışdır ki, bunlar böyük maraq doğurur.

Həsən bəy Zərdabinin bibisi Tubu xanımın oğlu, yəni bibisi oğlu Zülfü Adıgözəlovun, bibisi nəvələri Vasif, Rauf Adıgözəlovların, eyni zamanda bacısı Şirinxanım Məlikovanın qızı İmarət xanımın Qarabağ baharlıları qoluna mənsub Nəcəfqulu bəy Vəlili-Baharlı ilə nikahından olan Məhəmmədhəsən bəy Vəlilinin, Səltənət xanım Vəliyevanın, babası Məlik Rəhim bəyin qardaşı Qədir bəy Məlikovun oğlu Böyük bəy Məlikovun nəvəsi akademik Böyükkişi Ağayevin adlarını çəkmək kifayətdir. Eldəniz Həsənovun bu kitabı nəsil şəcərəsi yazmaq sahəsində gözəl bir örnəkdir. Azərbaycanın görkəmli insanlarının nəsil şəcərəsini yazanlar ondan bəhrələnə bilərlər.

Eyni zamanda, zəngin dünyagörüşə, ensiklopedik biliyə malik, millət fədaisi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, elmi irsi, həmçinin onun övladlarının Azərbaycanın işıqlı gələcəyi yolunda qurban getmiş, bütövlukdə bu nəslin xeyirxah insanlarının misilsiz xidmətləri qarşısında başlarına gətirilən faciəli, keşməkeşli həyat yolları ilə bağlı E.Həsənovun qələmə aldığı, mətbuat orqanlarında dərc etdirdiyi, internet saytı vasitəsilə yayımlanan və sözügedən elmi-tədqiqat əsərinin mövzusuna uyğun olan bəzi məqalələrinin bu monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Jalə xanım Əliyevanın, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun tövsiyələri, təklifləri nəzərə alınmaqla kitabda işıqlandırılması böyük məna, xüsusi əhəmiyyət və aktuallıq kəsb edir.

Müəllifin hüquqi-arxiv sənədləri əsasında, eləcə də Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan yaşlı insanları ilə son 30 ildən bəri olan görüşləri, söhbətləri, apardığı çoxillik tədqiqatlar nəticəsində Zərdabinin, onun övladlarının, habelə bu nəslin xeyirxah nümayəndələrinin keşməkeşli, faciəli həyat yollarını, bu tarixi hadisələri dərindən şərh etməsi E.Həsənovun Zərdabi irsinin yorulmaz, cəfakeş tədqiqatçısı, böyük zərdabişünas alim olmasından xəbər verir.

H.Zərdabi irsi ilə bağlı, eyni zamanda, məşhur Məlikovlar nəslinin tarixi şəxsiyyətləri haqqında müxtəlif elmi mövzular üzərində işləmək istəyində, arzusunda olan hər bir zərdabisevər, zərdabişünas professor Eldəniz Həsənovun Həsən bəy Zərdabi irsi ilə əlaqədar əldə etmiş olduğu materiallardan, yazmış olduğu elmi-tədqiqat əsərlərindən, çoxsaylı məqalələrindən, müəllifin tərtib etmiş olduğu H.Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarının tikintisini, xeyriyyəçilik fəaliyyətini, Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən, Zərdabinin ev-muzeyində, müəllifin kitablarında əks olunan xəritə materiallarından zəngin bir mənbə kimi bəhrələnə bilərlər.

Sonda onu bildirmək istərdik ki, Eldəniz Həsənov «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı ikinci sanballı elmi-tədqiqat əsəri ilə Həsən bəy Zərdabiyə yeni abidə qoymuşdur.

Nizami Cəfərov,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor.

Eldəniz müəllimin elm-islahat sahəsində çoxillik əmək fəaliyyəti, elmi-tədqiqat işləri, yaradıcılığı ilə tanış olan hər bir ziyalımız onun necə dəyərli bir mütəxəssis, alim, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olduğunun şahidi olur.

Azərbaycanda yerquruluşu, kadastr, geodeziya, topoqrafiya, xəritəçəkmə sahəsində sayılıb-seçilən mütəxəssis olması biz elm adamlarına məlum olduğu kimi, eyni zamanda alimin yazmış olduğu qiymətli tədqiqat əsərləri, monoqrafiyaları ilə tanış olan hər bir ziyalımıza da məlumdur ki, onun torpaqşünas, ekoloq, eroziyaşünas, təbiətşünas alim kimi bu sahədəki elmi nailiyyətləri ona şöhrət gətirmişdir.

Heç də təsadüfi deyildir ki, qeyd etdiyim kimi, Eldəniz müəllimin bu sahədəki elmi nailiyyətlərinə yüksək qiymət verilmiş və 2008-ci ildə ona Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru elmi adı verilmişdir.

Sözügedən elmlərin banisi olan Həsən bəy Zərdabi kimi dahi şəxsiyyətin elmi irsinin fundamental tədqiqatçısı kimi tanınmış Eldəniz Həsənovun çoxsahəli elmi biliklərə yiyələnməsinə əsas səbəb olsun ki, Zərdabinin çoxşaxəli fəaliyyəti sahəsində aparmış olduğu tədqiqatların, araşdırmaların nəticəsi ona təkan vermişdir.

Hörməti alim və mütəxəssislərimizin, oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, yuxarıda qeyd olunanlarla yanaşı, tədqiqatçı alim, Zərdabişünas Eldəniz Əli oğlu Həsənovun Azərbaycanın ilk ali təhsilli müəllimi, milli teatrımızın, milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının ilk yaradıcısı, millət fədaisi, müsəlman dünyasının ilk təbiətşünas alimi, 1899-1903-cü illərdə yazdığı «Torpaq, su və hava» əsərindəki elmi fikirləri ilə təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya və digər elmlərin əsasını qoyan, vətənini, torpağını ana məhəbbətindən belə üstün tutan Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsi ilə bağlı son illər bir-birinin ardınca qələmə aldığı və oxuculara təqdim etdiyi elmi məqalələrini nəzərdən keçirdikdə fikirləşirsən ki, bu insanda bu qədər tükənməz enerji, yaradıcılıq hissi haradandır? Təbii ki, bütün bunlar onun qanından, canından, vətəninə, torpağına, elinə, obasına, millətin mənəvi atası Zərdabi şəxsiyyətinə, onun övladlarına, yetirmələrinə olan dərin hörmətin, sonsuz məhəbbətin təcəssümündən irəli gəlir.
Qeyd etdiyim kimi, tədqiqatçı alim Eldəniz Həsənov Zərdabinin həyatı və onun elmi irsi ilə bağlı apardığı araşdırmalarda çox ciddi aspektlərə toxunaraq oxucularımıza təqdim etmiş olduğu həmin tədqiqat materiallarında böyük bir iz qoyaraq açılmayan səhifələrin açılmasını, üzə çıxarılmasını, həlli vacib olan məsələləri qabardaraq gündəmə gətirmiş və bu işin qlobal məsələ olmasını, aktuallıq kəsb etməsini biz alimlərin, ümumilikdə hər bir Azərbaycan ziyalısının diqqətinə çatdırmışdır.

Onun təkcə mətbuat orqanlarında işıqlandırılan www.zerdab.com saytı vasitəsilə yayımlanan, «Həsən bəy Zərdabi yerquruluşu elminin və torpaq islahatının banisidir» (17.08.2004), «Həsən bəy Zərdabi aqrar elmlərin banisi, əkinçilik mədəniyyətinin yaradıcısıdır» (25.06.2005), «Həsən bəy Zərdabi meşəşünaslıq elminin banisidir» (16.07.2005), «Azərbaycanda bitkiçilik elminin inkişafında Həsən bəy Zərdabinin rolu» (04.08.2005), «Dahilər heç vaxt unudulmur» (25.02.2006), «O, ümid edir ki, siz onun üçün yaxşı ata və ana olacaqsınız» (18.08.2007), «Milli oyanış və mədəni tərəqqi» (27.10.2007), «Həsən bəy Zərdabinin böyük dostları» (05.07.2008), «Böyük alim kəndlilərin yaxın dostu» (28.11.2008), «Hələ də çoxları Həsən bəy Zərdabinin yerquruluşu elminin banisi olduğunu bilmir» (13.06.2009), «Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun» (iyul 2009), «Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı» (avqust 2010), «Həsən bəy Zərdabinin «Əkinçi» qəzetində getmiş bəzi yazılarını olduğu kimi oxuculara təqdim edirik» (avqust 2010-may 2011), «Əlimərdan bəy Topçubaşovu Həsən bəy Zərdabi ailəsinə bağlayan sevgi» (07.03.2012), «Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı variantları, Mingəçevir su anbarı tikintisini, xeyriyyəçilik fəaliyyətini əks etdirən xəritə» (25.04.2012), «Həsən bəy Zərdabiyə məxsus torpaq sahələrinin yerini əks etdirən xəritə» (19.05.2012), «Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı hardadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?-Həsən bəy Zərdabinin və onun ailə üzvlərinin keşməkeşli həyat yolları» (31.05.2012), «Həsən bəy Zərdabi qədim Zərdab kəndini necə görmək istəyirdi?» (17.07.2012), «Həsən bəy Zərdabinin Azərbaycanda suvarma kanallarının çəkilməsi, içməli su mənbəyinin yaradılması zərurəti ilə bağlı 130-140 il bundan öncə verdiyi ideyalar, elmi təkliflər və tövsiyələr» (13.08.2012), «Kür çayında gəmiçilik» (Həsən bəy Zərdabinin «Kaspi» qəzetinə yazdığı məqalə barədə) (19.10.2012), «Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin vurduğu ziyanlar»-Həsən bəy Zərdabinin «Kaspi» qəzetinə yazdığı məqalə barədə (22.11.2012) və digər tədqiqatları deyilənlərin əyani sübutudur.

Millətin mənəvi atası hesab edilən Həsən bəy Zərdabinin misilsiz xidmətləri və ideyaları bu gün müstəqil dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İlk dəfə olaraq Həsən bəy Zərdabinin yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 04.06.2012-ci il tarixli Sərəncam imzalanmış və yubileyin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Sərəncamdan irəli gələn məsələlərin həlli üçün qərar verilmişdir.
Həmin tarixdən etibarən respublikamızın bütün regionlarında yubileylə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir.

Biz Azərbaycan ziyalıları, alimləri Zərdabi ənənələrinə, ideyalarına sadiq olaraq millətimizin daha işıqlı gələcəyi yolunda, bütün sahələrdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəlməliyik.

Hesab edirəm ki, bu yolda hər bir Azərbaycan ziyalısı, alimi Zərdabisevər Eldəniz Həsənov kimi təşəbbüs göstərməlidir.

Bu bahar günlərində torpağın, təbiətin oyandığı vaxtda, ömrünü-gününü, elmi potensialını doğma xalqına həsr etmiş Eldəniz müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərinə götürdüyü vəzifələrin həyata keçirilməsində yaradıcılıq nailiyyətləri, müvəffəqiyyətlər arzulayırıq.

Məhərrəm Məmmədli,  

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru.