Bağışla bizi, Lyudmila…

0
68

Moskvaİndi hamı sənin ölkənin azərbaycanlılara qarşı etdiyi hoqqabazlıqdan danışır. Nə var, nə var, Azərbaycan sənin ölkənin maraqlarına xidmət edən Gömrük İttifaqına üzv olmaqla bağlı mövqeyini açıqlamır. Günahı olanı da, olmayanı da, sənədi olanı da, olmayanı da sənin “dazbaş”larının at oynatdığı məmləkətində incidirlər.

Bilirəm, bu baş verənlər sənin və sənin kimi minlərlə insanın ürəyincə deyil. Ürəyincə ona görə deyil ki, sən də əksər Azərbaycanlıların qurduğu ailə kimi, sadiq, xoşbəxt ailənin olmağını istəyirsən. İstəyirsən həyat yoldaşın səninlə nəfəs alsın, səni öz şərəfi, namusu, qeyrəti bilsin. Axı sənin ölkəndə Prezident Putinin etiraf etdiyi kimi, ailə institutu dağılmaq üzrədir. Bəlkə dağılıb da.

***

Bilirəm, Lyudmila, sən elə cəmiyyətdə, elə insanlardan olmaq istəmirsən. Sağında, solunda yaxın ətrafında ailə quran rus xanımlar öz ailələri, həyat yoldaşları ola-ola gündə biri ilə “dostluq” edirlər. Rəfiqələrinin, qohumlarının həyat yoldaşları bu “dostluğu” çox normal, çox adi qarşılayırlar. Onlara görə, elə belə də olmalı imiş.

Amma sən bunu istəmirsən. İstəmirsən ki, sənin də belə “dostların” olsun. İstəmirsən ki, yenicə ailə qurduğun həyat yoldaşın sənin müxtəlif insanlarla “dostluq” etməyinə, gəzməyinə normal yanaşsın. İstəyirsən ki, həyat yoldaşın səni yad baxışlara belə qısqansın.

İstəyirsən ki, səni qoruyan, axtaran, qurduğunuz ailə üçün işdən evə tələsən biri olsun. Sən belə ailə istəyirsən…

***

İnstitutda tanış olduğun azərbaycanlı tələbə yoldaşın Azərbaycan ailələri barədə danışanda ona valeh olmuşdun. Onun danışdığı ailə dəyərləri, ailə məsuliyyəti, xanıma verilən dəyər sənin xəyalında yaşatdığın, illərdir arzuladığın idi. Sən də belə bir sədaqətli ailə arzulamışdın. Sənin bu istəyin, arzuların dostunun da diqqətini çəkmişdi. O səndəki etibarı, sadiqlik istəyini görüb, illər sonra səninlə ailə qurdu. Nə xoşbəxt idiniz…

***

Sizin evinizdə içki məclisləri, “dostlar”, qonaqlıqlar, “xoşbəxtlik naminə” süzülən badələr yox idi, amma siz xoşbəxt idiniz. Rəfiqələrinin evində qurulan “xoşbəxtlik məclisləri” birgünlük, sənin isə ailəndə xoşbəxtlik həmişəlik idi. Bu evlilikdən sonra sənin rəfiqələrinin siyahısı tamamilə dəyişdi – Nadyalar, Nataşalar öz xoşbəxtliklərini axtarmağa getdilər, sən isə əlindəki xoşbəxtliyi qorumağa çalışdın…

***

İndi elə bir mərhələyə gəlib çatmışıq ki, sənin dövlətin öz mənfəəti naminə yüzlərlə sənin kimi təmiz, sarsılmaz ailə sahibi olanları və ya olmaq istəyənləri zərbə altına qoyur. Qorxma, sənin dövlətin Gömrük İttifaqı üçün çalışırsa, bizim üçün ailə ittifaqı hər zaman olub, olacaq və hər şeydən dəyərlidir. Biz ailə ittifaqımızda mənfəət güdmürük, onu dəyərləndirir və qoruyuruq…

***

Olmazsa, olmasın. Heç kim bir tikə çörək ucbatından ölməyib. Uzağı, vətənə geri dönərik. İndiki halda isə seçim sənindir; ya bizimlə bizə gəl xoşbəxt ol, ya da bir günlük “xoşbəxtliklər məclisləri” diyarında qal.

Bağışla bizi, Lyudmila – biz nə ittifaqlar gördük. Amma sarsılmadıq, sınmadıq, əyilmədik, ayaqdayıq, irəlidəyik, çünki biz vətəni öz ailəmiz qədər sevirik. Çünki biz vətənə ANA deyənlərdənik. Bunu “dazbaşlar” ölkəsində yaşayanlar da başa düşsəydilər..

Nicat İntiqam