Həsən bəy Zərdabi Zərdabda məktəb açılması üçün necə çarpışırdı? – “İnanıram ki…”

0
2314
ramil-mehdiyev-zerdabi.png

Zərdab rayonunun Əlvənd kəndində 1880-ci illərdə Həsən bəy Zərdabinin qohumu Novruzəli bəyin öz hesabına açdığı dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbi fəaliyyət göstərib.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 28 oktyabr 1883-cü il 122-ci sayında Zərdabda məktəb məsələsi ilə bağlı yazırdı: “Bu günə kimi Zərdabda məktəb yoxdur və yaxın zamanlarda olub-olmayacağı da qaranlıq məsələdir. İş burasındadır ki, biz ictimai bərənin gəlirlərindən məktəb üçün ianə ayrılmasına hər üç Zərdab icmasını razı sala bilsək də, ümumilikdə bu iş göydə durna tutmağa bənzəyir. Zülmət və savadsızlıq mühitində yaşayan cəmiyyəti hansısa faydalı bir iş üçün ianə verməyə inandırıb razı salmaq çox çətin işdir, bundan da çətini əsasən çoxsaylı köçərilərdən ibarət olub on verstlərlə əraziyə səpələnmiş Zərdab cəmiyyətini başa salmaqdır. Belə bir şəraitdə elə görünür ki, Zərdabda nə zamansa məktəb açmaq fikri ilə birdəfəlik vidalaşmaq gərəkdir, lakin həqiqətdə vəziyyət elə də ümidsiz deyil. İş burasındadır ki, əgər cəmiyyət məktəb tikməyi üzərinə götürərsə, onun qızdırılması, çıraqla və gözətçi ilə təmin edilməsi məsələsini də həll edəcək.
Məktəb binası tikməyi mən öz üstümə götürürəm; deməli, qalır binanın isidilməsi işıqlandırılması və ona gözətçi tutulması ki, bütün bunlara cəmi-cümlətanı ildə ən çoxu 150 rubl pul gərəkdir. Yəni biz indi bu yazıq 150 rublun qarşısında aciz qalaraq ümidsizliyə qapılıb hər şeydən əlimizi üzək?
İctimai bərəni, misal üçün, mən on illiyə icarəyə o şərtlə götürürəm ki, hər il Zərdab icmasına bərə icarəsindən indi aldığı haqq qədər icarə pulu ödəyirəm, məktəb üçün isə ildə nəinki 150, hətta 200-300 rubl pul verirəm. Deməli, məktəbin pul məsələsini həll olunmuş hesab etmək olar, lakin işin başqa tərəfi qalır: bu məktəbdən cəmiyyətə hansısa bir fayda olacaqmı? Təbii olaraq bilirsən ki, hər hansı işıq necəliyindən asılı olmayaraq, qaranlıqdan yaxşıdır; məktəb də lap nə qədər pis işləsə də hər halda özünün faydasını verəcək. Amma arzu edərdik ki, bu fayda mümkün qədər böyük olsun, buna isə yalnız o halda nail olmaq olar ki, əhali məktəbdən gələn faydanı necə deyərlər, öz gözləri ilə görüb duysun; əmin olsun ki, uşağın təhsilə sərf etdiyi vaxt itirilən vaxt deyil, uşaq dərsdə çoxlu faydalı bilik əldə edir, həyat təcrübəsi qazanır. Bizdə peşə məktəbi, məsələn, əkinçilik, bundan da daha yaxşısı baramaçılıq-ipəkçilik məktəbi yaratmaq olmazmı? Mən inanıram ki, belə məktəbə hamı gedəcək və o məktəb heç zaman boş qalmayacaq.
Sadə insanlar – rəiyyət həmişə hər şeydən fayda, gözə çarpan xeyir tələb edir, xalq məktəbi isə gərəkdir ki, bu tələbatı davamlı olaraq ödəsin. Baramaçılıq məktəbi bu halda Zərdab üçün əsl fayda, insanlara kömək mənbəyi olardı”.
H. Zərdabi “Kaspi” qəzetinin 1885-ci il 91-ci sayında isə belə yazırdı:
“Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaq… Mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda ikisinifli məktəb açılacaq”.