İndiki Zərdab ərazisində Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşib – TARİX

0
330
zerdabin-tarixi-zerdab-rayonu-zardab
İndiki Zərdab rayonu ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyevin Zerdab.com saytına verdiyi məlumata görə, ərazidən Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın adına buraxılmış numizmatik materialların tapılması təsadüfi deyil. Qeyd etmək lazımdır ki, adı çəkilən siyasi xadimlər Şirvanşah III Məniçöhrün siyasi səhvinin qarşısını alaraq tarixi Azərbaycan torpaqları olan Şirvanşahların şimal-qərb ərazilərinin gürcülər tərəfindən işğal cəhdinin, həmçinin, III Məniçöhrün həyat yoldaşı gürcü Tamarın Şamaxıda planlaşdırdığı siyasi çevrilişin qarşısı alınıb. Sözügedən siyasi proseslər məhz Şəmsəddin Eldəniz tərəfindən I Axsitanın Şirvan taxtına çıxarılması ilə nəticələnib. Qeyd etdiyimiz kimi Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın hakimiyyəti dövrü Azərbaycan tarixində bütün sahələrdə – siyasi-ictimai, sosial-iqtisadi və mədəni sahələrdə intibah – tərəqqi dövrü kimi yadda qalıb. Son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı Kürdəmir rayonu ərazisində Muradxanlı kəndində Şirvanşah Dərbəndilər sülaləsinin ilk nümayəndələrinin adına zərb edilmiş dəfinənin aşkar olunması XIII əsrin sonu – XIV əsrdə də ərazinin Şirvanşahlar dövlətinin tarixində mühüm yer tutduğunu bir daha təsdiq edib. Buradan cənuba və qərbə gedən mühüm ticarət yolları məhz Zərdab rayonu ərazisindən keçib. Yerağzı yaşayış yerindən keçən ticarət yolu Şirvanı Bərdə – Gəncə – Tiflislə birləşdirir, oradan isə ticarət malları Qara dənizə çıxarılırdı. Gur-gur yaşayış yeri yaxınlığından keçən ticarət yolu isə ərazini Ərdəbil – Təbrizlə birləşdirir, oradan isə ticarət malları Yaxın və Orta Şərqin müxtəlif şəhərlərinə çatdırılırdı.