“+18”

1
32

düşünən adamBu ölkədə hər kəs başqalarına məsləhət verməyi xoşlayır. Məsləhət vermək bizim üçün artıq məşğuliyyətə çevrilib. 

Günümüzün müəyyən saatlarını başqalarına məsləhət verməklə keçiririk. Tanıdıq tanımadıq fərqi yoxdur, xoşumuza gəlməyən məqamla rastlaşan kimi başlayırıq məsləhət verməyə. Məsələn, ötən gün avtobusda yaşlı bir kişi ilk dəfə gördüyü cavan oğlana irad bildirirdi ki, niyə bu qədər kökdür. Yaşlı kişi iradlarını bildirdikdən sonra arıqlaması üçün cavan oğlana öz məsləhətlərini verməyə başladı. Bizdə avtomobilin karbiratorunu təmir edən usta çox rahatlıqla şəkər xəstəsinə pəhrizlə bağlı məsləhətlər verə bilir. Yolda tanımadığınız birindən gedəcəyiniz ünvanı soruşun. Əmin olun ki, həmin şəxs ünvanın yerini tərif etməklə kifayətlənməyəcək. Sizə həmin ünvana necə getmək lazım olduğunu da məsləhət görəcək. Deyə bilərsiniz ki, məsləhət verməyin nəyi pisdir? Əlbəttə, başqalarına məsləhət verməyi qəbahət hesab etmirəm. Bizim qəbahətimiz ondadır ki, başqalarına məsləhət gördüklərimizi özümüzə yaxın buraxmırıq. Səhərdən axşama kimi vətən, millət, Qarabağ deyənləri, sabah müharibə olsa ön cəbhədə görmək mümkün olacaqmı?

Başqalarına məsləhət verənlər arasında biz jurnalistlərə yəqin ki, çatan olmaz. Hamıya məsləhət veririk. Yol polisindən tutmuş, körpü salanlara qədər. Ancaq qüsurların, çatışmazlıqların qarşısını almaq üçün bircə addım belə atmırıq. Bizlər yol polisinə rüşvət verməyin qanunsuzluq olduğundan yazı yazırıq, sonra da həmin yazıdan aldığımız qonararı rüşvət olaraq yol polisinə veririk.

Bu yaxınlarda həmkarlarımızdan birinin toy məclisində iştirak edirdim. Təxminən 200 nəfərlik məclis iştirakçılarının beşdə biri mətbuat işçisiyidi. Həmin şadlıq evinin rəhbərliyi biz mətbuat işçilərinin gözləri qarşısında, sözün həqiqi mənasında Azərbaycan qanunlarına tüpürərək (bu ifadəyə görə oxuculardan üzr istəyirəm-A.C.) yetkinlik yaşına çatmayan azyaşlı uşaqların əməyini istismar edirdi. Təsəvvür edin ki, 11-12 yaşlı uşaqlar məclisin əvvəlindən sonuna kimi, təxminən 5-6 saat, toyu lentə alan kameramanın arxasınca gəzərək kameranın kabellərini əllərində saxlayıblar. Ortalıqda dayanmadan hərəkət edən həmin uşaqlar ağızlarının suyunu axıda-axıda stollara düzülən 10 növ isti, 40 çeşid soyuq təamlardan gözlərini çəkə bilmirdilər. Mən də gözlərimi həmkarlarımdan çəkə bilmirdim. Ümid edirdim ki, qəzet səhifələrində, televiziya ekranlarında özlərini “qanun qoruyucuları” kimi təqdim edən həmkarlarım bu qanunsuzluğa, bu barbarlığa reaksiya verəcəklər. Amma təəssüf ki, hər zaman olduğu kimi yenə də dəyişən heç nə olmadı.

Əmək Məcəlləsinin 248-ci maddəsində yazılır ki, yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir. Aramızda Əmək Məcəlləsinin tələblərini pozan nə qədər insan var? Niyə onlarla mübarizə aparmırıq?  “Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” deyib, siqaret istehsalçıları ilə mübarizə aparmayanlar kimi, bizlərdə Əmək Məcəlləsinin tələblərini yazılarımızda təkrarlamaqla hesab edirik ki, vəzifəmizi yerinə yetirmiş oluruq.

Yazının sonunda bu məsələ ilə bağlı mənim də bir-iki məsləhətim olacaq. Uşaq əməyini istismar edənlərə qarşı ən yaxşı mübarizə, onları boykot etməkdir. Gəlin azyaşlı uşaqların işlədiyi mağazalardan alış-veriş etməyək. Azyaşlıların əməyini istismar edən şadlıq evlərində toy etməyək. Uşaqların konduktorluq etdiyi avtobuslara minməyək. Çalışacam ki, verdiyim məsləhətlərə özüm də əməl edim.

Allahverdi Cəfərov, ZAMAN

1 comment

  1. Neynesinler,yaziq usaqlar,corekpulu qazanmaqcun islemeye mecburdurlar.

Comments are closed.