Bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu ancaq Allah bilir

5
88

ZerdabBir şair tribunada çıxış edirdi və deyirdi ki, mən Allahı sevirəmsə, daha Ondan niyə qorxmalıyam ki? Əslində Allahı tanıyan və sevən birisinin belə danışması mümkün deyil, yəni bu söz onu deyənin bu mövzuda səmimi olmadığını, yaxud da savadsız olduğunu göstərir. Niyəsini irəlidə açıqlamağa çalışacağıq.

Allah-Təalanı sevmək, daha doğrusu, sevə bilmək bəndənin həyatda ən böyük qazancıdır.

Əslində bir bəndənin Allah-Təalanı sevə bilməsi də Allah-Təalanın o bəndəsinə olan ən böyük lütfüdür.

Yəni Allah-Təala o sevgini sənin ürəyinə qoymayandan sonra sən yalandan nə qədər “sevirəm” deyirsən-de.

Amma bir həqiqət də var ki, sən o sevgini qazanmaq üçün israrla çırpınsan, o Qapıdan dönməsən, Allah-Təala sənin açılmış əllərini boş qoymaz:

Sən Mövlanı sevsən də Mövla səni sevməzmi?

 Rizasını diləsən, rizasını verməzmi?

Bəlkə də bu iki misra sairin bir qədər sevgidən nazlandığı məqamda söylədikləridir, amma əmin bir qənaətimiz var ki, bəndə layiqincə yalvarırsa, istədiyini ədəbinə uyğun, israrla istəyərsə, Allah o qulunun əlini boş çevirməkdən həya edər. Demək, əsas məsələ bəndənin nəyi və necə istəməyindədir.

Bəndə bəzən Allah-Təaladan öz başına bəla da istəyir. Niyə?- Çünki bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu ancaq Allah bilir. Ona görə də bəndə bir şeyi istəyəndə istəyinin yanına həm də “xeyirli olanı ver!” qoşmalıdır, sonra da Allah-Təalanın verdiyinə üsyan etməməlidir, elə düşünməlidir ki, onun üçün ən xeyirlisi elə bu imiş, Allahın verdiyi.

Qayıdaq sevmək və qorxmaq məsələsinə. Dedik ki, Allahı sevmək Allahın lütfü ilə mümkün olur, amma gərək bəndə o sevgiyə layiq olduğunu isbat edə bilsin.

Qorxu isə daha geniş məsələdir. Belə ki, bu qorxu, yəni bəndənin Allahdan qorxması bəndə üçün uçurumun kənarında hörülmüş düvar kimidir, onu həlak olmaqdan qoruyur.

İslam terminologiyasında bəndənin Allahdan qorxması “təqva” sözü ilə ifadə olunur. “Təqva” “qüvvə” sözü ilə eyni kökdəndir. Demək, insan üçün əsl qüvvət Allahdan qorxmaq anlamına gəlir. Mətləbi bir qədər də dəqiqləşdirsək, belə alınacaq ki, təqva bəndənin Allahdan qorxaraq hər cür haramlardan, günahlardan çəkinməsidir, uzaq durmasıdır. Bir qədər də dəqiqləşdirək: güclü adam nəfsinə üstün gələ bilən adamdır. Çünki insanı haramlara, günahlara meyilləndirən güc məhz öz nəfsidir. Ona görə də Allahın rəğbətini qazanmaq istəyən zatlar hər zaman “nəfsə müxalifət” prinsipi ilə yaşayıblar. Demək, Allahdan qorxmaq əslində insanın özündən qorxmasıdır, yəni haqq yoldan azmasından qorxmasıdır. Allah-Təala insana bazi haqlar verib. O haqlardan biri də “istiazə”dir, yəni sığınma, nəfsin azğınlığından, şeytanın azdırmasından Allaha sığınma. Quran oxuyarkən, hər hansı işə başlayarkən və ya narahatlıq hiss edərkən “Əuzubillah” deyirlər, yəni “Allaha sığınıram”. İnsan Allaha sığınanda əmniyyətdə olur.

Allah qorxusunu – Allahın hər cür mərhəmətindən məhrum qalmaq qorxusu kimi də anlamaq mümkündür. Bəzi günahkar bənbələr haqqında Rəsulullah buyurur ki, Qiyamət günündə Allah-Təala onların üzünə də baxmayacaq. Görünür, Allahın mərhəmətindən məhrum qalmağın ilkin əlaməti də elə budur. Bir şəxs Allahın mərhəmətindən məhrum oldusa, hər şeyini itirmiş deməkdir. Çünki Allahın mərhəmətini kəsdiyi birisinə külli aləm yığışa, zərrə qədər də fayda verə bilməz. Hələ söhbət o axirət günündən gedirsə, “ananın oğuldan qaçdığı gün” ifadəsi hər şeyi deyir.

Allah qorxusunun o biri başında duran cəzanın nə qədər ağır və dəhşətli olduğu da Quranda bildirilir. Amma deyilən kimi,  ağıllı insan cənnətdən əvvəl Allahın məmnunluğunu qazanmaq istər, cəhənnəmdən qorxmaqdansa, Allahın qəzəbindən qorxar.

Bu yerdə onu da deyək ki, cəhənnəm Allahın ədaləti, cənnət mükafatıdır. Heç bir bəndə layiq olmadığı halda cəhənnəmə atılmaz. Allah-Təala zalım deyil, mərhəməmətlilərin mərhəmətlisidir. Özü bildirir ki, Onun mərhəməti qəzəbini keçmişdir.

Hətta o qədər mərhəmətlidir ki, insan günah əməllər işlədəndə O səbir edir, gözləyir, günahkarın tövbə edib, doğru yola dönməsi üçün yetərincə möhlət verir. Qurani-Kərimdə işlədilən “qəlbi möhürlənmiş” ifadəsi artıq insanın bütün yaxşılıqları, xeyir əməlləri tərk etdikdən sonra gözü görə-görə, ağlı kəsə-kəsə günahlara dalması şeytana ortaq olmasıdır…

Bir ərəb ərəb olmayandan və eləcə də ərəb olmayanın ərəbdən heç bir üstünlüyü yoxdur, Allah qatında üstünlük ancaq təqva ilədir. Ədaləti görürsünüzmü, hansı irqə, mədəniyyətə, dilə, xalqa mənsub olursunuz olun, bu o qədər də önəmli deyil, önəmli olan sizin Allah qarşısındakı duruşunuz, davranışınız, Onun əmrlərinə əməl etmənizlədir. Müsəlmanın həyatı dini terminlə ifadə etsək, əmr bil məruf və nəhy anil münkər arasında keçər, yəni Allahın bizə vəzifə olaraq əmr etdiklərini yerinə yetirmək və haram buyurduqlarından da uzaq durmaq arasındadır.

Allah Rəsulu (s.ə.s.) buyurur:

– Halal da bəllidir, haram da bəllidir, ancaq bu ikisinin arasında şübhəli şeylər var. Necə ki, bir çoban öz qoyunlarını bir qoruğun kənarında otarırsa və o qoyunların hər an o qoruğa girmə ehtimalı varsa, şübhəli şeylərdən uzaq durmayanların da harama düşmə ehtimalı o qədər vardır. Bu hədisi-şərifdən də göründüyü kimi, haramdan qorunmağın yollarından biri də şübhəli şeyləri tərk eləməkdir.

Sevgililər sevgilisi Rəsulullahın, gözünü haramlardan qorumaq mövzusunda Həzrəti Əliyə söylədiyi bir düsturu xatırladaq:

“Ya Əli! İlk baxış yararına, sonrası zərərinədir”. İlk baxış dedikdə, sənin iradəndən asılı olmayaraq gözünə sataşan haramlar nəzərdə tutulur. Allah-Təala buyurmurmu ki, gözünüzü haramdan çəksəniz, şeytan oxlarından qorunarsınız və sizin bu əməlinizin mükafatını da mən verərəm? – Əlbəttə, buyurur. Peyğəmbərimiz də məhz o müjdəyə əsaslanaraq gözü haramdan qorumağı tapşırır.

Bəli, hamımızın başına gələ bilir və gəlir də. Əgər gözümüzə sataşan ilk andaca Allah qorxusu ilə gözümüzü o haramdan çəkiriksə, əmin olun ki, bunun mükafatı var; yox, əgər nəfsimizin ləzzətinə, dadına uyaraq gözümüzün qurdunu öldürənədək baxırıqsa, gözümüzə sancılan şeytan oxlarını da bir zamanlar saydıqca üzüntümüzdən od tutub yanacağıq.

Bəli, dəyərli oxucular, qorunmağın yolları bəllidir: haramlardan qaçmaq, Allah-Təalanın göstərdiyi istiqamətdə yerimək, dünyaya Allah-Təalanın göstərdiyi pəncərədən baxmaq və uca Yaradanın haram buyurduqlarından oddan qaçan kimi qaçmaq.

Qurani-Kərimdə cəhənnəm haqqında danışılarkən: “Yanacağı insanlar və daşlar olan və kafirlər üçün hazırlanan o dəhşətli atəşdən qorunun” (Bəqərə/14) buyurulmaqdadır. Təfsir alimlərimiz bu ayəti-kərimədə haqqında danışılan daşların bütlər olduğunu söyləyirlər. Dəhşətə və hikmətə baxırsınızmı? Bədbəxt məxluqlar Allahı unudub hansı bütlərə tapınırsa, elə tapındıqları ilə birlikdə yanacaqlar. Düşünəndə insanın tükü ürpənir.

Təqva və saleh əməl (gözəl əməl) ruhun və qəlbin tərəqqisinin iki əsasıdır. Saleh əməllərlə insan mənəvi qazanc əldə edir. Qazanılmışlar isə təqva ilə qorunur və zərərlərdən uzaq tutulur. Təhlükə yollarını bağlamayan insan bəzən qazandıqlarından daha çox itirə bilər. Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində belə buyurmaqdadır:

“Ümmətimdən o şəxslər müflisdir ki, hesab gününə namaz, oruc və zəkat kimi əməllərlə gəlir, amma bunlarla yanaşı, birinə söymüş, birinə iftira atmış, bir başqasının malını yemiş, kiminin qanını tökmüş, kimini də döymüşdür. Hesab zamanı həmin insanın savabları onun bu dünyada zülm etdiyi insanlara paylanır. Veriləcək savabı qalmayanda da, haqq sahiblərinin günahlarından bir qismi alınıb onun çiyninə yüklənir və özü də cəhənnəmə atılır”.

Bu hədisi-şərifdə buyurulduğu kimi, insan başqalarının haqqını qorumaqda, kimsəyə zərər verməmək məsələsində həssas olmalıdır və bu da təqvanın bir dərəcəsidir. Ümumiyyətlə, təqvanı üç mərtəbəyə bölürlər:

1. Allaha şərik qoşmaqdan təqva: iman edərək şirkdən qorunmaq. Bu cür insan əbədi cəhənnəmdə qalmaqdan qorunmuş olur.

2. Masiyyətdən (günahlar) təqva: böyük günahları tərk etmək, kiçik günahlardan da israrla uzaq durmaq. Təqvanın ən geniş yayılmış mənası budur.

3. Masivadan (dünya naz-nemətləri, fani işlər, fani zövqlər) təqva: insanın qəlbini Allahdan ayıran hər cür şeydən uzaq durmaq.

Təqva – qorunmaqdır, günahlardan qorunmaq. Bəzən bunun adına Allahdan qorxmaq da deyirik.

Təqva – sirati-müstəqimdir, el arasında deyildiyi kimi, sağı, solu uçurum olan qıl körpüsüdür. Düz baxan, düz yeriyən, düz olan o körpü ilə hər cür qorxunun, odun-alovun üstündən keçib, könlünün istədiyi ünvana yetişə bilər.

Mərhəməti sonsuz olan Rəbbim həyatımızı sirati-müstəqim üzrə istiqamətləndirsin və son nəfəsimizə qədər bizi bu yoldan ayırmasın, axirətdə də saleh bəndələri ilə birlikdə həşr eləsin! Amin!

ZAMAN

5 ŞƏRH

  1. Dost isresen ALLAH yeter,iman istersen QURANI_KERIM yeter,dusmen istersen nefis yeter.

  2. Biri sene pislik etdikde onu baqisla ey musalman baci ,qardaslarimiz.Haqqini helal et.Cunku ALLAHI narazi salmaqdan qorx.ALLAH bizi uzu aciq etsin qiyamet gunu.Amin.

Comments are closed.